Tarixi abidələrə biganə münasibət

 

       "Abidələrin necə dağıdılmasını sübut etməkdə acizik"

 

Paytaxtda və respublikanın digər regionlarında Azərbaycanın qədimliyini, neçə əsrlik memarlıq və mədəniyyət tarixini özündə əks etdirən abidələrin məmur özbaşınalıqları üzündən dağıdılması uzun illərdir ictimaiyyətdə narazılıq və narahatlıq doğurur. Ən ağrılı problem də odur ki, haqqında söhbət gedən obyektlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən nömrələrlə mühafizə olunan tarixi abidələr olsa belə, onların qorunub-saxlanılması getdikcə imkansızlaşır. Üstəlik hər hansı elmi-arxeoloji işlər aparılmadan, aidiyyəti qurumlarla razılaşdırılmadan həmin abidələrin dağıdılması, belə bir ciddi məsələyə biganə yanaşılması, tarix-mədəniyyət abidələrinin mühafizəsi sahəsində vəzifələrin icra edilməməsi və qanunsuzluqlara göz yumulması problemi daha da dərinləşdirir. Ən maraqlısı da budur ki, qeyd etdiyimiz məsələlərə görə yerli icra orqanlarından və digər aidiyyəti qurumlardan daha çox Mədəniyyət və Turizm Nazirliyi (MTN) ittiham olunur. Xüsusən də məlum məsələ üzündən son zamanlar adıçəkilən qurumla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu (AEİ) arasında müəyyən problemlər yaşanmaqdadır. Adıçəkilən institutun direktor müavini Nəcəf Müseyibov da deyilənləri dolayısı ilə təsdiqləyir. Onun bildirdiyinə görə, sözügedən nazirlik arxeoloji işə yalnız əngəl yaratmaqla məşğuldur: "Bəzi aidiyyəti qurumlar da həmişə bizim mütəxəssislərimiz tərəfindən aparılan tədqiqat işlərinə böyük maneçilik törədilir. Bizim hər bir zona üzrə kadrlarımız, mütəxəssislərimiz var. Ancaq bununla belə onlarla məsləhətləşmədən, rəsmi icazə və razılıq alınmadan tarix-mədəniyyət abidələri olan məkanlarda tikinti-quraşdırma, yaxud əkin işləri aparılır. Dəfələrlə apardığımız araşdırmalar nəticəsində müəyyənləşdirmişik ki, sözügedən inşa və əkin işləri üçün yalnız bəzi nazirliklər və onun yerli şöbələrinə müraciət olunub, sonuncular isə bizimlə məsləhətləşmədən rəy verirlər. Biz məsələdən sonradan xəbər tutduqda əraziyə baş çəkərkən görürürk ki, haqqında söhbət gedən abidələr tamam dağıdılıb, yerlə yeksan edilib. Amma hansı ki, "Tarix-mədəniyyət abidələrinin qorunması və mühafizəsi haqqında" 10 aprel 1998-ci il tarixli qanuna əsasən qeyd edilən proseslərin gerçəkləşdirilməsindən öncə ərazi arxeoloqlar və etnoqraflar tərəfindən öyrənilməli, tədqiqat işləri aparılmalıdır".

Mütəxəssis etiraf edir ki, onların bu cür neqativ halların qarşısını almaqda aciz qalıblar: "Çünki bizim bir neçə rayon üzrə işləyən cəmi bir arxeoloqumuz olur. Bizim mütəxəssislər tədqiqat işləri aparmaq, yaxud abidələrin mühafizəsi ilə məşğul olmaq kimi dilemma qarşısında qalıblar. Çox vaxt etdiyimiz şikayətlərin də faydası olmur. Çünki iş işdən keçəndən, arxeoloji materiallar məhv edildikdən sonra nəticəsi olmur. Elə Qəbələ - Oğuz su kəmərinin çəkildiyi istiqamətdə də analoji dağıntı işləri aparılıb. Oranın da taleyindən xəbərimiz yoxdur. Bu barədə layihə gerçəkləşdirmədən öncə "Azərsu" ASC-nin rəhbərliyinə müraciət etmişdik ki, tədqiqat işləri aparmaq üçün şərait yaratsınlar, ancaq onlar da bizə müsbət cavab vermədilər. Bundan başqa, prosesdən öncədən xəbərimiz olmadığından məhkəmə instansiyalarına təqdim etmək üçün də tutarlı faktları əldə edə bilmirik. Yəni günahkarların hansı abidələri necə dağıtmasını sübut etməkdə acizik. Gərək bu işlə MTN və onun yerli şöbələri yaxından məşğul olsunlar, tariximizə, tarix-mədəniyyət abidələrinə bu cür biganəlik göstərməsinlər".

Direktor müavini onu da bildirir ki, keçmiş SSRİ dövründə, təxminən 50 il öncə qədim Gəncə ərazisində Alüminium Zavodu tikilməzdən əvvəl arxeoloq İsaq Cəfərzadə orada 4 il tədqiqat aparıb: "Ancaq bu gün həmin obyektin yaxınlığında bizdən xəbərsiz bir müəssisə tikilir. Şəhərin qədim hissəsində dağıdılma işləri aparılır. Dörd metr dərinliyində qazıntı və presləmə işləri aparıldığından bütün arxeoloji materiallar məhv edildiyindən, orada bir şey tapmaq mümkün olmadı".

H.Müseyibli 160 hektarlıq sahədə inşası bərpa olunan Tovuzçay Su Anbarı ərazisinə düşəcək abidələrin taleyinə də aydınlıq gətirir. Onun dediyinə görə, adıçəkilən çayla həmsərhəd Öysüzlü kənd ərazisində orta əsrlərə məxsus məscid-türbə kompleksi və XVIII - XIX əsr qəbirüstü türbələr və son tunc, ilk dəmir dövrünə aid nekropollar, yəni kütləvi qəbiristanlıqlar var: "Məlumata görə, 1 hektara yaxın ərazidə 2 türbə, 13 türbə qalığı, 36 yazılı epitafiya, 20-yə yaxın dağılmış və kitabəsi olmayan baş daşları aşkarlanıb. Orada Gəncə orta əsr memarlıq üslubunda inşa edilmiş məscid-türbə kompleksi ərazidə tarixi eramızın 1-ci minilliyinədək gedib çıxan yaşayış məskəninin olmasından xəbər verir. Bu məscidin ətrafındakı hücrələrin və kitab rəflərinin olması ondan dini siyasi mərkəz, yəni mədrəsə kimi istifadə olunduğunu göstərir. Sözügedən anbarın tikintisinə hələ ötən ildən start verildiyindən haqqında bəhs edilən abidələrin başqa təhlükəsiz məkanlara köçürülməsi istiqamətində işlər davam etdirilir. Bu məsələdə hökumət tərəfindən bizə müraciət edildiyindən öz rəyimizi vermişik. Ona görə də ərazinin su altında qalacağı, tarix-mədəniyyət abidələrinin dağıdılması barədə ictimaiyyətdə deyilənlərin heç bir əsası yoxdur".

 

Səlcuq

   

Xalq Cəbhəsi .- 2009 .- 21 yanvar.- S.13.