Canlı təbiət

 

Azərbaycanda ekologiya problemləri dövlət əhəmiyyətli məsələdir

 

Doğma yurdun tarlalarını, çöllərini... bol sulu çayları və coşub-daşan dənizi, doğulub boya-başa çatdığın sakit kəndi sevməmək olarmı... Bütün bunlar bizim anamız Təbiətdir. Sən onun qoynundasan, o da sənin daxilindədir. Təbiətə əl qaldırmaqla sən özünə və öz övladlarına qəsd etmiş olursan. Bu sözləri mənə Lənkəranın el ağsaqqallarından biri deyirdi. Bu insan ömrü boyu öz ailəsini təbiətin sərvətləri ilə - dənizin bol nemətləri, o cümlədən burada yuva salan çöl quşlarını ovlamaqla dolandırmışdır.

 

Ölüm saçan miras

 

“Ekologiya” termini “ekologiya” anlayış kimi çoxları üçün aydın deyildi. İnsanların əksəriyyəti elə düşünürdü ki, bu anlayış Sovet İttifaqına mənfur Qərbdən gətirilmişdir. Bununla belə, partiyanın “möhtəşəm xalq təsərrüfatı planları” haqqında mühüm sənədlərdə, görünür dəb xatirinə, “təbiətə qayğıkeş münasibət”, “istehsalın bütün sahələrində ekologiya mədəniyyəti” kimi təmtəraqlı sözlərə də yer tapılırdı. Aydındır ki, bu bəndlər deklarativ xarakter daşıyırdı. Ekologiya problemlərinin heç kəsi narahat etmədiyini demək ədalətsizlik olardı. Lakin bəzən görülən tədbirlər istənilən nəticəni vermirdi... Bununla əlaqədar, mənə çox yaxşı məlum olan bir cəhd barədə danışmaya bilmərəm.

Keçən əsrin 70-ci illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev bizim respublikada ekoloji vəziyyəti yaxşılığa doğru dəyişməyə cəhd göstərmişdir. O, respublika paytaxtının səmasını zavodların zəhər saçan borularından birdəfəlik xilas etmək üçün addımlar atmışdır. Heydər Əliyevin Moskvaya təqdim etdiyi inandırıcı iqtisadi hesablamaları araşdıraraq, nəzakətlə bildirdilər ki, hər şey aydındır, amma onu dəstəkləmədilər. Kremlin arqumenti qəti idi: bu tədbirləri həyata keçirmək üçün respublikaya ayrılan beş illik büdcənin yarıdan çoxunu xərcləmək lazımdır. Kreml dəhlizlərində Heydər Əliyevə təsəlli olaraq, neft emalı üzrə müasir ELOU-AVT qurğusunun tikilməsi üçün vəsait təklif etdilər. Zərərli tullantıları minimuma endirən texnoloji elementlərə malik olan bu qurğu axır ki, Bakıda hələ Nobelin dövründən qalmış neftayırma müəssisəsini ləğv etməyə, vaxtaşırı bütün şəhəri bürüyən dözülməz qoxudan yaxa qurtarmağa imkan verdi. Düzdür, biz Kremlin həmin qərarını böyük ruh yüksəkliyi ilə qarşıladıq, lakin səriştəli mütəxəssislər yaxşı bilirdilər ki, bu yeni qurğu ekoloji və texnoloji baxımdan Qərb üçün çoxdan keçilmiş mərhələdir.

1993-cü ildən etibarən respublikada ekoloji problemlərin həlli prosesində müsbət dəyişikliklər yaranmağa başladı. Prezident Heydər Əliyev dövlət kontraktlarından heç birini müvafiq ekoloji ekspertiza keçirilmədən imzalamırdı.

Sovet dövründə bizə bərbad vəziyyətdə qalmış ekoloji miras hələ də özümü göstərir. Məsələn, insanların yaşaması üçün əlverişli olmayan şərait ölkəmizin bir sıra regionları üçün hələ də səciyyəvi haldır. Azərbaycan alimlərinin fikrincə, Abşeron yarımadası və Xəzər dənizinin sahillərindəki digər rayonlarda hava, su və torpaq hədsiz çirkləndiyi üçün bu ərazilər ekoloji baxımdan ən əlverişsiz rayonlar sırasındadır. Bu vəziyyət ilk növbədə Sumqayıtda, Bakıda, respublikanın digər şəhər və rayonlarında sənaye tullantıları ilə bağlıdır.

