Bəşir Səfəroğlu — 85

 

O, insanlara sevinc bəxş etməyi hər şeydən üstün tuturdu

 

“Ulduz” kinokomediyası ekranlara çıxarandan sonra filmin qəhrəmanı Gülümsərovun sözləri dillər əzbəri olmuşdu: “ Möhsün yaz”, “Yox, bunu yazma”, “Yazarsan ki, elmi işə sərf olundu” və s. Bu “elm fədaisi” böyük aktyor Bəşir Səfəroğlu tərəfindən elə məharətlə ifa olunmuşdu ki, hər hansı bir aktyorun Gülümsərovu bu səviyyədə yaradacağına inanmaq çox çətin idi.

 

Bəşir Səfəroğlunu xatırlarkən yaddaşımda Gülümsərov obrazının canlanması təsadüfi deyildir. 1964-cü ildə istehsal olunan bu filmə aktyorun dəvət olunması onun teatrda artıq məşhur bir sənət adamı kimi tanınması ilə bağlı idi. Digər tərəfdən, teatrda böyük uğurla səhnəyə qoyulan bu musiqili komediyada o, həm Qədirin, həm də Gülümsərovun çox maraqlı obrazlarnı yaratmışdı. Filmin quruluşçu rejissoru Ağarza Quliyev də yəqin ki, onu tamaşada görüb, seçmişdi. Gülümsərov bu istedadlı aktyorun özünün də sevdiyi və böyük məhəbbətlə yaratdığı ekran qəhrəmanlarından idi. Amma buna qədər Bəşir müəllim çox ağır bir ömür yolu keçmişdi.

Bu yol böyük istedadlar yetirmiş Bakı şəhərindən başlamışdı. Burada, 1925-ci ilin Novruz ərəfəsində dünyaya göz açmışdı. Cəmi yeddi il oxuya bildi. Ailə vəziyyəti ilə bağlı məktəbdən çıxmağa məcbur olan Bəşir 14 yaşında ikən sürücülər klubunun dram dərnəyinə üz tutub. İstedadlı uşaq idi. Teatra da hədsiz həvəs göstərirdi. Ona görə də burada ona kiçik rollar verir, bir növ sınaqdan çıxarırdılar. Bir az keçməmiş o, Əli Bayramov adına klubun nəzdində fəaliyyət göstərən dram dərnəyinə getməyə başlayır.

Gənc Bəşir özünə yol axtarırdı. Yaşamaq üçün, gələcək üçün özünü oda, közə atırdı. Bu dərnəkdə ilk dəfə Hüseynbala Zeynalov ona “Sevil” tamaşasında Gündüz rolunu həvalə edir. Tamaşadakı bu kiçik rol onun həvəsini daha da artırmışdı. Ona görə də yaxşı rollar almaq məqsədilə Dənizçilərin Mədəniyyət Evinə üz tutur və burada “Ölülər” tamaşasında oynayır. Bu tamaşa onun gələcək taleyinə böyük təsir göstərir. Belə ki, onun bu tamaşadakı işini görən Musiqili Komediya Teatrının rejissoru Niyaz Sərifov Bəşiri bu teatrda işləmyə dəvət edir.

Artıq Musiqili Komediya Teatrı aktyorlarının siyahısında 17 yaşlı Bəşir Səfəroğlunun da adı var idi.

Sonra isə Bəşirin ömrünün çətin və məşəqqətli müharibə illəri başladı. İki il cəbhədə döyüşən aktyor yaralanıb Vətənə döndü. Amma o, aktyor işləyə bilməzdi. Çünki dili tutulmuş, qulağı eşitmirdi.

Amma qayğıkeş insanlar onu tənha qoymayıb, dərdinə şərik çıxdılar. Niyaz Sərifov hər gün teatrın qarşısına gəlib, həsrətlə bu binaya boylanan Bəşiri yenidən çəkib teatra gətirdi. Beləliklə, o, əvvəl tamaşaçı qismində teatra gəlir, sonra isə kütləvi səhnələrdə oynamağa başlayır.

Həyatda möcüzələr də olur. Elə Bəşirin taleyi də bu möcüzələrdən idi. Günlərin birində yuxuda səhnəyə yararsızlığını görür və bərk həyəcanlanır. Qışqırıb yerindən qalxır. Bununla da həm dili açılır, həm də eşitməyə başlayır. O gün Bəşirin həyatında ən yaddaqalan bir tarix olur.

