Prezident İlham Əliyev: Bu
gün Azərbaycan dünya miqyasında iqtisadi inkişaf
baxımından birinci ölkədir
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən
imzalanan ikinci regional Dövlət Proqramında qeyd olunur ki,
ölkə regionlarının mövcud potensialından daha səmərəli
istifadə etməklə yerlərdə sənaye sahələrinin
və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara hərtərəfli yardımlar göstərmək,
əhalinin həyat səviyyəsini daha da
yaxşılaşdırmaqla yoxsulluq problemini aradan qaldırmaq
qarşıda duran əsas vəzifələrdəndir. Xatırladaq
ki, sözügedən proqram 2009—2013-cü illərdə
respublika iqtisadiyyatını şaxələndirmək yolu ilə
onun dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyası, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin
daha da yaxşılaşdırılması, əhalinin həyat
səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədi
daşıyır.
İkinci regional Dövlət Proqramının icrası hazırda uğurla həyata keçirilir. Bu, Prezident İlham Əliyevin aprelin 1-də Şirvan şəhərinə səfəri zamanı bir daha özünü bariz şəkildə göstərmişdir.
Xatırladaq ki, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Şirvan şəhəri də son illər xeyli dəyişmiş, burada sosial-iqtisadi inkişaf sürətlənmişdir. Belə ki, ötən il ümumi məhsul buraxılışı 2008-ci illə müqayisədə artaraq 221 milyon manatdan çox olmuş, sənaye məhsulunun həcmi isə 186 milyon manat təşkil etmişdir. Ötən il şəhərdə 506 min ton xam neft, 21 milyon kubmetr qaz və 2 milyard 657 milyon kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Sənaye məhsullarının 66,6 faizi qeyri-dövlət sektorunda istehsal olunmuşdur. Bu da 2004-cü illə müqayisədə 2,1 dəfə artım deməkdir.
Şəhər iqtisadiyyatının uğurlu inkişafı, yeni istehsal sahələrinin yaradılması əhalinin sosial vəziyyətini daha da yaxşılaşdırmış, yeni iş yerləri açılmışdır. Bu dövrdə şəhərdə tikinti, abadlıq işləri daha geniş vüsət almış, küçə və xiyabanlar yenidən qurulmuş, “Ekologiya ili” çərçivəsində şəhərdə yaşıllıqlar salınmışdır. Səhiyyə və təhsilin səviyyəsi daha da yaxşılaşdırılmış, əhalinin təbii qaza və elektrik enerjisinə olan tələbatı ödənilmişdir. Şirvan şəhərində 2003-2009-cu illərdə 9281 yeni iş yeri açılmışdır ki, onlardan 7092-si daimidir.
Prezident İlham Əliyev Şirvan şəhərində səfərdə olarkən Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmişdir. Burada dövlət başçısına məlumat verərək bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında ölkə Prezidentinin sərəncamına əsasən yaradılan mərkəz Şirvan memarlıq məktəbinin ənənələrinə və müasir memarlıq üslubuna uyğun inşa edilmişdir. Mərkəzin ətrafı abadlaşdırılmış, burada dekorativ ağac və gül kolları əkilmiş, çəmənliklər salınmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Səkkizguşə formasında olan binada əsas ekspozisiyaların yerləşdirilməsi üçün 5 guşə və zal vardır. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar nümayiş etdirilir. Zalda ulu öndər Heydər Əliyevin əzəmətli büstü və miniatür heykəllər qoyulmuşdur. Burada konfrans zalı, kitabxana, kompyuter otağı vardır, “Gənc Heydərçilər” dərnəyi fəaliyyət göstərir. Mərkəzdə ulu öndərin Şirvan şəhərinə səfərləri və bu şəhərin inkişafı ilə bağlı gördüyü böyük işləri əks etdirən fotolar və müxtəlif sənədlər də maraq doğurur.
Prezident İlham Əliyevin Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşü də yaddaqalan olmuşdur. Dövlət başçısı çıxışında demişdir:
— Biz bu gün güclü dövlət qururuq. Bu dövlətin əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf və tərəqqi yolunu uğurla gedir. Bu yolda çətinliklər də, çox böyük sınaqlar da olub. Ancaq Azərbaycan dövləti və Azərbaycan xalqı bütün bu sınaqlardan şərəflə çıxa bilmişdir. Bu gün Azərbaycan öz daxili imkanları hesabına güclü dövlət qurubdur. Xalqımız - uzun illər, əsrlər boyu müstəqillikdən məhrum bir xalq olmasına baxmayaraq - həm özümüzə, həm bütün dünya birliyinə sübut etdi ki, biz müstəqil ölkə kimi yaşaya bilərik, öz siyasətimizi özümüz müəyyən edə bilərik.
