Dövlət İdarəçilik
Akademiyasında soyqırımı
qurbanlarının xatirəsi
anılmışdır
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında 31 Mart Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar anım mərasimi
keçirilmişdir.
Tədbiri akademiyanın prorektoru,
professor Əlikram Abdullayev
açdı. Onun təklifi ilə
soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra o, soyqırımının
tarixindən, XX əsrin
əvvəllərində erməni
millətçiləri və
daşnaklarının “Böyük
Ermənistan” yaratmaq xülyası ilə Bakı quberniyasının
Bakı, Şamaxı,
Quba şəhərləri,
Göyçay qəzalarında,
Qarabağda, Zəngəzurda,
Naxçıvanda vaxtaşırı
xalqımıza qarşı
qırğınlar, talanlar,
yanğınlar, terror və
digər zorakılıq
aktları həyata keçirmələrindən danışmış,
əsrlər boyu soyqırımı və deportasiyaya məruz qalmış xalqımızın
başına gətirilən
müsibətlər barədə
ətraflı məlumat
vermişdir. Qeyd olundu ki, ümummilli
lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə
hər il 31 Mart Azərbaycanlıların Soyqırımı
Günü kimi tarixə düşüb.
Bütün sahələrdə
olduğu kimi, Azərbaycan dövlətinin
milli maraqlarının
qorunması istiqamətində
də ulu öndər Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq
üçün mötəbər
tribunalardan istifadə
etdiyini, məhz onun rəhbərliyi altında Azərbaycanın
həyata keçirdiyi
düşünülmüş xarici siyasətin bu gün təcavüzkar
Ermənistanı çıxılmaz
vəziyyətdə qoyduğu
vurğulanmışdır.
Tarix elmləri
namizədi, Firdovsiyyə
Əhmədova, siyasi elmlər namizədi, dosent Elçin Əhmədov, siyasi idarəetmə fakültəsinin
tələbəsi Rövşanə
Əhmədova öz çıxışlarında bu
tarixi gün, ölkəmizə qarşı
mənfur siyasət və bu siyasətin
havadarları tərəfindən
əsrlər boyu başımıza gətirilən
dəhşətli faciələr
barədə danışaraq,
bu istiqamətdə daha böyük işlər görməyin
vacibliyini qeyd etmişlər. Bu məsələlərin beynəlxalq
ictimaiyyət və təşkilatlar tərəfindən
tezliklə həqiqi qiymətini alacağına
əmin olduqlarını
bildirmişlər.
Sonra akademiyanın tələbələrinin
ifasında ədəbi-bədii
kompozisiya, əməkdar
artist Ağalar Bayramovun
ifasında müxtəlif
şeirlər səsləndirilmişdir. Mərasim iştirakçıları
yaxın vaxtlarda Qubada aşkarlanmış
yeni məzarlıqdan bəhs edən filmə tamaşa etmişlər. Bu, azərbaycanlılara qarşı
törədilmiş soyqırımını
təsdiqləyən daha
bir tutarlı fakt idi.
Sona MƏMMƏDBƏYOVA,
DİA-nın mətbuat
və informasiya
xidmətinin rəhbəri
Xalq qəzeti.- 2010.- 1 aprel.- S. 4.