Nəsimi rayonunda soyqırımı ilə
bağlı dəyirmi masa
31 Mart Azərbaycanlıların Soyqırımı
günü ilə əlaqədar Nəsimi rayonunda dəyirmi
masa keçirilmişdir. Tədbiri rayon icra hakimiyyətinin
başçısı Nəsib Məhəməliyev
açaraq məruzə ilə çıxış
etmişdir. Natiq demişdir ki, tarix boyu təcavüzkar siyasət
yeridən və “dənizdən-dənizə böyük Ermənistan”
yaratmaq xülyasından əl çəkməyən ermənilər
xalqımızı zaman-zaman soyqırımına məruz
qoymuş, havadarlarının dəstəyi ilə onu əzəli
torpaqlarından çıxarmağı öz məqsədinə
çevirmişdir.
1918-ci ilin mart
qırğını zamanı ermənilər üç
gün ərzində Bakıda 12 min soydaşımızın
həyatına son qoymuşlar. Sonrakı günlərdə
Quba, Şamaxı və digər yerlərdə minlərlə
azərbaycanlı xüsusi qəddarlıqla qətlə
yetirilmiş, yaşayış məntəqələri və
mədəniyyət abidələri
dağıdılmışdır. 1918-1920-ci illərdə
Qarabağ bölgəsində 50 mindən çox
soydaşımız qətlə yetirilib. 1988-ci ildə ermənilərin
Qarabağı Azərbaycandan qoparmaq məqsədilə
başladıqları müharibə nəticəsində isə
torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan
çox soydaşımız qaçqın və məcburi
köçkünə çevrilmiş, minlərlə insan
amansızlıqla öldürülmüşdür.
N.Məhəməliyev
bildirmişdir ki, ermənilərin tarix boyu xalqımıza
qarşı törətdikləri bu cinayətlər ulu
öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı
“Azərbaycanlıların soyqırımı haqqında” fərmanda
tam dolğunluğu ilə əksini tapmış və bu,
soyqırımına siyasi və hüquqi qiymət vermək
imkanı yaratmışdır.
Nəsimi rayon icra
hakimiyyəti başçısının müavini Zahid Xəlilov
çıxışında bildirdi ki, ümummilli liderimizin
imzaladığı bu mühüm sənəd həm tariximizə
düzgün və obyektiv qiymət vermək, həm də azərbaycanlıların
soyqırımı məsələsini dünya ictimaiyyətinə
çatdırmaq baxımından böyük əhəmiyyət
kəsb edir. Bu, həm də ermənilərin uydurma “erməni
soyqırımı” məsələsi ilə bağlı təbliğatına
güclü zərbədir.
Sonra Nəsimi bələdiyyəsinin
sədri Natiq Abbasov və rayon Gənclər və İdman
İdarəsinin rəisi Elbrus Abdullayevin
çıxışları dinlənildi.
N.Məhəməliyev dəyirmi
masaya yekun vuraraq xalqımıza qarşı
soyqırımı həyata keçirənlərin
ifşasına və ərazi
bütövlüyümüzün bərpasına nail
olacağımıza əmin olduğunu dedi.
Ayaz HƏMİDOĞLU
Xalq qəzeti.- 2010.- 1 aprel.- S. 6.