Məhəmməd Əmin Rəsulzadə Təbrizdə Səttarxanla görüşüb"

 

Əkrəm Rəhimli: "Çar Rusiyası və İngiltərənin məqsədi Güney Azərbaycandakı azadlıq hərəkatını boğmaq idi"

 

(Əvvəli ötən saylarımızda)

 

Tanınmış araşdırmaçı Əkrəm Rəhimli ilə ötən yüzilin əvvəllərində baş vermiş Məşrutə hərəkatı, hərəkatın yaradıcısı olmuş soydaşımız, yenilməzlik rəmzi Səttarxanın ömür yolu, mübarizəsi barədə söhbətimizi davam etdiririk. Əkrəm Rəhimlinin sözlərinə görə, Səttarxan adına Bakıdan, Tiflisdən, Peterburqdan, İstanbuldan, Parisdən, Nəcəfdən və s. şəhərlərdən Təbrizə xoş məramlı teleqramlar və məktubların gəldiyi qeyd olunur: "Bir çox Avropa qəzetləri Səttarxanın adını iri başlıqlarda vermişdilər. Məhəmməd Əmin Rəsulzadə Səttarxanla görüşmək və şəxsən tanış olmaq üçün Təbrizə gəlmiş və o, Sərdari-milli ilə görüşmək arzusuna nail olmuşdu. Bu vaxt Sərdari-millinin 42, Məhəmməd Əmin bəyin 25 yaşı var idi".

Əkrəm Rəhimli qeyd edir ki, Məşrutə hərəkatına qarşı şahlıq rejimini irticaçı əcnəbi qüvvələrin hərtərəfli dəstəkləmələrinə baxmayaraq, dünyanın azadlıqsevər insanları məşrutəçilərin haqq işini müdafiə etmişdilər: "Bir çox hallarda biz onların mücahidlərlə bir səngərdə vuruşduğunu və əllərindən gələn köməkliyi onlardan əsirgəmədiyinin şahidi oluruq. Təbrizdəki "Memorial" məktəbin amerikalı müəllimi Hevard Basqrvil belələrindən olmuşdu. 23 yaşlı bu gənc könüllü olaraq Təbriz məşrutəçilərinə qoşulmuş və son nəfəsinə kimi Məşrutə səngərində vuruşanların yoldaşı və hərbi təlimatçı olmuşdu. Səttarxanla şəxsən tanış olmuş bu gənc amerikalı "Memorial" müdiriyyətinin və Amerika konsulunun ciddi etirazlarına baxmayaraq şəhid olanadək məşrutəçilərin sırasını tərk etməmişdi. Vətənində hərbi təlimin əsaslarına yaxşı yiyələnmiş Basqvil gənc məşrutəçi mücahidlərin hərbi təlimatlandırılmasında böyük xidmət göstərmişdi. İran tarixçisi Tairzadə Behzad yazır ki: "...Mücahid paltarı geymiş Basqrvil Təbriz mühitində özünə qarşı xoş münasibət yaratmağa müfəvvəq olmuşdu... "Bağlar" adlanan yerdə düşmənlə şiddətli döyüşdə qarşı tərəf böyük itkilər versə də, Basqrvili hədəfə alan düşmən gülləsi məşrutəçilərin və şəxsən Səttarxanın sevimlisi olan bu mərd mübarizin həyatına son qoydu. Azadlıq mücahidi Basqrvilin Təbrizdəki dəfn mərasimi Səttarxanın göstərişilə böyük ehtiram və xalq izdihamının müşayətilə olmuşdu. Uzaq Amerikadan gəlmiş və öz istəyilə məşrutəçilərə kömək etmiş şəhid Basqrvili Azərbaycan torpağı doğma övladı kimi köksünə çəkib əzizlədi. Basqrvilin döyüş tüfənginin üzərinə böyük minnətdarlıq sözləri yazılaraq xatirə üçün onun Amerikadakı anasına göndərilmişdi. Tədqiqatçı alimlərdən biri yazır ki, millət onun azadlığı yolunda qurban getmiş bu əcnəbi fədakarları tanımalıdır. İran azadlıqsevərləri Basqrvili heç vaxt unutmamalıdır. O, azadlıq yolunda canını fəda edib. Buna görə də o, azadlıqsevərlərin qəlbində həmişə yaşayacaq".

