Dövlət Proqramının birinci ilinin yekunları müzakirə olunmuşdur

 

Suraxanı rayonu

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında ölkə Prezidenti İlham Əliyevin yekun nitqindən irəli gələn vəzifələr haqqında Suraxanı rayon icra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

Rayondakı Heydər Əliyev Mərkəzində təşkil olunan iclasdan əvvəl iştirakçılar ulu öndərin adını daşıyan parkda ucalan ümummilli liderin abidəsini ziyarət etmiş, sonra “Gənclik bağçası”nda ənənəyə uyğun olaraq ağac əkmişlər.

Rayon icra hakimiyyətinin başçısı çıxışında bildirmişdir ki, son bir neçə ildə Azərbaycanın bütün bölgələrində vüsət alan abadlıq-quruculuq və sosial-iqtisadi yüksəliş Bakının Suraxanı rayonunda da özünü göstərməkdədir. İcra hakimiyyəti tərəfindən 2009-cu il ərzində görüləcək işlərin tədbirlər planı və rayonun daxili imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuş abadlıq və quruculuq proqramları hazırlanmış, nəzərdə tutulmuş işlərin 93,6 faizi başa çatdırılmışdır.

Rayonun sənaye müəssisələri tərəfindən 2009-cu il ərzində yerinə yetirilmiş işlərin, göstərilən xidmətlərin həcmi 135,9 milyon manata, bir işçinin orta aylıq əmək haqqı 356 manata çatmış, müəssisələrdə və firmalarda 1555 nəfər yeni iş yerləri ilə təmin olunmuş, qeyri-dövlət sektorunun çəkisi sənayedə 46 faiz, tikintidə isə 60 faiz təşkil etmişdir. Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun inşa edilməsi, Heydər Əliyev prospektinin müasir standartlara uyğun yenidən qurulması rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Prezident İlham Əliyevin iştirakı ilə Hövsan Olimpiya İdman Kompleksinin, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Hövsan qəsəbəsində inşa edilmiş 81 mənzilli 9 mərtəbəli yaşayış binasının və yeni qurulmuş Hövsan Aerasiya stansiyasının açılış mərasimləri keçirilmişdir.

Dədə Qorqud adlandırılan yeni yaşayış sahəsinin yanında 70 min kubmetr həcmli su anbarının tikinti işləri davam etdirilmiş, su anbarına və anbardan Hövsan və Yeni Suraxanı qəsəbələrinə 16700 metr su xətti çəkilmiş, Yeni Günəşli “V” yaşayış sahəsinin yaxınlığında 150 min kubmetr həcmli su anbarının tikintisinə başlanılmışdır.

Qaraçuxur qəsəbəsində C.Qurbanov küçəsinin genişləndirilməsi, Yeni Günəşli “D” yaşayış sahəsində Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən “Qayğı” reabilitasiyası mərkəzinin, Bakı Transformatorlar Zavodunun yeni korpusunun, Zığ qəsəbəsində Süd emalı zavodunun tikintisi davam etdirilmişdir.

İl ərzində rayonda 14 nümunəvi abad məhəllə, 4 nümunəvi idman meydançası, 5 yeni park salınmış və bir park yenidən qurulmuş, küçə, yol və məhəllədaxili ərazilərə 200 min kvadratmetr asfalt salınmış, 11,5 min kvadratmetr dam örtüyü təmir edilmiş, 1,9 kilometr uzunluğunda yeni qaz xətti çəkilmiş, 26 ədəd qaz tənzimləyici şkaf quraşdırılmış, 9 ədəd Kompleks Transformator Məntəqəsi yenisi ilə əvəz edilmiş və digər abadlıq-quruculuq işləri görülmüşdür.

Şuranın geniş iclasını yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinləri, əmək kollektivləri və iş adamları adından Suraxanıya göstərilən diqqət və köməkliklərə, sahibkarlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. O vurğulamışdır ki, rayonun əmək kollektivləri və iş adamları Dövlət Proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi üçün bundan sonra da bütün imkanları səfərbər edəcəklər.

 

Nizami rayonu

 

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində ötən bir il ərzində görülmüş işlər, həyata keçirilmiş tədbirlər geniş müzakirə olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Paytaxtın Nizami Rayon İcra Hakmiyyətində keçirilən növbəti Şura iclası da bütövlükdə bu məsələyə həsr olunmuşdu.

İclası giriş sözü ilə açan Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov bütün dünyanı bürümüş maliyyə böhranına baxmayaraq, Azərbaycanın növbəti beş ili üçün nəzərdə tutulmuş Dövlət Proqramının uğurla icra olunmasını ölkəmizdə gedən davamlı sosial-iqtisadi inkişafın məntiqi nəticəsi kimi dəyərləndirdi. Qeyd olundu ki, Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev Azərbaycanın hərtərəfli inkişafına, xalqın firavan yaşayışının təminatına yönəldilmiş bu mühüm, ümümmilli sənəddə nəzərdə tutulmuş işlərin uğurla yerinə yetirilməsini yüksək qiymətləndirmiş və bir daha bəyan etmişdir ki, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalıdır. Bu isə proqramın icrasına məsul olan bütün icra strukturlarından, dövlət qurumlarından böyük məsuliyyət tələb edir.

