Prezident İlham ƏLİYEV: “Avropa Azərbaycanın böyük tərəfdaşıdır”

 

Azərbaycan – Avropa Birliyi münasibətləri uğurla inkişaf edir

 

Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Avropa və Asiyanın qovşağında yerləşməsi, xüsusilə də zəngin karbohidrogen yataqlarına malik olması Azərbaycanı Avropanın vacib tərəfdaşına çevirmişdir. Bundan başqa, enerji dialoqu məsələsində Qərblə Şərq arasında vacib rol oynamaqla yanaşı, Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində mühüm söz sahibidir. Qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təşəbbüskarı kimi də fərqlənməsi Azərbaycanın böyük Avrasiya materikində aparıcı ölkə olaraq diqqət mərkəzində qalmasına şərait yaradır.

 

Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlərin hüquqi əsası 1996-cı ildə qoyulmuşdur. Doğrudur, ölkəmiz müstəqillik qazandıqdan sonra Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanla əlaqələrini inkişaf etdirmək məqsədilə siyasi-iqtisadi sahələri əhatə edən lazımi addımları atmışdı. Lakin təşkilat kimi AB ilə tamdəyərli funksional münasibətlərin tarixi ötən əsrin 90-cı illərinin ortalarına təsadüf edir. Bununla belə, qeyd etmək yerinə düşərdi ki, ötən qısa müddət ərzində ikitərəfli münasibətlərdə nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə olunmuşdur. AB-nin Azərbaycanda, Azərbaycanın da AB-də xüsusi diplomatik xidməti fəaliyyət göstərir. Tərəflərin münasibətlərinin nəbzini daim diqqət mərkəzində saxlayan diplomatlar əldə edilmiş nailiyyətlərin daha da irəliyə aparılması və müşahidə olunan müxtəlif aspektli problemlərin həlli istiqamətində fəal dialoq içərisindədirlər. Məhz bu cür dialoqun aparılması nəticəsində hər iki tərəfin maraqlarına cavab verən hüquqi baza yaradılmış və AB ilə Azərbaycan arasında münasibətlər mahiyyətcə yeni müstəviyə çıxmışdır. Ötən müddət ərzində Avropa Birliyi postsovet ölkəsi kimi Azərbaycanla TACİS, TRASECA, İNOGATE və digər mühüm proqramlar çərçivəsində sıx əməkdaşlıq edir.

İkitərəfli münasibətləri tənzimləyən vacib sənədlərdən biri 1996-cı il aprel ayının 22-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişidir. Tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasına stimul vermiş bu müqavilə müvafiq siyasi dialoq çərçivəsində siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf və bazar iqtisadiyyatina keçid cəhdlərinin dəstəklənməsi, o cümlədən ticarət və investisiyaların inkişafı, iqtisadi, sosial, maliyyə, elmi, texniki və mədəni əməkdaşlıq məsələlərini əhatə edir. Qeyd etmək vacibdir ki, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsasən Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli fasiləsiz dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və müvafiq hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən AB-Azərbaycan Əməkdaşlıq Şurasının da fəaliyyəti nəticəsində bu gün təşkilat ilə ölkəmiz arasında əlaqələri günün tələbləri səviyyəsində diqqət mərkəzində saxlamağa imkan vermişdir. Xüsusilə qeyd edilməlidir ki, tərəflərin münasibətlərinin gələcək inkişafının istiqamətləri 2006-cı il noyabrın 14-də Brüsseldə imzalanmış Azərbaycan Respublikası-Avropa İttifaqı Fəaliyyət Planı ilə müəyyən olunmuşdur. Bu plan ümumi dəyərlər və prinsiplər üzərində qurulmuşdur. Mütəxəssislərin fikrincə, Fəaliyyət Planının həyata keçirilməsi Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında, ölkəmizin Avropaya inteqrasiyasında mühüm addımdır.

