"Haradasan,
göy adamı?"
Yazıçılar Birliyində
Qiymət Məhərrəmlinin kitabının təqdimatı
oldu
Dünən
Yazıçılar Birliyinin "Natəvan" klubunda
istedadlı şairə Qiymət Məhərrəmlinin
"Haradasan, göy adamı?" adlı kitabının təqdimatı
keçirildi. Tədbirə xeyli poeziyasevər
qatılmışdı. Tədbiri giriş sözüylə
yazıçı Mahirə Abdulla açdı, Qiymət Məhərrəmli
haqqında duyğularını bildirdi: "Mənim aləmimdə
bəşərin ən incə hisslərini qadınlar ifadə
etməyə daha çox qadirdir. Yaşadığımız
yeni yüzildə qadınların ictimai həyatımızda
fəallığının artması məni çox
sevindirir. Qadının sözünə, nəfəsinə cəmiyyətin
hər addımda ehtiyacı var. Qadın əvəzsiz
varlıqdır. Sevinirəm ki, cəmiyyətdə bu yöndə
qənaətlər daha da möhkəmlənir. Qadın
dünyanın indiki gərgin vaxtında özünün
sülhpərvərliyi, analığı ilə diqqəti
daha çox cəlb edir. Arzu edirəm ki, dünya
qadınların, anaların ürəyinin səsinə
qayıtsın, onda dünya var olar, məhv olmaqdan qurtular.
Sevindirici haldır ki, bu gün Azərbaycanda incəsənətin
demək olar, bütün sahələrində qadınların
rolu artır. Bu mənada Qiymət xanımın yeni
kitabının təqdimatına
yığışmağımız təsadüfi deyil.
Qiymət xanım
duyğusal şairdir, hisslərini çox gözəl ifadə
etməyi bacarır".
Yazıçılar
Birliyinin Qazax bölməsinin sədri Barat Vüsal Qiymət
xanımın yaradıcılığı haqqında ürək
sözlərini bildirdi: "Poeziyada ruh iştirak etməyəndə
o, adicə söz yığınından ibarət olur.
Çox zaman böyük ədəbiyyatımızın
oması ilə öyünürük. Amma bu böyük ədəbiyyata
əsil mənada sahib durmaq haqqında daha çox fikirləşməliyik.
Qiymət xanımın kitabının təqdimat mərasiminin
keçirilməsi təqdirəlayiq haldır. O, ürəyinin
səsini, dünyanın dərdini ürəyindən
keçirib yazır".
Professor Himalay Qasımov Qiymət xanımı tələbəlik
dövründən tanıdığını bildirdi:
"Qiymət Məhərrəmlini çoxdan
tanıyıram. Həmişə onun mənəviyyatını
yüksək dəyərləndirmişəm. O, gözəl
ailə başçısıdır, həm də
istedadlı tədqiqatçıdır. Qiymət xanım
bütün şəraitlərdə xarakterini qoruyub saxlaya
bilib. Onun hələ yaradıcılıqda deyilməmiş
çoxlu sözü var".
Ədəbiyyatşünas
Elçin Mehrəliyev də Qiymət xanımı
yaradıcı insan kimi çoxdan tanıdığını
bildirdi: "Onun bədii və elmi
yaradıcılığına çoxdan bələdəm.
Qiymət xanımın xoşbəxtliyi ondadır ki, şəxsi
keyfəyyətləri ilə yaradıcı keyfiyyətləri
üst-üstə düşür. O, həyatında çox
çətinliklər görüb, zəhmətkeşdir".
Qiymət xanımın
müəllimi Əbdül müəllim onun haqında ürək
sözlərini söylədi: "Qiymət xanım həmişə
istedadlı olması ilə diqqətimi cəlb edib. O,
aradıcılığının uçmaq məqamındadır.
Sevinirəm ki, Qiymətin
zəhməti hədər getməyib. Onun yeni kitabını səbirsizliklə
gözləyirəm". Tənqidçi Vaqif Yusifli dedi:
"Qiymət xanımı Bəxtiyar Vahabzadənin
"Uğurlu yol"undan tanıdım. Xalq şairinin
xeyir-duasından sonra uğurlu addım atmamaq mümkün
deyildi".
Tədbirdə Q.Məhərəmlinin
şeir kitabı ilə yanaşı
"Elimiz-Günümüz" qəzetinin şairəyə
həsr edilmiş xüsusi buraxılışı da təqdim
olundu. Xüsusi buraxılışa Dərviş Osman Əhmədoğlu
"Ey Yolçu!" adlı giriş sözü yazıb. Həmçinin
xüsusi buraxılışda akademik Budaq Budaqovun, professorlar Məhərrəm
Qasımlının, İsmayıl Vəliyevin, Vaqif Arzumanlının,
Aydın Dadaşovun, Şahin Fazilin, yazıçı Əlibala
Hacızadənin, Barat Vüsalın və
başqalarının ürək sözləri yer alıb,
Qiymət Məhərrəmlinin şeirlərindən
parçalar, fotoşəkillər dərc olunub.
Qiymət xanım bizimlə
söhbətində günümüzün indiki
çağında qadının şeir yazması, bu və
ya digər dərəcədə mənəvi
ağrıları yaşaması ilə bağlı qənaətlərini
bölüşdü: "Təbii ki, bir qadının,
xüsusən də ananın ev, ailə işləri bəs
deyincədir. O da ola ki, bütün bu qayğıları
yaşaya-yaşaya Tanrı
pıçıltılarını ipə-sapa düzməyə
imkan tapasan. Hesab edirəm ki, şairlik bir taledir. Nə qədər
çətin olsa da, hər halda şeir yazandan sonra daxilən
rahatlanırsan, ürəyin boşalır, halını ifadə
edirsən. Ən çətin anda dəftər-qələm
köməyə gəlir. Qadın şairlərin kişi
şairlərdən fərqi odur ki, qadınların
qayğısı həddən artıq çoxdur.
Şairliyindən, işləməyindən asılı
olmayaraq ilk növbədə sən anasan. Ailə
qayğısı ilə, hansısa bir məişət
qayğısı ilə o qədər yüklənirsən
ki, onda əlbəttə, şair deyilsən. Söhbət məhz
həmin məqamdan gedir. Şübhəsiz, elə məqamlar
var ki, sən ancaq şairsən: o zaman insan tamam başqa bir
adam olur. Hər kəsin həyatda, yaradıcılıqda
öz meyarı var. Yaradıcılığın hazır qəlibi
olmur. Elə sənətin bənzərsizliyi də
bundadır. Ruminin gözəl bir sözü var ki, ya
olduğun kimi görün, ya da göründüyün kimi
ol. Bu məqamı şairliyə də aid etmək olur. Bir də
görürsən, şeirlərinə vurulduğun şair
tamam başqa adammış. Öz-özünə deyirsən
ki, ilahi, görəsən bu şeirləri o yazıb? Qələm
sahibi daim dərdlə bir olmalıdır. Hələ ki,
ümumiyyətlə, yaradıcı əhvallarda Vətən
təəssübkeşliyi tam şəkildə ifadəsini
tapmır, ömürlərə keçmir. Ədəbiyyat
adamları bu gün çoxlu qayğıların məngənəsindədir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-2009.- 28 yanvar.- S.14.