İrəvan teatrının Dərbənd səfəri

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin layihəsinə əsasən ölkəmizdən kənarda yaşayan soydaşlarımıza mədəni xidmət göstərmək məqsədilə C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının kollektivi bu günlərdə qonşu Dağıstanın Dərbənd şəhərində qastrol səfərində olmuşdur.

 

On üç günlük qastrol zamanı teatrın kollektivi A.Babayevin ulu öndər Heydər Əliyevə həsr olunmuş “Xilaskar”, Hidayətin “Bu dünyanın adamları”, Elçinin “Qatil”, İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” tamaşalarını göstərmiş, eləcə də Novruz bayramına həsr olunmuş xüsusi proqramla çıxış etmişdir.

Dərbənd şəhərinin uşaq və gənclər sarayında təntənəli açılışda iştirak edən Dərbənd rayonu administrasiyasının rəhbəri cənab Qurban Qurbanov, eləcə də rayon fəalı, ziyalılar və gənclər həmin gün teatr kollektivinin ifasında Aqşin Babayevin “Xilaskar” tamaşasına baxmışlar. Tamaşanın uğurlu sədası həmin gündən rayonun bütün guşələrinə yayılmıdşır.

Bu əsər dərbəndlilər tərəfindən xüsusi məhəbbətlə qarşılandı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, İrəvan teatrının direktoru İftixar Piriyev ulu öndər Heydər Əliyevin obrazını çox ustalıqla yaratdı. Çoxsaylı tamaşaçı alqışı, aktyorlara verilən saysız-hesabsız tər çiçək dəstələri tamaşanın uğurlu keçməsinə bir işarə idi.

Dərbənd rayon administrasiyasının rəhbəri Qurban Qurbanov tamaşadan sonra aktyorların hər birini təbrik edərək bu səfər üçün Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevə, respublika mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə dərin təşəkkürünü bildirdi. Belə tədbirlərin davamlı olacağına ümid bəslədiyini bildirən, milli həmrəylik baxımından da önəmli olduğunu qeyd edən Q.Qurbanov bunu ölkəmizdən kənarda yaşayan soydaşlarımızla sıx əlaqə və ünsiyyət yaratmaq baxımından da vacibliyini açıqladı. Sonda ulu öndərin obrazını çox ustalıqla yaratdığına görə İftixar Piriyevə Dərbənd rayon administrasiyasının fəxri fərmanını təqdim edildi.

Teatrın direktoru İftixar Piriyev də öz növbəsində səmimi qonaqpərvərliyə görə Dərbənd rayon administrasiyasının rəhbərliyinə, sənətsevər tamaşaçılara dərin təşəkkürünü bildirərək mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından rayonun rəhbəri Qurban Qurbanova xüsusi hədiyyə təqdim etdi.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 6.