Ömürdən izlər...

 

İmaməddin Zəkiyevi Azərbaycan Dövlət Universitetində (indiki BDU - da, təhsil aldığım illərdən tanıyıram. O illərdə (1958 - 1963) onun imzasına tez-tez rast gələrdik. “Göyərçin”, “Pioner” jurnallarında, “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət”, “Vışka”, “Bakı” qəzetlərində şeir və məqalələri çıxardı, radioda, universitetin çoxtirajlı qəzetində, vaxtaşırı çıxış edərdi. Azərbaycan kitabının tarixinə dair məruzəsinin tezisləri TEC əsərlərində (1961) dərc olunanda müəllimləri H.Araslı, M.C.Paşayev, B.Vahabzadə, A.Xələfov və bəzi tələbə dostları ona məsləhət görmüşdülər ki, bu işlənməmiş sahəyə dair elmi axtarışlarını davam etdirsin.

 

“Kitab mənəvi sərvətdir” (1962), “Ağıllı məsləhətçi” (1963), “Kitab kompasdır” (1964), “Kağız necə yaranmışdır” (1964), ilk “Kitabxana - biblioqrafiya terminləri lüğəti”nin səhvləri haqqında yazdığı “Təşəbbüs yaxşıdır, amma...” (1964), “Yazının yaşı” (1965), “Kitablar haqqında kitab” (1966), “Məsul işə məsuliyyətsiz münasibət”( kitab nəşri haqqında: 1966), “Kitablar səltənətinin açarı” (1966), “Yazıçı və kitab” (1967), “Yazıçı məsuliyyəti və söz gözəlliyi” (1967) və s. çoxsaylı elmi, tənqidi məqalələri oxucu və tədqiqatçıların geniş marağına səbəb olmuş, polemik fikir mübadiləsinə yol açmışdı.

İ.Zəkiyevin istedad qığılcımları parladıqca elmi yaradıcılığını dərinləşdirmək və genişləndirmək bacarığı bir - birinə qovuşan kiçik çaylar kimi güclənib yeni məna və mahiyyət kəsb etmişdir. 1967 - ci ildə “M.F.Axundov və Azərbaycan kitab mədəniyyəti” mövzusunda namizədlik dissertasiyası yazmaq istəyi meydana çıxanda Azərbaycan dilində “kitab mədəniyyəti” sözünün olmadığını ona irad tutanlar çox, dəstəkləyən isə bircə nəfər idi: Əziz Mirəhmədov! İ.Zəkiyev həmin mövzunu AMEA Nizami adına Ədəbiyyat İnstitutunda təsdiqlətdirib Ə.Mirəhmədovun elmi rəhbərliyi ilə 1971-ci ildə müdafiə edəndə Lomonosov adına MDU fəlsəfə kafedrasının professoru Şeyda bəy Məmmədov müəllifin avtoreferatını alan kimi onu məktubla təbrik etmiş, bu çətin mövzunun öhdəsindən ləyaqətlə gəldiyinə görə elmi işini “Azərbaycanşünaslığa və Axundovşünaslığa töhfə” adlandırmışdı. Professor Həbib Babayev müdafiə şurasına göndərdiyi rəydə dissertantın tədqiqatçılıq bacarığını və alimlik səriştəsini yüksək qiymətləndirərək əsərini son illərin orijinal elmi nailiyyətlərindən biri saymışdı.

Müdafiə şurası sənədləri Moskvaya göndərəndən az sonra SSRİ AAK - nın əməkdaşı A.Bəxtiyarov müəllifə yolladığı açıqcada dissertasiyanın yüksək elmi dəyərə layiq görüldüyünü yazmış və filologiya elmləri namizədi alimlik dərəcəsi alması münasibətilə onu təbrik etmişdi. AAK-nın əməkdaşı E.N.Kuznetsova isə dissertantın avtoreferatı əsasında “M.F.Axundov i knijnaya kultura Azerbaydjana” adlı məqalə yazıb SSRİ - də və xaricdə yayımlanan “İzdatelskoye delo. Kniqovedeniye” məcmuəsində (Moskva, 1971, ¹ 10, c.33 - 34) dərc etdirməklə müəllifin uğurunu alqışlamış və başqa respublikalarda da belə mövzularda elmi tədqiqat işi yazmağın zəruri olduğunu dövrün tələbi kimi qiymətləndirmişdi. Bu məqalə o zaman Azərbaycandan Mockvaya göndərilən dissertasiyalar haqqında çap üzü görən ilk yüksək səviyyəli resenziya idi.

