Keçid dövrünün başa çatması şəraitində ictimai elmlərin vəziyyəti və onun vəzifələri

 

Müstəqillik yolunda addımlayan Azərbaycan Respublikası mövcud olduğu dövr ərzində cəmiyyətin həyatınin bütün sahələrində quruculuq işlərini həyata keçirməklə ölkənin ictimai-iqtisadi, siyasi və mənəvi əsaslarının formalaşmasına nail olmuşdur. Dövlət quruculuğu, xarici hərbi təcavüzün dayandırılması, ictimai münasibətlərin nizama salınması, hər bir sahədə problemlərin aradan qaldırılması, zərərli meyllərin və neqativ proseslərin qarşısının alınması, cəmiyyətin ahəngdar inkişafı üçün zəruri olan sağlam mühitin təmin edilməsi istiqamətində atılmış hər bir addım gələcəyə ümidin və uğura zəmanətin başlıca amili kimi qəbul olunur. Bu dövr ərzində dövlətin reallaşdırdığı məqsədyönlü tədbirlər və müxtəlif sahələr üzrə inkişaf proqramları sayəsində səmərəli irəliləyişi müşahidə etməmək mümkün deyildir.

 

Azərbaycan Respublikası Prezidentinin ötən il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi təntənəsində Azərbaycanda keçid dövrünün başa çatması haqqında bəyanatı bu vaxta qədər keçilmiş yola yekun vuraraq həmin pozitiv təmayülün məntiqi nəticəsini rəsmiləşdirdi. Keçilmiş yolda çoxsaylı çətinliklər, məhrumiyyətlər şəraitində atılan addımlar cəmiyyətin hər bir üzvü tərəfindən birmənalı qarşılanmasa da, əldə olunmuş nəticələr onların düzgünlüyünə və vacibliyinə şübhə yeri qoymur. Əlbəttə bu deyilən sözlər görülən işlərin və əldə olunmuş nəticələrin ideallığının vəsf edilməsi kimi qəbul edilməməlidir. Aradan qaldırılmalı olan problemlər kifayət qədər çoxdur və onlar sağlam yanaşma, ciddi araşdırmalar və cürətli addımların atılmasını tələb edir. Bu gün dövlət ölkəmizdə ictimai elmin inkişaf etdirilməsi, onun zamanın tələbləri səviyyəsinə qaldırılması istiqamətində bir-birinin ardınca konkret addımlar atır. Alimlərin təcrübə mübadiləsi üçün xarici ali təhsil müəssisələrinə və elm ocaqlarına göndərilməsi haqqında qərarın verilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması artıq bu sahədə işlərin yeni mərhələsinin başlanmasının əyani göstəricisidir. Belə bir məqamda diqqəti bir daha Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 8 dekabr 2009-cu il tarixli sayında “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsinə yönəltmək istərdim. İlk baxışda bu bir qədər gecikmiş görünə bilər. Lakin həmin problemin özü kimi onun haqqında deyilmiş bu sanballı söz də vaxt ötdükcə və ictimai elmlərin problemlərinin həlli istiqamətində iş görüldükcə onun üzərinə təkrar qayıtmağa ehtiyac hiss olunur.

Müstəqil Azərbaycanda bütövlükdə elmin, konkret olaraq isə ictimai və humanitar elmlərin yeni şəraitdə yeri, rolu, vəziyyəti, vəzifələri müasir dövrdə böyük diqqət tələb edən və öz radikal həllini gözləyən ən aktual məsələlər sırasındadır. Çıxışları, məqalələri və tədqiqat əsərlərində fundamental mövqeyi ilə seçilən akademik Ramiz Mehdiyevin məqaləsində həmin problemi qaldırması elm ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmış və böyük marağa səbəb olmuşdur. Həmin məqaləyə belə fəal reaksiyanın səbəbi bir tərəfdən bu məsələnin aktual xarakter daşımasıdırsa, digər tərəfdən onun əsaslı şəkildə qoyuluşu, hərtərəfli araşdırılması və həlli yollarının zamanın tələblərinə cavab verən səviyyədə göstərilməsi və əsaslandırılmasıdır. Eyni zamanda məqalədə məsul dövlət xadimi tərəfindən irəli sürülən müddəalar dövlətin mövqeyi və onun bu sahədə yeritdiyi xəttin ifadəsi kimi qəbul olunur.