Hadisələrin gedişatını izləyən Əkrəm Rəhimli bildirir ki, Təbrizin qəhrəmancasına müdafiəsi və birləşmiş düşmən qüvvələrə bir-birinin ardınca zərbələr endirilməsi xəbəri ölkənin digər regionlarındakı məşrutəçiləri şahpərəstlərin üzərinə hücuma keçməyə ruhlandırdı: "1909-cu ilin yanvarında İsfahanda məşrutəçi qüvvələr dirçəldi və dövlət idarələrini tutdular. Bunun ardınca bu hadisə Rəştdə, Buşirdə, Bəndər- Abbasda və digər sahələrdə təkrar olunurdu. Bəxtiyarı tayfasından olan qüvvələr də rejimin əleyhinə meydanda görünməyə başladılar. Məhəmmədəli şah səltənəti üçün ağır olan o günlərdə ciddi narahatlıq keçirən dövlətlərdən biri Çar Rusiyası olmuşdu. Bu narahatlığa əsas səbəb Rusiyanın İrandakı mənafeyinə qarşı yaranan təhlükə idi. Çar 2-ci Nikolay Tehran məşrutəçilər tərəfindən tutulan təqdirdə İran şahını Tehrandakı rus səfarətində gizlətmək, sonra isə məşrutəçiləri silah gücünə və aldatma yolu ilə tədricən dağıtmağı məsləhət görmüşdü. Hadisələrin sonrakı inkişafı demək olar, Nikolayın cızdığı ssenari əsasında getmişdi. Məhəmmədəli şahın dəfələrlə verdiyi vədlərə inanmayan və bunları növbəti yalan sayan qüvvələr 1909-cu ilin iyununda Gilan, İsfahan, Həmədan, Fars, Lorustan və s. əyalətlərdən Tehrana kütləvi yürüşə başladılar. Hadisələr 1909-cu il 13 iyunda Məhəmmədəli şahın taxt-tacdan əl çəkib qaçması ilə nəticələndi. Məhəmmədəli şahla ölkəni idarə etməyin və İranı təsir dairələrində saxlamağın çətin olacağını anlayan Rusiya və İngiltərə saraydakı çevrilişi dəstəkləmək məcburiyyətində qaldılar. Məhəmmədəli şahın yerinə 14 yaşlı oğlu Əhmədi şahlığa gətirdilər. Müvəqqəti hökumət təşkil olundu. Bu hökumətdə Sipəhdar hərbi nazir, Bəxtiyarı tayfasından olan Sərdar Əsəd daxili işlər naziri, daşnak, "çox üzlü" Yeprem Davidyans Tehran Polisinin rəisi vəzifələrini tutdular. Yeni hakimiyyət, eləcə də Çar Rusiyası və İngiltərə üçün ən çətin problem Güney Azərbaycandakı azadlıq hərəkatını boğmaq və Təbriz məşrutəçilərini susdurmaq idi. Bunun üçün Təbriz üzərinə hücum çəkmiş və uğursuzluğa uğramış əksinqilabçı qüvvələri gücləndirmək, onlara hərtərəfli köməklik göstərmək və şahpərəst tayfa başçılarının gücündən istifadə etmək qərara alındı. İlk addım şəhər çevrəsindəki hərbi qüvvənin şəhərin daxilindəki muzdlu dəstələrlə əlaqəsini yaratmaq idi. Lakin əməldə bu da azadlıq üçün ayağa qalxmış Təbrizi susdurmağa kifayət etmədi. Belə olan təqdirdə şah hökuməti 1-ci Pyotrdan üzü bəri Güney Azərbaycanda və İranda gözü olan çar Rusiyasına kömək üçün müraciət etdi. Təbrizdəki rus konsulu Roxitonov bir neçə dəfə Səttarxanla görüşüb şah dövləti adından ona ali vəzifə və yüksək dövlət məqamlarını tutmağı təklif etsə də, konsulun təklifləri müqabilində Səttarxan bildirmişdi: "Mən Məşrutəyə nə sərvət, nə də məqam üçün yox, azadlıq üçün qoşulmuşam. Bunu ala bilsəm, bir parça torpağı əkib-biçməyim mənə kifayətdir". Hərəkatın başçısını və "Müdafiə Şurası" üzvlərini ələ almağın, aldatmağın mümkünsüzlüyünü görən çar Rusiyasının Təbrizdəki konsulluğu, onun əlaltıları xəyanətə və hiyləyə əl atdılar. 11 aylıq mühasirə ilə əlaqədar aclıqdan, ərzaq çatışmazlığından dözülməz dərəcədə əziyyət çəkən Təbriz sakinlərinə "kömək" məqsədi ilə Culfa-Mərənd-Təbriz yolunun silahlı mücahidlərindən təmizlənməsi və "azuqə" gətirən rus hərbiçilərinə toxunmamaq haqda Təbriz Müdafiə Şurasından icazə alındı və bu ad altında silahlı rus "xilaskarları" 1909-cu il aprelin 25-də Təbrizə doluşdular".

