Məsləhət və informasiya xidməti kənd təsərrüfatının inkişafının sürətləndirilməsi işinə mühüm töhfə verir

 

İnkişaf etmiş ölkələrdə məsləhət və informasiya xidməti uzun illərdir ki, kənd təsərrüfatı istehsalının tərkib elementlərindən hesab olunur. Azərbaycanda da məhsul istehsalçılarının texnoloji, iqtisadi və idarəetmə problemlərinin həllinə böyük qayğı və diqqətlə yanaşılır. Sevindirici haldır ki, artıq kənd təsərrüfatında emal və iri istehsal müəssisələrində bazarların tələbatına operativ cavab verən və strateji inkişaf planları hazırlayan marketinq şöbələri fəaliyyət göstərir. Bu gün kənd təsərrüfatında müxtəlif sahələrə aid bilik və təcrübələri öyrədən və təşviq edən mütəxəssislərin olması da yaxşı haldır. Bununla belə təsərrüfatlarda hələ də informasiya qıtlığı müşahidə olunur, ərzaq bazarlarında baş verən dəyişikliklərdən vaxtında xəbər tuta bilməyən təsərrüfatçılar da var. Elə buna görədir ki, ölkədə məsləhət və informasiya xidmətinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məsləhətçilər məhsul və əmtəə istehsalçılarına necə kömək edirlər? Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi layihəsinin rəhbəri Hüseyn Hüseynovla söhbətdə bu və ya digər suallara aydınlıq gətirməyə çalışdıq.

 

- Hüseyn müəllim, əvvəllər məsləhətçilərə elə də ehtiyac yox idi. Son illərdə isə bu xidmət sahəsinə maraq qat-qat artıb...

- Azərbaycanda torpaq mülkiyyətçilərini və digər sahibkarları kənd təsərrüfatı sahələrinə dair biliklərlə və bazar məlumatları ilə təmin etmək institutu yenidir və 2000-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi məhsul istehsalçılarının iqtisadi təşəbbüskarlığını və inkişafını şərtləndirən bilik və peşəkarlıq səviyyəsinin yüksəldilməsinə qeyri-maddi intellektual köməkliklər göstərməkdir. Sovetlər dövründə məsləhətvermə xidməti əslində kolxoz və sovxoz mütəxəssisləri tərəfindən aparılırdı. Nadir istisnaları nəzərə almasaq, onlar da inzibati çətinliklərlə və iqtisadi risklərlə əlaqədar olaraq elmi nailiyyətlərin və uğurlu təcrübələrin mənimsənilməsinə və tətbiq olunmasına maraq göstərmirdilər. İnnovasiya və informasiya dövlət planlaşdırılması sisteminə tabe idi.

Müstəqillik qazandıqdan sonra ölkədə həyata keçirilən iqtisadi və aqrar islahatlar nəticəsində sosial-iqtisadi situasiya tamamilə dəyişdi — azad, müstəqil xüsusi mülkiyyətin inkişafı üçün münbit hüquqi və iqtisadi şərait yaradıldı. İndi ölkədə kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının bütün ağırlığı ailə və fermer təsərrüfatlarından ibarət kiçik və orta sahibkarların üzərinə düşür. Onların da xeyli hissəsi kənd təsərrüfatı üzrə müvafiq ixtisası və təcrübəsi olmadığına görə aqrobiznesdə uğurlu nəticələr qazana bilmir. Ona görə də məhsul istehsalçılarını kənd təsərrüfatı sahələri üzrə biliklərlə maarifləndirmək və bazar məlumatları ilə təmin etmək olduqca aktual məsələdir. Bu fəaliyyət indi keçmişdə tələb olunduğundan daha vacibdir. Çünki islahatlar nəticəsində məhsul istehsalçılarını kənd təsərrüfatına aid metodiki təlimatlarla təmin edən bütün klassik kanallar ləğv olunub və üstəlik təsərrüfatçılara keçmişdə olmayan məsələlərə aid məsləhətlər vermək zərurəti yaranıb.

