1918-1920-ci illərdə
İrəvan quberniyası ərazisində azərbaycanlıların
soyqırımı
(əvvəli ötən
saylarımızda)
1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə sülh konfransı keçirilmişdi. Ermənistanla Azərbaycan arasında bağlanan sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N.Yusifbəyli və A.Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən C.Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar. Sazişdə Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər. Lakin əvvəllər olduğu kimi, bu dəfə də ermənilər yaranmış fürsətdən istifadə edərək yeni-yeni Azərbaycan ərazilərini işğal etdilər.
Xarici işlər naziri M.Y.Cəfərov dekabrın 3-də Ermənistan XİN-nə göndərdiyi teleqramda bildirir ki, noyabrın 23-də Azərbaycan hökuməti ilə Ermənistan hökuməti arasında razılaşma əldə edilib ki, hərbi toqquşmalar dərhal dayandırılsın və bütün mübahisəli məsələlər Ermənistan-Azərbaycan sülh konfransının sərəncamına verilsin. Buna baxmayaraq, indicə məlumat alınıb ki, sizin hökumətin qoşunları Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərini dağıdıb kütləvi qırğınlar törədib. Girətag və onun ətraf kəndləri mühasirəyə alınıb və ətrafla əlaqələri kəsilib. Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çimkənd və İtdil kəndlərinə hücum zamanı 300 kişi öldürülüb və 30 qadın əsir götürülüb. Həmin istiqamətdə nizami qoşunların göndərilməsi davam edir. Azərbaycan hökuməti adından tələb edir ki, qoşunların göndərilməsini dərhal dayandırsın və müsəlman kəndlərinin dağıdılmasına son qoysun. Lakin erməni tərəfi Azərbaycan tərəfinin tələblərinə məhəl qoymadan işğalı davam etdirmiş və 1920-ci ilin yanvarında Zəngəzurun bütün kəndlərinin işğalını başa çatdırmışdı.
Himayəçilik Nazirliyinin müvəkkili Makinskinin və doktor Qənizadənin 21 dekabr 1919-cu ildə nazirliyə göndərdikləri hesabatlar əsasında hazırlanan məruzədə bildirilirdi ki, 1919-cu ilin payızına qədər İrəvan quberniyasında və Cənub-Qərbi Azərbaycanda qaçqınların sayı 150 minə çatır. İrəvan qəzasında 25 mindən artıq, Eçmiədzin qəzasında da bir o qədər, İrəvan şəhərində 13 min qaçqın və yerli əhali toplanıb. Novo-Bəyazid qəzasında Göyçə gölünün şərq sahili istisna olmaqla müsəlman qalmayıb. Hazırda bütün qaçqınların sayı 70-80 min arasındadır və onlar əsasən Böyük Vedi, Aralıq, Başkənd, Yengicə və Naxçıvanda cəmləşiblər. Makinski qaçqınların vəziyyətinin həddindən artıq ağır olduğunu, çörək tapılmadığını, müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını, ev sahiblərinin isə evsiz-eşiksiz, ac-yalavac qaldıqlarını bildirir.
Məruzədə həmçinin təkcə 1919-cu ilin avqustun 2-ci yarısında Eçmiədzin, Novo-Bəyazid və Sürməli qəzalarında 50-dən artıq müsəlman kəndinin dağıdıldığı öz əksini tapmışdı.
Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsinin himayəçilik nazirinə göndərdiyi məktubda dekabrın 20-də Tiflisdə İrəvan quberniyası və Qars vilayətindən gələn qaçqınların söylədiklərinə əsasən tərtib edilmiş protokolun mətni əks olunub. Protokolda qeyd olunur ki, qaçqınlara yardım göstərilməsi üçün Himayəçilik Nazirliyinin Sənaində, Aleksandropolda (Gümrü), Qars vilayətində və Uluxanlı stansiyasında qaçqınların qəbulu və göndərilməsi üçün məntəqələr açılmalıdır. Əbdürrəhim bəy Haqverdiyevin, nümayəndəliyin əməkdaşları Teymur bəy Makinskinin və Nəsrulla Şeyxovun verdikləri məlumata görə, Araz və Tarasum çaylarının o biri sahilində, Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış 50 min qaçqın toplaşmışdır. Nümayəndəliyin sərəncamında 14 nəfər əməkdaş var ki, onların da vəzifəsi İrəvandakı qaçqınları himayə edərək, onları göndərməkdən ibarətdir. İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların isə taleyin hökmünə buraxıldıqları protokolda qeyd edilirdi.