Şura iclasında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunları üzrə Nizami rayonunda görülmüş işlər barədə rayon icra hakimiyyəti başçısının müavini İldırım Mehdiyevin məruzəsi dinlənildi. Natiq adıçəkilən sənəddə rayon üzrə nəzərdə tutulmuş konkret tədbirlərin icrası ilə bağlı ötən bir il ərzində görülmüş işlər barədə geniş məlumat verdi. Qeyd olundu ki, proqramın qəbulundan ötən müddət ərzində Nizami rayonunda sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, rayon ərazisində fəaliyyət göstərən “Bakı Yağ və Qida Sənaye” ASC-də davamlı sərmayə qoyuluşları hesabına bir sıra yenidənqurma işləri aparılmış, müəssisənin istehsal gücü xeyli artırılmışdır. Bundan əlavə, ötən il rayonda illik istehsal gücü 900 ton olan “Ulduz” şokolad fabriki fəaliyyətə başlamış, burada 189 nəfər işlə təmin edilmişdir.

Məruzəçi rayonun tikinti sektorunda həyata keçirilən işlər barədə məlumat verərək bildirdi ki, 2009-cu ildə müəssisələrin öz gücləri hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi 96,1 milyon manat təşkil etmiş, bunun da 68,1 milyon manatı yeni tikinti, yenidənqurma və genişləndirmə tədbirlərinə sərf olunmuşdur. Qeyd olundu ki, ötən il rayonda Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binası, 7 istehsal sahəsi, 3 ticarət mərkəzi, 2 istirahət mərkəzi və 2 özəl səhiyyə müəssisəsi tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, hesabat dövründə rayondakı 1 saylı uşaq evində böyüyən qızlar üçün 50 mənzilli 100 nəfərlik qızlar evi istifadəyə verilmiş, Elektron hesablama maşınları zavodu yenidən qurularaq işə salınmış, Heydər Əliyev prospektində Bakı şəhərində “Nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemi”nin inzibati binasının, metronun “Əzizbəyov” stansiyası yaxınlığında Respublika Gimnastika Kompleksinin və 6-cı Köndələn küçəsində Dövlət Neft Fondunun yeni inzibati binasının təməli qoyulmuşdur.

İkinci regional inkişaf proqramında ekologiya və təbii sərvətlərdən istifadə ilə bağlı geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu sahədə həyata keçirilmiş tədbirlər barədə məlumat verən İ.Mehdiyev bildirdi ki, ötən bir il ərzində Nizami rayonunda fəaliyyət göstərən bir çox dövlət və özəl müəssisələr tərəfindən insan sağlamlığı və ətraf mühitin qorunması ilə bağlı müvafiq layihələr həyata keçirilmişdir. Rayonun ən iri sənaye müəssisələrindən sayılan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda, “Bakı Yağ və Qida Sənaye”, “Evropean Tobacco — Baku” açıq səhmdar cəmiyyətlərində, həmçinin “HJT — 2000” firması, “Kaspi Yıldız” müştərək müəssisəsi və “Dəmir — Beton” zavodlarında atmosfer havasının çirklənməsinin qarşısının alınması üçün həyata keçirilmiş layihələr bu baxımdan diqqəti cəlb edir. Bununla yanaşı, rayonun ekoloji mühitinin sağlamlaşdırılması məqsədilə 2009-cu ilin yaz-payız mövsümündə ayrı-ayrı yerlərdə 30 mindən çox ağac və bəzək kolları əkilmişdir.

2009-cu ildə rayonda yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı da xeyli iş görülmüş, yeni yol qovşağı istifadəyə verilmiş, küçələrə müasir asfalt örtüyü salınmış, piyada səkiləri çəkilmişdir. Natiq daha sonra rayonun elektrik enerjisi, istilik, qaz və su təchizatı, həmçinin kanalizasiya sisteminin yaxşılaşdırılması ilə bağlı həyata keçirilmiş tədbirlərdən bəhs etdi. Qeyd olundu ki, il ərzində əhali tərəfindən sərf olunmuş elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə görə ödənişlərin səviyyəsi xeyli artmışdır.

Məruzəçi həmçinin ikinci regional inkişaf proqramının qəbulundan ötən bir il ərzində rayonda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində həyata keçirilmiş işlər barədə də geniş məlumat verdi. Rayon icra hakimiyyəti başçısının müavini 2010-2013-cü illərdə dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı işlənib hazırlanmış konkret təklifləri diqqətə çatdırdı. Bununla yanaşı, iclasda səsləndirilən digər təkliflərin də nəzərə alınması və yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacağı bildirildi.

Şura iclasına yekun vuran Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov bildirdi ki, ölkədə davam edən sürətli sosial-iqtisadi inkişafın fonunda nəzərə çarpan bütün problemlər qısa müddətdə aradan qaldırılacaq və şura iclasında səsləndirilən təkliflərin əksəriyyəti Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Bununla yanaşı, rayon icra hakimiyyətinin başçısı şura iclasında iştirak edən təsərrüfat rəhbərlərinin və ayrı-ayrı xidmət sahələrinin rəhbərlərinə bir sıra konkret tapşırıqlar verdi.

 

 

Vaqif BAYRAMOV,

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qazeti.- 2010.- 1 aprel.- S. 5.