Amerikanın Blək Smit İnstitutu (Blacksmith İnstitute) adlı qeyri-kommersiya elmi-tədqiqat təşkilatı tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, planetdə ən çox çirkləndirilmiş yerlərin siyahısı dərc edilmişdir. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan paytaxtının lap yaxınlığında yerləşən Sumqayıt həmin siyahıda “lider” mövqe tutanlardan biridir. Sumqayıtı baxımsız qalmış nəhəng sənaye səhrası ilə müqayisə edirlər. Bundan əlavə, heç kəs üçün sirr deyil ki, neftçıxarma və neftayırma sənayesi Xəzərin çirklənməsinin əsas mənbələrindən biridir, ölkəmizin zəngin flora və faunası isə güclü antropogen təsirə məruz qalır. Meşələrin icazəsiz qırılması, meşə torpaqlarının şumlanması, meşələrdə mal-qara otarılması onlara böyük zərbə vurur.

 

Təmiz şəhər, təmiz hava

 

Əlbəttə, indi bütün bu məsələlər dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan dövləti ölkədə ekoloji sistemin yaxşılaşdırılması istiqamətində konkret və real addımlar atır, bizi əhatə edən mühitin qorunması kimi aktual bir məsələ ilə məşğul olan işçilərin statusu artırılır. Bununla əlaqədar, təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci ildə ekoloqların peşə bayramı təsis olunmuş, 2010-cu il isə Azərbaycanda ekologiya ili elan edilmişdir.

 

Prezident İlham Əliyev ictimaiyyət qarşısında çıxışında demişdir: “Artıq uzun illərdir ki, Azərbaycanda bu istiqamətdə işlər görülür. Bir müddət bundan əvvəl geniş ekoloji proqram qəbul edilmişdir. Proqram çoxşaxəlidir, çox müfəssəl proqramdır. Proqramda həllini gözləyən, vacib olan bütün məsələlər öz əksini tapıb, eyni zamanda, konkret icra mexanizmləri də müəyyən edilibdir. Maliyyə resursları haqqında orada kifayət qədər istiqamətlər vardır. Bir sözlə, biz ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da ciddi addımlar atmalıyıq”.

Onu da qeyd edim ki, Azərbaycanda ekologiya problemlərinin həlli sahəsində elmi-praktiki fəaliyyətə dövlət səviyyəsində yüksək əhəmiyyət verilir və bu fəaliyyət prestijli sahə hesab edilir. Mən Milli Məclisin deputatı seçiləndən sonra bilərəkdən, öz seçimimi Ekologiya Komitəsi üzərində saxladım. Bu iş mənə, nanotexnologiya məsələləri ilə məşğul olan mühəndis-texniki yönümlü tədqiqatçı kimi, mövcud ekoloji problemlərin geniş dairəsini öyrənmək, təklif olunan layihələri ekspertiza etmək, demək olar ki, bütün təsərrüfat sahələrində monitorinqlər keçirmək imkanı verir. Məsələn, lap yaxın vaxtlarda bizim Komitə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin Ətraf Mühitin Qorunması Departamenti ilə birlikdə ekoloji qanunvericiliyin pozulması hallarını aşkar etmək məqsədilə bir sıra firma və müəssisələrdə genişmiqyaslı yoxlamalar aparmışdır. Həmin yoxlamaların yekunlarına əsasən, biz 26 hüquqi və fiziki şəxs barəsində ciddi inzibati tənbeh tədbirləri görmüşük.

Bizim insanların ekoloji təfəkkürünün dəyişməsini, ətraf mühitin qorunması normalarına riayət edilməsi məsələsinə onların necə məsuliyyətlə yanaşdıqlarını görəndə böyük fərəh hissi keçiririk. Bununla əlaqədar, bir neçə ibrətamiz misal gətirmək istərdim.

Dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş “2006-2010-cu illərdə Azərbaycanda ekoloji şəraitin yaxşılaşdırılmasına dair Kompleks Tədbirlər Planı” çərçivəsində ölkəmizdə, o cümlədən Bakıda və Abşeron yarımadasında əhalinin ekoloji təmiz su ilə təmin edilməsi üzrə geniş əhatəli proqram həyata keçirilir.

Paytaxtın ekoloji sisteminin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər kompleksinin həyata keçirilməsinə görə təkcə şəhər icra hakimiyyətinin başçısı deyil, həm də yeni yaradılmış “Təmiz şəhər” səhmdar cəmiyyəti məsuliyyət daşıyır. Məhz bu qurum Bakının və ətraf ərazilərin yaşıllaşdırılması üçün Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə birlikdə çox böyük işlər görür. Bu isə şəhərin “ağ ciyərlərinin” təmizlənməsi üçün ən etibarlı və səmərəli vasitədir.