Keçmişdə kənd təsərrüfatı məhsullarının tədarükü, təsərrüfatların toxum, gübrə, dərman preparatları və texnika ilə təminatı dövlət tərəfindən həyata keçirildiyinə görə istehsalçıların bazarın vəziyyətinə aid iqtisadi məlumatlara ehtiyacı yox idi. İndi bütün bu məsələləri onların özləri həll edir. Kütləvi informasiya vasitələri, müxtəlif texnologiyalar üzrə kitablar, broşuralar, təhlillər və proqnozlar da o qədər çoxdur ki, istehsalçılar onlardan lazım olanını müstəqil seçməkdə çətinlik çəkirlər. Digər tərəfdən, statistik məlumatlara görə kənd təsərrüfatı biliklərinin hər il 10-15 faizi öz aktuallığını itirir və hər 8-10 ildən bir məzmunu tamamilə dəyişir.

Vəziyyəti mürəkkəbləşdirən bir də odur ki, kənddə orta və ali təhsilli sahibkarlar azlıq təşkil edir. İstehsalı mükəmməl qaydada təşkil və idarə edə bilənlərin xüsusi çəkisi hələ azdır. Bəziləri kənd təsərrüfatı istehsalını sınamaq və səhv etmək üsulu ilə, bəzən də acı nəticələrlə yekunlaşan qeyri-standart üsullarla öyrənirlər. Bu gün məhsul istehsalçıları həm texnoloqdur, həm iqtisadçıdır, həm də ticarətçidir. Onlar bütün fəaliyyətlərini təkbaşına planlaşdırır, təşkil və idarə edirlər. Ona görə də azad, müstəqil fəaliyyət göstərən sahibkarların nəzəri və praktiki bilik səviyyəsi yüksəldilməli, onlar mütərəqqi və uğurlu təcrübələrə aid məlumatlarla silahlanmalıdırlar. Bu sahəyə dövlətin qayğısı və diqqəti ildən-ilə artır.

- Siz Azərbaycanda məsləhət və informasiya xidməti yaradılan vaxtdan bu vacib işlə məşğulsunuz. Hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

— Azərbaycanda məhsul istehsalçılarını məsləhət və informasiya xidməti ilə təmin etmək işinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən 7 fevral 2000-ci ildə təsdiq edilmiş fərmanla xeyir-dua verilmiş, bunun üçün kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası və Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi yaradılmışdır. Elə o vaxtdan Agentlik kənd təsərrüfatında məhsul istehsalçılarını maarifləndirmək məqsədilə regionlarda məsləhət mərkəzlərini təşkil etmək və onların fəaliyyətinə nəzarət etmək missiyasını yerinə yetirir. İlk Regional Məsləhət Mərkəzi 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında təşkil edilmişdir. Sonralar belə mərkəzlər Gəncədə (2001-ci il), Şəkidə (2002-ci il), Masallı və Beyləqanda (2003-cü il) yaradılmışdır.

2005-ci ildə kənd təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə ləğv edilərək onun bazasında Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi yaradılmışdır. Hazırda Regional Məsləhət mərkəzləri Xaçmazda, Göyçayda, Bərdədə, Salyanda və Şamaxıda da fəaliyyət göstərir. Bu mərkəzlər inkişaf etmiş ölkələrdə analojı fəaliyyətlər üzrə mövcud təcrübəyə əsaslanaraq Dünya Bankı tərəfindən hazırlanmış və Azərbaycan höküməti ilə razılaşdırılmış texnologiya üzrə fəaliyyət göstərirlər. Kənd təsərrüfatında mülkiyyət mənsubiyyətindən, sosial və iqtisadi statusundan asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara kənd təsərrüfatı sahələri üzrə bilik və təlimatlar öyrətmək üçün ayda 4 gün təlimlər keçirilir, mütərəqqi texnologiyaları və uğurlu təcrübələri yaymaq üçün 5 gün nümayişlər təşkil edilir, sahibkarlar öz problemlərini əlverişli variantda həll etməyə istiqamətləndirilir, onların iqtisadi inkişafına qeyri-maddi intellektual köməkliklər göstərilir.

