Səhnəmizin Nargiləsi, Natəvanı, Tomrisi...
Onu səhnəmizin Nargiləsi, Natəvanı, Tomrisi
də adlandırmaq olar. Çünki tanınmış sənətkar
Amaliya Pənahovanın 45 illik səhnə fəaliyyəti
zamanı canlandırdığı xaraktercə fərqli, bənzərsiz
qadın obrazları arasında bu üçünü Azərbaycan
tamaşaçısı daha çox xatırlayır və
sevir. Nargilənin məsumluğu, Tomrisin cəsarəti və
döyüşkənliyi, Natəvanın vətənpərvər
obrazı aktrisanın ifasında daha canlı, təbii və
real alınır.
Bu yaxınlarda Amaliya Pənahovanın
45 illik səhnə fəaliyyətinə, onun
yaradıcılığının görünməyən məqamlarına
işıq salan “Böyük istedadın çalarları”
adlı kitab işıq üzü görüb.
Filologiya elmləri
doktoru, professor Gülrux Əlibəylinin müəllifi
olduğu kitab rəngli tərtibatda ingilis və rus dillərində
oxuculara təqdim edilib. Kitaba ön sözü
tanınmış jurnalist Nadejda İsmayılova yazıb.
Yazıçılar Birliyində baş tutan təqdimat mərasiminə
toplaşan ziyalılar, yaradıcı insanlar
tanınmış sənətkar, Bakı Bələdiyyə
Teatrının direktoru və bədii rəhbəri Amaliya Pənahovanın
yaradıcılığına nəzər salıb, ürək
sözlərini bildirdilər. Tədbiri açıq elan edən
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar Amaliya xanımın
yaradıcılığına yüksək qiymət
verildiyini bildirdi və kitabın işıq üzü
görməsi münasibətilə aktrisanı təbrik etdi.
Aktrisa kitabla
bağlı sevincini bu cür bölüşdü: – Bu
kitabın özəlliyi ondan ibarətdir ki, burada müəllif
oxucuları sənətimlə, ictimai fəaliyyətimlə,
eləcə də ailə həyatımla daha yaxından
tanış edir. Gülrux xanım bu kitabı hazırlayarkən
mövzuya fəlsəfi yanaşıb. Hər fəslin
başlanğıcında tanınmış dünya mütəfəkkirlərindən
müxtəlif sitatlar verib. Burada mənim yaradıcılıq
fəaliyyətim dövründə oynadığım rollarla
bağlı yazılar, məqalələr, eləcə də
müxtəlif illəri əhatə edən fotolar yer alıb.
Kitabın müəllifi
G.Əlibəyli isə Amaliya xanımın
yaradıcılığını həmişə maraqla izlədiyini,
onu tanınmış yunan aktrisası Aspasiya Papatanaiuya bənzətdiyini
söylədi. Tanınmış incəsənət xadimi,
Teatr Xadimləri İttifaqının sədri, rejissor Azərpaşa
Nemətov onun Azərbaycan teatr səhnəsində və
kinoda oynadığı müxtəlif rollarla
tamaşaçı məhəbbəti qazandığına
toxundu və pedaqoq kimi fəaliyyətini yüksək qiymətləndirdi.
O, bildirdi ki, sözügedən kitab əcnəbi dillərdə
olduğundan, təkcə Azərbaycanda deyil, ölkəmizdən
kənarda da özünə yer tapacaq. Tanınmış
yazıçı, dramaturq Aqşin Babayev
çıxışında kitabın elmi səviyyədə
yazıldığını, aktrisanın sənətkarlıq
xüsusiyyətlərinin peşəkarlıqla təsvir
olunduğunu bildirdi. O, kitabı “sənətkarın həyat
salnaməsi” adlandırdı.
Tədbirdə
çıxış edən aktyor, xalq artisti Rafiq Əzimov, bəstəkar
Firəngiz Qasımova, millət vəkili, publisist Elmira Axundova
və digər qonaqlar aktrisanın
yaradıcılığı haqqında öz fikirlərini
bölüşdülər və ona bundan sonrakı fəaliyyətində
daha böyük yaradıcılıq uğurları
arzuladılar.
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 6.