Yalan ayaq tutar, amma yeriməz
“Cinayətin ancaq bəhanəyə
ehtiyacı var”. Ermənilərin mənfur təbliğatına
ötəri nəzər salanda müdrik filosof Aristotelin bu kəlamını
xatırlamamaq olmur. Ona görə ki, ermənilərin həyasızlığı
artıq sərhəd tanımır. Mənfur qonşumuzun
Xocalı hadisələri ilə bağlı BMT-nin Baş
katibinə ünvanladığı məktub ermənilərin
nə qədər avantürist və bəşəri dəyərləri
tapdalayan millət olduğunu bir daha göz önünə gətirdi.
Amma, necə deyərlər, yalan ayaq tutar, yeriməz.
Ermənistan yenə öz ampluasındadır. Yalana həqiqət donu geyindirməyə çalışan ermənilər bu dəfə Xocalı hadisələrini hədəf götürüblər. Ermənistanın BMT-nin Baş katibinə ünvanladığı məktubda iddia etməyə çalışıblar ki, guya Xocalı soyqırımını onlar törətməyiblər. Təbii ki, yalanla yoğrulmuş erməni təbliğat maşınının növbəti qurbanının məhz Xocalı hadisələri seçilməsi təsadüfi xarakter daşımır. Ermənilər yaxşı anlayırlar ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımı barədə həqiqətləri eşitməyə başlayıb və Azərbaycan iqtidarının və ictimaiyyətinin səyləri nəticəsində erməni faşizminin siması bütün dünyaya tanıdılır. Tarixi Azərbaycan torpaqlarında dövlət quran və bununla doymayan ermənilər dinc sakinləri qətlə yetirməklə ikinci dövlət yaratmaq niyyətlərinə nail olmaq üçün Xocalı həqiqətlərini də ört-basdır etməyə çalışırlar.
Sual oluna bilər: Xocalı soyqırımı məsələsində erməniləri BMT səviyyəsində reaksiya göstərmələrinə hansı amillər vadar edib? Politoloqların fikrincə, ermənilərin reaksiyası Azərbaycanın informasiya siyasətinin böyük uğuruna sübutdur. Belə ki, ermənilərin törətdiyi soyqırımı haqqında informasiya dünyaya yayılıb və Xocalı hadisələri erməni təcavüzünün, amansızlığının brendi olub. Artıq bütün dünyada Xocalı haqqında həqiqətlərin üzə çıxarılması üçün kifayət qədər böyük işlər görülüb və həmin işləri davam etdirmək lazımdır. Avropanın bir çox şəhərlərində Xocalı soyqırımına aid tədbirlərin keçirilməsi, abidə və hətta, küçə adının verilməsi kimi tədbirlər həyata keçirilib. Cari ilin fevral ayında Hollandiyanın Haaqa şəhərindəki “Kamperfoeliestraat” parkında ucaldılan abidəni Xocalı həqiqətlərinin tanıdılması işində ermənilərə vurulmuş çoxsaylı zərbələrdən biri kimi göstərmək olar. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. İki metrə yaxın hündürlüyü olan abidənin Hollandiyada ucaldılmasını ermənilər, əlbəttə ki, həzm edə bilmirlər. Axı, Xocalı soyqırımının getdikcə beynəlxalq ictimaiyyət tərəfindən tanınması “həmişə əzilmiş, döyülmüş, qovulmuş, məzlum xalqın” mənfur planına uyğun gəlmir.
Təbii ki, erməniləri təkcə Azərbaycanın uğurlu informasiya siyasəti narahat etmir. Ermənistanı Azərbaycanın hər keçən gün artan beynəlxalq nüfuzu da əndişələndirir. Ermənilər dəhşətlə müşahidə edirlər ki, Azərbaycanın regional müstəvidə cərəyan edən istər siyasi, istərsə də iqtisadi proseslərə müsbət təsir göstərməsi faktı artıq heç kim tərəfindən şübhə altına alınmır. Cənubi Qafqazın böyük dövləti kimi Azərbaycan regional enerji təhlükəsizliyinin təmin olunmasında, o cümlədən Qərb dəyərlərinin müdafiə olunmasında əvəzolunmaz rol oynayır. Erməniləri qıcıqlandıran faktlardan biri də budur ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda hər hansı bir iqtisadi layihənin reallaşdırılması mümkün deyil. Unikal coğrafi mövqeyə və zəngin karbohidrogen mənbələrinə malik olması ölkəmizin regionda mövqelərini xeyli gücləndirmişdir. Ermənistanın həsrətlə baxdığı və son zamanlar dünyanın siyasi dairələrinin müzakirə mövzusuna çevrilən “Nabukko” layihəsinin reallaşdırılması ətrafında aparılan danışıqlarda da bu fakt çılpaqlığıyla özünü büruzə verir.
