Məhəmməd Əmin Rəsulzadə-125
(Əvvəli ötən sayımızda)
Həmin dövr
xalqımızın tarixinə Milli Azərbaycan hərəkatı
kimi daxil olur. 1917-ci ilin payızında Rəsulzadə Rusiya
parlamentinə Azərbaycan və Türküstandan millət vəkili
seçilir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili
fraksiyaların çəkişmələri nəticəsində
ləğv olunur.
Həmin ayın 27-də
seymin müsəlman fraksiyasına daxil olan müxtəlif
partiyaların üzvlərindən ibarət Azərbaycan Milli
Şürası yaranır. Səs çoxluğu ilə Rəsulzadə
Milli Şuranın sədri seçilir. 1918-ci il mayın 28-də
bütün ölkələrin radio stansiyaları və qəzetləri
Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya
yayırlar. Bu o demək idi ki,
xalqımız öz varlığını, bir xalq kimi
mövcudluğunu bütün bəşəriyyətə
çatdırır, onun da dünyada müstəqil surətdə
yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində
azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan
İsgəndər oğlu Xoyskinin
başçılığı ilə Azərbaycan Demokratik
Respublikası hökuməti təşkil olunur. Beləliklə,
Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında,
bütün islam aləmində ilk dəfə olaraq respublika
üsul-idarəsinə qədəm qoyur. İyunun 17-də Azərbaycan
Milli Şurasının iclasında Məhəmməd Əmin
Rəsulzadə öz nitqində deyir: «Dünya müharibəsi
və Rusiya inqilabının təsirilə yeni doğulmuş
və həyat siyasətinə ilk qədəm basmış
olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr
keçirir. Bu yeni türk nüzad siyasəti
rişə və buluğ bulub da millətlər zümrəsinə
vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa
cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir?
İştə bütün zehinləri işğal edən
bir məsələ! İştə bir zaman ki, müqəddərat
milliliyi əllərinə alanlar üçün Azərbaycan
nüzadini tələf etdirməmək kimi müşkül,
fəqət müşküllüyü
ilə bərabər şərəfli bir vəzifə və
məsuliyyət tərtib ediyor».
***
Gördüyümüz
kimi, Rəsulzadə özünün bu alovlu nitqində hələ
birinci dünya müharibəsi ərəfəsində
"Dirilik" jurnalı səhifələrində
qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində
Bakıda keçirilən Qafqaz müsəlmanlarının
qurultayında yenidən "Azərbaycan qayəsi"ndən
söhbət açır. Təəssüf ki, bir sıra
görkəmli inqilabçıların əsərlərində
1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti
elan olunana qədər, bu torpağın Azərbaycan
adlandırılması barədə, bu xalqın Azərbaycan
xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar
əsas bir məsələni unutmuşlar ki, rus xalqı
müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri
aradan qaldırmaq uğrunda mübarizə aparırdılar.
Amma Azərbaycan müstəmləkə idi və hətta
ölkənin adı belə xəritələrdən
silinmişdi. Müstəmləkə olan bir ölkədə
isə, ancaq milli azadlıq hərəkatından söhbət
gedə bilərdi. Azərbaycan xalqı qarşısında,
ancaq müstəmləkədən azad olub, öz müstəqil
milli dövlətini yaratmaq məsələsi dayanırdı.
Bu çətin vəzifəni Rəsulzadənin rəhbərliyi
altında Azərbaycan ziyalıları o dövrdə öz
üzərlərinə götürdülər. 1918-ci il
dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli
açılışında Məhəmməd Əmin Rəsulzadə
deyir: "Biz o zaman ki, bizim üçün ən
yaxşı məsələni - "Azərbaycan muxariyyəti"ni
müdafiə edirdik, biz onda sağ və sol tərəfdən
amansız tənqidə məruz qalmışdıq. Sağdan
bizə deyirdilər ki, azərbaycanlılıq
şüarı ilə siz müsəlmanları
parçalayırsınız, türkçülük
bayrağı qaldırmaqla - Allah yıxsın - siz
İslamın əsasını sarsıdırsınız. Soldan
isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini
tələb edərək biz vahid demokratik cəbhəni
yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın
müstəqilliyi bayrağını yüksəyə
qaldırmışdır. Beləliklə, müsəlman
partiyaları arasında Azərbaycan ideyasında fikir
ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan
ideyası artıq möhkəmlənmişdir: Bir dəfə
yüksələn bayraq bir daha enməz!"
