20 Yanvar faciəsinin sənətdə ifadəsi

 

20 Yanvar heç vaxt unudulmayacaq faciələrimizdəndir. Tarixi faciənin az vaxtdan sonra incəsənət adamlarının yaradıcılığında əksini tapması təbii idi. Tanınmış teatrşünas İnqilab Kərimov deyir ki, 20 Yanvar xalqımızın böyük, sarsılmaz iradəsini nümayiş etdirdi: "Dəfn günü xalqımızın sarsılmazlığı əlləri avtomatlı rus əsgərlərinin inadını iradəsi ilə qırdı. Əsgərlərin barmaqları tətikdə idi, hər an gözləyirdilər ki, nəsə bir bəhanə tapsınlar, camaata atəş açsınlar. Xalqımızın yekdilliyi həmin ağır günlərdə bir daha özünü göstərdi".

 

Güney Azərbaycan da ayağa qalxmışdı

 

20 Yanvar mövzusunda Azərbaycan teatrlarının səhnəsində əsərlərin səhnələşdirilməsinə gəlincə, İ.Kərimov inanır ki, nə vaxtsa belə əsərlər artacaq: "Bu, böyük bir mövzudur. 20 Yanvarı bütün dəhşəti, gerçəkliyini bütün tərəfləri ilə açmaq, hər mənada mövzunu yetkin bir sənət əsəri səviyyəsində tamaşaçıya təqdim etmək lazımdır. Artıq tarixə dönmüş 20 Yanvar mövzusunu görək kim boynuna götürüb tarix boyu yaşayacaq bir əsər yaradacaq; elə bir əsər ki, Şekspirin əsərləri kimi tarix boyunca yaşasın. Hər halda bu mövzuda əsərin meydana çıxması asan olmayacaq. Elə mövzular var ki, onu ədəbiyyata, teatra birdən-birə gətirmək olmur. 20 Yanvardan sonra Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslər baş verib. Bu, tarixi bir mövzudur, həm də bizə uzaq bir keçmiş də deyil".

Tədqiqatçı Əkrəm Rəhimli Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımızın həmin acı-ağrılı günlərdə faciəni necə qeyd etmələrindən danışır: "20 Yanvar cinayətinin sovet rəhbərliyi tərəfindən əvvəl son dərəcə məxfi saxlanılmasına cəhd edilsə də, sonra bu, "ekstremist", rejim əleyhinə çıxan bir dəstənin özbaşınalığına qarşı guya kiçik bir əməliyyat kimi beynəlxalq ictimaiyyətə təqdim edilmişdi. Lakin düşmən yanılmışdı. Elə həmin gecə törədilmiş cinayətin mahiyyəti və qanlı miqyası beynəlxalq ictimaiyyətə çatdırıldı. Bu işdə mərhum jurnalist Elmira Əmrahqızının xidmətlərini qeyd etməmək olmaz. Bu cəsur qadın özünün həyəcanlı və qəzəbli səsi ilə Bakıdakı qanlı olayları dünyaya çatdırdı. Törədilmiş faciədən az sonra Güney Azərbaycandakı soydaşlarımız da xəbər tutdular. İran rəsmilərinin Bakıda baş verən qanlı olayları SSRİ-nin "daxili işi" adlandırmasına, ona qarşı çox soyuq və bitərəf mövqe tutmasına, qadağan və ciddi təzyiqlərə baxmayaraq güneyli soydaşlarımız yanvarın 21-də Araz çayının sahillərinə tökülüşdülər, səslərini ucaltdılar. Faciə baş verən günün səhərisi Tehran, Xoy, Mərənd, Təbriz, Ərdəbil, Urmiya, Səlmas şəhərlərində matəm məclisləri təşkil olunmuşdu. 20 Yanvar mövzusu Güney Azərbaycan ədəbiyyatında da ifadəsini tapdı. Şairlər şeirlərində, ata-analarımız bayatılarında Bakıda baş vermiş qanlı olaylarda günahsız soydaşlarımızı qətlə yetirənlərə lənətlər yağdırdılar, şahidlik zirvəsinə ucalan igidləri Vətənimizin azadlığının mücahidi kimi tərənnüm etdilər. "Varlıq" jurnalının səhifələrində 20 Yanvara həsr rolunmuş xeyli yazılar işıq üzü gördü. Güneyli soydaşımız Behruz Dimani 20 Yanvara həsr etdiyi məqaləsində yazırdı ki, bu faciə Azərbaycan tarixində sağalmaz yara oldu".