Ermənistan ordusunun növbəti hədəfi özünümüdafiə dəstələrinin güclü olduğu Zəngibasar bölgəsi idi. Azərbaycan XİN-in dekabrın 27-də Ermənistan XİN-nə göndərdiyi teleqramda deyilirdi: "Bu gün aldığımız məlumata görə dekabrın 21-də Ermənistan hökuməti Zəngibasar rayonunun müsəlmanlarına qarşı hərbi əməliyyatlara başlayıb. Həmin gün Qarğabazar kəndi talan edilib və dağıdılıb. Ayın 22-də həmin aqibəti Uluxanlı kəndi yaşayıb. İndi döyüşlər Çobankərə və Qaraqışlaq kəndlərində gedir. Əgər bunlar doğrudursa, deməli Ermənistan hökuməti danışıqları pozub." Azərbaycan XİN Ermənistan XİN-ə Zəngibasarın müsəlman kəndlərinə erməni hücumlarını dayandırmaq haqqında teleqramın surətini Fransanın və İtaliyanın hərbi missiyalarına və müttəfiq dövlətlərin Qafqazdakı Ali Komissarına və Britaniyanın Ali Komissarına da göndərmişdi.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsindən Mir Mahmud Mirbabayev 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, "erməni silahlı birləşmələri Zəngəzuru müsəlmanlardan tamamilə təmizləməklə Paris Sülh Konfransını fakt qarşısında qoymaq istəyirlər. Zəngəzurda Oxçu, Şabadin və Gığı dərəsindəki kəndləri viran qoyan ermənilərin məqsədi Ordubad istiqamətində irəliləyib Əylisdəki qüvvələrlə birləşdikdən sonra Naxçıvanı ələ keçirməkdir.
Vedibasar hadisələrindən sonra general Dro (Drastamat Kananyan) Eçmiədzin və Sürməli qəzalarının rəisi təyin edilmişdir. Çox keçmədi ki, 60-dan artıq müsəlman kəndi tar-mar edildi və əhalisi qətlə yetirildi. Oradan o, Zəngəzura yollanır.
İran tərəfi ingilislər və ermənilərlə əlaqəyə girərək, böyük şirnikləndirici vədlər verməklə naxçıvanlıları İrana köçürməyə təşviq edir ki, Naxçıvan zəifləsin və ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-Türk hökuməti nəzərdə tutulur-N.M.) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir, Zəngibasarla əlaqə qurulub. Sürməli və Eçmiədzində törədilən qırğınlardan sonra Zəngibasar əhalisi silahlanmaq məcburiyyətində qalmış və hərbi təlimlər keçirmək üçün təlimatçılar dəvət etmişdir.
Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayırlar və İrəvandan 8-12 verst məsafədə yerləşirlər və bir ucu Araz çayına çatır.
Təqribən, dekabrın 20-də ermənilər Kolanı kəndinə hücum edib, əhalini kənddən çıxarmaq istəmişlər. Bu kənddə 800 müsəlman qaçqın üçün Amerikanın qida məntəqəsi fəaliyyət göstərir. Sonra ermənilər Qarğabazar kəndinə hücum etmişlər.
Dekabrın 28-də ermənilər Eçmiədzin qəzasının Əkərək kəndini dağıtmışlar. Mən amerikalılarla oraya getdim. Əhalinin əmlakını və zərərçəkənləri aparmışlar. 8 ölü və 5 yaralı aşkar etdik, bir çoxlarının aqibəti isə hələ də məlum deyil. 10 gün keçməmiş ermənilər Haxıs kəndinə hücum etmişlər. Toxanşalı kəndi ikinci dəfə hücuma məruz qalıb. İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları yoxdur, evlər dağıdılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət yoxdur."
Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur.
Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyinin Ermənistan XİN nazirinə göndərdiyi 12 fevral 1920-ci il tarixli müraciətdə deyilirdi ki, fevralın 6-dan 7-nə keçən gecə ermənilər Uluxanlı stansiyasından 5-6 verst məsafədə yerləşən Qarğabazar kəndinə hücum etmişlər. Əhali vahimə içərisində müxtəlif səmtə üz tutmuşdur. 7-si səhər ermənilər kəndi ələ keçirmiş, onu talamış, müxtəlif tərəflərdən kəndi yandırmış və çəkilmişlər. Kənddən 13 kişini, 34 qadını, 26 uşağı öldürmüşlər. 38 kişini və 15 uşağı özləri ilə aparmışlar. Kəndə vurulan ziyanın miqyası təqribən 15 milyondur. Ermənilərin geri çəkilməsindən sonra sağ qalanlar kəndə qayıtmışlar ki, meyitləri dəfn etsinlər. Ermənilər müxtəlif mövqelərdən kəndi atəşə tutur və imkan vermirlər ki, çöllərə səpələnmiş meyitləri yığsınlar.
