Səhiyyəmizin
inkişafında mühüm xidmətləri olan görkəmli
alim
İnsan dünyaya bircə dəfə gəlir. Və
hər kəs Tanrının ona bəxş etdiyi bu
ömrü sağlam, ağrı-acısız yaşamaq istəyir.
Amma bu da həqiqətdir ki, bir ömürlük Tanrı
payını sağlam, xoşbəxt yaşamaq, dəva-dərmansız
keçirmək hamıya nəsib olmur. Ona görə də
insanlar tez-tez həkimlərə müraciət etməli olur,
bu və digər sağlıq problemlərini onların köməyi
ilə aradan qaldırmağa çalışırlar. Belə hallar, demək olar ki, bütün insanların həyatında
baş verir.
Amma gözü həmişə
sərraf olan, tükü-tükdən seçən ellərimiz
həkimlərin yaxşısını, pisini
ayırmağı da bacarıb. Öz həyatını həmişə
yaxşı, bilikli, istedadlı həkimlərə etibar edib.
El arasında belə həkimlərə sadəcə olaraq həkim
deyil, təbib, loğman kimi adlar verilir.
Xalqımız arasında
özünün yüksək bilik və istedadı, hərtərəfli
həkimlik bacarığı ilə seçilən belə təbabət
adamlarından, görkəmli alimlərdən biri də Azərbaycan
Tibb Universitetinin professoru, tibb elmləri doktoru, İbn-Sina Beynəlxalq
Mükafatı laureatı Sərvər Nəriman oğlu
Alimetovdur. Yaşı artıq 70-ə çatmış bu təcrübəli
alim və həkim uzun illər ərzində tibb elminin ən
müxtəlif sahələrində özünü
sınamış, ürək-damar, ağciyər, mədə,
qaraciyər, öd kisəsi, bağırsaq, böyrək,
oynaq, qan, endokrin və allergik xəstəliklər üzrə
geniş profilli terapevt kimi yetişmişdir. Düzgün
diaqnoz məsələsi isə Sərvər Alimetovun ən
böyük önəm verdiyi məsələlərdən
biridir.
Sərvər Alimetov
İkinci Dünya müharibəsi illərində, 1940-cı
ildə Azərbaycanın dilbər guşələrindən
biri olan Qusar rayonunun Düztahir kəndində anadan olub.
Ağır müharibə illərində keçən
uşaqlığı ona hər cür zəhmətə
qatlaşmaq, əməksevərlik, vətənpərvərlik,
elə-obaya bağlılıq, təhsilə həvəs,
insanlara qayğı kimi müsbət keyfiyyətlər
aşılayıb.
Sərvər Nəriman
oğlunun həyatının sonrakı, gənclik
dövrü də beləcə, çətinlik və zəhmət
dolu bir mühitdə keçib. Düztahir kəndində həm
orta təhsil alıb, həm də ailəsinin güzəranı
üçün çalışıb. Amma oxuduğu məktəbdə
seçilən şagirdlərdən olub, həmişə dərslərinə
hazırlıqlı olmağa çalışıb, müəllimlərinin
hörmətini qazanıb. 1956-cı ildə orta məktəbi
əla qiymətlərlə bitirdikdən sonra isə Bakıya
gələrək Azərbaycan Dövlət Tibb Universitetinə
(o zaman N.Nərimanov adına Tibb İnstitutu) daxil olub. Gənc
Sərvər burada da özünü zəhmətkeş,
qabiliyyətli və istedadlı tələbə kimi göstərə
bilib, elmlərə səylə yiyələnməyə
çalışıb, gecəsini gündüzünə
qataraq tibb elminin dərinliklərinə baş vurub. Həm
müəllimlərindən – Azərbaycan tibb elminin o dövrdəki
görkəmli nümayəndəlrindən öyrənib, həm
də boş vaxtlarını kitabxanalarda keçirməklə,
tələbə yoldaşları ilə elmi mübahisələrə
qoşulmaqla xəstəliklərin xüsusiyyətlərini və
onların müalicəsi yollarını dərindən mənimsəyib.
