Türkiyədə Naxçıvan dialektinə aid ilk əsər

 

Dilçiliyin mühüm bir sahəsi olan Azərbaycan dialektologiyası XX əsrin ikinci yarısında geniş inkişaf etmişdi. Hətta Bakı keçmiş Sovet İttifaqının türk respublikaları içərisində dialektoloji atlas nəşr edən ilk şəhər kimi tanınırdı. Amma, təəssüf ki, son onilliklərdə ölkəmizdə bu istiqamətdə aparılan elmi-tədqiqat işlərinin sürəti bir qədər zəifləmişdir.

 

Bununla yanaşı, bu boşluğu doldurmaq məqsədi ilə qardaş Türkiyədə bir sıra fəaliyyətlər gözə çarpmaqdadır. Belə ki bir neçə il bundan öncə Ankarada Türk Dil Qurumunda iki cildlik “Azərbaycan dilinin dialektoloji luğəti” kitabı işıq üzü görmüşdü. Budur, lap bu yaxınlarda isə Türk Dil Qurumunda AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev,Türkiyə alimlərindən Prof.Dr.Tuncer Gülensoy və Dos.Dr.Paki Küçükerin birlikdə yazdıqları iri həcmli “ Naxçıvan ağzı” monoqrafiyası elmi ictimaiyyətin müzakirəsinə təqdim edilmişdir. Yeri gəlmişkən qeyd edək ki,Türk Dil Qurumu təşkilatının uzun müddətdir ki, türk dünyasının ortaq mədəni-mənəvi dəyərlərinin öyrənilməsi istiqamətində gördüyü işlər diqqəti cəlb edir. Bu qurumda ortaq ümumtürk abidələrin nəşrindən sonra son dövrlərdə türk dünyası dialekt və şivələri layihəsini həyata keçirmək üçün hazırlıq işlərinə başlanmışdır. Bu istiqamətdə lap bu yaxınlarda zəngin şivə xüsusiyyətlərinə görə diqqəti çəkən çox az öyrənilmiş Şərqi Türküstandakı, Çin Türküstanındakı uyğur dialekt və şivələrinə həsr olunmuş iki kitabın nəşri də bu sahədə aparılan tədqiqat işlərinin sürətləndirildiyindən xəbər verir.

Məlumdur ki, Naxçıvan dialekti Azərbaycan dilinin qədim xüsusiyyətlərini qoruyub saxlayan ən zəngin mənbələrdən biridir. Ancaq geniş bir ərazini əhatə edən və rəngarəng şivə xüsusiyyətləri daşıyan Naxçıvan bölgəsinə aid 1962-ci ildə nəşr olunmuş xülasə səciyyəli bir kitab və bir neçə namizədlik dissertasiyasından başqa ortada ciddi bir tədqiqat yoxdur. Bu baxımdan Türkiyədə ilk dəfə meydana çıxan həmin irihəcmli monoqrafiyanın böyük elmi əhəmiyyəti vardır.

Bir məsələni qeyd etmək lazımdır ki,Azərbaycan dilinin dialekt və şivələri mərhum M.Şirəliyevin bölgüsü əsasında təsnif edilir. Amma bu təsnifat natamam olduğu,yəni ancaq Şimali Azərbaycanı əhatə etdiyi və öz meyarlarına görə köhnəldiyi üçün hazırkı tələblərə cavab vermir. Belə ki, cənub qrupuna daxil edilən Naxçıvan bölgəsinin iki dialekt, altı və ya yeddi şivəyə ayrılması da reallığı əks etdirmir. Bu mənada müəlliflərin bölgənin şivə xüsusiyyətlərini toplu şəkildə şərti olaraq “Naxçıvan ağzı” adlandırmaları da bizcə diqqəti həmin problemə yönəltmək, tədqiqatçıları həmin problem ətrafında düşünməyə dəvət etmək məqsədi daşımaqdadır. Bəri başdan bir məsələni də qeyd edək ki, bu fundamental əsərin ərsəyə gəlməsində ümumilli liderimiz Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərancamı ilə yaradılmış AMEA-nın Naxçıvan bölməsinin, xüsusilə bu bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun dialektologiya şöbəsində toplanılmış materialların da müəyyən rolu olmuşdur. Naxçıvan bölməsi və onun elmi qurumları bölgənin maddi və mənəvi sərvətlərinin öyrənilməsi istiqamətində xeyli iş görmüşlər.

Monoqrafiya Naxçıvanın tarixinə aid giriş bölməsi ilə başlayır. Türkiyənin Şərqi Anadolu şivələri ilə böyük bənzərliklərə, Şimali və Cənubi Azərbaycan şivələri ilə kiçik fərqli nüanslara malik olan Naxçıvan şivələrinin qədim dövrlərdən, əsasən türk qəbilə və tayfalarının dil xüsusiyyətləri əsasında formalaşdığını qeyd edən müəlliflər Naxçıvanın tarixi, mədəniyyəti, iqlim xüsusiyyətlərini şərh edib Naxçıvan toponiminin mənşəyi haqqında fikir və mülahizələri sadalayaraq bu məsələyə münasibət bildirmişlər. Onu da qeyd edək ki, bu yaxınlarda Naxçıvan şəhərində “Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan” mövzusunda keçirilmiş beynəlxalq konfransda təsbit edildiyi kimi, 5000 ildən artıq yaşı olan diyarın adı da qədim dövrlərdə meydana çıxmışdır və dünyanın bəzəyi epitetini daşımış bu gözəl və qədim yaşayış yeri bəşəriyyətin xilaskarı Nuh peyğəmbərin izlərindən biri kimi qalmışdır.