Bu günlərdə ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun 10 üzvünün Prezident Barak Obamaya ünvanladığı məktubda Azərbaycanın Qərb üçün əhəmiyyətli ölkə olduğu bir daha vurğulanıb. Azərbaycanın ABŞ-ın mühüm strateji tərəfdaşı olduğunu, iqtisadi, hərbi və terrorla mübarizə sahələrində əməkdaşlıq etdiyini, Əfqanıstana yük daşımaları üçün ərazisindən istifadə edilməsinə icazə verdiyini vurğulayan işçi qrupu məktubda xüsusi olaraq qeyd edib ki, ümumi məqsədlərə nail olmağa səmərəli töhfəsini verən Azərbaycan NATO-nun və Avropa Birliyinin Cənubi Qafqaz regionunda etibarlı tərəfdaşıdır. Bununla yanaşı, Ağ ev sahibinin diqqətinə çatdırılıb ki, ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edən 1992-ci il “Azadlığa Dəstək” Aktının 907-ci bəndi iki dövlət arasında strateji tərəfdaşlığın genişləndirilməsində ciddi maneə olaraq qalır və ABŞ-ın regiondakı milli maraqlarına ziddir. ABŞ dövlət katibinin birinci müavini Ceyms Staynberqin Azərbaycan-ABŞ münasibətləri barədə verdiyi son bəyanat da Birləşmiş Ştatların Azərbaycanın əhəmiyyətini göz önündə saxladığını və rəsmi Bakı ilə əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu göstərir. “Azərbaycan Qafqazda sülhün və sabitliyin qorunmasında böyük qüvvədir və Birləşmiş Ştatlar üçün çox vacib tərəfdaşdır”, – deyən cənab Staynberq Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin həlli, o cümlədən bir sıra vacib sahələrdə bundan sonra da əməkdaşlıq edəcəklərini vurğulayıb.
Azərbaycanın nüfuzunun artması fonunda Ermənistan rəhbərliyi BMT-dəki daimi nümayəndəliyinin vasitəsilə Baş katibə məktub ünvanlayaraq, Xocalı soyqırımına görə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Lakin Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyevin saxta ittihamlara verdiyi cavablar erməni riyakarlığını ifşa etdi. Tutarlı sənədlərlə təsdiqlənmiş cavab məktubunda səfir A.Mehdiyev BMT Baş katibinin nəzərinə çatdırıb ki, Ermənistan tərəfinin məktubda qeyd etdiyi yalandan və günahı boynundan atmağa cəhddən başqa bir şey deyil. Məktubda səfirimiz xüsusi olaraq vurğulayıb ki, erməni tərəfinin Xocalıda baş vermiş hadisələrin şərhində siyasi motivləri qabartmağa çalışmasını həqiqətin təhrif olunmasına yönəlmiş məkrli iddia kimi qiymətləndirmək lazımdır. Erməni təbliğatının həyasız üsullardan yararlandığını vurğulayan A.Mehdiyev bildirib ki, mənfur qonşumuz üzdəniraq əməllərini ört-basdır etmək üçün hətta beynəlxalq təşkilatın rəyini belə istəyinə uyğun dəyişdirməklə yalanla dolu məktubu mötəbər vəzifəni tutmuş şəxsə həqiqət kimi sırımağa can atıb. Belə ki, erməni tərəfinin “Hyuman Rayts Uotç” hüquq təşkilatının 1992-ci ildə dərc edilmiş məruzəsinin məzmunundan sui-istifadə etdiyini bildirən daimi nümayəndəliyimizin rəhbəri vurğulayıb ki, bununla bağlı təşkilatın icraçı direktoru 1997-ci il martın 24-də Ermənistan Xarici İşlər Nazirliyinə etiraz məktubu göndərərək, Xocalı hadisələrində məhz erməni silahlılarının məsuliyyət daşıdıqlarını açıqlayıb.
Səfir A.Mehdiyev cavab məktubunda erməni tərəfinin Sumqayıt hadisələrinə dair müzakirə müstəvisinə çıxarmaq istəyi iddialarının kökündən yanlış olduğunu təsdiqləyən faktlara da toxunub. Erməni tərəfinin Azərbaycanın bəzi şəhərlərində, o cümlədən 1988-ci il fevral ayının 26-28-də Sumqayıt şəhərində baş vermiş hadisələrdən əvvəl Dağlıq Qarabağın Azərbaycandan birtərəfli şəkildə ayrılmasına nail olmaq məqsədilə bir sıra hüquqazidd bəyanatlar və qərarlar qəbul etməsinin, 1987-ci ilin sonlarında Xankəndidə və Ermənistanda azərbaycanlılara hücumlar olunmasının və bunun nəticəsində xeyli azərbaycanlının qaçqına və daxili köçkünə çevrilməsinin və həmin insanların başqa yerlərlə yanaşı, Sumqayıta uz tutmalarının üstündən sükutla keçdiyini vurğulayan səfirimiz xatırladıb ki, Sumqayıtda iğtişaşlar ərəfəsində, yəni 1998-ci il fevralın 22-də Xankəndi-Ağdam avtomobil yolu üzərindəki Əsgəran yaşayış məntəqəsi yaxınlığında ermənilər dinc nümayiş keçirən azərbaycanlılara atəş açıb və nəticədə iki gənc həlak olub. A.Mehdiyev Baş katibin diqqətinə çatdırıb ki, Sumqayıt hadisələrinin arxasında ermənilər və keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyi dayanıb. Kənardan ciddi dəstək olmadan Sumqayıt hadisələrinin idarə olunmasının çətin olduğunu yazan daimi nümayəndəmiz nüfuzlu “Tayms” qəzetinə istinadən əlavə edib ki, Kremlin nüfuzunu və hakimiyyətini zəiflətməyə çalışan DTK rəhbərliyi bu məqsədlə Sovet İttifaqının müxtəlif şəhərlərində, o cümlədən Sumqayıtda və Bakıda yerli əhalinin narazılığından dəlil kimi istifadə etməklə təxribatlar törədib.