Çünki yaxşı başa düşürdü ki,
bundan sonra qarşıda onu insanlarla işləmək,
onların itirilmiş sağlamlıqlarını bərpa etmək
kimi müqəddəs vəzifə gözləyir və bu məsələdə
ancaq və ancaq özünə, öz biliyinə güvənməli
olacaq. Beləliklə, çalışqan və yorulmaz tələbə
Sərvər Nəriman oğlu 1962-ci ildə ali təhsilini fərqlənmə
diplomu ilə başa vururaq həyata atılıb.
Gənc həkim 1962-1970-ci
illərdə doğma elinə qayıdaraq Qusar rayonundakı
Şirvanovka regional xəstəxanasında həkim, sonra isə
baş həkim vəzifələrində
çalışmağa başlayıb, burada xəstəliklərlə
mübarizənin praktik yollarını mənimsəyib, minlərlə
insanın sağlamlığının bərpasında, bir
çoxlarının ağır xəstəliklərdən
xilas edilməsində, bəzilərinin yenidən dünyaya
qaytarılmasında öz bilik və qabiliyyətini göstərib.
Və çox keçmədən rayonda savadlı, hər
cür xəstəliyin öhdəsindən gəlməyi
bacaran bir həkimin peyda olması barədə xəbər
bütün rayona, hətta qonşu bölgələrə
yayılıb. Artıq öz dərdini hər həkimə
etibar etməyən adamlar da Sərvər həkimə
müraciət etməyə başlayıb. Beləliklə, Sərvər
həkimin adı bütün el-obada məşhurlaşıb.
Artıq bir çox həmkarları məsləhət
görüblər ki, əyalətdə
ilişib-qalmağın mənası yoxdur, Bakıya
qayıdıb elmlə məşğul olması gərəkdir.
Sərvər Alimetov
Bakıya 1970-ci ildə qayıdaraq Azərbaycanda
kardiologiyanın banisi olmuş, akademik C.M.Abdullayevin rəhbərlik
etdiyi hospital-terapiya kafedrasında aspirant kimi fəaliyyətə
başlamalı olur. 1972-ci ildə isə ciddi səylərdən
və gərgin elmi axtarışlardan sonra Tibb Universitetində
“Öd kisəsi və ödçıxarıcı
yolların xəstəliklərində su və elektrolit
mübadiləsinin dinamikası” mövzusunda alimlik dərəcəsini
müdafiə edir. Bundan sonra gənc alim hospital-terapiya
kafedrasında assistent, elmi işlər üzrə dekan
müavini vəzifələrində çalışır,
eyni zamanda, ictimai işlərdə fəallıq göstərir.
Bir müddət internatura şöbəsinin müdiri,
Respublika Tibbi-Məhkəmə Ekspertizası üzrə
terapevt-ekspert, səhiyyə maarif müşaviri və digər
məsul vəzifələrə irəli çəkilir.
1976-cı ildə Tibb Universitetinin daxili xəstəliklər
kafedrasının dosenti vəzifəsinə seçilən
alim 1977-1980-ci illərdə Əlcəzairdə xüsusi tibbi
ezamiyyətdə olur. Həmin illərdə o, Əlcəzair,
Macarıstan, Bolqarıstan, Rusiya, Yaponiya və başqa ölkələrdə
keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda fəal
iştirak edir, dünya tibb elmi mütəxəssisləri
qarşısında özünün elmi nailiyyətləri ilə
bağlı hesabatlar verir.
1998-ci ildə “Xronik ürək
çatışmazlığında hemodinamik və homeostaz
pozğunluqlarının xüsusiyyətləri və
korreksiyası” mövzusunda doktorluq dissertasiyasını
müdafiə edən Sərvər Nəriman oğlu
hazırda Tibb Universitetinin daxili xəstəliklər
kafedrasının professorudur. Sərvər müəllim
özünün elmi axtarışları və
tapıntıları ilə bağlı mütəmadi olaraq
Azərbaycanın dövrü mətbuatında, eləcə də
xarici ölkə nəşrlərində
çıxışlar edir, kitablar çap etdirir. Onun Azərbaycan,
Rusiya, Türkiyə, Avropa ölkələri və Amerika Birləşmiş
Ştatlarında çoxlu elmi işləri çap edilib. Sərvər
Alimetov 40-a yaxın kitabın, monoqrafiya və dərsliklərin
müəllifidir. 300-ə yaxın dərc olunmuş elmi-tədqiqat
işləri, məqalələri, metodik tövsiyələri,
səmərələşdirici təklifləri mövcuddur.