Əkrəm Rəhimli qeyd edir ki, onların gəlişilə Təbrizdə vəziyyət dəyişməyə başladı: "Daxildəki əksinqilabi qüvvələr, oğru və dələduzlar gizli şəkildə silahlandırıldı və şəhərin bütün məhəllələrinə qarışıqlıq salındı. Fitnəkarlıqla rus konsulluğu binası yaxınlığında bir neçə qurama "partlayış" təşkil edildi. Əvvəldən öyrədilmiş dəstə erməni məhəlləsinə hücum çəkdi və s. Bunların hamısı Təbrizə gətirilmiş silahlı rus kazaklarının şəhərdə "asayiş yaratmaq" adı ilə əməliyyata başlaması üçün bəhanə idi. Təbrizi mühasirədə saxlamış Tehran qoşunun köməyilə ətrafdan hücum çəkib gəlmiş Rəhimxan atlıları, Marağalı Səmədxan, Mərənd, Salmas, Xoy əksinqilabi dəstələri şəhərin içərisinə doğru irəliləmək imkanı əldə etdilər. Əyalət Əncümənində bəzi üzvlərin hərəkətində və mövqeyində sezilən tərəddüdlər və erməni Yepremin başçılıq etdiyi dönüklərin açıq xəyanəti Təbrizdəki Məşrutə hərəkatının süqutunu asanlaşdırmış oldu. 11 aylıq mühasirə zamanı bir çox qəhrəmanlıq, igidlik və vətənpərvərlik səhnələrilə zəngin olan Təbriz 1910-cu ilin avqustunda yenidən düşmən əlinə keçdi. Fürsətdən istifadə edən rus qoşunları 1911-ci ilin sonunda Güney Azərbaycanı, İngiltərə isə Fars körfəzi bölgələrini işğal etdilər".

Məşrutə Hərəkatını ümumiləşdirən Əkrəm Rəhimli bu qənaətə gəlir ki, Sərdari-milli Səttarxanın başçılığı altında hərəkata, xüsusən Təbrizin 11 aylıq qəhrəmancasına müdafiəsinə aid insanı heyrətə salan qəhrəmanlıqdan söhbət açan lövhələr çoxdur: "Təbrizdə Məşrutə uğrunda döyüşlərdə təbrizli ana-bacılarımızın səngərlərə silah, ərzaq, su, geyim ləvazimatı daşımaları, yaralılara kömək etməsi, hətta düşmənə qarşı döyüşdə mərdliklə iştirak etmələri haqda Məşrutəyə aid sənədlər və kitablarda kifayət qədər faktlar var. Bir mənbədə oxuyuruq: "Üzü rubəndlə örtülmüş əli tüfəngli 60 qadın birlikdə şəkil çəkdirmişlər. Bu qadınlar Təbrizin qəhrəmancasına müdafiəsinə qalxanlardan idilər... Düşmənlə vuruşda həlak olanların cəsədləri arasında kişi paltarı geymiş 20 qadın cənazəsi tapılıb".
Məşrutə düşmənləri üçün Təbrizdə ən qorxulu və təhlükəli məsələ Səttarxanın Təbrizdə qalması idi. Xalq içərisində böyük hörmət və nüfuzu olan Sərdari-millinin Azərbaycandan uzaqlaşdırılması həm Tehran, həm də əcnəbi qüvvələr üçün çox vacib idi. Səttarxana və onun silahdaşlarına təzyiqlər edildi, yalan və hiylə işə salındı. "Ümumi razılığa gəlib işləri yoluna qoymaq üçün" Səttarxan dövlət tərəfindən Tehrana dəvət olundu. Səttarxan Bağırxanla birlikdə 100 nəfər atlı mücahidin müşaiətilə Tehrana yola düşdü. Səttarxan və Bağırxanın Təbrizdən Tehrana kimi yol boyunca xalqın Sərdari-milliyə göstərdikləri böyük hörmət və məhəbbəti, Kəsrəvinin yazdığı kimi, "qələm yazmaqda acizdir. İranın Məşrutə tarixində bu böyüklükdə və bu qiymətdə heç bir iş olmamışdı... Özünün gözəl rəftarının nəticəsində idi ki, Səttarxan Tehrana daxil olarkən xalq onun tamaşasına dayanır və neçə yerdə ona qurbanlar kəsilirdi". Səttarxanın Tehrana "məsləhət" üçün çağırılması, sonra ona və silahdaşlarına alçaqcasına xəyanət edilib divan tutulması həmin qanlı olayların qara səhifəsidir. Səttarxan Təbrizdən 100 mücahidlə Təbrizə yollansa da, yolboyu ona razılığı olmasa da, daha 200 könüllü qoşulmuşdu. Səttarxana və onun dəstəsinə dövlət tərəfindən Atabək parkında iqamətgah ayrılır. Səttarxan dəstəsi ilə parkda olarkən Tehran şəhəri polis idarəsinin başçısı, erməni Yepremin əmrilə hər tərəfdən atəşə tutulur. Bu qanlı terror bilərəkdən uzun müddət xalqdan gizli saxlanılmışdı. Erməni dığasının odlu silahından açılan atəşin zəhərli gülləsi Sərdari-millini ayağından yaralayır. Aldığı yaradan uzun müddət yatağa düşən Səttarxan 1914-cü il noyabrın 16-da vətəndən uzaqda - Tehranda gözlərini əbədi yumdu. Onu Tehranın yaxınlığındakı Həzrəti-Əbdüləzimin "Tuti" adlanan bağında dəfn etdilər. İranda yaşayan bütün xalqlar İrana azadlıq rüşeymləri gətirmiş və bu yolda canlarını fəda etmiş Məşrutə qurbanlarına və onların sərkərdəsi Səttarxana borcludurlar".

 

 

Elçin Qaliboğlu

Xalq Cəbhəsi .-2009 .-24 yanvar.-S.14.