Yeni kitablar

 

Həyatın özü kimi şirin-acı xatirələr

 

Bülbül, Mir Cəlal, Rəsul Rza, İlyas Əfəndiyev... ömrünün indiyədək yazılmayan incə məqamları

 

Qələmlə yazılan, dillə söylənilən xatirə ürəklə yazılmış xatirənin yerini heç zaman verməz.

 

Yevgeni YEVTUŞENKO

 

Ustadım, müəllimim, keçmiş iş yoldaşım Nahid Hacızadənin “Yada düşdü” kitabı 2010-cu ildə əlimə çatan ilk çap məhsulu idi. Yanvarın 6-da müəllifin özü bu kitabı mənə hədiyyə etmişdi. Kitabı götürəndə ürəyimdən bir fikir keçdi: tanınmış yazıçının, uzun illər görkəmli ziyalıların arasında olmuş müəllifin xatirələri yəqin ki, hamı üçün maraqlı olar. Ona görə mən də bu kitab haqqında qəzet üçün bir məqalə hazırlayaram. Amma...

 

Nahid müəllimin kitabın titul səhifəsinə “Əzizim İttifaq...” ifadəsiylə başlanan avtoqrafını oxuyandan sonra iş çox bərkə düşdü. Ustad mənə 90-cı ildə göstərdiyi etimadın on qatını indiki cümlələrdə göstərirdi və həmin cümlələrdən sonra mənim nə isə yazmağım... çətin olacaqdı. Buna baxmayaraq, kitabı işdə, iş yerimdən 30 kilometr uzaqda olan evimdə, üç həftə hər gün 4-5 tibbi prosedur qəbul etdiyim Bilgəh Kardioloji Sanatoriyasında oxudum. 650 səhifəlik, qalın üz qabığı ilə işlənmiş bir kitabın iki ay yarım qeyd etdiyim ünvanlara daşınmasının bircə səbəbi var idi: müəllifin qələmə aldığı xatirələr mənim üçün yaradıcılığına və şəxsiyyətinə dərindən bələd olduğum və böyük hörmətlə yanaşdığım yazıçının xatirələri çərçivəsindən çox-çox kənara çıxmışdı. Bu xatirələr Azərbaycan ədəbiyyatının son 55-60 ilinin müxtəlif anlarını özündə yaşadan foto şəkillərin əks etdirəcəyi təəssüratı yaradırdı. Üstəlik, həyatın özündən də gözəl şirinli-acılı təəssüratları. Qeyd edim ki, üz qabığının 4-cü səhifəsindəki müəllif şəkilindən başqa kitabda heç bir şəkil yoxdur. Ancaq xatirələri qələmlə deyil, ürəklə yazmış müəllif səhifələrin hərəsində bir foto-təsvir yaratmağa nail olmuşdur.

“Ürəkdən sevinirəm ki, “Yada düşdü” bu gün oxuculara üz tutur. Bu kitab mənim üçün bir borc idi — mənəvi borc. Deyəsən, bir qədər yüngülləşən kimi olmuşam. Görək hörmətli oxucularım nə deyəcək? Bu nigarançılığın özündə də bir şirinlik var”. Nigarançılıqda şirinlik axtaran ədib o şirinliyin beş qatını, on qatını xatirələrinin hər birinə qataraq oxuculara təqdim edir, ümumədəbi sərvətimizə çevirə bilir. Onu da əlavə edim ki, ümumiyyətlə, kitaba olan marağıma görədir, ya nədənsə, hər ay mənə ən azı 10-12 yeni kitab təqdim edilir və onların iki-üçü barədə öz qəzetimizdə, üç-dördü barədə isə başqa qəzetlərdə nə isə yazıram. İndiyədək haqqında yazdığım kitabların müəlliflərindən dönə-dönə üzr istəyərək qeyd edim ki, bəzi kitabları vərəqləyən kimi qələmə alınacaq yazının skeleti “görünür”. “Yada düşdü” kitabını isə sonadək oxuyandan sonra yenidən, bir də vərəqləməyə ehtiyacım oldu. Çünki bu kitabda həyatın çox üzünü görmüş, gözü-könlü tox bir insanın, qocaman yazıçının erkən gənclik illərindən üzü bəri həmsöhbət olduğu görkəmli şəxsiyyətlər haqqında xatirələr çözələnir. Bu xatirələr çoxlarının sönmüş bildiyi ocağın külünün altından çıxan od kimi yeni tonqal yaratmaq qüdrətindədir. Bu xatirələr hələ əzəl çərşənbə zamanı qarın altından çıxan ilk bahar çiçəkləri kimi kövrəkdir, təmizdir.