Alimin 1971, 1974, 1975 - ci illərdə oxucuların mühakiməsinə verilmiş üç kitabçasını da ədəbi və elmi ictimaiyyət yaxşı qarşılamışdı. Professor A.Nəbiyevin və tarixçi alim E.Bədəlovanın “Bakı” (1974, 26 sentyabr) və “Azərbaycan gəncləri” (1975, 15 noyabr) qəzetlərində dərc edilmiş məqalələrində İ.Zəkiyevin üzə çıxardığı xeyli yeni faktlar və elmi mülahizələr təqdir edilmişdi.

M.C.Cəfərov, C.Cəfərov, M.C.Paşayev, K.Talıbzadə, A.Axundov, B.Nəbiyev və başqa elm korifeylərinin xoş sözlərindən ruhlanan İ.Zəkiyev ustad müəllimi Ə. Mirəhmədovun tövsiyəsi və elmi rəhbərliyi ilə işlədiyi “M.F.Axundov və müasirləri” mövzusunda doktorluq işini 1990 - cı ildə başa çatdırsa da, SSRİ - nin çökməsindən sonra Azərbaycana qarşı Rusiya və Ermənistan münasibətlərinin gərginləşməsi səbəbindən mövzu əvvəlki elmi mahiyyətini itirdiyinə görə onu müdafiə etmək müşkül məsələyə çevrilmişdi... Bundan sonra müəllif XI - XX əsrlərin mənəvi mənzərəsini əks etdirən “Əsrlərin əks-sədası” kitabını tamamlayıb Ə.Mirəhmədovun elmi redaktorluğu və filologiya elmləri doktoru, professor X.Məmmədovun rəyi ilə Azərnəşrdə çap etdirməklə (1992, 176 s.) daha bir uğura imza atdı. Bunun ardınca “Azərbaycan kitabının inkişaf yolu (qədim dövrdən XIX əsrin sonuna qədər)” mövzusunda elmi iş yazmağı səbrlə davam etdirdi. Bu əsər 2000 - ci il yanvarın 7-də AMEA mətnşünaslıq şöbəsində yüksək səviyyədə müzakirə olunanda görkəmli alimlər (Ə.Mirəhmədov, X.Məmmədov, Ş.Salmanov, N.Şəmsizadə, A.Zeynalov, Ə.Məmmədov, T Həsənzadə və b.) İ.Zəkiyevin ciddi qələm sahibi olduğunu və güclü dissertasiya yazdığını etiraf etmişlər. Çıxışlarda vurğulanmışdı ki, Azərbaycanın çoxəsrli tarixə malik yazı alətləri, yazı materialları, kitab və kitabxana tarixi və s. əlaqədar məsələlər haqqında elmi həqiqət ilk dəfə bu tədqiqatda əksini tapdığına görə, əsəri Azərbaycan, ingilis, həmçinin ərəb və fars dillərinin birində çap etdirmək ümumi işə fayda verə bilər və həmin istiqamətlərə dair Azərbaycan reallıqlarının xaricdə də yayılmasına yol açar.

Əsər Ə.Mirəhmədovun redaktəsindən və X.Məmmədovun rəyindən sonra Milli Məclisin deputatı V.Əhmədovun maliyyə yardımı ilə “Azərbaycan Ensiklopediyası” NPB-də işıq üzü gördü. (2000, 388 s). Radio və televiziya verilişlərində, kitab və mətbuat səhifələrində təqdir olundu (“Azərbaycan” jurnalı (2000, ¹ 12), “Ulduz” jurnalı (2000, ¹ 8), “Elm” qəzeti (2001, 14 mart), “Azərbaycan müəllimi” qəzeti (2001, 8 - 14 mart) və s. Müəllifin adı çəkilən hər iki kitabından (1992, 2000) BDU - da, Mədəniyyət və İncəsənət Universitetində, Bakı Mədəni - Maarif Texnikumunda və s. təhsil ocaqlarında uzun illərdir ki, mötəbər dərs vəsaiti kimi istifadə edilir.