Məsləhət və informasiya xidmətinin tərkibi və istiqamətləri çox genişdir. Bəzən bu fəaliyyəti elmi və rəsmi dili praktik məsləhət dilinə çevirən tərcüməçilik də adlandırırlar. Bu işdə əsas şəxs məsləhətçilər adlandırılan mütəxəssislərdir. Hazırda 10 Regional Məsləhət Mərkəzində 204 nəfər məsləhətçi ölkə üzrə 800 mindən çox məhsul istehsalçısına xidmət göstərir. Məsləhətçilər yüksək peşəkarlığa, ünsiyyət yaratmaq, öyrətmək, iqtisadi, texnoloji və idarəetmə qərarlarını qəbul etmək təcrübəsinə malik olan kənd təsərrüfatı mütəxəssisləridir. Onlar icraçısı olduğu fəaliyyətin məzmununa və mahiyyətinə görə həm müəllimdir, sahibkarlara zəruri informasiyalar çatdıran operativ xidmətçilərdir, həm də optimal qərarlar qəbul edilməsində onlara kömək edən menecerlərdir. Bütövlükdə necə adlandırılmasından asılı olmayaraq məsləhət və informasiya xidmətçiləri kənd təsərrüfatında məhsul və əmtəə istehsalçıları tərəfindən bəyənilir və arzu edilən şəxs kimi qəbul edilir.

- Bu sahədə mövcud dünya təcrübəsi barədə nə deyə bilərsiniz?

- Məsləhət və informasiya xidməti demək olar ki, bütün ölkələrdə var. Bu iş Avropa ölkələrində 100 illik tarixə malikdir. Amerika Birləşmiş Ştatlarında məsləhət və informasiya xidmətinin təşkilinə aid qanun 1914-cü ildə qəbul edilmişdir. Təsərrüfatçıları maarifləndirmək xidməti Müstəqil Dövlətlər Birliyində də inkişaf etdirilir. Onun Rusiya Federasiyasında çoxillik tarixi olan məktəbi də var. Məsləhət və informasiya xidmətinin məqsədi, mahiyyəti və prinsipləri ayrı-ayrı ölkələrdə eyni olsa da, onun təşkilində müxtəlif modellərdən istifadə edilir. Məsələn, ABŞ-da, Almaniyada, İsveçrədə, Belçikada, Rusiyada və İtalyada məsləhət və informasiya xidməti tamamilə büdcə vəsaiti hesabına maliyyələşdirilir və xidmətlər fermerlərə təmənnasız çatdırılır. Böyük Britaniyada və İrlandiyada informasiya və məsləhət xidməti büdcə və qismən də fərdi xidmətdən yığılan vəsait hesabına maliyyələşdirilir.

Hollandiya, İsrail, Avstraliya və Yeni Zellandiyada bu xidmət kompaniyalar və fermer təşkilatları tərəfindən idarə olunur. Bu zaman xidmət xərclərinin 50 faizi büdcə vəsaiti, qalan hissəsi isə kənd təsərrüfatı istehsalçılarının hesabına ödənilir. Fransada, Danimarkada və Finlandiyada informasiya və məsləhət xidməti fermer təşkilatları tərəfindən idarə olunur və qismən də dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Məsləhət və informasiya xidməti bütün ölkələrdə kənd təsərrüfatı nazirliklərinin nəzdində fəaliyyət göstərir. Azərbaycanda da istehsalçılar üçün məsləhət və informasiya xidmətlərinin təşkilində və idarə olunmasında Kənd Təsərrüfatı Nazirliyinin rolu böyükdür.

- Bazar məlumatları deyəndə yəqin ki, məhsulların qiyməti haqqında məlumatlar nəzərdə tutulur...

