1905-1911-ci illərdə baş vermiş Məşrutə
hərəkatı
Əkrəm
Rəhimli: "Məşrutə hərəkatı 20-ci
yüzildə azadlıq və demokratik inqilablar
üçün ilk cığır
açmışdı"
Tariximizin şanlı səhifələri
az deyil. Amma çox təəssüf ki, milli tariximizin əksər
çağlarında özümüz olmamışıq, yəni
tarixi taleyimizə sahiblik etməmişik. Bir xalq olaraq
böyüklüyümüz bizi sevməyənləri dəhşətə
gətirsə də, bunun fərqində olmamışıq,
sürətlə özümüzdən
ayrılmışıq. Millətin yaşamağa, sabaha
ardıcıl, aramsız, inadlı, inamlı münasibəti
olmadıqca onun özünü təsdiqi çətinləşir.
Dünyanın indiki gərgin çağında millətin
özünü təsdiqi daim mübarizə tələb edir.
Ötən yüzildə Güney Azərbaycanda baş verən
tarixi hadisələri dönə-dönə öyrənməyimiz,
sabahımız üçün yaşarı qənaətlərə
gəlməyimiz bu mənada çox gərəklidir. Tanınmış
araşdırmaçı Əkrəm Rəhimli ilə
söhbətimizdə ötən yüzilin əvvəllərində
baş vermiş Məşrutə hərəkatı, hərəkatın
yaradıcısı olmuş soydaşımız, yenilməzlik
rəmzi Səttarxanın ömür yolu, mübarizəsi barədə
söhbətləşdik.
İlk öncə hərəkat
barədə qənaətlərini bölüşən Əkrəm
Rəhimli deyir ki, 1905-1911-cı illərdə baş vermiş
Məşrutə hərəkatı təkcə İran
üçün yox, həm də Yaxın və Orta Şərq
ölkələrində azadlıqsevər insanlar
üçün də tarixi və çox önəmli hadisə
olmuşdu: "Məşrutə hərəkatı 20-ci
yüzildə baş vermiş azadlıq və demokratik
inqilablar üçün ilk cığır
açmışdı. Bu mənada Məşrutə hərəkatını
Yaxın və Orta Şərq ölkələrində
keçən yüzillikdəki milli azadlıq və demokratik
hərəkatların "pioneri" adlandırmaq olar. 1905-1911-ci
illərdə baş vermiş Məşrutə hərəkatının
məqsəd və məramı yolunda canlarını qurban
verənlərin sayı çoxdur. Əslində bu hərəkata
pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə
çatdırmaq istəyənlərin hamısı qəhrəmandır,
tariximizdə və yaddaşımızda həmişəyaşar
insanlardır. Məşrutə qəhrəmanları sırasına
milli qəhrəmanlarımızla yanaşı müxtəlif
millətlərin - farsların, kürdlərin, ərəblərin,
talışların, rusların, gürcülərin,
polyakların, bolqarların, hətta uzaq Amerikadan məşrutəçilərə
köməyə gəlmiş insanların da xatirələrini
minnətdarlıqla yad etmək gərəkdir. Bu, bir daha
göstərir ki, Məşrutə hərəkatı bir
ölkə çərçivəsindən
çıxıb beynəlxalq ictimaiyyətin nəzər-diqqətini
özünə yönəldə bilmiş xalq hərəkatı,
müstəbid rejimə və onun söykəndiyi əcnəbi
müdaxilələrə qarşı mütərəqqi
insanların mübarizəsi və həmrəyliyi idi. Bu yolda
canlarını fəda etmiş Sərdari-milli Səttarxan,
Salari-milli Bağırxanla yanaşı onların vəfalı
silahdaşları Əli Müsyonun, Heydər Əmioğlunun,
Şeyx Məhəmməd Xiyabaninin, yadların əli ilə
dara çəkilmiş din xadimi Siqətülislam Təbrizinin,
Məmmədtağı xanın, canını və
bütün sərvətini Məşrutə yolunda qoymuş
Hacı Mehdi Kuzəkünaninin, son nəfəsə qədər
Məşrutə bayrağını yerə qoymayan Həsən
xan Bağbanın, onun qardaşı Hüseyn xan
Bağbanın, "Mərkəzi qeyb"in rəhbərləri,
fəallarının (Hacı Rəsul Sadiqan, Hacı Əli
Davafiruş, Seyid Həsən Şərifzadə, Məhəmmədəli
Tərbiyət, Cəfərağa Gənceyi, Mir
Bağırağa, Mirəli Əsgəri, Ağanağı
Şücai, Məhəmməd Sadiq Xameyni və s.) və minlərlə
məşrutə qəhrəmanlarının adlarını
çəkib əziz xatirələrini yad etmək
borcumuzdur".