...İkinci dünya müharibəsindən əlil qayıtmış atam Məmmədcan kişi ali təhsil ala bilməmişdi. Amma mənim oxuduğum bütün kitablardan xəbərdar idi. Çoxunu ucadan oxutdururdu. Bir dəfə dedi ki, ən yaxşı şair Molla Pənah Vaqifdir. Çünki onun şeirində həyat olduğu kimidir. (“Bayram oldu, heç bilmirəm neyləyim” – ifadəsi atamın çox xoşuna gəlmişdi). İndi haqqında söhbət açdığımız kitabda da məhz o şəkildə bir həyat var. Olduğu kimi, ağı ağ, qarası da qara. Fikrimizi bəzi konkret məqamlarla əsaslandıraq.

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın xatirəsinə həsr edilmiş “Ürəyinə ürək çatmazdı” adlı yazıda çox məqamlardan söz açılır. Ancaq ayda beş manat verib kirayədə yaşayan, universitetdən alacağı təqaüddən başqa heç nəyə gümanı gəlməyən Nahid Hacızadənin məhz o təqaüddən də məhrum olmaq təhlükəsi ilə üz-üzə qalması acı bir reallıq idi. İndi isə acı bir xatirədir. Çünki təqaüddən məhrum olsa Bakıda yaşaya bilməyib rayona qayıtmalı idi. “Məntiqsiz məntiq müəlliminin” (ifadə Mir Cəlalındır) əksər tələbələrə gözüyumulu “üç” yazması tələbə Nahidi çox ağır vəziyyətə salmışdı. Vəziyyətdən xəbər tutan müəllimi Mir Cəlal (o, təkcə Nahid Hacızadəyə deyil, hamıya qayğı göstərirmiş) təqaüdün kəsilməsi məsələsini eşidəndə Nahidi rektor – akademik Yusif Məmmədəliyevin yanına göndərir ... və ölkənin ən tanınmış filoloq alimlərinin iştirakı ilə təkrar imtahan komissiyası yaradılır. Əli Sultanlı, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Muxtar Hüzeynzadə və digər müəllimlər təkrar imtahan götürürlər. İmkansız tələbənin ali təhsildən məhrum olmaq təhlükəsi aradan qaldırılır. Oxucu kitabın 71-78-ci səhifələrində ötən əsrin 55-56-cı illərinin dörd-beş simasını görür. Özünün də etiraf etdiyi kimi, universitetdən ayrılacağını düşünəndə göz yaşını saxlaya bilməyən tələbə, daş ürəkli məntiq “müəllimi”, tanıdı-tanımadı, bütün imkansız gənclərə arxa-dayaq olan Mir Cəlal və tədbirə tələsən, köməkçisinin bircə sözü ilə elə dəhlizdəcə üç almış tələbəni qəbul edib, dekana təkrar imtahan komissiyası yaradılması barədə göstəriş verən rektor Yusif Məmmədəliyev. İlk baxışda çox tələbənin başına gəlmiş əhvalat kimi sadə görünən bu həqiqət gənc bir yazıçının həyatını tamamilə başqa məcraya yönəldəcəkdi. Amma dünya yaxşılardan xali deyil.