Azərbaycan Prezidenti çıxışında vurğulamışdır ki, ölkəmizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün Azərbaycan, sözün əsl mənasında, uğurlu inkişaf dövrünü yaşayır... Həm iqtisadi, həm siyasi sahədə, bütün başqa sahələrdə, sosial məsələlərin həlli işində Azərbaycan öz daxili imkanlarına arxalanaraq müstəqil siyasət aparmaqla ölkəmizi gücləndirir. Görülən bütün bu işlər Azərbaycan xalqının zəhmətidir, Azərbaycan xalqının istedadının nəticəsidir. Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək. Problemlərin böyük hissəsi həll olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının birinci hissəsi uğurla başa çatıb.
Ölkə Prezidenti Şirvan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə ikinci regional Dövlət Proqramının icra vəziyyətinə də toxunmuşdur: — Bu proqramın icrasında da yaxşı nailiyyətlər vardır. Amma biz elə etməliyik ki, ikinci proqramın başa çatması ilə əlaqədar bütün işlər vaxtında görülsün və proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilsin. Əgər belə olarsa, onda 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər öz həllini tapacaqdır. Hər halda bunu etmək üçün güclü siyasi iradə, artıq güclü iqtisadi imkanlar, peşəkar kadrlar vardır. Yerlərdə artıq mövcud olan infrastruktur və texniki imkanlar əminəm ki, bu məqsədə çatmaq üçün bizə şərait yaradacaqdır.
Ancaq biz əldə
edilmiş uğurlarla kifayətlənməməliyik. Hələ həll ediləsi
problemlər çoxdur. Əhalini narahat edən problemlər
çoxdur. Əsas sosial və iqtisadi problemlərin
böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik
böyük dərəcədə aradan qaldırılıb.
Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin
səviyyəsinə - 49 faizdən 11 faizə enib. Yəni
bütün bunların təməlində aparılan
islahatlardır, düşünülmüş siyasətdir,
iqtisadi tədbirlərdir.
Prezident İlham Əliyev
Şirvan şəhərinə səfəri çərçivəsində
Müdafiə Sənayesi Nazirliyi Aqreqat İstehsalat Birliyinin
telemexanika zavodunda aparılmış yenidənqurma işlərinin
gedişi ilə də
Prezident İlham Əliyev
Şirvan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma
mərasimində iştirak etmişdir. Gənclər və
idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə Olimpiya
İdman Kompleksinin layihəsi barədə ətraflı məlumat
verdi. Bildirildi ki, beş hektar ərazidə inşa olunacaq
kompleksin ümumi tikinti sahəsi 25 min kvadratmetrdir. Burada min nəfər
tamaşaçı tutumu olacaq universal idman zalı, 250 nəfər
tamaşaçı yerlik üzgüçülük hovuzu,
güləş, trenajor və digər zallar fəaliyyət
göstərəcəkdir. Bununla yanaşı, orijinal layihə
əsasında tikiləcək kompleksdə 1500 yerlik futbol,
basketbol, voleybol və tennis meydançaları da inşa
olunacaqdır.
Azərbaycan Prezidenti
İlham Əliyev Şirvan şəhərinə səfəri
çərçivəsində eyni zamanda “Cənub” Elektrik
Stansiyasında tikinti işlərinin gedişi ilə
tanış olmuşdur. Xatırladaq ki, “Cənub” Elektrik
Stansiyasının təməli 2007-ci il dekabrın 24-də
Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur.
Avropada ilk açıq tipli energetika qurğusu olan 1050
meqavatlıq Şirvan İstilik Elektrik Stansiyası isə
1967-ci ildən tam gücü ilə işləyir və
istismar müddətindən 2 dəfə çox fəaliyyət
göstərərək tamamilə köhnəlmişdir. Bu səbəbdən
də Prezident İlham Əliyevin 2005-ci il 14 fevral tarixli
müvafiq sərəncamına uyğun olaraq Şirvan şəhərində
780 meqavatlıq yeni stansiyanın tikintisinə
başlanmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin Şirvan şəhərinə səfəri
bir daha göstərdi ki, ikinci regional dövlət proqramı
nəzərdə tutulan səviyyədə
reallışdırılır. Abadlıq, tikinti-quruculuq
işlərinin həcmi gündən-günə artır. Əhalinin
rifah halı yaxşılaşdırılır. Bütün
bunlar isə ulu öndər Heydər Əliyevin siyasətinin
bu gün də uğurla həyata keçirilməsindən xəbər
verir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2010.- 3 aprel.- S. 1.