Bakı şəhəri və Xəzər dənizi ekoloji təhlükəsizlik baxımından bizim ən ağrılı nöqtələrimizdən biridir.

Bakıda neft sənayesinin güclü inkişaf etdiyi 100 ildən artıq dövrdə hasil edilən karbohidrogenlərin miqdarını artırmaq üzrə rəqabət və lay sularının uzun müddət idarə edilməməsi nəticəsində geniş torpaq sahələri həm köhnə, həm də nisbətən təzə mazut ləkələri ilə çirklənmişdir. Paytaxtın heç də ürəkaçan olmayan ekoloji mənzərəsini daha da mürəkkəbləşdirən neft sənayesi tullantılarından ibarət süni göllərə və gölməçələrə hələ də rast gəlmək olar.

Hazırda bütün Abşeronda çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhər ətrafından köçürülməsi və həmin ərazilərdə ekoloji standartlara cavab verən yeni müəssisələr tikilməsi üzrə intensiv iş aparılır. Mən isə, Milli Məclisin Ekologiya Komitəsinin üzvü kimi, bu məsələyə xüsusi diqqət yetirirəm.

Yeri gəlmişkən, bu sahədə əngəllər təkcə respublikamızın paytaxtında deyil, ölkənin regionlarında da müşahidə olunur. Milli Məclisin Ekologiya Komitəsi (bir daha xatırladım ki, mən də bu Komitənin üzvüyəm və bunu özümə şərəf hesab edirəm) ekologiya sahəsində vəziyyəti yaxşılaşdırmaq məqsədilə Respublika Dövlət Yol Polisi İdarəsi ilə birlikdə müntəzəm olaraq “Təmiz hava” devizi ilə aylıqlar keçirilməsini qərara almışdır. Yol Polisi İdarəsinin əməkdaşları onlar üçün məcburi olan həmin aylıqlar dövründə ətraf mühiti normadan artıq çirkləndirən avtomobil sahiblərinə qarşı ciddi maliyyə sanksiyaları tətbiq edirlər.

Mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, hər minik avtomobili il ərzində atmosferdən orta hesabla 4 tondan çox oksigen “udur”, həmin avtomobildən atmosferə buraxılan işlənmiş qazların tərkibində isə təqribən 800 kiloqram karbon oksidi, 40 kiloqrama yaxın azot oksidi və demək olar ki, 200 kiloqram müxtəlif karbohidrogenlər olur. Bu rəqəmləri paytaxtda və bütövlükdə respublikada olan bütün avtomobillərin ümumi miqdarına vursaq, onların doğurduğu təhlükənin dərəcəsini təsəvvür etmək çətin deyil. Bu zəhərli tullantılar torpağı və sututarları yararsız vəziyyətə salır, nəticədə insanların sağlamlığına, eləcə də bütün heyvanat aləminə ciddi zərər vurulur.

Bir məsələ heç kəs üçün təzə deyil ki, yaşıllıq çox olan yerdə hava qat-qat təmiz olur. Məhz bu səbəbdən, artıq neçə illərdir ki, ölkəmizdə yaşıllıq təsərrüfatının genişləndirilməsinə yönəlmiş siyasət həyata keçirilir. Ekoloqların xəbərdarlıqlarına məhəl qoymadan özlərinin şəxsi mənafeyi naminə və bəzi başqa ehtiyaclar üçün ağacları kəsməkdə davam edən müxtəlif istehsal strukturları və ayrı-ayrı vətəndaşlar barəsində indi az qala cinayət məsuliyyətinə cəlb etmək dərəcəsində ciddi cəza tədbirləri görülür.

 

Qədim Xəzərin inciləri

 

Xalq arasında tarixən Xəzər adlanan Kaspi dənizi təbiətin heyrətamiz nemətidir. Xəzərin şimal sahillərində güclü şaxtalar, qar boranı tuğyan etdiyi dövrdə cənubda maqnoliya, badam və ərik ağacları gül açır (yeri gəlmişkən, mən də bu bölgədənəm!).

Xəzər hövzəsi ətrafında beş dövlət yerləşir: Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran. Dənizin sahilyanı bölgələrində 5 milyondan çox insan yaşayır.