Həmin məsələlərə bu səviyyədə müraciət edilməsi və problemlərin sadəcə səsləndirilməsinin özü artıq müsbət bir haldır. Bu, dövlətin ölkə ictimai elminin problemləri ilə daha yaxından məşğul olmaq, bu sahədə köklü dəyişikliklər edərək onu dövrün tələbləri səviyyəsinə qaldırmaq zamanının çatmasının və əsaslı dönüş edilməsi məqamının yetişməsinin göstəricisidir. Məqalədə çox haqlı olaraq ötən əsrin son onilliklərində elmin və onun daşıyıcısı olan ziyalı elitanın yaşamış olduğu məhrumiyyətlər və böhranın törətdiyi fəsadlar bir daha göstərilir. Cəmiyyətin bundan itirdikləri vurğulanır. Doğrudan da, belə bir mürəkkəb zaman kəsiyində cəmiyyətin öz mənəvi dayaqlarını qoruyub saxlaması, simasını itirməməsi çox böyük bir sınaq idi. Müstəqilliyin ilk vaxtlarında keyfiyyətcə yeni bir şəraitdə hədsiz problemlər məngənəsində qalan Azərbaycan cəmiyyəti özünün xilası və müstəqil dövlətə malik ola bilmək, zamanın zərbələrinə davam gətirə bilmək qabiliyyətini sübut etməli, dünya dövlətləri arasında öz yerini təsdiq etməli idi. Bunu ictimai həyatın bütün sahələrində etmək lazım idi. Lakin onların hamısını eyni vaxtda etmək mümkün deyildi. Hər bir işin öz təbii məqamı və öz növbəsi var idi.

Müstəqil dövlətçiliyin təsdiqinin və möhkəmlənməsinin vacib şərtlərindən biri məqsədyönlü fəaliyyət göstərərək dövlətin bütün fəaliyyətini elmi cəhətdən əsaslandıra bilən və dövlətin bu sahəyə olan bütün ehtiyaclarını təmin etməyə qadir olan elmi potensialının mövcudluğu və bu potensialın məhsuldar işləməsidir. Lakin bu potensial zəifdirsə və öz üzərinə düşən vəzifələri kifayət qədər dolğun yerinə yetirə bilmirsə, onun səbəbləri aydınlaşdırılmalı və münasib vəziyyətə gətirilməsinin yolları müəyyənləşdirilməlidir.

İctimai elmin vəzifələri təkcə bu gün artmamışdır, bu vəzifələr Azərbaycanın müstəqil olduğu birinci gündən tam kəskinliyi ilə durur. İlk dövrlərdə dövlət daha vacib və həyati məsələlərlə məşğul olduğu üçün buna vaxt və vəsait ayırmaq imkanının məhdudluğundan danışmaq daha düzgün olardı. Görünür həmin çətin vaxtlarda elm, o cümlədən ictimai elmlər məhdud imkanlar şəraitində entuziazm hesabına fəaliyyət göstərməli və ondan tələb olunan zəruri funksiyaları yerinə yetirməli idi. Lakin bu halda da pərakəndəlik, fərdiçilik qaydasında işləmək öz mənfi təsirini güclərin yayğınlaşmasında, görülən işlərin səmərəsinin azalmasında göstərirdi.

Azərbaycan iqtisadiyyatda keçid dövrünü başa vuraraq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoydu. Belə bir vaxtda elmin qarşısında duran vəzifələr də mövcud ictimai, siyasi, iqtisadi və mədəni mühitin təsiri altında dəyişir, ciddiləşir və mürəkkəbləşir. Əslində normal vəziyyətdə bu sahələr bir birinə uyğun olmalıdır. Hər bir sahədə olan çatışmazlıq, yarımçıqlıq digərlərinin vəziyyətində və mükəmməllik səviyyəsində əks olunur. Bu sehrli çevrəni xatırladır: hər bir sahənin kamilləşməsi və müstəqil dövrlərin tələb və ehtiyaclarına cavab verməsi üçün başqa sahələrin yüksək səviyyəsi zəruridir, lakin o yoxdur. Bu sehrli çevrədən isə yalnız möhkəm iradə və hər bir vətəndaşın istək və gərgin əməyi sayəsində çıxmaq olar.

Müstəqil Azərbaycanın ictimai elminin problemlərindən danışarkən o reallığı unutmaq olmaz ki, o, sovet ictimai mühitdən çıxmışdır. Bu sahə üçün keçid dövrü asılı, idarəolunan, göstərişləri yerinə yetirməklə məşğul olan bir vəziyyətdən sərbəstləşən, müstəqil iradəyə və mövqeyə malik olan, müstəqil qərarlar verə bilən bir vəziyyətə keçmək demək idi. Prezidentin adıçəkilən çıxışında keçid dövrünün başa çatmasından danışılarkən onun məhz iqtisadi sahədə olduğunun vurğulanması təsadüfi deyildi. Doğrudan da elm sahəsində bu keçidin başa çatmasından danışmaq tezdir. Çünki bu da reallıqdır ki, elmin bugünkü vəziyyəti və uyğun olaraq səviyyəsi ölkədəki ictimai-iqtisadi və siyasi praktikadan geri qalır.

