Azərbaycan diplomatiyasının
uğurları artdıqca Ermənistanın vəziyyəti
daha da ağırlaşır, manevr imkanları tükənir
Minsk qrupu həmsədrlərinin son bəyanatı da
bu sahədə irəliləyiş olduğunu göstərir
Azərbaycan ərazilərinin 20 faizini işğal
etmiş təcavüzkar Ermənistan dövləti son
iki-üç ildə iki istiqamətdən çox
böyük təzyiqlərə məruz qalır. Birinci
istiqamət Azərbaycanın gündən-günə daha
qüdrətli iqtisadiyyata malik olması, hərbi potensialın
durmadan artırılması, xalqımızın işğal
altında olan torpaqları istənilən yolla azad etmək qətiyyəti
nümayiş etdirməsi və Ali Baş Komandanın göstərdiyi
siyasi iradədir. Rəsmi İrəvan bu amillər
qarşısında əl açıb dilənməkdən
başqa yol tapa bilmir. Digər tərəfdən isə beynəlxalq
təşkilatlar və aparıcı dövlətlər Xəzər—Qara
Dəniz hövzəsindəki sosial-iqtisadi inkişafın
qarşısında əngəl olan Ermənistanı
“daşı ətəyindən tökməyə”
çağırırlar. Çünki Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş
qalması artıq heç kəsə sərf etmir. Ən
çox isə Ermənistanın özünə.
Azərbaycan rəsmilərinin,
xüsusən, Prezident İlham Əliyevin Dağlıq
Qarabağ münaqişəsinin nizamlanması barədə
gedən bütün söhbətlərdə öz prinsipial
mövqeyini dönə-dönə dilə gətirməsi
işğalçı Ermənistanda qətiyyən sakitliklə
qarşılana bilməzdi. Erməni siyasətçiləri
İrəvan rəhbərliyinə dönə-dönə
xatırladırdılar ki, Prezident İlham Əliyev “icra edəcəyik”
— dediyi bütün layihələrin icrasına nail olmuş
siyasətçidir. “O, münaqişənin həllində
heç bir variant istisna deyildir — ifadəsini də təkcə
Azərbaycan və Ermənistan siyasətçiləri
üçün demir, bütün dünya siyasətçiləri
üçün söyləyir. Dünya isə daha çox
nefti və qazı olan ölkələri dəstəkləyir.
Yəni İlham Əliyevin hərb yolu seçməsi beynəlxalq
aləmdə əngəllənməyəcək”. Ayıq ermənilər
belə düşünür və rəsmi İrəvanı
ağıllı variantlar düşünməyə
çağırırdılar. Bəs “ağıllı
variantlar” dedikdə nələr nəzərdə tutulur? Əlbəttə,
Türkiyə və Azərbaycanla münasibətlərin
yaxşılaşdırılması. İqtisadi tənəzzül
girdabından xilas olmaq üçün Türkiyə ilə
diplomatik münasibətlərin normallaşdırılması
və sərhədlərin açılması, beynəlxalq
aləmin təzyiqlərindən yayınmaq üçün
isə Azərbaycanla aparılan danışıqlarda müəyyən
güzəştlərə hazır olmaq. Ermənistan rəhbərliyi
iqtisadi tənəzzüldən və beynəlxalq təzyiqlərdən
xilas olmağı istəsə də, bunun üçün
lazım olan addımları atmağa cəsarət tapa bilmir. Əvəzində
isə Serj Sarkisyan gündə bir cəfəng bəyanatla
beynəlxalq ictimaiyyətin başını qatmağa
çalışırdı. Ermənistan Prezidenti hətta, Azərbaycanı
hərbi yolu birdəfəlik istisna edən saziş
imzalamağa çağırmaqdan belə utanmadı. Rəsmi
Bakının bu çağırışa informasiya
kanalları ilə verdiyi cavab isə birmənalıdır: “Bəli,
biz bütün hərbi müdaxilələri birdəfəlik
istisna edən saziş imzalamağa hazırıq. Ancaq Azərbaycanın
ərazi bütövlüyü bərpa ediləndən və
qaçqın-köçkünlər öz doğma
yurd-yuvalarına qayıtdıqdan sonra”.
Əlbəttə, beynəlxalq
hüququn təməl prinsiplərinə, konfliktoloqların qələmə
aldığı çoxillik təcrübələrə,
region ölkələrinin maraqlarına, ən
başlıcası isə Azərbaycan Respublikası
Konstitusiyasının müddəalarına əsasən verilən
həmin cavab dünya ictimaiyyəti tərəfindən
anlayışla qarşılandı. Ermənilər isə bu
şərtin ortaya qoyulacağını gözləmir, guya Azərbaycanın
hansısa bir sazişə razılaşacağını
düşünürdülər. İrəvanın dünya
ictimaiyyətini aldatmaq istədiyi həmin məqamda rəsmi
Bakı ermənilərin cavabını ən rəsmi səviyyədə
verdi. Prezident İlham Əliyev martın 20-də Bakıda
keçirilən Novruz şənliklərinin
açılış mərasimində söylədiyi nitqdə
Azərbaycanın hansı sazişi imzalamağa hazır
olduğunu ermənilərə bir daha bəyan etdi:
“— Biz
danışıqlar prosesində öz prinsipial mövqeyimizdən
bir addım geri atmamışıq. Bir neçə il bundan əvvəl
nəyi demişiksə, bu gün də həmin mövqeyin
üstündə dururuq. Azərbaycanın ərazi
bütövlüyü heç vaxt danışıqlar
mövzusu olmayıbdır və olmayacaqdır. Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır.
