Lənkəran: inkişaf davamlı xarakter daşıyır

 

Şairlərin “cənub mirvarisi” adlandırdığı Lənkəran ölkəmizin ən gözəl və abad bölgələrindəndir. Təbii şəraiti və yaradan-quran insanların vurduğu naxışlar bu yurdun şöhrətini dünyaya yayıb. Burada regional inkişafın ideal modeli formalaşıb. Mavi Xəzərin aynasında hüsnü daha cazibədar görünən Lənkəran qonaqların diqqətini hər zaman cəlb edib. Buraya avtomobil, dəmir yolu və hava yolu ilə gəlib-gedənlərin sayı-hesabı bilinmir. Yaxın vaxtlarda yəqin ki, dəniz yolu da bərpa edilər. Lənkərana maraqla üz tutanlar bir qayda olaraq buradan xoş təəssüratla ayrılırlar. Çünki yetərincə gəzməli, görməli və heyran qalmalı yerləri var.

 

Martın 12-də yeni istifadəyə verilmiş Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirildiyini vurğulamış və qarşıdakı illərdə də bu tendensiyanın gücləndiriləcəyini diqqətə çatdırmışdır: “Azərbaycanda sosial infrastrukturun yaradılması davam etdiriləcəkdir. Bu da bölgələrdə yaşayan insanlar üçün çox vacibdir. Hər yerdə xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Bu proses Azərbaycanda geniş vüsət alıb, 2010-cu ildə də davam etdiriləcək və 2013-cü ilə qədər əsas məsələlər öz həllini tapmalıdır”.

Regional inkişaf üzrə ikinci Dövlət Proqramının icrasının ilk ili Lənkəran üçün xüsusilə uğurlu olub. Bununla bağlı keçirilmiş geniş şura yığıncağında qeyd olunub ki, ötən il rayonun sosial-idtisadi inkişafı artan templə davam etmişdir. On milyon manatlığa qədər sənaye məhsulu istehsal edilmiş, abadlıq-quruculuq tədbirləri genişləndirilmişdir. 112,5 ton balıq və balıq məhsulları, 2 milyon ədəd kərpic və kərpic bloku, 340 ton quru çay buraxılmışdır. “Pal-süd” markası ilə 4,5 milyon litr süd emal olunmuş və istehlakçılara on çeşiddə 2,7 min ton hazır məhsul göndərilmişdir. Emal sahələrində 461,3 ton tomat, 653,1 ton konservləşdirilmiş meyvə-tərəvəz istehsal olunmuşdur.

Rayon sənayesinin qeyri-dövlət bölməsində istehsalın həcmi il ərzində 13,5 faiz artmış və onun xüsusi çəkisi 93,8 faiz təşkil etmişdir. Bu dövrdə sənayedə 1445 nəfər əməyə cəlb olunmuş, işləyənlərin orta aylıq əməkhaqqı 19,8 faiz artaraq 145 manata çatmışdır.

Kənd təsərrüfatı da davamlı inkişaf etmişdir. Əkin mövsümü dövründə bütün təsərrüfat növləri üzrə 8809 hektarda əkin aparılmışdır. Torpaq adamlarının marağını yüksəltmək məqsədilə 1458 nəfərə dövlət tərəfindən 155 min 736 manat birdəfəlik subsidiya verilmiş, 141 nəfər kənd təsərrüfatı məhsulu istehsalçısına yarıbayarı güzəştlə 80 ton gübrə satılmışdır. 2176 hektar sahədən 4355 ton taxıl yığılmışdır. Torpaq sahibləri tərəfindən məhsul yığımı dövründə 7670 ton kartof, 123 min tonadək tərəvəz, 117,4 ton yaşıl çay yarpağı, 390 ton üzüm, 13110 ton meyvə, 1641 ton bostan məhsulu istehsal edilmişdir.

Lənkəranda iri buynuzlu mal-qaranın baş sayı 9,6 faiz, diri çəkidə ət istehsalı 3,6 faiz, süd istehsalı 4,4 faiz artmışdır. Torpaq sahiblərinə dövlət qayğısı kənd təsərrüfatı məhsulları istehsalını artırmağa şərait yaratmışdır. Rayonda yeni meyvə-tərəvəz zavodu, soyuducu kamera, müasir texnologiya ilə işləyən çay fabriki tikilmişdir. Bu müəssisələrin rayonda aqrar sahənin inkişafında çox böyük rolu olacaq.