İctimai elm həm keçid dövrünün, həm də ondan əvvəlki Sovet dövrünün müasir zaman üçün əngəl törədən xüsusiyyətlərini özündə saxlayırdı. Müstəqillik dövründə Azərbaycan ictimai elmi imperiyanın uzun illər təlqin etdiyi ideoloji buxovlardan azad olaraq milli müstəqillik fəlsəfəsinə gəlməli və öz məxsusi ideologiyasını formalaşdırmalı idi. Məqalədə ideologiyanın keçmiş olduğu mürəkkəb prosesə verilən qiymət onun barəsində xeyli müddət mövcud olan fikir müxtəlifliyinə son nöqtəni qoymağa imkan verir

Həmin dövrdə cəmiyyətin ideoloji boşluğa düşməsi şəraitində ölkənin tarixi və inkişaf perspektivləri, azərbaycançılıq, milli dil, millətin adı haqqında insanları çaşdıran mübahisələrin baş alıb getməsi ziyalı elitanın qarşısında çox böyük vəzifələr qoyurdu. Lakin qondarma ideoloji mühitdən ayrılmış müstəqil ölkə ictimai elminin özünün mənəvi-ideoloji və metodoloji dayaq nöqtəsini tapması prosesi asan və birmənalı məzmuna malik proses deyildi. Özgə metodologiyaları, özgə tarixi inkişaf konsepsiyaları, özgə düşüncə tərzi və, nəhayət, özgə maraqlarına söykənən ictimai elm müstəqil problemləri, maraqları və düşüncə tərzi olan dövlətin maraqlarını təmin edə bilməzdi. Təmin etsə də, onun çatışmazlıqları qaçılmaz idi və arzuolunmaz fəsadları labüd idi.

İdeoloji boşluq şəraitində ölkədə müxtəlif daxili və, xüsusən, xarici qərəzli qüvvələrin maraqlarına xidmət edən ideoloji cərəyanların Azərbaycan ictimai mühitini təsir altına almaq uğrunda kəskin mübarizə etdikləri bir şəraitdə milli idealogiyanın saflaşdırılaraq zamanın tələblərinə uyğun formalaşdırılması aktual olduğu qədər də çətin idi.

Qeyd olunduğu kimi, Azərbaycan Respublikasında müstəqilliyin ən ağır olan birinci mərhələsi arxada qalmışdır. Ölkənin müxtəlif sahələrdə əldə etdiyi uğurlar bütün sahələrdə mövcud çətinlikləri və problemləri aradan qaldırmağa zəmin yaradır. Belə bir vaxtda elmin problemlərinin həlli istiqamətində dövlətin atdığı addımlar və onun yuxarı eşelonunu təmsil edən şəxslər tərəfindən bu sahəyə diqqətin yetirilməsi işlərin nizama salınmasına və böyük uğurlar qazanılacağına təminat verir.

Bu gün dünyanı əhatə etmiş qloballaşma prosesi ölkələrin həyatında, xüsusən gənc dövlətlərin həyatında birmənalı rol oynamır. Həyat davam edir və hər bir dövlətin, onun cəmiyyətinin qarşısında mürəkkəb suallar və vəzifələr qoymaqda davam edir. Belə nəhəng rəqabət mühitinə daxil olan Azərbaycan da ictimai həyatın bütün sahələrində öz rəqabət qabiliyyətini formalaşdırmalı və möhkəmləndirməlidir. Deməli, cəmiyyətimizin hazırda həll etməkdə olduğu problemlərə hər gün yeniləri əlavə olunur. Buna görə də “gecikmə effekti” barədə vurulan həyəcan təbili hər bir vətəndaşı narahat etməlidir. Ən böyük vəzifə isə həmin prosesləri təhlil edərək əsaslandırılmış elmi nəticələr çıxarmalı olan, dünyada gedən prosesləri Azərbaycanın milli maraqları nöqteyi nəzərindən şərh edən və mümkün çıxış yolları variantlarını təklif etməli olan ictimai və humanitar elmlər qarşısında durur. Lakin məqalədə haqlı olaraq qeyd olunduğu kimi indiki dəyişmə, hadisələrə reaksiya vermə və yeniləşmə sürəti ilə ölkənin mövcud vəziyyətdə ehtiyac duyduğu elmi təminatı ödəmək çox çətindir.