Ötən yüzilin əvvəllərində
Rusiyada çıxan "Novaya Vremya" dərgisinin "Xalq
qəhrəmanı", İtaliya mətbuatının
"İranın Hannibalı" adlandırdığı, Məşrutə
hərəkatının rəhbəri Səttarxanın həyatı,
onun keçdiyi mübarizə yolu, xüsusən Məşrutə
hərəkatındakı tarixi rolu, sərkərdəlik məharəti
və ömrümün faciəli sonluğu barədə
danışan Ə.Rəhimli deyir: "Tehranın
yaxınlığında, Həzrət Əbdüləzimin
"Tuti" adlanan bağında adına və qəhrəmanlığına
layiq olmayan çox sönük bir məzarda uyuyan Səttar
Hacı oğlu 1867-ci il avqustun 16-da Qaradağda anadan olub. Atası
Hacı Həsən ailəsini şəxsi təsərrüfatı
və xırda alverlə dolandırarmış. Hacı Həsənin
vəfat etmiş əvvəlki arvadından bir qızı və
bir oğlu, sonrakı evləndiyi arvadından isə Səttar,
İsmayıl və Qafar adlarında üç oğlu, bir
qızı dünyaya gəlir. Səttar
üçüncü oğlan uşağı idi. O, ilk təhsilini
mollaxanada almış, erkən yaşlarında mədrəsəni
tərk edərək təsərrüfat işlərində
atasının köməkçisi olmuşdu".
Səttar
uşaqlığından zirək imiş: "Çevik,
uşaq oyunlarında belə məğlub olmağı sevməyən
imiş, bu fərqləndirici cəhətlər onu öz
yaşıdları arasında fəxri "xan" titulu ilə
məşhurlaşdırmışdı. Səttarxanın
böyüyüb boy atdığı ailə çarizmin, həm
də şahlıq istibdadının barışmaz
düşməni idi. Hər iki zülmkar rejimin əleyhinə
çıxanlar çox vaxt Hacı Həsənin komasında
sığınacaq tapırdılar. Çar məmurlarının
zorakılığı əleyhinə olduğu
üçün Arazın o biri sahilinə - Qaradağa
keçən Fərhad adlı şəxs Səttarxanın
qardaşı İsmayıl tərəfindən himayə
olunmuşdu. Fərhadı himayə edib gizlətdiyi
üçün Təbriz vəliəhdinin əmrilə İsmayıl
dara çəkilmişdi.
Oğlunun dərdinə
dözə bilməyən, həm də yerli məmurlar tərəfindən
təqib olunub izlənilən Hacı Həsən Qaradağdan
Təbrizə köçmək məcburiyyətində
qalır. O, Təbrizdə uzun müddət yaşaya bilmir, xəstələnir
və yenidən Qaradağa qayıdır. Az sonra burada vəfat
edir və Ağyazı kəndindəki qəbiristanlıqda dəfn
olunur".
Təbrizə
köçdükdən sonra şəhərin sosial-siyasi
mühiti və Səttarxanı əhatə edən insanlar
onun dünyagörüşünün formalaşmasında, vətənə,
xalqa bağlılıqda müstəsna rol oynayır:
"Rejimin əleyhinə çıxan şəxsi müdafiə
etdiyinə, həmin şəxsin tərəfini
saxladığına görə 1898-ci ildə Səttarxan Təbrizdə
həbs olunur və Ərdəbilin "Narın qala"
zindanında iki ilə yaxın məhbus həyatı
keçirməli olur.