İşğalçı qüvvələr işğal
edilmiş bütün torpaqlardan
çıxarılmalıdır, Azərbaycan vətəndaşları
oraya qayıtmalıdırlar. Dağlıq Qarabağda
yaşayan ermənilər və Dağlıq Qarabağa
qayıdacaq azərbaycanlılar yüksək muxtariyyət statusunda
yaşamalıdırlar... Yəni Dağlıq Qarabağa Azərbaycandan
kənarda statusun verilməsi qətiyyən qəbuledilməzdir.
Bu, bizim prinsipial mövqeyimizdir”. Göründüyü kimi,
qondarma saziş ideyası ilə beynəlxalq ictimaiyyətin
gözünə kül üfürməyə
çalışan, gündə bir bəyanat verən Ermənistan
rəhbərliyindən fərqli olaraq Azərbaycan Prezidenti
dövlətimizin rəsmi mövqeyini hamıya açıq və
konkret şəkildə bəyan edir.
Bütün bunlarla yanaşı Azərbaycan Prezidenti əmin olduğunu bildirir ki, vəziyyət Azərbaycanın xeyrinə əsaslı surətdə dəyişir: “Hesab edirəm ki, məsələnin həlli üçün bu gün yaxşı imkanlar vardır. Azərbaycan həm öz diplomatik səylərini gücləndirir, həm də danışıqlarda konstruktiv mövqe nümayiş etdirir. Bununla bərabər imkanlarını səfərbər edib özünü gücləndirir. Bu güclənmə iqtisadi sahədə, hərbi sahədə özünü büruzə verir. Biz bunu gizlətmirik. Biz müharibə şəraitində yaşayırıq. Təsadüfi deyil ki, bizim dövlət xərclərimizin əsas hissəsi müdafiə məqsədlərinə yönəldilibdir”.
Dünya ictimaiyyətinə yaxşı məlumdur ki, Azərbaycanın iqtisadi imkanları gündən-günə artır və həmin imkanların əsas hissəsi müdafiə məqsədlərinə yönəldilir. Bu isə o deməkdir ki, rəsmi Bakı ölkənin ərazi bütövlüyünün bərpası üçün bütün variantlara hazırlaşır. Ona görə də beynəlxalq təşkilatlar, xüsusən, ATƏT-də bilavasitə Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılmış Minsk qrupunun həmsədrləri bu istiqamətdə olan fəaliyyətlərini getdikcə daha da iniensivləşdirirlər. Həmsədrlərin tez-tez müxtəlif şəhərlərdə görüşməsi, bölgəyə çoxsaylı səfərləri də həmin intensivləşmənin nəticəsidir. Martın 26-dan 29-dək İrəvan və Dağlıq Qarabağda səfərdə olmuş həmsədrlər həm qondarma qurumun rəhbərləri ilə, həm də Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşmüşlər. Əsas məqsəd münaqişənin dinc yolla nizamlanması üçün yaradılmış baza prinsiplərinin müzakirə edilməsi idi. Həm Parisdə keçirilmiş, həm də dövri olaraq regionda keçirilən görüşlərin nəticəsi olaraq tərəflərin mövqeyini öyrənmək, daha doğrusu, tərəfləri bu prinsiplərlə razılaşdırmaq istəyən həmsədrlər Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və Yuri Merzlyakov martın 30-da birgə bəyanat yaymışlar. Bəyanatda bildirilir ki, tərəflər münaqişənin Madrid prinsipləri çərçivəsində — sülh yolu ilə nizamlanmasına hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, Madrid prinsipləri deyilən təkliflər paketini Azərbaycan qəbul etsə də, rəsmi İrəvan həmin sənədə qarşı da əsassız olaraq iradlar tutur, cığallıq edirdi. Artıq İrəvanın nazı ilə oynamaqdan yorulmuş dünya ictimaiyyəti isə hər kəsə öz yerini göstərməyin, hamını öz adı ilə çağırmağın vaxtı olduğunu anlayıb. Odur ki, ekspertlərin fikrincə, İrəvanın Madrid prinsiplərini qəbul etməyə razılıq verməsi Azərbaycanın siyasi-diplomatik gedişlərinin nəticəsi olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin təzyiqlərinin nəticəsi kimi də qiymətləndirilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 1 aprel.- S. 1.