Müasir qloballaşma şəraitində Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar göz qabağındadır. Ölkənin beynəlxalq aləmdə mövqeyi daim möhkəmlənir, Azərbaycanın maraqları ilə hesablaşırlar. Bütün bunlar Azərbaycan dövlətinin yeritdiyi ardıcıl və məqsədyönlü daxili və xarici siyasətin məntiqi nəticəsidir. Lakin bu nailiyyətlərin qazanılması ilə yanaşı keçilmiş yolun və milli təcrübənin dərindən analizi, onun elmi cəhətdən əsaslandırılaraq dünyaya təqdim edilməsi görülmüş işlərdən az vacib deyildir. Bu işləri zamanın və ölkə qarşısında duran vəzifələrin tələbləri səviyyəsində təmin etmək üçün isə təkcə cəhdləri artırmaq azdır. Eyni zamanda ictimai elmin fəlsəfəsinə yenidən baxılması, müstəqil dövlətin ideoloji bazasının əsaslı şəkildə işlənməsi və dəqiqləşdirilməsi, ictimai elmin öz kökü, öz platforması və öz baxış nöqtəsi olan elm subyekti olmasının təmin edilməsi işi axıra kimi aparılmalı və real nəticələr əldə edilməlidir. Buna görə də məqalədə haqlı olaraq qoyulmuş tələb - idarəçilikdə qəbul edilmiş qərarların və yeridilən xəttin elmi cəhətdən dərin təhlili və proqnozlaşdırılmasından öncə platformanın dəqiqləşdirilməsi tələb olunur. Bunların əsasında isə ictimai elmlər sahəsində fundamental nəzəri araşdırmaların aparılması, onların düzgün istiqamətləndirilməsi və ən müxtəlif cəhətlərinin təmin edilməsi dayanmalıdır.

Lakin dəfələrlə qeyd olunduğu kimi, bu işlərin həyata keçirilməsinə əngəl törədən amillər bir neçədir. Ən başlıcası isə lazım olan elmi kadr qıtlığı və müvafiq mexanizmlərin olmamasıdır. Düşünürəm ki, haqqında danışılan elmi potensialın saf-çürük edilməsi, formalaşdırılması, onların səfərbər edilməsi, bu sahə üçün gənc kadrların hazırlanması məsələsi həddən artıq incə bir məsələdir. Onun problemlərinin həlli zamanı çatışmayan cəhətləri olmasına baxmayaraq mövcud qüvvələrin səfərbər edilməsi və istiqamətləndirilməsi, başqa ölkələrdə hazırlanmış gənc kadrların gücündən istifadə olunması zamanı vacib olan bütün amillərin nəzərə alınması həssas yanaşma tələb edir. Əsas ağırlığın artıq oturuşmuş, milli dəsti-xətti və mövqeyi aydın olan orta və yaşlı nəslin nümayəndələrinin üzərinə yönəldilməsi daha düzgün olardı. Bütün məsuliyyətin xaricdə təhsili alaraq ölkəyə qayıtmış gənclərin üzərinə qoyulması problemlər yarada bilər. Ola bilsin gənclərin gücünə güvənməklə yanaşı köhnə kadrların yeni təhsilə cəlb olunması, onların qabaqcıl ölkələrdə təcrübə keçməsinin təşkil edilməsi daha çox fayda verərdi.

Bu mənada məqalədə ictimai elmin bugünkü vəziyyətinin zamanın tələbləri baxımından qiymətləndirilməsi, onun problemlərinin fundamental şəkildə qaldırılması və həlli yollarının araşdırılması təqdirəlayiqdir. Düzdür, elm və təhsil sahələrinin bütün problemləri daim dövlətin diqqəti altında olmuşdur. Son illərdə isə bu sahəyə yönələn diqqət daha əsaslı xarakter daşıyır və onun konseptual və strateji mövqeyinin təmin edilməsinə yönəlmişdir.

Azərbaycanda ictimai elmin problemlərinin səbəbləri sırasına bu sahənin elm adamlarının tədqiqat imkanlarının məhdudluğu da daxildir. Doğrudur, müstəqil Azərbaycan dövlətində onun aradan qaldırılması istiqamətində işlər aparılmışdır. Lakin göründüyü kimi bu işin tempini dövrün tələbləri səviyyəsinə qaldırılması üçün onun sürətləndirilməsinə ehtiyac daim hiss olunur. Dünya standartları səviyyəsində nəticə tələb olunan elm adamına bu səviyyənin standartlarına uyğun minimum imkanların yaradılması vacibdir. Çox zaman elm adamlarının potensialı şərait omadığından üzə çıxa bilmir. Fərdi qaydada əldə edilmiş ayrı-ayrı yüksək nəticələr isə istisna təşkil edir. Məqalədə məsələnin bu cəhətlərinin qabardılaraq günün tələbi səviyyəsinə qaldırılması çox əhəmiyyətlidir. Elmin, o cümlədən ictimai elmlərin həmin problemlərinin nizama salınması ilə elmi potensialın nəyə qadir olduğunu bilmək və ondan milli köklərə söykənən elmi nəticələr gözləmək mümkündür.