 

Bəstəkarlar daha çox əsərlər yaradıblar

 

Bir millət olaraq ömrümüzün müəyyən məqamlarında özümüzdən ayrılsaq da, ruhumuz bizi daim köklədi, məhv olmağa qoymadı. Bu mənada ümid səsi olan musiqi bizə daim faciələrimizdən güc almaq dərsi öyrədir. Musiqi qədər insanın ruhunu qanadlandıran, yaşadan möcüzə yoxdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov bir millət olaraq başımıza gələn fəlakətlərin, xüsusən 20 Yanvar faciəsinin musiqimizdə nə dərəcədə ifadə olunmasından danışır: "Bu faciə hər bir soydaşımızı dərindən sarsıtdı, düşündürdü. Bəstəkarlarımız da bu mövzuda əsərlər yaratdılar. Ötən 17 il ərzində Azərbaycan bəstəkarları həm simfonik əsərlər, simfonik poemalar, vokal instrumental əsərlər, kantatalar, həm də mahnılar, fortepiano üçün əsərlər yazıblar, indi də yazırlar. Bəstəkarlarımız 20 Yanvar Faciəsinə həsr olunmuş 100-dən çox əsərlər yaradıblar. Görkəmli bəstəkarımız Cövdət Hacıyevin "Şəhidlər simfoniyası" var. Həmçinin Oqtay Kazımi da bu adda sinfoniya yazıb. Azər Rzayevin simfoniyası "Bakı-90" adlanır. 20 Yanvar faciəsi A.Rzayevə o qədər təsir edib ki, 60 yaşında belə bir əsər yaradıb. Ramiz Mustafayev "Bu qan yerdə qalan deyil", Mobil Babayev kantata, Aydın Əzim Kərimoğlu orkestr üçün "Qətl günü", Sərdar Fərəcov simfonik poema, Sevda İbrahimova bariton səs və orkestr üçün vokal simfonik "Vətən şəhidləri", Arif Mirzəyev orqan üçün "Yanvar mərsiyələri" yazdılar".

Eyni zamanda bəstəkar Faiq Nağıyev "Şəhidlərdən şəhidlərə" filminə musiqi yazıb. Cavanşir Quliyevin xor üçün "Şəhidlər"i gözəl alınıb. 20 Yanvar faciəsi mövzu kimi mahnı yaradıcılığına təsir edib. Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə "Şəhidlər ağısı" yazdı: "İndi bu mahnını çoxları ifa edirlər, amma bunun ilk ifası Zeynəb Xanlarovaya məxsusdur. 1991-ci ildə Vasif Adıgözəlov Fikrət Qocanın sözlərinə "Bir şərqi de" yazıb. Faiq Sücəddinov fortepiano üçün xüsusi bir əsər yaradıb. O, həm də gözəl pianoçu kimi "Şəhidlər Xiyabanı" adlı əsərdə bəstəkar duyğularını ifadə edib. Ruhəngiz Qasımovanın "Şəhid oğullara" mahnısı da yaxşı alındı, indi də ifa olunur. Mərhum bəstəkar Hacı Xanməmmədov mərhum yazıçı Əzizə Cəfərzadənin sözlərinə "Əlimdə sazım ağlar" adlı əsər yazıb".

Yuxarıda sadalananlarla 20 Yanvar mövzusuna həsr edilmiş musiqi əsərlərinin siyahısı bitmir. Ramiz Zöhrabov daha sonra bildirir ki, bir çox gənc bəstəkarlar indi də bu mövzuda əsərlər yazırlar. Amma o, bu əsərlərin yalnız milli matəm günlərində ifa edilməsindən narahatdır: "Daha çox bu cür əsərlər 20 Yanvarda səslənir. Amma biz şəhidləri heç vaxt yaddan çıxarmamalıyıq. Arzu edərdim ki, radio-televiziyaların musiqi redaksiyaları belə əsərləri tez-tez səsləndirsinlər. Qoy gənclərimiz bir xalq olaraq başımıza gələn faciələri daha yaxşı anlasınlar".