Səttarxan həbsxanada tanış olduğu bir məhbusu
gizli yolla azad etməyə gələnlərin köməkliyilə
zindandan qaçır. Bir müddət Təbrizdə və ətraf
bölgələrdə gizli şəkildə yaşayan Səttarxan
rejim əleyhinə, onun yerlərdəki məmurlarının
xalqa etdikləri zülm və
özbaşınalığına qarşı mübarizə
aparan dəstələrə qoşulur. Bu haqda Seyid Əhməd
Kəsrəvinin, İsmayıl Əmirxizinin, Kərim Tahirzadənin,
Səməd Sərdariniyanın, Rəhim Rəisniyanın, Məmmədrza
Afiyətin, rus şərqşünası S.M.İvanovun və
başqa müəlliflərin əsərlərində dəyərli
faktlar var. S.Ə.Kəsrəvinin yazdığından bəlli
olur ki, Səttarxan məşrutəçilərə
qoşulmazdan xeyli əvvəl dövlətin
"qaçaqçı" adlandırdığı
partizan dəstələri yaratmış, iqtidar nümayəndələrinə,
zülmkar məmurlara və mülkədarlara qarşı
hücumlar təşkil etmişdi. Rejim əleyhinə
silahlı dəstələr təşkil etməzdən əvvəl
Səttarxan Mərəndə gəlir və atasının
tanışı Rzaqulu xanın vasitəsilə bir müddət
Mərənd-Xoy-Salmas xətti üzrə yol mühafizəçisi
vəzifəsində çalışır, çox
keçmədən bu işi tərk edib əvvəl Tehrana,
sonra isə Xorasana gedir və orada çox davam gətirə
bilməyib yenidən Təbrizə dönür".
Səttarxan Təbrizə
dönən vaxt artıq Təbriz rejimi əleyhinə
ayağa qalxmış və onun bütün siyasi
sütunlarını silkələməyə
başlamışdı: "Xalq hərəkatının xofu
qarşısında millətə məşrutə
azadlıqları vəd edən Müzəffərəddin
şahdan fərqli olaraq taxt-taca gələn Məhəmmədəli
şah atasının millətə verdiyi vədləri yerinə
yetirmək əvəzinə əcnəbi silahına söykənib
xalqa divan tutmağa başlayır. Üstəlik İranı
nüfuz dairəsinə çevirmək haqda 1907-ci il
İngiltərə-Rusiya sövdələşməsinə
razı oldu. Bunun ardınca 1908-ci il iyun ayının 23-də
xalq elçilərinin toplandığı məclis top atəşinə
tutuldu. Ölkədə kütləvi həbslər
və təqiblər başlandı.
Məşrutə hərəkatına
ağır zərbə endirildiyi, verilmiş nisbi
azadlıqların əldən alındığı, Əncümənlərin
qapılarına qıfıl vurulduğu ağır günlərdə
Azərbaycan, onun baş şəhəri Təbriz ayağa
qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və
mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan
və onun silahdaşları başda olmaqla "Mərkəze-Qeyb"in,
Müdafiə Şurasının və Təbriz əncüməninin
böyük və danılmaz xidmətləri olmuşdu. Bu
tarixi xidmət həm İranda, həm də onun
hüdudlarından kənarda obyektiv tarixçilər və tədqiqatçılar
tərəfindən dönə-dönə qeyd edilib. Məmmədəli
şahın Məşrutə hərəkatına xəyanət
etməsinə, rejimin işə saldığı
zorakılığa və amansız cəza tədbirlərinə
qarşı təbrizlilərin etirazı əvvəlcə
bazar-dükanın bağlanması və kütləvi
nümayişlərlə başlamışdı. Hakimiyyət
orqanları və qoşun xalqa qarşı zor tətbiq etmək
istədikdə məşrutəçilər zora zorla cavab
vermək məcburəyyətində
qalmışdılar".
Əkrəm Rəhimli
deyir ki, bu Təbriz üsyanın ilk mərhələsi hesab
edilir: "Faktiki olaraq 1907-ci ilin əvvəlində İranda,
o cümlədən Azərbaycanda siyasi qüvvələrdə
ciddi qütbləşmə getmişdi. Siyasi həyatın bir
qütbündə şahlıq rejimi, onun ətrafında
toplaşmış mürtəce dəstələr və onlara
müxtəlif formalarda köməklik göstərən əcnəbi
dövlətlər, digər qütbdə isə mövcud
rejimin zülmünə və haqsızlığına
qarşı çıxan, xalqın azadlığını və
ölkənin müstəqilliyini istəyən qüvvələr
dayanmışdılar. Qütbləşmədə siyasi
qüvvələrin üz-üzə dayandığı və
ölkədə vəziyyətin gərginləşdiyi belə
bir dövrdə ümumiran miqyasında Məşrutə hərəkatının
azadlıq mərkəzi Azərbaycana - Təbrizə
keçdi".
(Ardı var)
Xalq Cəbhəsi .-2009 .-22 yanvar .-S.14.