Doğrudan da, bu gün Azərbaycan ictimai elmi qarşısında ilk növbədə ölkənin özünəməxsus inkişaf qanunauyğunluqlarını, bu inkişafın məntiqini müstəqillik fəlsəfəsi platformasından öyrənərək şərh etməyə, dünyanın müasir durumu şəraitində Azərbaycanın vəziyyətini qiymətləndirməyə, gələcək inkişafın istiqamət və perspektivlərini proqnozlaşdırmağa qadir olmalıdır. İctimai elmin söykənməli olduğu platforma Azərbaycançılıq məfkurəsi üzərində qurulmalıdır. Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini demək azdır. Bu anlam doğrudan da, axıra kimi dərk olunmalı və ictimai elmin həqiqi platformasına çevrilməlidir. Yalnız belə bir möhkəm zəmində qloballaşmanın gətirdiyi təhlükələrə qarşı immuniteti formalaşdırmaq olar.

İctimai elmin ayrı-ayrı sahələrinin vəziyyətində həyəcan doğuran reallıq nə qədər ağır olsa da, qəbul edilməlidir. Şübhəsiz, bu sahələrin hər birində gözə çarpan və dəyərləndirilməsi vacib olan nailiyyətləri qeyd etmək vacibdir. Lakin bu iradlar səmimi qəbul olunmalı və dövlətin məsələyə münasibəti kimi qiymətləndirilməlidir. Elmə təsadüfi adamların gəlməsi, aşağı keyfiyyətli tədqiqat işlərinin və dissertasiyaların yazılmasına rəvac verilməsi, plan üzrə elm və tədris müəssisələrində yerinə yetirilən işlərin xeyli hissəsinin formal xarakter daşıması, tədris müəssisələrində ictimai elmlərin tədrisində problemlərin olması və bu kimi digər çoxsaylı neqativ hallar reallıqdır.

Hər dövrün öz tələbləri var. Sovetlər imperiyası dönəmində bugünkü nailiyyətlər, ola bilsin ki, kifayət edərdi. Lakin zaman dəyişmiş, əhalinin sayı və kommunikasiya imkanları artmış, ictimai həyatın bütün sahələrində olduğu kimi ictimai elm sahəsində də rəqəbət güclənmişdir. Dünənin kifayət edən kəmiyyət və keyfiyyət səviyyəsi bugünün tələblərini ödəmək iqtidarında deyildir. Ən başlıcası isə müstəqillik qazanmış Azərbaycan cəmiyyətinin ictimai elmi yeni vəzifələri öz üzərinə götürməli olmuşdur. Sovet imperiyası dövründə bu məsələlərin çoxu ilə məşğul olmaq ağla belə gəlmirdi və ya belə tədqiqatların nəticələri qəsdən kölgədə qoyulurdu. Bu gün Azərbaycan müstəqildir və milli-ictimai elmin görməli olduğu işləri heç nə ilə əvəz etmək mümkün deyildir. Biz özgə nöqteyi nəzərinə əsaslanan mövqedə dayanaraq, öz milli problemlərimizi həll edə bilmərik. Əslində ictimai elmin görməli olduğu bu iş müstəqil dövlətçiliyin möhkəmlənməsi və inkişafının ən vacib şərtlərindən biridir.

Narahat edən məsələlərdən biri isə odur ki, cəmiyyətdə hətta elita səviyyəsində bu həqiqət axıra kimi dərk olunmur. Lakin artıq bu gün əvəlki vəziyyətdə qalmaq olmaz. İctimai elmlər sahəsində dövlət strategyasının ortaya qoyulması, onun qarşısında duran vəzifələrin qabardılaraq həll olunması, dövlətin və cəmiyyətin gücünün səfərbər edilməsi, elmin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi zamanın vacib tələblərindən biridir.

 

 

İbrahim ƏLİYEV,

Azərbaycan Turizm İnstitutunun

ictimai fənlər kafedrasının müdiri,

tarix elmləri namizədi, dosent

 

Xalq qəzeti.- 2010.- 3 aprel.- S. 5.