“Yaddaşımın Rəsul Rza səhifələri” adlı xatirədəki cizgilər isə vaxtilə xeyli müddət dövlət radiosunda çalışmış bir qələm sahibi kimi mənə çox yaxındır. Hələ filologiya fakültəsinin üçüncü kursunda oxuduğu illərdə radionun xarici ölkələrə verilişlər idarəsinin redaksiyaları ilə ştatdankənar müxbir kimi əməkdaşlıq edən Nahid Hacızadə türk redaksiyası üçün Süleyman Rəhimov, Niyazi və Rəsul Rzanın yeni il arzularını yazmaq tapşırığı alır. İlk görüş Rəsul Rza ilə olur. Verilmiş tapşırığı yerinə yetirən gənc müxbir sonda şairdən xahiş edir ki, qardaş ölkədəki dinləyicilər üçün bir şeir də oxusun. Görkəmli şairin tələbə müxbirə sualı: – Gərəkdirmi? Müxbir bu istəyin vacibliyini bildirəndə şair “Mənim arzum” şeirini oxuyur. “Həyatda da, sənətdə də könlümüz, gözümüz tox olsun!” – sətirləri ilə tamamlanan şeir Rəsul Rza böyüklüyünün tərənnümü kimi səslənirdi. Musiqidə Niyazinin, ədəbiyyatda isə Rəsul Rzanın gənclərə təmənnasız və miqyassız qayğı göstərməsinin şahidi kimi də Nahid müəllimin həmin sətirləri mənim yadıma çox məqamları saldı.

Kitabda Nazim Hikmət, Bülbül, Mirzə İbrahimov, Əli Vəliyev, Ənvər Məmmədxanlı, Nəsir İmanquliyev, Əjdər Xanbabayev, Lütfü Məmmədbəyov və bir çox görkəmli ziyalılar barədə qələmə alınmış xatirələrlə yanaşı, tanınmış qələm sahiblərinin yaradıcılığına həsr edilmiş 16 məqalə və təxminən bir o qədər sənətkarın isə Nahid müəllim barədə ürək sözləri cəmləşdirilib. Ancaq müəllifin “öz poeziyasının heykəli” adlandırdığı Musa Yaqub haqqında məqaləsindən bir məqam oxucunu daha çox cəzb edir. Müəllif Musa Yaqubun sözünə, adına layiq 15 kitab səhifəsi həcmində ürək sözlərini qələmə alıb. Özü də çox böyük uğurla. Ancaq bununla yanaşı, yazıçı öz şair könüldaşı barədə fikirlərinə məhz Musa Yaqubun öz fikirlərini də əlavə edir: “Bizim Buynuz kəndində bir bulaq var – adına Soyuqçeşmə də deyirik, Qonaqbulaq da. Bu bulaq hər il iyul ayından başlayıb sentyabr ayının ortalarınacan qaynayır, sonra çəkilib gedir. Üzə çıxmaq istəyəndə ilk dəfə bir vələs ağacının dibindən sızıb nohurlanır. Hə, onda bilirik ki, çeşməmiz bu il də qaynayacaq, yayımızı sərinlədəcək”. Başqa bulaqların quruduğu və ya suyunun azaldığı mövsümdə Soyuqçeşmənin qaynamağa başlaması təbiətin minbir gözəlliyinə bir kəndin bəxş etdiyi töhfədir. Nahid Hacızadənin “Yada düşdü” kitabı da (redaktor Dilarə Vəkilovadır) beləcə – Azərbaycan ədəbiyyatının minbir gözəl kitabı sırasına töhfə kimi verilən növbəti dəyərli çap məhsuludur. Bulaq suyu kimi dum-duru, saf, qəlblərə sərinlik gətirən bir kitab.

...Martın 20-də Bakıda çox mülayim ilıq bir yaz havası var idi. Bu sətirləri qələmə almaq istəyirdim. Yenə də fikirlərimi cəmləşdirə bilmirdim. Televizora baxmaq istədim. Paytaxtdakı Novruz şənlikləri barədə reportaj verilirdi. Rəqslər, musiqiçilər, şeir, sənət nümunələri, əlvan süjetlər. Hardansa fikrimə qəribə bir sual gəldi: “Bu dünyada neçə rəng var, görəsən?” Cavabı da özüm verdim: “Bəlkə elə xatirələrin sayı qədərdir”. Hər xatirə həyatın bir lövhəsidir. Lövhələr də bir-birinə qətiyyən oxşamırlar. İlıq mart günündə yanvarın 6-dakı kimi üşüdüm...

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 8.