Çox maraqlıdır ki, Rauf Kazımovski 1969-cu ildə çəkdiyi “Bəşir Səfəroğlu” sənədli filmində aktyorun həyatının bu məqamına toxunmayıb. Amma film bu böyük aktyorun yaradıcılığı haqqında çox geniş məlumatları əks etdirib. Bu avtobioqrafik filmin hər kadrında sənətkarın böyüklüyünü təsdiq edən unikal faktlar var. “Ekran” Yaradıcılıq Birliyində istehsal olunan bu film Bəşir Səfəroğlu haqqında xatirələri də əks etdirir.

Bəşir Səfəroğlu bundan sonra teatra daha möhkəm bağlanır. “Gözün aydın”da Salyanski, “Toy kimindir”də Uzun, “Rəisin arvadı”nda Balaəmi, “O olmasın, bu olsun”da Məşədi İbad rolları onun yaratdığı unudulmaz səhnə qəhrəmanları idi. Ümumiyyətlə, onun yaradıcılığındakı zəngin mimika, incə yumor, mənalı gülüş doğuran hərəkətlər aktyoru sevindirən xüsusiyyətlər idi.

Aktyorun yaratdığı onlarla bənzərsiz rollar teatr tariximizdə öz ifaçısına əsl şöhrət qazandırdı. “Beş manatlıq gəlin” (Möhsün), “Keto və Kote” (Qaradavoy və Çiko), “O olmasın, bu olsun” (Qoçu Əsgər və Məşədi İbad), “Ulduz” (Qədir və Gülümsərov), “Gözün aydın” (Sənyanski və Qəhrəman) və başqa tamaşalarda bir-birindən gözəl rollar yaradan aktyorun pərəstişkarları getdikcə artmağa başlamışdı. Onun iştirakı ilə göstərilən tamaşalara bilet tapmaq müşkül məsələyə çevrilmişdi.

Bəşir Səfəroğlu ötən əsrin 50-60-cı illərində Musiqili Komediya Teatrının aparıcı aktyorlarından birinə çevrilmişdi. Onun xalq artistləri Nəsibə Zeynalova və Lütfəli Abdullayev ilə tərəf müqabilliyi o qədər canlı və maraqlı alınırdı ki, tamaşaçı alqışları dayanmaq bilmirdi. “Aya səyahət” komediyasında oynadığı Hacı Kərimin sözləri bu gün də tamaşaçıların sevimli ifadəsi kimi yapddaşlarda yaşayır.

Onu kinoya da dəvət edirdilər. 1965-ci ildə “Tacikfilm”in “Mosfilm”lə birgə çəkdiyi “Xoca Nəsrəddinin 12-ci qəbri” filmində ona baş rolu – Xoca Nəsrəddini həvalə etmişdilər. Rejissor Klementi Mints Bakıda onun tamaşalarına baxandan sonra bu qərarı vermişdi. Film bütün SSRİ-də böyük maraqla qarşılanmışdı.

Onun kino qəhrəmanları arasında “Əhməd haradadır?”, “Qəribə əhvalat”, “Aygün”, “Yun şal” filmlərində yaratdığı epizodik rolları qeyd etmək olar. Amma “Ulduz” filmindəki Gülümsərov “Azərbaycanfilm”də yaratdığı ən gözəl rollardan idi.

Bəşir Səfəroğlu futbolu çox sevirdi. 1968-ci ildə o stadionda tamaşaçılar qarşısında ilk dəfə topu oyuna daxil etdi. Tamaşaçıların alqışları altında baş verən bu hadisənin canlı kadrları “Bəşir Səfəroğlu” filminə daxil edilmişdir.

Bəşir Səfəroğlu 1964-cü ildə əməkdar artist, 1968-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdü. 1969-cu il martın 23-də dünyasını dəyişən bu böyük aktyorun məzarı Fəxri Xiyabandadır.

Bu gün aktyorun sənət yolunu onun qızı Afaq xanım ləyaqətlə davam etdirir. Sənəti ilə ürəkləri fəth edən xalq artisti Bəşir Səfəroğlunun xatirəsi heç vaxt unudulmayacaq.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 7.