Müəlliflərin gəldikləri qənaət bundan ibarətdir ki, qədim tarixi köklərə malik olan Naxçıvan toponimi bilavasitə Nuh antroponimindən törəmişdir. Onu da qeyd edək ki, Naxçıvanda Nuhla bağlı olan coğrafi obyektlər, tarixi abidələrin bir qismi günümüzə qədər qorunub saxlanmışdır. Belə abidələrdən biri beynəlxalq konfransda iştirak edən qonaqlarla birlikdə ziyarət etdiyimiz Nuh peyğəmbərin bu şəhərdə yenidən bərpa olunmuş qəbirüstü abidəsidir. Tarixi mənbələrdə, səyyahların yol qeydlərində də vaxtilə Naxçıvanda çox sayda Nuhla bağlı obyektlərin olması, bu barədə xalq arasında rəvayətlərin dolaşması haqqında mülahizələr öz əksini tapmışdır.

Üç əsas bölmədən ibarət olan monoqrafiyanın mühüm bölmələrindən birində bölgədən böyük zəhmətlə toplanmış zəngin şivə materialları öz əksini tapmışdır.

Diyarın bütün bölgələrini demək olar ki ehtiva edən şivə materiallarının bizcə, bir üstün cəhəti də ondadır ki, bu materiallar əhalinin müxtəlif məişət və fəaliyyət sahələrini əhatə edir və müəlliflər böyük diqqətlə diktofona yazılmış mətnlərdəki informatorların tələffüz xüsusiyyətlərini, danışıq tərzlərini beynəlxalq fonetik transkripsiya işarələrindən istifadə edərək yazıda dəqiq şəkildə əks etdirməyə çalışmışlar. Monoqrafiyanın digər bölməsində kitabdakı çoxsaylı mətnlər əsasında yeni tədqiqat metodları-areal dilçilik və linqvistik coğrafiya metodları əsasında Naxçıvan şivələrinin fonetik və morfoloji xüsusiyyətləri ətraflı şəkildə araşdırılmışdır. Diqqətəlayiq cəhətlərdən biri də ondan ibarətdir ki, müəlliflər Naxçıvan şivələrinin həmin xüsusiyyətlərini Anadolu türkcəsinin şivələri ilə yeri gəldikcə müqayisə edir, qarşılaşdırırlar. Bu araşdırmalar, şübhəsiz, Azərbaycan dilinin tarixi dialektologiyası üçün qiymətli mənbə olacaqdır.

Monoqrafiyada leksik və qrammatik vahidlərin, yəni söz və şəkilçilərin lüğəti, indeksi böyük bir bölməni təşkil edir. Bu bölmənin birinci özəlliyi ondadır ki, Azərbaycan dialektologiyası üçün bəlkə də ilk dəfədir ki, burada yeni bir iş metodikası əsasında leksik və qrammatik vahidlər dəqiq və ardıcıl şəkildə qruplaşdırılmış və sistemli şəkildə təhlil edilmişdir. “Cibakaya 6.0” adlı genişləndirilmiş kompyuter proqramı əsasında hazırlanmış bu indeksdə bütün leksik vahidlərin məna xüsusiyyətləri, işlənmə yerləri, mənbələri aydın və konkret şəkildə riyazi üsullarla hesablanmış, hətta Naxçıvan bölgəsindən toplanmış şivə materiallarında sözlərin işlənmə tezliyi təsbit edilmiş, göstərilmişdir. Bu təşəbbüs gələcəkdə işlənmə tezliyinə görə dialektoloji lüğətlərin hazırlanıb nəşr edilməsi istiqamətində atılmış ilk mühüm addımlardan biri kimi qiymətləndirilə bilər.

Kitabın sonunda Naxçıvan Muxtar Respublikasının xəritəsi və istifadə edilmiş elmi ədəbiyyatın geniş siyahısı verilmişdir.

Cənubi və Şimali Azərbaycan və Şərqi Anadolu üçbucağının mərkəzində yerləşən Naxçıvan dialekt və şivələri xalqımızın mədəni keçmişini, dilimizin tarixini, dil əlaqələrini öyrənmək baxımından çox önəmli bir qaynaqdır və bu xəzinənin yüksək şəkildə öyrənilməsi, irihəcmli bir monoqrafiya şəklində meydana çıxması mənim fikrimcə, çox böyük hadisədir və bu istiqamətdə aparılacaq tədqiqatların genişlənməsinə təkan verəcəkdir.

İnanıram ki, Əbülfəz Quliyev, Tuncer Gülensoy və Paki Küçükerin Türkiyənin Türk Dil Qurumu nəşriyyatında işıq üzü görmüş “Naxçıvan ağzı” monoqrafiyası türkologiyanın bu sahəsi ilə məşğul olan tədqiqatçı alimlər, eləcə də türk dünyası ilə maraqlanan tələbə, magistr, aspirant və müəllimlər üçün layiqli bir töhfə olacaqdır.

 

 

Nizami CƏFƏROV,

AMEA-nın müxbir üzvü

 

Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 7.