O, qaraciyər və ödçıxarıcı yolların xəstəliklərinə
aid diaqnostikada əhəmiyyətli rol oynayan ödün tərkibindəki
elektrolitlərin konsentrasiya dəyişikliklərini
aşkarlayıb, bronxial astmanın ağır dərəcəli
tutmalarında təxirəsalınmaz tibbi yardım məqsədi
ilə yeni rasional müalicə üsulu təklif edib, bioloji
şirələrdə elektrolitlərin öyrənilməsi
sahəsində spektrofotometrik müəyyənləşdirmələri
həyata keçirib. Professor Sərvər Alimetov xronik ürək
çatışmazlığında rast gəlinən
bradiakardiya, hipotoniya və refrakter sindromlarını
araşdırmış, onlara qarşı yeni effektiv
müalicə tədbirləri işləyib
hazırlamışdır. Onun plevral boşluğundan mayenin
çıxarılması və duodental zondlamanın təkmilləşdirilməsi
ilə bağlı üsulları gündəlik həkimlik təcrübəsində
geniş tətbiqini tapıb. Bakı şəhərindəki
klinik xəstəxanalarda, təcili tibbi yardım
stansiyalarında, elmi-tədqiqat institutlarında, eləcə
də rayonlardakı tibb müəssisələrində, sənayedə
olan tibbi sanitar hissələrində də görkəmli
alimin elmi-tədqiqat işlərinin nəticələrindən
istifadə olunur.
Professor Alimetov gənc alim
kadrların yetişdirilməsində də öz köməyini
göstərməkdədir. O, indiyədək Tibb Universitetində
60-dan çox tələbənin, gənc kadrların elmi
işlərinə rəhbərlik edib, Azərbaycan tibb elminin
dəyərli elmi işlərlə zənginləşməsi
üçün əlindən gələni edib. Məhz bu
xidmətlərinə görədir ki, Sərvər Nəriman
oğlu bir çox mükafatlara layiq görülüb,
elmi-ictimai dərəcələr alıb. Alim eyni zamanda,
“Qızıl qələm” mükafatı laureatıdır.
Yaşı 70, həkimliyi
50, müəllimliyi 40 ili haqlayan Sərvər Alimetov elmi
axtarışlarını özünün 80 illik yubileyini
qeyd edəcək Azərbaycan Tibb Universitetində davam etdirir.
Türk, rus, fransız, ingilis və ərəb dillərini
yaxşı bilən professor hazırda daxili xəstəliklərin
kardiologiya, pulmonologiya, qastroenterologiya, nefrologiya, artrologiya,
hematologiya və endokrinalogiya bölmələri üzrə Azərbaycan
dilində fundamental dərsliklərin dərci və bir
sıra aktual elmi problemlərin həlli üzərində
çalışmaqdadır. Son zamanlar Azərbaycanda səhiyyənin
inkişafında xüsusi bir dövrün
başlandığını və dövlət
başçımızın rəhbərliyi ilə uğurla
davam etdirildiyini deyən alim yüksək nəticələrə
nail olunması üçün öz təkliflərini irəli
sürür:
– Bu gün tədrisin təşkilinə,
aparılmasına, tibbi kadrların hazırlanması,
seçilməsi, yerləşdirilməsi və tərbiyəsinə
şərait yaradılması, qayğı və nəzarətin
gücləndirilməsi ən aktual məsələlərdən
biridir. Bu məsələyə şəxsən nazirin
özü tərəfindən mərkəzləşdirilmiş
nəzarət olmalıdır. Daxili xəstəliklərin
yeddi bölməsi üzrə yeni kafedralar yaradılmalı,
onlar müvafiq elmi-tədqiqat institutlarında yerləşdirilməlidir.
Tədris, müalicə və elm bir məkanda
olmalıdır. Bu, nəticələrin effektivliyinin
artmasına gətirib çıxaracaqdır. Əvvəllər
ulu öndər Heydər Əliyev səhiyyənin
inkişafını diqqət mərkəzində
saxlayardı. İndi Prezident İlham Əliyev və Mehriban
xanım bu sahəyə daim qayğı göstərir. Biz
artıq Avropa səhiyyəsi ilə ayaqlaşmaq gücündəyik.
Ona görə də bu inkişaf prosesində heç bir
detalın unudulmasına yol verməməliyik.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 7.