Qarabağ danışıqları Davos Sürix arasında qalıb

 

"Ermənistanın qeyri-konstruktiv, Azərbaycanın isə sərt və haqlı mövqe sərgiləməsinin fonunda prezidentlərin növbəti görüşünün ciddi nəticə verəcəyi real görünmür"

 

Ermənistan və Azərbaycan prezidentləri arasında bu ilin ilk Qarabağ danışıqlarının vaxtı və yeri dəqiqləşib. Ermənistan dövlət başçısının mətbuat xidmətindən yayılan xəbərdə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Serj Sərkisyan arasında görüş bu gün İsveçrənin paytaxtı Sürixdə olacaq. Xəbər verildiyi kimi, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfəri zamanı razılaşdırılıb, amma əvvəlcə görüşün dünya iqtisadi forumunun keçiriləcəyi Davos şəhərində olacağı deyilirdi. Amma son anda bu görüşün Sürixdə baş tutacağı məlum olub.Qeyd edək ki, bu, İlham Əliyevlə Serj Sərkisyan arasında sayca üçüncü görüşdür. Dövlət başçıları ötən ilin payızında Moskvada keçirilən danışıqlar zamanı münaqişənin nizamlanmasına dair bəyannamə imzalayıblar.
Prezidentlər arasında danışıqların bu mərhələsi də xarici işlər nazirləri arasında hazırlıq danışıqlarıyla başlayır. Xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyan artıq dünən Sürixdə görüşüblər. Ermənistan XİN-dən yayılan məlumata görə, Minsk qrupunun həmsədrləri də nazirlərlə ayrı-ayrılıqda görüşlər keçirəcək. Bu danışıqlar zamanı hazırda müzakirə predmeti olan Madrid sənədinə bəzi düzəlişlərin ediləcəyi gözlənilir. Xarici işlər naziri Elmar Məmmədyarov danışıqlar ərəfəsində deyib ki, ötən il Helsinkidə ATƏT xarici işlər nazirlərinin toplantısı zamanı həmsədrlər Madrid prinsiplərinə bəzi əlavələr və düzəlişləri tərəflərə təqdim ediblər. Bu düzəlişlər barədə rəsmi Bakının mövqeyi İsveçrə danışıqları zamanı çatdırılacaq. Ermənistan tərəfi isə ümumiyyətlə, Madrid prinsiplərinə hər hansı düzəlişlər edildiyini təsdiqləmir. Xatırladaq ki, bu sənəd münaqişənin nizamlanmasının baza prinsiplərini özündə əks etdirir və ora Dağlıq Qarabağın yekun statusunu müəyyən etmək üçün səsvermənin keçirilməsi də daxildir.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza prezidentlərin görüşü haqda danışarkən deyib ki, indiyə qədər dövlət başçıları səviyyəsində keçirilmiş görüşlər növbəti bu tipli görüşün də təşkilinə əsas yaradıb: "Hər iki prezident münaqişənin həllinin baza prinsiplərilə fikir ayrılıqlarının ən önəmli məqamları üzrə danışıqları davam etdirməyə razılıq verib". Digər həmsədrlər də regiona son səfərləri zamanı ənənəvi optimist bəyanatlarla çıxış ediblər.

ABŞ da Azərbaycan və Ermənistan prezidentlərin görüşündən ciddi irəliləyiş gözləyir. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi prezidentlərin görüşünün münaqişənin ədalətli həllinə gətirib çıxara biləcəyini deyir: "ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirləri və prezidentlərin görüşündən ciddi irəliləyiş gözləyir. Mən hesab edirəm ki, hələlik bizim bu görüşlərdən hər hansı gözləntilərimiz haqda sizə təfərrüatlı məlumat verməyimiz düzgün olmazdı".

Bu arada Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Luis Mariya de Puç rəhbərlik etdiyi qurumun Dağlıq Qarabağ probleminin həlli istiqamətində təkliflər verməyə hazır olduğunu bildirib. O, Dağlıq Qarabağ üzrə Alt Komitəyə yeni sədrin seçilməsilə bağlı məsələnin hələ həll olunmadığını və gündəmdə qaldığını da qeyd edib.