İrəvan qrupunun rəhbəri Şelkovnikovun 8 mart 1920-ci ildə Ermənistan qoşunlarının komandanına göndərdiyi məktubunda bildirilirdi ki, Zəngibasar müsəlmanlarının tutduqları mövqenin təhdidedici və İrəvan şəhərinə yaxın olmasını nəzərə alaraq tərksilah əməliyyatının keçirilməsi və onların diz çökdürülməsi zəruridir. Əgər diplomatik təsirlər nəticəsiz qalsa, onda hərbi gücə əl atmaq və həmin ərazinin əhalisini zor gücünə köçürmək və Zəngibasar rayonunu müsəlman elementlərindən tamamilə təmizləmək lazım gələcək.
O bildirirdi: "Bunun üçün 2 min süngü (əsgər), 2 batalyon və 100 atlı lazımdır. Əsas zərbə (1 süngü və 1 batalyon) İrəvan-Parakər tərəfdən cənub və cənub-qərb istiqamətdən endirilməlidir. Bu əməliyyata yardım üçün qısa cinah zərbələri Qarxın tərəfdən və Ağhəmzəli tərəfdən (1 batalyon, 300 süngü və 1 artilleriya taboru) endirilməlidir.
Zəngibasarı bu yolla Süleyman-Dizə-Ramazan xətti boyunca sıxışdırıb çıxarmaq lazımdır.
Bu əməliyyatı keçirmək üçün 600 süngü 2-ci piyada polkunda, 150 süngü isə xüsusi sərhəd briqadasında vardır. Çatışmayan 1250 süngünü isə təcili olaraq Nuxalılardan və Ərəşlilərdən ayrıca nizami batalyonlar da köməyə gələ bilər...
Dəstə kifayət qədər texniki vasitələrlə, rabitə vasitələri ilə yük maşınları və ərzaqla təchiz edilməlidir. Bütün sadalananlarla təmin edildikdən sonra yalnız Daşburun-Həsən xan-Ramazan istiqamətində əməliyyatlara başlayıb Qəmərli və İqdır dəstələri ilə möhkəm əlaqə qurmaq, bununla da müsəlmanların şimal xətti boyunca əlaqələrini kəsmək olar. Hesab edirəm ki, süngülərin sayını 3000-ə çatdırmaq lazımdır."
Ermənistan qoşunlarının komandanı Nazarbekov müdafiə nazirinə göndərdiyi 10 mart tarixli cavab məktubunda general Şelkovnikovun Zəngibasar tatarlarının tərksilah edilməsi planı ilə tamamilə razı olduğunu bildirir. Əməliyyatın uğurunu təmin etmək üçün süngülərin (əsgərlərin) sayının 3000-ə çatdırılmasının zəruriliyi vurğulanır. O, bu ərazidə yaşayan və silah daşıya bilənlərin sayı 3000 nəfərdən artıq olduğunu və sayıqlıqla qorunduqlarını bildirir: "Əməliyyat sürətlə həyata keçirilməlidir, əks-təqdirdə mənfi psixoloji təsiri ola bilər. Əməliyyatın əsas vəzifəsi Haçaparax, Hacı Elyas, Şorlu Dəmirçi, Şorlu Mehmandar və Təzə Qarxın (Şərifabad) kəndlərini tutmaqdır."
Dekabrın 16-da Ermənistan Nazirlər Soveti Zəngibasara hücum məsələsini müzakirə etmişdi.
1918-ci ildə ermənilər İrəvan quberniyasında kütləvi qırğınlar törədən zaman 82 kəndin azərbaycanlıları Qars vilayətinə qaçaraq orada özlərinə sığınacaq tapmışdılar. 1918-ci ilin noyabrında Qarsda Milli Şura, sonra isə Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti qurulduqdan sonra İrəvan quberniyasından olan qaçqınlar bir neçə ay dinclik tapmışdılar. Lakin 1919-cu il aprelin 12-də ingilislərin köməyi ilə Cənubi-Qərbi Qafqaz hökuməti devrildikdən və vilayətdə Stepan Korqanovun başçılığı ilə erməni hakimiyyəti qurulduqdan sonra qaçqınların vəziyyəti daha da ağırlaşmışdı. Ermənilərin yeni qırğınlarından qurtulmaq üçün azərbaycanlı qaçqınların bir qismi Türkiyənin içərilərinə doğru hərəkət etmiş, bir qismi də Gürcüstandan keçməklə Azərbaycanda özlərinə sığınacaq tapmışdılar.
(ardı var)
Nazim MUSTAFA,
AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutunun elmi işçisi
Xalq qəzeti.- 2010.- 3 aprel.-
S. 4.