Bakı Dövlət
Universitetinin yaranması da Rəsulzadənin adıyla
bağlıdır. Bu məsələ ətrafında o, bir
neçə dəfə Azərbaycan parlamentində
çıxış edir və universitetin açılması
tələbini qoyur. Universitetin ilk rektoru olan professor
V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı
şəhərində universitetin əsasının
qoyulması" adlı xatirə oçerkində yazır:
"Rəsulzadənin sayəsində, onun gücü,
maarifçilik köməyilə "Müsavat"
partiyasında universitetin açıq və gizli düşmənləri
partiyanın qərarına tabe olmağa məcbur olmuşlar,
biz öz tərəfimizdə artıq iki partiyaya malik idik,
"Müsavat" və sosialistlər, bu da parlamentdə
çoxluğu təmin edirdi". 1920-ci ilin mart ayında
Bakıda rus dilində çapdan çıxmış,
"1920-ci il üçün Azərbaycan
respublikasının təqvim-ünvanı"nda oxuyuruq ki, Rəsulzadə
"Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı
tarixi"ndən dərs deyir. Azərbaycan istiqlalının
ildönümüylə əlaqədar olaraq 1919-cu ildə
Bakıda bircə nömrəsi çap olunmuş və amma
geniş oxucu kütləsinə
çatdırılmamış "İstiqlal"
jurnalında Rəsulzadənin "Azərbaycan
Respublikası" adlı əsəri çap olunur.
***
1920-ci ildə aprel hadisələrindən
sonra Məhəmməd Əmin Rəsulzadə Lahıcda həbsə
alınır. Onun tutulması xəbəri həmin ilin
noyabrın əvvəllərində Vladiqafqaz (indiki Orconikidze)
şəhərində olan Stalinə
çatdırılır. Stalin heç kəsə xəbər
vermədən Bakıya gələrək, XII Ordunun xüsusi
şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər
Komissarlığı adından göstəriş verir və
özü şəxsən həbsxanaya gedib Rəsulzadəni
azad edir. Bununla Stalin 1905-ci ildə onu ölümdən qurtaran
keçmiş inqilabçı dostu Rəsulzadənin
qarşısında öz tarixi vicdan borcunu yerinə yetirir. O,
Rəsulzadəni özü ilə birlikdə Moskvaya aparır
və RSFSR Millətlər Komissarlığında mətbuat
müvəkkili vəzifəsinə təyin edir. Rəsulzadə
RSFSR Millətlər Komissarlığına tabe olan Moskva Şərqşünaslıq
(keçmiş Lazarev) institutunda da fars dilində dərs deyir.
Məhəmməd Əmin Rəsulzadənin xaricə getməsinin
düzgün təfsilatı onun vəfatı münasibəti
ilə məşhur Azərbaycan ədəbiyyatşünası,
Türkiyədə vəfat etmiş Əbdülvahab Yurdsevərin
xatirə yazısında öz əksini tapır:
"Müsavat" partiyasının gizli mərkəzi komitəsinin
ən mühüm təşəbbüslərindən biri Rəsulzadəni
Moskvadan qaçırmaq olur. Əvvəlcə bir yoldaş
vasitəsilə, sonra isə sabiq parlament üzvü, mərhum
Rəhimbəy Vəkilovu və Bakı əsgəri təşkilatının
rəisi, şəhid yoldaşımız doktor Dadaş Həsənzadəni
bir qədər pul ilə Moskvaya göndərmək surətilə
Rəsulzadə ilə təmasda olmuşlar. Rəsulzadəyə
təklif olunmuşdur ki, elmi-tədqiqat adı ilə Leninqrada
getsin. Onun oradan rəhmətlik tatar maarifçilərindən
Musa Cərurullah Bigiyevin müyəssər yardımı ilə
və qayıqla Fin körfəzi üzərindən üzərək
Finlandiyaya qaçırılması təmin edilir. Sonralar
SSRİ-də baş vermiş faciəli hadisələr
göstərdi ki, bu, yeganə düzgün yol idi. Heç
şübhəsiz, Rəsulzadə 1925-ci ildən sonra sağ
qalmayacaqdı".
