“Ağ royal” sahibinin 70 illiyi qeyd olundu

 

Novruz ərəfəsində Tallin, Tiflis, Monte Karlo müsabiqlərinin laureatı, 1979-cu ildə Monokoda keçirilən Beynəlxalq caz festifalında “Əzizəni gözləyərkən” bəstəsi ilə ən yüksək “Ağ royal” mükafatına layiq görülmüş tanınmış pianoçu bəstəkar caz muğamı üslubunun banisi, əməkdar artist Vaqif Mustafazadənin anadan olmasının 70 illiyi musiqi ictimaiyyəti tərəfindən geniş qeyd olundu. Bu münasibətlə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdən biri də onun adını daşıyan 2 saylı Uşaq İncəsənət Məktəbində keçirilən musiqili-bədii gecə idi.

 

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Bakı Şəhər Mədəniyyət və Turizm idarəsinin məsul işçiləri, respublikanın tanınmış incəsənət adamları, musiqi məktəblərinin direktorları və caz musiqisevərləri iştirak etdilər. Tədbir başlanmazdan öncə qonaqlar rəsm şöbəsi şagirdlərinin Vaqif Mustafazadəyə həsr etdikləri əsərlərin məktəbin foyesində asılmış sərgisi ilə tanış oldular. Nizami Atayevin rəhbəri olduğu bu sərgidə gənc rəssamların 20-dən çox əsəri nümayiş olundu. Nəclə Mustafayevanın “Düşüncələr”, Sevinc Məmmədovanın “Məşq”, Gülnar Əhmədovanın “Sarı caz”, Fatimə Məmmədbəylinin “Sevil” Rauf Nəcəfovun “V.Mustafazadənin portreti” və digər rəssamların bir-birindən gözəl rəsmləri hamının zövqünü oxşadı.

Azərbaycanın ən əziz bayramlarından biri Novruzda dünyaya göz açan Vaqif Mustafazadənin Caz-Muğam, Şərq və Qərb hormoniyasını, canında-qanında yaşadan, milli musiqimizi uzaq zənci msiqisi ilə eyni dildə danışdıran bir sənətkar olduğunu açıqlayan məktəbin direktoru Elxan Məmmədov sənətkarın anım gününün hər il məktəbdə qeyd olunduğunu bildirdi. Məktəbin müəllim və şagird heyətinin ölməz caz dahisinin adını daim doğrultmağa çalışdıqlarını xüsusi vurğuladı.

Tədbirin sonunda V.Mustafazadə adına 2 saylı Uşaq İncəsənət Məktəbi şagirdlərinin şöhrətli musiqiçinin 70 illiyinə həsr olunmuş konserti oldu. III sinif şagirdi Aişə Binnətzadənin kamançada ifa etdiyi T.Quliyevin “Sevgi banisi” (müəllimi Vəfa Kərimova), V sinif şagirdi Aypara Sadıxovanın fortopianoda çaldığı İ.Əliyevanın 6 nömrəli prelüdü (müəllim Tamara Məcidova), “Aysel” kiçik rəsq qrupun “Novruz gəlir” rəqsi, (bədii rəhbər İradə Əliyeva), Skripkaçılar ansamblının ifasında Della Doyyonun “Oyuncaq” (müəllimi Tatyana Mişen), VII sinif şagirdi Rauf Hacıyevin (fortopiano) T.Quliyevin Prelüd – ¹1 (müəllim Nüşabə Muradova), V sinif şagirdi Nuranə Ramazanovanın fortopianoda İ.Abdullayevin “İthaf” (müəllimi Kübraxanım Kərimi), III sinif şagirdi Kazım İmamovun tarda Q.Qarayevin “Marş”ı (müəllimi Güləli Əliyev), IV sinif şagirdi Almaz İmanovanın (fortopiano) V.Mustafazadənin “Marş” (müəllimi Almaz Budaqova) və digər uşaqların çıxışları tədbirə gələnlərin zövqünü oxşadı.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2010.- 2 aprel.- S. 6.