Təbriz mübarizə əzmi görə özünə məxsus şəhərdir"

 

  Əkrəm Rəhimli: "Səttarxan isə bu qəhrəman şəhərin əbədi fəxri vətəndaşı adına yüksəldi"

 

 (Əvvəli ötən sayımızda)

 

Tanınmış araşdırmaçı Əkrəm Rəhimli ilə söhbətimizdə ötən yüzilin əvvəllərində baş vermiş Məşrutə hərəkatı, hərəkatın yaradıcısı olmuş soydaşımız, yenilməzlik rəmzi Səttarxanın ömür yolu, mübarizəsi barədə danışırıq. Əkrəm Rəhimli deyir ki, mərkəzi dövlət Təbrizdəki olayları izləyib hərəkatın nəyə doğru getdiyini hiss etsə də, qabaqlayıcı tədbirlər görməkdə kecikmişdi: "Bu da Təbriz mücahid təşkilatının və "Mərkəze-qeybi" nin görəcəyi işlərin son dərəcə dəqiq hesablanması və əməliyyatın müxtəlifliyinin yaxşı qorunması ilə bağlı olmuşdu. Təbriz bir sıra başqa ənənəvi cəhətlərilə yanaşı, sarsılmaz mübarizə əzmi, inqilabçılığı və psixoloji xüsusiyyətlərinə görə özünəməxsus şəhərdir".

Ə.Rəhimli daha sonra deyir ki, bu şəhərdə xalq hərəkatının sükanı arxasında Səttarxan kimi qorxmaz və igid bir sərkərdənin dayanması hərəkatın gedişində demək olar ki, əsaslı dönüş yaratmış oldu: "Xalqın adından şaha və mərkəzi dövlətə olan müraciətlərə və vurulan teleqramlara heç bir müsbət cavab verilmədiyi üçün xalq zorakılığa zorakılıqla cavab vermək üçün ayağa qalxmaq və haqqını silah gücünə almaq məcburiyyətində qaldı. 1907-ci il yanvarın 26-da dövlət idarələri, rabitə və teleqrafxana, gömrük məntəqələri, silah və hərbi sursat anbarları Təbriz məşrutəçiləri tərəfindən tutuldu. Başda Məmmədəli şahın Azərbaycandakı valisi Nizamülmülk olmaqla dövlət məmurları həbsə alındı, dövlət idarələrinin və evlərin üzərinə məşrutəçilərin bayrağı sancıldı. Beləliklə, Məşrutə hərəkatının ağırlıq mərkəzi Təbrizə keçir. Ə.Kəsvəri bu haqda yazır: "Məşrutə fərmanı verilənə və seçki əsasnaməsi təsdiq edilənə kimi Tehran əsas rol oynamışdısa, bundan sonra Təbriz ayağa qalxmalı oldu və yükün ağırlığını boynuna götürdü". Təbrizdəki dövlət idarələri iflic vəziyyətə salınmış, həssas və strateji cəhətdən önəmli yerlər məşrutəçi mücahidlər tərəfindən tutulmuşdu. Təbrizdəki çar Rusiyasının konsulu Poxitonov şəhərin nəzarətdən çıxdığını və əhalinin üsyançılar tərəfinə keçdiyini Peterburqa göndərdiyi gizli teleqramda hökumətinə həyəcanla bildirirdi. Öz tələblərini teleqrafla mərkəzə yollamaqla kifayətlənməyən Təbriz Əncüməni və "Mərkəze-qeyb" rəsmi və səlahiyyətli elçilərini Tehrana göndərməli oldu. Məşrutə hərəkatının tarixini yazanlar Təbriz elçilərini Qəzvindən başlamış Tehrana qədər xalqın necə böyük hörmət və məhəbbətlə qarşıladıqlarını, onların şərəfinə xoş sözlər söyləyib, şüarlar səsləndirdiklərini dönə-dönə qeyd edirlər".