SSRİ dövrünün məhdudiyyət və qadağalarından ehtiyatlanan müəlliflər uzaq əsrlərin milli kitab və kitabxana tarixi, xalqlararası elmi, siyasi, diplomatik münasibətlərin yaxşılaşdırılmasında, ədəbi əlaqələrin dərinləşdirilməsində kitab mübadiləsinin rolu və s. məsələlər haqqında müxtəsər məlumat versələr də Avesta dövründən bəri çoxəsrli əlyazma və çap kitabının yaranması, inkişaf yolu, yayım mərkəzləri, sığınacaq mənbələri və s. istiqamətlər xüsusi tədqiqat mövzusuna çevrilməmişdi. Qaranlıq əsrlərin iç qatlarına işıq salmaq naminə oxucuları bir - birindən maraqlı kitablarla və məqalələrlə sevindirən İ. Zəkiyevin mövzuya tənqidi baxışının öyrədən, istiqamətləndirən və düşündürən mülahizələrlə nəticələnməsi Azərbaycan kitabşünaslığının yeni nailiyyətidir. Bir neçə nümunəyə diqqət edək.

“Nizami – öyrənilməmiş səhifələr” məqaləsi Azərbaycan kitabşünaslığında yeni cığırdır. Müəllif bu məqalədə ilk dəfə belə bir həqiqəti açıqlamışdır ki, ulu əcdadlarımız keçmiş əsrlərdə ipək, qrifel lövhələri (üstünə mum təbəqəsi çəkilmiş yazı taxtaları), papirus, perqament üzərində yazmışlar. Bu barədə Nizaminin əsərlərində külli miqdarda məlumat olduğu halda, İ.Zəkiyevə qədər bu mövzu öz tədqiqatçısını tapmamışdı.

XII və XV əsrlərin naməlum Azərbaycan alimləri İbrahim Qrızi, Mahmud Xınaluqi və başqaları haqqında ilk elmi məqalələr yazıb çap etdirmək şərəfi də ona məxsusdur.

Azərbaycan kitabşünaslığında öyrənilməmiş parlaq simalardan biri də Mövlanə Cəfər Təbrizidir (1395 - 1480). 10 il Təbrizdə işləmiş, 60 il Herat saray kitabxanasının və kitab hazırlayan emalatxanaların rəisi olmuş bu unudulmuş şəxsiyyətin fəaliyyətinə İ.Zəkiyev iki elmi məqalə həsr etmişdir. “Qobustan” jurnalında çap etdirdiyi “70 il qələm və fırça ustaları arasında” məqaləsində (2005) onun həyatı, fəaliyyəti, müasirləri ilə ideya – yaradıcılıq əlaqələri, təşkilatçılıq bacarığı işıqlandırılmışdır. Bu görkəmli kitab xadiminin, xətt ixtiraçısının, şairin və bacarıqlı təşkilatçının altı əsr bundan əvvəl dövlət başçısına (Teymurun nəvəsi Baysunqur Mirzəyə) kitab istehsalının və təmir - tikinti işlərinin vəziyyəti haqqında fars dilində yazdığı “Ərzədaşt”ın (“Hesabat”ın, 1427) son illərə qədər adı da, mətni də məlum deyildi. İ. Zəkiyev onu Türkiyə mənbələrindən əldə edərək əhatəli şərh yazmış və tam mətnini “Qobustan” jurnalının 2009-cu ildə çıxmış ikinci sayında oxucuların ixtiyarına vermişdir. Alimin “Naməlum “Hesabat”ın məlum mətni" məqaləsi bu məsələyə həsr edilmişdir.

C.Təbrizi ilə bir dövrdə yaşamış dünya şöhrətli Azərbaycan rəssamları K.Behzad və S.Məhəmmədin kitabçılıq xidmətləri haqqında ilk samballı elmi məqalələr də İmaməddin müəllimin qələmindən çıxmışdır.

M.F.Axundzadənin M.Ş.Vazehlə azərbaycanlılara məxsus ilk milli mətbəə - nəşriyyat açmağa təşəbbüs göstərməsinə dair 1841-ci ildə dövlət orqanlarına yazdığı ərizəsi əldə olmasa da, 56 ildən sonra (1897) Tiflisin “Novoye obozreniye” qəzetində onun geniş xülasəsi verilmiş və Mirzə Fətəlinin irəli sürdüyü şərtlərə münasibət bildirilmişdi. Həmin xülasəni ustad müəllimi Ə.Mirəhmədovun köməyi ilə üzə çıxarıb Azərbaycan və rus dilli mətbuatda çap etdirməklə İ.Zəkiyev faydalı iş görmüşdür. XIX əsrin 60-cı illərinin əvvəllərində “Kəmalüddövlə məktubları” nın nöqtəsini qoyan kimi M.F.Axundzadənin dövlət başçılarından, nüfuzlu alimlərdən və din xadimlərindən ibarət imtahan komissiyası təşkil edib ona professor adı vermək haqqında ərizəsinə dair ilk məlumat da İ.Zəkiyevin elmi axtarışlarının məhsuludur.