Ötən il Lənkəran şəhərində və rayonun ayrı-ayrı yerlərində tikinti-abadlıq işləri aparılıb, yollar bərpa edilib, asfaltlaşdırılıb. Liman şəhərində idman kompleksi, 20 yanvar faciəsinin 20 illiyi ilə əlaqədar “Şəhidlər” abidə kompleksi yenidən qurulub. Magistral yollarda və şəhərdə 511 ədəd müasir küçə işıqları quraşdırılıb. Dağ kəndlərinə gedən Osaküçə-Bəliton yolu, Daştatük-Biləsər və Seyidəkəran kəndarası yolları təmir edilib, Əşlə kəndi ərazisində Lənkəran çayı üzərində yeni körpü tikilib.

İl ərzində rayonda ümumi sahəsi 41,1 min kvadratmetr olan fərdi yaşayış evləri tikilib. Cəmi 777 vətəndaşa yaşayış sahəsi, 113 nəfərə qeyri-yaşayış sahəsi tikməkdən ötrü torpaq sahələri ayrılıb. Dövlət vəsaiti hesabına rayonun Rvo kəndində 360 yerlik, Heydər Əliyev Fondunun vəsaiti hesabına isə Tüədo kəndində 100 yerlik təzə məktəb binaları tikilərək istifadəyə verilib. Mərkəzi xəstəxananın nəzdində Perinatal mərkəz yaradılıb. Gərmətük qəsəbəsində, habelə ucqar dağ kəndləri olan Gəgiran və Diryanda həkim ambulatoriyası və feldşer-mama məntəqələri inşa edilib.

Rayonda tarixi abidələrin qorunması və bərpası ilə bağlı işlər davam etdirilib. Tarixi abidə olan “Dairəvi Qala”nın əsaslı təmiri başa çatdırılıb. İkinci Dünya müharibəsində Qələbənin 65 illiyi ilə əlaqədar Prezidentin imzaladığı Milli Proqrama uyğun olaraq iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ev-muzeyi yenidən qurulub və ətrafında səliqə-sahman yaradılıb. Yanvarın 22-də, qəhrəmanın 100 illik yubileyi günündə onun şəhərdəki möhtəşəm abidəsi önündə təntənəli tədbir keçirilib, sonra isə əsaslı şəkildə bərpa edilmiş ev-muzeyinin açılış mərasimi olub.

Rabitə xidmətinin daha da yaxşılaşdırılması məqsədilə 2009-cu ildə şəhər icra hakimiyyətinin daxili imkanları hesabına Kərgəlan kəndində 768 nömrəlik, Tüədo kəndində 32 nömrəlik elektron ATS-lər üçün binalar tikilib. Gərmətük qəsəbəsində yeni elektron ATS binasının tikintisi də başa çatdırılıb. Boladi kəndində isə ATS üçün ayrılmış bina əsaslı təmir olunub.

İl ərzində rayonda cəmi 1181 yeni iş yeri yaradılıb ki, bunun da 807-si daimi xarakterlidir. Rayon üzrə orta aylıq əməkhaqqı 167 manata çatıb. Şəhər büdcəsinin gəlirləri 26,2 milyon manat təşkil edib ki, bu da əvvəlki ildəkindən 6,3 faiz çoxdur. Büdcə xərcləri 26 milyon manat icra olunub ki, bu da əvvəlki ilə nisbətən 9,9 faiz artıqdır. 31 milyon manatadək vəsait əmək pensiyalarının ödənilməsinə yönəldilib. İl ərzində 4122 ailəyə hər ay 446 min 820 manat ünvanlı sosial yardım ödənilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonun Göyşaban kəndində Qarabağ əlili üçün fərdi yaşayış evi tikilib. Şəhid aiələrinin və əlillərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə nazirliyin xəttilə tikilən 36 mənzilli binanın inşası isə artıq sona yetmək üzrədir.

Azərbaycan Respublikasında icra edilən beşillik Dövlət Proqramında Lənkəran rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı qlobal layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Görüləcək işlərin nəticəsində şəhərin və rayonun sürətli inkişafı təmin ediləcək, iqtisadi durumu daha da yaxşılaşacaq. Bu tədbirlərin əksəriyyəti sosial yönümlüdür. Yeni iş yerlərinin açılması, su-kanalizasiya sisteminin, elektrik və qaz xətlərinin bərpası, potensialından indiyədək tam istifadə edilməyən turizmin inkişafı, ekoloji tədbirlərin reallaşdırılması Lənkəran üçün daha gözəl perspektivlər vəd edir. Bütün bunlar isə adamların nikbinliyini daha da artırır, sabaha inamını gücləndirir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2010.- 6 aprel.- S. 6.