- Xeyr, müasir şəraitdə bazar məlumatlarının mənası daha genişdir və çoxlu müxtəlif komponentləri əhatə edir. Onlar haqqında etibarlı məlumatlara malik olmadan sahibkarlıq fəaliyyətində uğurlu nəticələrə səbəb olan qərar qəbul etmək mümkün deyil. Bazar məlumatları bazarın vəziyyətinə və məhsulun qiymətinə təsir edən bütün yeniliklərin və xəbərlərin cəmini ifadə edir. Bu yeniliklər və xəbərlər bazar yeniliklərindən, aqrar siyasətə aid yeniliklərdən, rayon və milli səviyyəli bazarlardakı qiymətlərdən, ticarət, emal, istehsal, kommersiya təklifləri və proqnozlar haqqında statistik məlumatlardan, valyuta məzənnəsi, qanun dəyişiklikləri, elmi-praktiki nəticələr, satış, qablaşdırma, saxlama, emal və istehsal texnologiyaları barədə məlumatlardan ibarətdir. Onları öyrənmək və istifadə üçün yararlıları seçmək çoxlu əmək və vaxt tələb edir. Bu imkan isə indi kənd təsərrüfatı istehsalçılarında yoxdur. Ona görə də əlavə köməyə ehtiyac yaranır. Mütəxəssislər bu məlumatları toplayır, konkret şəraitə uyğun olaraq sahələr üzrə sistemləşdirir, rəsmi və elmi dildən praktiki dilə çevrir və istehlakçılara çatdırır. Bununla onlar universal bir funksiyanı yerinə yetirirlər.

- İnkişaf etmiş ölkələrdə həm də kənd təsərrüfatında kiçik sahibkarlığın çatışmayan cəhətləri kooperasiyanı inkişaf etdirməklə aradan qaldırılır...

İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı istehsalının əsas özəyi ailə və fermer təsərrüfatlarından ibarətdir. Azərbaycanda da kənd təsərrüfatının təşkilatı quruluşunda kiçik və orta təsərrüfatlar üstünlük təşkil edir. Onların istehsal fəaliyyəti və iqtisadi əhəmiyyəti ildən-ilə mütləq reallığa çevrilir. Lakin məsələ bundadır ki, həmin təsərrüfatların hazırlıq səviyyəsi və istehsal imkanları əmək və kapital tutumlu sahələrdə istehsalın intensiv inkişaf etdirilməsinə və torpaqlardan səmərəli istifadə olunmasına imkan vermir. Çünki tək təsərrüfatçı üçün təkbaşına aqronom, zootexnik, baytar həkimi, iqtisadçı və ticarətçiyə aid olan bütün vəzifələrin öhdəsindən gəlmək çox çətindir.

İnkişaf etmiş ölkələrdə məhsul istehsalçıları fəaliyyətin gəlirliliyini artırmaq, xərcləri minimuma endirmək və səmərəli xidmət göstərilməsinə nail olmaq üçün kooperativlərdə birləşirlər. Birləşmənin predmetini təbii, maddi-material və intellektual imkanlar təşkil edir. Kooperativlər resurslardan, texniki və maliyyə imkanlarından istifadədə üstünlüyə malikdirlər. Qərbdə bu üstünlük miqyas hesabına əlavə gəlir adlandırılır. Kooperativlər iştirakçıların mülkiyyət hüquqlarına toxunmur və bunun üçün yalnız imkanlar birləşdirilir. Tələb belə qoyulur ki, başqaları ilə birlikdə özün üçün işlə. Ölkədaxili məsləhət və informasiya xidmətinin mütəxəssisləri isə təsərrüfatçıların təşkilatlanmasına bu və ya digər kooperativ növünün seçilməsinə və yaradılmasına köməklik göstərmək üçün zəruri metodiki və texniki imkanlara malikdir.

- Yeri düşmüşkən, sizcə, hansı kooperativ formaları daha səmərəlidir?