Prezidentlərin İsveçrə görüşü ərəfəsində erməni ekspertləri nikbin bəyanatlar verməyiblər. İrəvandakı Milli-Starteji Araşdırmalar Mərkəzinin rəhbəri Manvel Sərkisyan "Regnum"a açıqlamasında deyib ki, İsveçrə danışıqları münaqişənin nizamlanmasında əhəmiyyətli irəliləyişə səbəb olmayacaq. Onun sözlərinə görə, hazırda Qərb Ermənistana təzyiq göstərmək istəyir və bu zaman AŞ PA-da üzləşdiyi problemlərdən istifadə olunur: "Bir çoxları gözləyir ki, prezidentlər hansısa sənədi imzalaya bilər, ancaq yaxın vaxtlarda heç bir ciddi irəliləyiş baş verə bilməz. Bunun əsas səbəblərindən biri odur ki, həmsədr ölkələr arasında münaqişənin necə həll edilməli olduğu haqda ortaq mövqe yoxdur. Eyni zamanda hər iki ölkədə hakimiyyətlərin ictimaiyyətlə münasibətləri birmənalı deyil. Ona görə də mümkün sülh razılaşmasını ictimaiyyətlə razılaşdırmaq çətin olardı. Münaqişənin həllini istəmək və buna imkanı olmaq fərqli məsələlərdir" .

Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Rauf Mirqədirov da ictimaiyyətlərin sülhə hazırlanmasının çətin məsələ olduğunu bildirdi. Onun sözlərinə görə, bu, Qarabağ nizamlanmasının başlıca şərtlərindən biri kimi qalmaqdadır. Dəfələrlə bu məsələ prezidentlərin razılaşma əldə etməsinə başlıca maneə kimi göstərilib. Bu yaxınlarda amerikalı həmsədr Metyu Brayza açıq dedi ki, hər iki ölkədən bəzi siyasətçilər və jurnalistlər xalqların sülhə hazırlanmasına imkan vermir. Prezidentlər isə həlledici qərar verməyə risk etmirlər. Rauf Mirqədirov Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün ciddi nəticələrlə yadda qalacağına inanmadığını da bildirdi. Onun sözlərinə görə, 2009-cu ilin ilk Qarabağ danışıqları əvvəlkilərdən fərqlənməyəcək. Politoloq ermənilərin absurd tələbləri qarşısında Azərbaycanın barışmaz və haqlı mövqe sərigələməsini təbii hal saydı. Azərbaycanın işğal altında 20 faiz torpağı var, rəsmi İrəvan bu torpaqların qaytarılması ilə bağlı nikbin bəyanatlar da vermir. Əgər bu gün biz tərəflərin rəsmi bəyanatlarına nəzər salsaq görərik ki, əsas məsələ Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən gedir və tərəflərin mövqeləri diametral əksdir. Bu halda növbəti görüşün hansısa nəticə verəcəyi də real görünmür. Bu məsələ üzrə heç vasitəçilərin də dəqiq mövqeyi yoxdur. Rauf Mirqədirov nu da vurğuladı ki, danışıqlarla bağlı müsbət yöndə iki halda sıçrayış ola bilər - ya tərəflər bu məsələdə özləri dil tapsınlar, ya da ki, vasitəçilər tələb səviyyəsində olan konkret bir təkliflə çıxış etsinlər. Hazırda isə bunların heç biri yoxdur: "Düşünürəm ki, tərəflər növbəti dəfə münaqişənin dinc yolla həllində maraqlı olduğunu bəyanlayacaqlar, vasitəçilər isə danışıqların konstruktiv məcrada keçdiyini bildirəcəklər.

AŞ PA-nın qış sessiyasında Ermənistana ciddi təzyiqlərin olmasının da Qarabağ danışıqlarına təsiri olmayacaq. Əgər söhbət AŞ PA vasitəsiylə İrəvana təsir göstərib Ermənistanı konstruktiv olmağa məcbur etməkdən gedirsə, bu real görünmür. Ermənistana beynəlxalq təzyiqlər arta bilər. Amma bu təzyiqlər sırf demokratiya və insan haqlarıyla bağlıdır. Prinsipcə demokratiya və Qarabağ danışıqlarının bir-biri ilə birbaşa aidiyyatı yoxdur. Digər tərrəfdən, indi söhbət insan haqlarının tapdalanması və demokratiyanın olmamasının qabardılmasından gedirsə, Azərbaycan bu cür amilləri qabartmaqla özünü də pis vəziyyətdə qoya bilər. Çünki bu cür məsələlərdə heç Azərbaycan da nümunəvi ölkə deyil. Ona görə də düşünürəm ki, Azərbaycanın bu faktordan səmərəli şəkildə yararlanması mümkün olmayacaq.”

 

 

Tural

 

Xalq Cəbhəsi.-2009.-28 yanvar.-S.4.