N.Nərimanovun Bakıda açdığı (1894-1898) zəngin kitabxanadan sonra Mirzə Məhəmmədəli Qasımov Qubada yeni tipli ikinci böyük kitabxana açmış, ora Azərbaycan, türk, ərəb, fars və s. dillərdə xeyli ədəbi, elmi, dini kitab, 21 adda qəzet, jurnal toplamış, vəzifə başçılarının, qonaqların və yerli əhalinin iştirakı ilə təntənəli açılışını keçirmişdir (1895, 14 iyun). Lakin şəxsiyyəti öyrənilməmiş bu parlaq sima haqqında İ.Zəkiyevin tədqiqatına qədər elmə heç nə məlum deyildi. Onun “ Xalq qəzeti” ndə dərc etdirdiyi “ Mirzə Məhəmmədəli Qasımov kimdir?” məqaləsi (1992) mədəniyyət tariximizin açılmamış maraqlı səhifələrindəndir.

Üç əsri görmüş məşhur qubalı aşıq Xaltanlı Tağının “Molla Nur” şerini anasının yaddaşından qələmə alıb ilk dəfə “Azərbaycan” jurnalında çap etdirməsi də (2004) İ.Zəkiyevin Azərbaycan ədəbiyyatına verdiyi töhfədir.

Tanınmış ədəbiyyatşünas və kitabşünas alimin son illərdə Azərbaycan və Türkiyə mətbuatında oxucuların mühakiməsinə verdiyi çoxsaylı məqalələri də müasirliyi və elmi səviyyəsi ilə seçilir. “Ədəbiyyatşünaslıq. Ensiklopedik lüğəti” (1999), S.Ə.Çirvaniyə aid edilən bir imza haqqında" (2005), “Unudulmaz şairin unudulmuş irsi” (2006), “Məktəb kitabxanalarının inkişaf yoluna bir baxış” (2008), “Beş əsr yarımdan sonra tanınan alim” (2009), “Azərbaycanda kağız istehsalı tarixindən” (2009) və s. çoxsaylı məqalələrinin yazı üslubu sadə, dili şirəli, anlaşıqlı və ürəyə yatandır. Akademik Ə.Əlizadə, AMEA-nın müxbir üzvü Ə.Mirəhmədov, ədəbiyyatşünas professor X.Məmmədov, yazıçı Ə.Qasımov və b. görkəmli şəxsiyyətlərə həsr etdiyi xatirələrində də bu məziyyət özünü göstərməkdədir. “Əziz Mirəhmədovu düşünərkən” (2003), “Vicdan meyar olanda...” (2005), “Cəfakeş alim” (2007), “Xatirələr işığında” (2009) və s. portret - oçerkləri ustad bir nasirin qələmindən çıxmış duzlu hekayə təsiri bağışlayır.

İndiyədək 10 kitab çap etdirmiş İ.Zəkiyev həm də 10-dan çox kitabın redaktoru və ön söz müəllifidir. Yüzlərlə şeir, poema, oçerk, felyeton, publisistik yazı, xatirə, elmi və tənqidi məqaləsini ədəbi və elmi ictimaiyyət rəğbətlə qarşılamışdır.

Tanınmış yazıçı, alim və pedaqoqun əməyi “SSRİ maarif əlaçısı” (1981), metodist müəllim(1992), “Qızıl qələm” mükafatı lauretı (2001) və s. təltiflərə layiq görülmüşdür. Kitablarını və pedaqoji fəaliyyətini Azərbaycan və Rusiya mətbuatı yüksək qiymətləndirmişdir.

İ.Zəkiyev yazıçıya, alimə, müəllimə lazım olan bütün mənəvi keyfiyyəıtlərə malik ziyalıdır. O, bu gün də qüsursuz yaradıcı dünyagörüşə malik erudisiyalı qələm sahibi kimi ədəbi, elmi, publisistik fəaliyyətini uğurla davam etdirir, bir - birindən maraqlı məqalələr, xatirələr, portret- oçerklər, resenziyalar və dəyərli kitablarla oxucuları sevindirir.

 

 

Hacı Əsədulla QURBANOV,

Bakı Dövlət Universitetinin professoru,

fəlsəfə elmləri doktoru

 

Xalq qəzeti.- 2010.- 6 aprel.- S. 7.