Qaldı ki, 20 Yanvar faciəsinin, ümumiyyətlə, faciələrimizin musiqimizdə nə dərəcədə ifadə olunmasına, R.Zöhrabov bu gün ictimaiyyətə təqdim olunan əsərlərin əlvanlığını və səviyyəsini məqbul sayır: "Musiqinin yayılma imkanları söz sənətilə müqayisədə daha çoxdur. Təsadüfi deyil ki, bu mövzuda ilk olaraq bəstəkarlarımız yazmağa başladılar. Azərbaycan bəstəkarlıq məktəbi tarixində faciə mövzusunda əsərlərə həmişə ciddi münasibət olub. Azərbaycanın Qarabağ dərdi var. Bu mövzuda da bəstəkarlarımız xeyli əsərlər yaradıblar".

Vaxtilə mərhum bəstəkar Vasif Adıgözəlov deyirdi ki, "Çanaqqala oratoriyası"nı məhz Azərbaycanın başına gələn faciələrdən təsirlənərək yazıb. Mahiyyətcə bəşəri faciələrin motivi birdir. R.Zöhrabov bu barədə belə deyir: "Vasif Adıgözəlov sanki həmin tarixi günlərin şahidi olub. Bu əsərdə o, hadisələrin mahiyyətini, türk xalqının qəhrəmanlığını musiqinin diliylə ifadə edə bilib. Onun "Şuşam lay-lay" mahnısı da gözəl alınıb. Bu mahnını harada eşidirəmsə, gözlərim yaşarır. Musiqi əsəri ruhun təlatümünün ifadəsi kimi yarandıqa ürəkləri riqqətə gətirir. "Şuşam lay-lay"da bir qarşısıalınmaz həsrət var. Bu gün Şuşamız düşmən əlindədir, bəstəkar həmin kədəri çox həzin, kövrək ifadə edə bilib".

"Şəhidlər" xalçası...

 

Tanınmış rəssam Fəxrəddin Əli 20 Yanvarla bağlı xeyli əsərin müəllifidir. O, faciə mövzusunun klassik dünya rəssamlığında daim aparıcı olduğunu bildirir: "İntibah dövrü rəssamlarının yaradıcılığında faciə mövzusuna xüsusi diqqət olub. Rəfaelin, Leonardo Do Vinçinin və başqalarının irsində insan faciəsi xüsusi şəkildə araşdırılıb". Xəlqi faciələrimizin sənətdə ifadəsi məsələsinə gəlincə, F.Əli ümumən Azərbaycan rəssamlığında bu mövzunun hələ də kifayət dərəcədə rəssamlarımızın qanına, canına hopmadını bildirir: "Xalqımızın böyük qəhrəmanı Babək Xürrəmdinin azadlıq uğrunda apardığı mübarizəyə görə həmişə onun şəxsiyyətinə böyük sevgi ilə yanaşmışam". 20 Yanvar hadisələri F.Əlinin yaradıcılığında tamamilə dönüş yaradıb. Bu müddətə qədər o, böyük Azərbaycan şairi M.Şəhriyarın "Heydər babaya salam" poemasına xeyli miniatürlər çəkmişdi. Artıq 1991-ci ilin yanvarında o, təxminən 1 il çəkən gərgin zəhmətin nəticəsi olaraq "Şəhidlər" adlı iri həcmli xalçanı araya-ərsəyə gətirir. Əsərin ortasında 20 Yanvar faciəsini ruhən yaşayan ana obrazı, onun ətrafında isə şəhidlərin obrazları ifadəsini tapıb. Xalçada Araz çayı xalıqımızı iki yerə bölən simvol kimi, həmçinin Güney Azərbaycanda soydaşlarımızın dar ağacından asılması təsvir edilib. 20 Yanvar motivi Bakıdakı qırğının təsviri ilə yadda qalır. Bütün xalça boyunca qərənfil obrazı aparıcıdır.

Həmin kədərli günlərdə qərənfil ümumxalq matəminin rəmzi olaraq hər kəsin yaddaşında əbədi qalıb. Əsərdə çoxlu obrazlar zənginliyi var. Bu əsərlə göstərməyə çalışdım ki, Azərbaycanın başına nə qədər faciələr gəlsə də, tarixən bir olduğu kimi hazırda ruhumuzda da birdir. Vətənimiz nə zamansa yenə coğrafi baxımdan bir olacaq". 1991-ci ilin 20 Yanvarında bu xalça-əsər xiyabana ziyarətə gələn on minlərlə soydaşımızın kədərini özündə yaşadan rəmz kimi xiyabanın girişindən asılıb. Bir neçə gün ərzində xalça orada qalıb, sonra Dövlət Tarix Muzeyinə təhvil verilib. Hazırda həmin əsər orada qorunur".

 

 

 Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009 .- 21 yanvar . – S.14.