Bundan başqa, səfirimiz erməni həmkarının əsassız iddiasına cavab olaraq vurğulayıb ki, Ermənistan hüquq mühafizə orqanları 1987-1989-cu illərdə azərbaycanlı əhalinin Ermənistandan zorla deportasiya edilməsi zamanı 216 nəfər azərbaycanlının qəddarcasına öldürülməsində təqsirkar olan şəxslərə qarşı heç bir cinayət işi qaldırmayıb. Dağlıq Qarabağın və ona bitişik Azərbaycan rayonlarının işğal edilməsini və həmin ərazilərdə etnik təmizləmələr həyata keçirməsini Ermənistan tərəfinin Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını təyin etmək hüququnu həyata keçirmək barədə dinc tələbi kimi qələmə verməyə çalışdığına toxunan A.Mehdiyev xüsusilə vurğulayıb ki, Ermənistanın təyini-müqəddərat prinsipinin tətbiq edilməsi barədə iddiaları beynəlxalq hüquqa ziddir və Azərbaycan hökuməti bununla bağlı dəfələrlə münasibətini açıqlayıb. Belə bir prinsipin qəbul olunmasının beynəlxalq hüququn əsas normalarının, o cümlədən ən ağır beynəlxalq cinayətlərə aid olan, habelə güc tətbiq olunmasını qadağan edən normaların pozulmasının nəticələrini qəbul etməyə bərabər olduğunu bildirən səfirimiz Baş katibdən məktubun Baş Məclisin gündəliyinin 14-cü və 18-ci bəndləri üzrə sənəd və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını da xahiş edib.
Yalanın Ermənistanın dövlət siyasəti olduğunu təsdiqləmək üçün uzaq tarixə boylanmaq lazım deyil. Dünən məlum olub ki, özünü qondarma Dağlıq Qarabağ Respublikasının “baş naziri” kimi təqdim edən Ara Arutunyan BMT-nin binasında olmayıb və heç bir görüşlər keçirməyib. Xatırladaq ki, Ermənistanın kütləvi informasiya vasitələri məlumat yayıblar ki, guya A.Arutunyan 2009-cu il noyabr ayının 18-də BMT-nin binasına daxil olub və orada rəsmi görüşlər keçirib. Məsələ ilə bağlı araşdırmalar aparan, Azərbaycanın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb ki, A.Arutunyan adlı şəxsə BMT-nin binasına müvafiq qurumlar tərəfindən heç bir buraxılış sənədi verilməyib və bu şəxs heç bir iclasda iştirak etməyib, o cümlədən onunla heç bir rəsmi görüşlər keçirilməyib. Lakin daimi nümayəndəliyimiz BMT-nin binasının bir hissəsinin turistlər üçün açıq olduğunu bildirərək, A.Arutunyanın Ermənistan vətəndaşı sənədi ilə adi turist və ya tələbə kimi binanın sözügedən hissəsinə daxil olmasını istisna etməyib. Zənnimizcə, artıq şərhə ehtiyac yoxdur.
Göründüyü kimi, erməni tərəfi Azərbaycanın hərtərəfli güclənməsindən ehtiyatlanaraq, digər məsələlərdə olduğu kimi, Xocalı soyqırımı məsələsində də günahını üzərindən atmağa çalışır və yalana ayaq tutdurmağa cəhd göstərir. Yaxşı deyiblər, kasıb müdriklik çox hallarda varlı axmaqlığın quluna çevrilir. Bu gün erməni “müdrikliyi” Ermənistanı regionun “kor bağırsağına” çevirib və yalana yarınmaqla nə qədər uzağa getdiyini göstərir. Görünür, ermənilər bütün dünyada qəbul edilən “Yalan ayaq tutar, amma yeriməz” atalar sözündən xəbərsizdirlər.
Səbuhi MƏMMƏDOV
Xalq qəzeti.- 2010.- 4 aprel.- S. 2.