Ə.Rəhimli qeyd edir ki, bu hadisələrdə diqqəti çəkən ən mühüm cəhətlərdən biri Tehrandakı əhalinin və digər əyalətlərdəki insanların böyük əksəriyyətinin Azərbaycandakı olaylara və onun rəhbərlərinə bəslənilən hüsn-rəğbətinin yüksək olması və bu işin alqışlanmasıdır: "1907-ci ilin fevralında Azərbaycandakı məşrutəçilərin uğurları, Azərbaycandan Tehrana danışıqlar üçün gedən nümayəndəliyin irəli sürdüyü tələblər və şah qoşunlarının hücumunun boşa çıxması, eləcə də rejimə qarşı təzyiqlərin günbəgün artması Məhəmmədəli şahı geri çəkilməyə məcbur etdi: ölkə konstitusiyalı monarxiya elan olundu və xalqın verdiyi tələblərin əksəriyyəti şah tərəfindən qəbul edildi. Bu, Məşrutə hərəkatının qələbəsi idi. Bu qələbədə Səttarxanın başçılıq etdiyi Təbriz üsyanının və bütün Azərbaycan məşrutəçilərinin böyük payı var idi. Ölkədə siyasi vəziyyətin getdikcə nəzarətdən çıxdığını və bir çox əyalətlərdə Əncümənlərin timsalında yerli hakimiyyət orqanlarının yaranması və fəaliyyəti Məhəmmədəli şah rejimini çıxılmaz vəziyyətə salmışdı. Şahın arxalandığı və xaricdən özünə köməkliyə gətirdiyi baş nazir Atabəy Əzəmin 1907-ci il avqustun 31-də Məclisdən çıxarkən azərbaycanlı Abbasağa tərəfindən güllələnməsi Tehrandakı siyasi mühiti daha da mürəkkəbləşdirdi və böhran dərinləşmiş oldu. Məhəmmədəli şahın əcnəbi qüvvələrə söykənməyə və ancaq onların köməkliyilə hakimiyyətdə qalmağa gümandan başqa yolu qalmadı. Atabəy Əzəm öldürülən gün Məhəmmədəli şah ruslara ingilislərin İranı öz aralarında nüfuz dairəsinə bölmək haqda xalqdan gizli bağlanmış əsarət gətirici sazişə razılığını verdi. Ölkənin Məhəmmədəli şahın nəzarətindən tam çıxmaq qorxusu ingilis-rus sazişinin taleyinə ciddi təhlükə törətdiyindən Çar Rusiyası və Böyük Britaniya krallığı bütün vasitələrlə İrandakı despotik quruluşun müdafiəsinə qalxdılar. Onların əlilə Tehran məşrutəçilərə qarşı geniş miqyaslı hücuma hazırlaşdı. Çar 2-ci Nikolay İrandakı rejimin xilas olmasını "...Məclisin təcili qovulmasında və inqilabi qüvvələrin darmadağın edilməsində" gördüyünü bildirmişdi. Hadisələrin sonrakı inkişafı məhz Nikolayın düşündüyü kimi getmişdi. 1907-ci ilin payızından 1908-ci ilin əvvəllərinə qədər Tehrandan başlamış İsfahan, Rəşt, Təbriz, Şiraz və digər əyalətlərdə məşrutəçilərin üzərinə çoxşaxəli hücumlar başlandı. Bu hücumların təşkilinə və təchizatına, hətta hərbi rəhbərliyinə İrandakı əcnəbilərin, ilk növbədə rusların və ingilislərin hərtərəfli köməkliyi olmuşdu. 1908-il iyulun 22-də Tehranda hərbi vəziyyət elan olundu. Çox təəccüblü də olsa, Tehranın hərbi qubernatorluğuna çar kazak dəstəsinin polkovniki Lyaxov başçı təyin olundu. 23 iyun 1908-ci ildə Lyaxov dəstələrinin iştirakilə İran tarixində ilk Millət Məclisi və Məclis yaxınlığındakı Sepəhsalar məscidində "bəstə" oturmuş insanlar top atəşinə tutuldular. Gündüz tezdən saat 12-dək davam edən atəş nəticəsində çoxlu adam tələf oldu, yaralandı və şikəst edildi. Kütləvi həbslər və təqiblər başlandı. Tehranda şah sarayı xeyrinə baş vermiş olaylar Təbrizdə və Azərbaycanın digər yerlərindəki şahpərəstləri və Məşrutə əleyhinə olan mürtəce qüvvələri məşrutəçilər üzərinə yeni hücumlara ruhlandırdı. 1908-ci ilin yayında Qaradağlı Rəhimxan 500 atlısı ilə Təbriz məşrutəçiləri üzərinə hücum çəkdi. Mərəndli Sücanizam da Təbrizin şimalında Rəhimxana qoşuldu. Onlar mərkəzi hökumətin Mir Haşımın başçılığı altında Təbriz üzərinə yeridilmiş qoşunla birləşib şəhəri hər tərəfdən üzük qaşı kimi mühasirəyə aldılar. Belə bir vəziyyətdə şəhərin bəzi məhəllələrində məyusluq və çaşqınlıq yarandı. Daxildəki düşmən qüvvələr fürsətdən istifadə edib əhalini müxtəlif üsullarla mübarizə meydanından uzaqlaşdırmağa çalışırdılar. Tehranda Məclis dağıdıldıqdan sonra zərbə məşrutəçilərin güclü olduğu Təbrizə yönəldi".

