20 Yanvar - Şəhadət məktəbidir

 

Azərbaycan xalqının rus-sovet imperiyasının cinayətkar və qatil hərbi birləşmələri tərəfindən növbəti dəfə qanlı təcavüzə məruz qaldığı gündən, yəni yanvarın 19-dan 19 il keçir.

Yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinin və ölkənin müxtəlif bölgələrinin ayrı-ayrı istiqamətlərindən dinc insanlara qarşı həyata keçirilən cinayətlər tariximizə və yaddaşımıza "20 Yanvar" faciəsi kimi həkk olundu...

Şər imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə Kreml nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edildi.

Bakıya yeridilmiş qoşun kontingentinə (bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı) "döyüş tapşırığını" yerinə yetirmək üçün psixoloji hazırlıq keçmiş, onlarda dinc insanlara qarşı amansız nifrət hissi oyatmırdılar:

"Sizi Bakıya rusları müdafiə etmək üçün gətiriblər;

Yerli əhali onları vəhşicəsinə məhv edir;

Ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdiriblər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var;

Binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar".

("Şit" təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından)

Beləliklə, Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım" maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

"Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələyiblər. Məsələn, Meyeroviçə 21, Xanməmmədova 10-dan çox, Rüstəmova 23 güllə vurulub;

"Xəstəxanalar, "təcili yardım" maşınları atəşə tutulub, həkimlər öldürülüb;

"Adamlar süngü-bıçaqla qətlə yetirilib. Onların arasında hər iki gözü tutulmuş Yefimtsev də var;

""Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilib".

("Şit" təşkilatı ekspertlərinin hesabatından)

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, rus-sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...

...Zaman keçir. Hər il yanvarın 20-də sözlə ifadə edə bilmədiyimiz qəribə bir duyğu bizi Şəhidlər Xiyabanına doğru aparır - həyatın bitdiyi və azadlığın başladığı yerə...

Mənə elə gəlir ki, biz nəinki bir dövlət kimi, heç ayrı-ayrılıqda vətəndaş kimi də 20 Yanvarın əsil mahiyyətini dərk edə bilməmişik. Tariximizin müxtəlif dövrlərinə olduğu kimi, bu qısa zaman kəsiyinə də vahid və birmənalı mövqeyimizi müəyyənləşdirməmişik: Faciə, Cinayət, Xəyanət və ya Qəhrəmanlıq səlnaməsi...

Mən nəhəng bir imperiyaya qarşı öz iradəsi və qətiyyətilə meydan oxuyan bir millətin qəhrəmanlığını matəm libasıyla aşağılamağın tərəfdarı deyiləm. Bu, ən yaxşı halda baş verənlərin mahiyyətini və miqyasını kiçiltməkdir.

20 Yanvar rus-sovet rejiminin ədalətinə və mərhəmətinə inananların faciəsi, yalın əlli insanlara divan tutan imperiyanın cinayəti, öz xalqını mənsəbinə qurban verənlərin cinayəti, Azərbaycan xalqının isə Qəhrəmanlıq Səlnaməsidir.

20 yanvar böyük Babəkin "Bir gün azad yaşamaq qırx il qul kimi, rəzil ömür sürməkdən daha yaxşıdır" fəlsəfəsinin bir millətin qan yaddaşından sıyrılaraq onu köləlikdən qəhrəmanlığa qədər yüksəldən bir tarixdir.

20 Yanvar Azərbaycan türklərinin misli görünməmiş şəhadət məktəbidir.

20 Yanvar istiqlalın istibdada, Milli İdrakın cəhalətə, cəsarətin qorxuya, işığın zülmətə, şərəfin rəzalətə qalib gəldiyi gündür. 20 Yanvar milli özünüdərkin, bütövlüyün təntənəsidir.    

 

 

Xalq Cəbhəsi .-2009 .- 20 yanvar .-S.7.