- Kooperativ formaları çoxdur. Bazar iqtisadiyyatlı ölkələrdə təsərrüfatçılar əsasən məhsulu satmaq və ya emal etmək, yaxud istehsalın təşkilinə və idarə olunmasına xidmət göstərmək üçün kooperativləşirlər. Kooperativlər adətən bir fəaliyyət növü üzrə, bəziləri isə 2-3 fəaliyyət növü üzrə yaradılır. Amerikada satış və təchizat kooperativləri üstünlük təşkil edir. Burada istehsal olunan fermer məhsullarının üçdən iki hissəsi kooperativlər tərəfindən satılır. Təchizat kooperativləri isə fermerləri kənd təsərrüfatı istehsalı üçün zəruri olan gübrə, toxum, yem, yanacaq və digər mal və materiallarla təmin edir. Torpağı gübrələmək, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq, məhsulu yığmaq, qablaşdırmaq, yem hazırlamaq və başqa xidmətlər göstərmək üçün xidmət kooperativləri yaradılmışdır. Emal kooperativləri kənd təsərrüfatı məhsullarını emal edir və keyfiyyət standartlarına uyğun hazırlanmış məhsulların satılmasını həyata keçirir. İstehsalçıları, emalçıları və ticarətçiləri kreditləşdirməklə kredit kooperativləri məşğul olur. Kredit kooperativləri kənd təsərrüfatını maliyyələşdirmək üçün ən yaxşı mənbədir və peşəkarlar olan yerdə uğurla fəaliyyət göstərir. Məhsul istehsalçıları adətən bir neçə kooperativə üzv olurlar. Kooperativ məqsəd deyil, məqsədə çatmaq və öz üzvlərinin maraqlarını təmin etmək üçün vasitədir.

Bu gün ən böyük problem məhsulu satmaqdır. İstehsalçıların çoxu məhsulu kimə və harada satmağı bilmir. Alıcıları tapmaq və seçmək lazımdır. Məsləhət və informasiya xidməti isə təcili yardım kimi bu işə aid operativ cavablar hazırlayır. Alıcıdan tutmuş məhsul becərilən yerə qədər işin sxemini bilən təsərrüfatçılar azdır. İlk növbədə bilmək lazımdır ki, kimlər hansı məhsulu almağa hazırdır. Sonra isə əkmək, becərmək və yığmaq lazımdır. İnkişaf etmiş ölkələrdə heç kim torpağı boş saxlamaq xatirinə əkmir, fermerlər əvvəlcə məhsulun satılmasını, sonra isə onun istehsalı haqqında düşünürlər qayğı göstərirlər. Çünki məhsulu sərfəli qiymətlərlə satmaq nailiyyətlərin açarı hesab olunur. Məhsulun qiyməti onun maya dəyərindən yüksək olmalıdır və eyni zamanda, mənfəət götürülməsinə imkan verməlidir. Sirr deyil ki, Azərbaycanda təsərrüfatçıların bir qismi məhsul istehsalından qazanc götürə bilmir. Ölkədə mövcud çətinliklərin öhdəsindən bacarıqla gələn təsərrüfatçılar çoxdur, onlardan misal da gətirmək olar. Lakin heç də bütün sahələrdə istehsalçıların işi uğurla getmir. İnkişaf etmiş ölkələrdə dövlət fermerlərin fəaliyyətində tez-tez düzəlişlər aparır və onları xarici istehsalçıların təsirindən qoruyur. Burada hamı yaxşı bilir ki, bazar şəraitində dövlət köməyi olmadan kənd təsərrüfatı səmərəli işləyə bilməz. Azərbaycanda da kənd təsərrüfatında yüksək məhsuldar əmək üçün və bu əməyin nəticəsində istehsalçıların maddi və mənəvi marağını artırmaq üçün dövlət tərəfindən münbit şərait yaradılır.

Hazırda ölkədə həyata keçirilən məsləhət və informasiya xidmətinin hüququ statusu direktiv sənədlərlə, dövlət proqramları və Azərbaycan höküməti ilə beynəlxalq təşkilatlar arasında bağlanmış müqavilələrlə müəyyən edilir. Xeyli vaxtdır ki, dünya təcrübəsinə uyğun olaraq “Kənd təsərrüfatında məsləhət və informasiya xidməti haqqında” qanun layihəsi hazırlanır. Heç şübhəsiz, həmin qanunun qəbul edilməsi məsləhət və informasiya xidmətinin əhatə dairəsini və səmərəliliyini daha da artıracaq.

 

 

Müsahibəni apardı: Əlipənah BAYRAMOV

 

Xalq qəzeti.- 2010.- 1 aprel.- S. 5.