Bu zaman Təbriz isə Tehranda ağır məğlubiyyətə düçar olmuş Məşrutə tərəfdarlarının köməyinə can atırdı. Əkrəm Rəhimli bildirir ki, Səttarxanın təşəbbüsü və iştirakilə 300 nəfərdən ibarət xüsusi silahlı atlı mücahid dəstəsi Tehrana doğru yola düşdü. Təbrizin hər tərəfdən mühasirəyə alınması və şəhərdə vəziyyətin gərginləşməsi ilə bağlı Təbriz əncüməninin və "Mərkəze-qeyb"in məsləhəti əsasında Səttarxanın atlı dəstəsi Basmınc rayonu ərazisinə çatar-çatmaz geri - Təbrizə qayıtmalı oldu. Kəsrəvi bu haqda yazır ki, Səttarxanın Təbrizə qayıdışı düşmənin Təbrizi diz üstə çökdürmək planını pozdu, döyüşən mücahidlərdə ruh yüksəkliyi və düşmən üzərində qələbəyə inamı artırmış oldu, düşmən qüvvələr üzərinə bir-birinin ardınca zərbələr endirildi və ara-sıra evlərin üzərindən asılmış təslimçilik rəmzi olan ağ bayraqlar yoxa çıxdı, pozucu qüvvələrə qarşı təsirli cəza tədbirləri görüldü. Məşrutə uğrunda Təbrizdəki döyüşlər və şəhərdəki mütəşəkillik, Səttarxanın səriştəsi, onun sərkərdəlik bacarığını, ağır döyüş məqamında vəziyyətdən məharətlə çıxmaq qabiliyyətini və ən başlıcası hərbi fitri istedada malik olduğunu bir daha nümayiş etdirdi. Bu döyüşlər onu xalqa məğlubedilməz hərbi sərkərdə kimi tanıtdırdı, nüfuzlu, zəkalı tarixi bir şəxsiyyətə çevrilmiş oldu".

Hadisələri təhlil edən araşdırmaçı Ə.Rəhimli bu qənaətə gəlir ki, 1909-cu ilin fevralından dekabrına qədər Təbriz şəhəri 11 ay düşmənlərin ardı-arası kəsilməyən hücumlarına və mühasirəsinə məruz qalarkən Təbriz Məşrutə hərəkatının qəhrəman şəhəri, Səttarxan isə bu qəhrəman şəhərin əbədi fəxri vətəndaşı adına yüksəldi. Rəhim xanın talançı dəstəsi, Şücanizamın yol kəsənləri, Makulu varlı İzzətulla xanın qan içən silahlıları və onları idarə edən kazak dəstələrilə Səttarxan  ücahidlərinin Dəvəçi, Əmirxiz, Sürxab, Bağmeşə, Maralan məhəllələrində apardıqları döyüşlərdə Səttarxançıların əfsanəvi igidlik və qəhrəmanlıqları Məşrutə tarixinin qızıl səhifələrini təşkil edir".

Təbrizin müdafiəsini təşkil etniş "Hərbi Şura"ya Səttarxan, onun silahdaşları və "Mərkəze-qeybin" rəhbərləri başçılıq etmişlər. Mühasirədə qalanlara ərzaq, su, hərbi sursat, bir çox başqa cəhətlərdən kömək etdiyinə, mühasirəni cəsarətlə yardıqlarına və əks hücumlara ləyaqətlə, bacarıqla başçılıq etdiklərinə görə xalqın təklifilə Əyalət Əncüməni tərəfindən Səttarxana fəxri - "Sərdari-milli", Bağır xana isə "Salari-milli" adı verildi".

 

 

(Ardı var)

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2009 .- 23 yanvar.- S. 14.