AB ilə imzalanmış sənədlərə əsasən Azərbaycanda bir çox mühüm sahələri əhatə edən islahatlara başlanmışdır və bu proses bu gün də uğurla davam etdirilir. Texniki və mütəxəssis köməyi vasitəsilə AB Azərbaycanda aparılan iqtisadi islahatları dəstəkləyir və ölkəmizdə sosial problemlərin həlli, ilk növbədə, yoxsulluğun səviyyəsinin aşağı salınması istiqamətində hökumətin həyata keçirdiyi siyasətə lazımi hüquqi və texniki dəstəyini verir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, hökumətin qəbul etdiyi və hazırda uğurla həyata keçirdiyi yoxsulluqla mübarizə və iqtisadi inkişafa dair (2003-2005) Dövlət Proqramı və turizmin inkişafı (2002-2005), müxtəlif regionların sosial-iqtisadi inkişafı (2004-2005) və habelə informasiya texnologiyalarının inkişafına dair (2003-2012) dövlət proqramlarının həyata keçirilməsini AB ilə uğurlu əməkdaşlığın nümunəsi kimi göstərmək olar. Dövlət və özəl sahələri əhatə edən dövlət proqramları çərçivəsində AB-nin dəstəyilə Azərbaycan hökuməti gömrük və vergi sisteminin müasirləşdirilməsi, idarəçilik, demokratiya və insan hüquqları sahəsində islahatların davam etdirilməsi, ekologiya və ətraf mühitin davamlı inkişafının təmin olunması, pensiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, sosial vəziyyətin yaxşılaşdırılması kimi mühüm məsələləri müvəffəqiyyətlə həyata keçirir.

Hər keçən gün genişlənən əlaqələrin daha da inkişaf etməsinə stimul vermiş “Yeni Qonşuluq Siyasəti” bu gün uğurla həyata keçirilir. Siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsinə, vətəndaşların, əmtəənin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşdırılma proseslərinin daha da sürətləndirilməsinə yeni imkanlar yaradan “Yeni Qonşuluq Siyasəti” çərçivəsində Azərbaycan AB ilə siyasi, iqtisadi, sosial və təhlükəsizlik sahələrini əhatə edən səmərəli dialoq aparır. Bundan başqa, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, o cümlədən mütəşəkkil cinayətkarlıqla mübarizə, sərmayələrin təşviqi yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanlarını genişləndirir.

Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. 2006-cı ildə imzalanmış “Enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun əsas məqsədləri Avropa Birliyinin enerji təchizatının şaxələndirilməsi və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsindən ibarətdir. Azərbaycan enerji sahəsində Avropa Birliyi ilə əməkdaşlığında böyük uğurlar əldə edilmişdir və belə bir inkişaf ölkəmizi “Köhnə Dünya” üçün vacib perspektivli regional layihələrin və sərmayələrin mənbəyinə çevirmişdir. Xəzər dənizi hövzəsindən Avropaya karbohidrogen resurslarının daşınması sahəsində qarşılıqlı əlaqələrə xüsusi diqqət ayıran Avropa Birliyi Azərbaycanla enerji dialoqunun inkişafında maraqlı olduğunu bildirmişdir.

Amerika Birləşmiş Ştatlarının Atlantika Şurasının nəzdində fəaliyyət göstərən Avrasiya Energetika Mərkəzinin direktoru Aleksandros Peterson Azərbaycanla enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin səbəblərini belə izah edir: “Azərbaycan Qərb üçün mühüm ölkədir, təkcə ona görə yox ki, Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir. Həm də ona görə ki, Türkmənistan, Qazaxıstan və Özbəkistan daxil olmaqla Xəzərin şərq sahillərində və Orta Asiya regionunda yerləşən enerji resurslarına açar rolunu oynayır. Azərbaycan, həmçinin Qərbə nefti Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql etdiyi, eləcə də “Nabukko” qaz kəməri layihəsinin reallaşmasında ən perspektivli ölkə olduğu üçün əhəmiyyətlidir”. Bununla bağlı Prezident İlham Əliyevin dediyi sözlər də Azərbaycanın Qərbin enerji dialoqunun davam etdirilməsində maraqlı olduğunu təsdiqləməklə yanaşı, ölkəmizin Qərbin strateji istiqamət hesab etdiyi məsələlərə diqqətlə yanaşdığını göstərir: “Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz “Nabukko”, Türkiyə-Yunanıstan, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan, əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır".