***
Beləliklə, Rəsulzadənin
mühacirət dövrü başlanır. 1928-ci ildə
İstanbulda Rəsulzadənin "Azərbaycan
respublikasının keçmişi, təşəkkülü
və indiki vəziyyəti", "Əsrimizin səyavuşu",
"İstiqlal məfkurəsi və gənclik"
kitabları çap edilir. 1923-cü ildən onun
redaktorluğuyla İstanbulda "Yeni Qafqaziya" jurnalı nəşrə
başlayır. Rəsulzadə 1928-ci ildə İstanbulda
"İnqilabçı Sosializmin iflası və
demokratiyanın gələcəyi", "Millət və
Bolşevizm" və "Qafqasya türkləri" kimi əsərlərini
çap etdirir. Həmin ildə onun redaktorluğu ilə
"Azəri türkü" , sonra isə "Odlu yurd"
jurnalları və həftəlik "Bildiriş"
(1929-1931) qəzeti də nəşr edilməkdə idi. 1930-cu
ildə Rəsulzadənin Parisdə fransız dilində
"Azərbaycan və istiqlaliyyəti" və rus dilində
"Qafqaz problemi ilə əlaqədar olaraq panturanizm"
kitabları çap olunur. 1931-ci ildən Rəsulzadənin
mühacirət dövrü Avropa ölkələrində
davam edir. Onun redaktorluğu ilə Berlində ayda üç dəfə
nəşr edilən "İstiqlal" qəzeti və
"Qurtuluş" jurnalı çap edilir.
***
1933-cü ildə Rəsulzadənin
Berlində çap olunan "Azərbaycan respublikası
haqqında bəzi qeydlər" adlı kitabı da
böyük maraq doğurur. Rəsulzadə həm də
görkəmli ədəbiyyatşünas idi, onun 1936-cı
ildə Berlində "Çağdaş Azərbaycan ədəbiyyatı"
məqaləsi çap edilir. 1938-ci ildə Belində alman
dilində "Azərbaycan problemi" və 1939-cu ildə
Varşavada polyak dilində çıxmış "Azərbaycanın
hüriyyət savaşı" kitablarının
adlarını çəkməmək olmaz. O, 1938-ci ildən
Polşa hökumətində məsləhətçi işləyir,
1940-cı ildən Rumıniyada yaşayır. Onun 1943-cü
ildə İstanbulda nəşr olunmuş
"İslam-türk ensiklopediyasının" 1-ci cildində
"Azərbaycan ləhcəsi" adlı məqaləsi
çap edilir. 1947-ci ildən Ankaraya köçən Rəsulzadənin
1949-cu ildə "Azərbaycanın kultur kələnkləri"
adlı kitabı işıq üzü görür. Onun
"Çağdaş Azərbaycan ədəbiyyatı" və
"Çağdaş Azərbaycan tarixi" kitabları həmin
illərdə Rəsulzadənin məhsuldar işlədiyini
göstərir. O, 1951-ci ildə Ankarada "Azərbaycan
şairi Nizami" adlı sanballı monoqrafiyasını
çap etdirməklə dünya
nizamişünaslığına bir çox yeniliklər gətirir.
Həmin ildə Məhəmməd Əmin Rəsulzadənin
Nyu-Yorkda ingilis dilində nəşr olunan "Ukrayna"
toplusunun 1951-ci il 3-cü nömrəsinin 7-ci cildində
"Azərbaycan Respublikası" məqaləsi çap
edilir.
Londonda ingilis dilində
nəşr olunan "Britaniya ensiklopediyası"nda
"Müsavat" partiyasının yaranması tarixi və
Azərbaycan Demokratik Respublikasının təşəkkülünə
aid" məqalə də onun qələmindən
çıxır. İkinci dünya müharibəsindən
sonra Türkiyədə nəşr edilməkdə olan
"Türk ensiklopediyası"nda Azərbaycana aid məqalələrin
bir çoxunu Rəsulzadə yazır. Ankarada
yaşadığı dövrdə o, "Türk Tarix
Qurumu" və "Türk Dil Qurumu" ilə yaxından əməkdaşlıq
edir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan"
jurnalında xalqımızın tarixi və ədəbiyyatı
haqqında bir silsilə məqaləsini də bura əlavə
etsək, Rəsulzadənin heyrətamiz
yaradıcılığı haqqında təsəvvür
daha da aydınlaşar. O, ikinci dünya müharibəsinə
qədər Parisdə rusca nəşr olunan "Qafqaz" və
fransızca buraxılan "Prometey" jurnallarında öz məqalələrilə
çıxış edir. Ankara universitetinin tibb fakültəsinin
klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd
Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə
qalmış üç dəfə "Azərbaycan, Azərbaycan,
Azərbaycan" deyərək əbədiyyətə
qovuşur. Ankara radiosu martın 7-də saat 22-45 dəqiqədə
sabiq Azərbaycan Milli Şurasının sədri Rəsulzadənin
vəfat etdiyini təəssüflə bildirir.
Aysel
Xalq Cəbhəsi.- 2009.- 29 yanvar.- S. 9.