Azərbaycan Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində də fəal əməkdaşlıq edir. Polşa və İsveçin təşəbbüsü ilə təsis edilən bu proqramın əsas məqsədi Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanla münasibətlərin daha da inkişafına nail olmaqdan ibarətdir. Azərbaycan Avropa Birliyinin bu proqramına da böyük əhəmiyyət verdiyini açıqlamış və ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir. Ötən ilin may ayında Praqada keçirilmiş sammitdə iştirak edən Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, “Şərq tərəfdaşlığı” Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin daha da yaxınlaşmasına və genişlənməsinə təkan verəcəkdir. Ölkəmizin siyasi, iqtisadi və digər sahələrdə inkişafını, aparılan demokratik islahatları qeyd edən dövlət başçısı sammit iştirakçılarının nəzərinə çatdırmışdı ki, Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar ölkəmizin Avropa ailəsinə daha da yaxınlaşmasına kömək edəcək. Ölkəmizin Avropa üçün çox önəmli tərəfdaş olduğunu vurğulayan Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan Avropa Birliyi ilə qeyri-enerji sahələrində əlaqələrin daha da genişləndirilməsində maraqlıdır.

Bu günlərdə Azərbaycana rəsmi səfərə gəlmiş Polşanın Baş naziri Donald Tusk da xüsusi olaraq vurğulamışdır ki, rəsmi Varşava Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın Avropa strukturlarına inteqrasiya səylərini dəstəkləyəcək. Bundan başqa, polşalı nazir bildirmişdir ki, Polşanın proqram çərçivəsində Azərbaycanı dəstəkləməsi Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsinə böyük səmərə verə bilər. Ümumiyyətlə, “Şərq tərəfdaşlığı” proqramının həm Avropa Birliyinə, həm də Azərbaycana böyük fayda gətirəcəyi şübhə doğurmur. İlk növbədə, proqram Azərbaycanda müşahidə olunan sürətli inkişafa əlavə stimul verəcək. Bundan başqa, proqram çərçivəsində Azərbaycana böyük məbləğdə maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulur ki, bu da bir sıra vacib islahatların uğurla yekunlaşdırılması prosesinə müsbət təsir göstərəcək. Hər iki tərəf hesab edir ki, proqram çərçivəsində əməkdaşlıq əlaqələrin inkişafına əlavə stimul verməklə yanaşı, münasibətlərin mahiyyətcə yeni mərhələyə çıxmasına şərait yaradacaq.

Bir sözlə, Azərbaycan Avroatlantik məkana inteqrasiya etməkdə, Avropanın müvafiq qurumları ilə əlaqələr yaratmaqda və inkişaf etdirməkdə maraqlı olduğunu və Avroatlantik məkanının ayrılmaz hissəsi kimi geniş coğrafi ərazidə cərəyan edən müsbət proseslərdə yaxından iştirak etmək niyyətində olduğunu bildirir. Qərb sivilizasiyasının əsas prinsiplərinin mənimsənilməsini strateji vəzifə elan etmiş Azərbaycanın seçimi Avropa Birliyi tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Müəyyən proqramlar çərçivəsində davam etdirilən əməkdaşlığın da Azərbaycan-Avropa Birliyi münasibətlərinin yüksələn xətlə inkişafına zəmin yaradacağı şübhə doğurmur.

 

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 1.