Xəzərin rəngarəng ekoloji sistemləri, zəngin təbii ehtiyatları hələ tam öyrənilməmişdir və onlardan kifayət qədər səmərəli istifadə edilmir. İqlimyaratma baxımından da böyük əhəmiyyət kəsb edən Xəzərin daha bir unikal xüsusiyyəti ondan ibarətdir ki, relikt sayılan flora və fauna növlərini, o cümlədən nərə balıqlarının dünyada ən böyük vətəgəsini zəmanəmizə qədər qoruyub saxlamışdır (yeri gəlmişkən, dünyadakı nərə balığı ehtiyatlarının 90 faizi Xəzərin payına düşür). Xəzər sahillərində 500-dən çox bitki və 850-yə yaxın heyvan növünə rast gəlmək olar.

Azərbaycanın, Dağıstanın, Türkmənistanın və Şimal-Qərbi Qazaxıstanın qurudakı məşhur neft və qaz yataqlarının davamı Xəzərin dibində yerləşir. Bundan əlavə, materiklə əlaqəsi olmayan sırf dəniz yataqları da mövcuddur. Həmin yataqların çoxunda, o cümlədən Bakının yaxınlığında yerləşən, bütün dünyada məşhur olan Neft Daşlarında, Qazaxıstandakı Manqışlaq yatağında onilliklər boyu hasilat aparılır. Regionda son dövrlərdə aparılmış geoloji kəşfiyyat işləri çox böyük ərazini əhatə edən bir sıra yeni neftli-qazlı sahələri aşkar etməyə imkan vermişdir. Bəzi hesablamalara görə, bütövlükdə Xəzərin karbohidrogen ehtiyatları potensialı (neft ekvivalenti ilə) ən azı 15 milyard şərti yanacaq vahidinə bərabərdir. Neft və qaz ehtiyatlarının həcminə görə Xəzər Fars körfəzindən sonra dünyada ikinci yeri tutur. Bununla əlaqədar, neftçilərin gələcəkdə gözlənilən genişmiqyaslı “hücumları” nəticəsində Xəzərin ekoloji sisteminin çirklənməsinin qarşısını almaq üçün müvafiq tədbirlər işlənib hazırlanması və tətbiq edilməsi aktual zərurətə çevrilir.

Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və bizim parlament komitəsinin keçirdiyi birgə monitorinqlər nəticəsində Xəzərə antropogen axınların ekopatologiyasının daha güclü olduğu 341 mənbə aşkar edilmişdir. Həmin mənbələrdən 310-u sahildə, 31-i isə dəniz akvatoriyasında yerləşən obyektlərdir. Təbii ki, dənizi ən çox çirkləndirən mənbə - neft və neft məhsullarıdır. Onlar dənizi çirkləndirməklə fitobentosun və fitoplanktonun inkişafını ləngidir, oksigen yaranması prosesini zəiflədir, bu isə su mühiti ilə atmosfer arasında istilik, qaz və rütubət mübadiləsinə mənfi təsir göstərir. Neft təbəqəsinin geniş ərazilərdə yayılması ucbatından buxarlanma sürəti bir neçə dəfə azalır. Bu isə külli miqdarda nadir balıq növlərinin və digər canlı orqanizmlərin məhvi ilə nəticələnir. Su quşlarının kütləvi şəkildə qırılması, nərə balıqlarının populyasiyasının azalması kimi dəhşətli mənzərənin şahidi oluruq... Neft xammalını başqa xammal növü ilə əvəz etmək olar, nərə balıqlarını isə heç şeylə əvəz etmək və ya neft satışından əldə edilən dollarları ödəyərək bu balıqları başqa yerdə almaq mümkün deyil.

Çoxları hələ dərk etmir ki, təcili tədbirlər görülməsə, Xəzəri böyük ekoloji fəlakət gözləyir. Halbuki təsərrüfat strukturlarının özlərinin köməyi ilə, konkret, çoxməqsədli və perspektivli elmi-tədqiqat proqramlarınin işlənib hazırlanması və həyata keçirilməsi yolu ilə həmin fəlakətin qarşısını almaq mümkündür. Xəzər problemi bu gün son dərəcə aktualdır, lakin Xəzərin beynəlxalq-hüquqi statusu və neft ehtiyatlarının Xəzəryanı dövlətlər arasında bölünməsi məsələlərinin necə həll ediləcəyindən asılı olmayaraq, Xəzər bu regionun müştərək ekoloji obyektidir. Regionun bir hissəsində yaranan böhran bölünməz ümumi ekoloji fəlakətə çevrilə bilər, bu isə nəticə etibarilə Xəzəryanı dövlətlərdən hər birinin inkişaf planlarına və perspektivlərinə mənfi təsir göstərər.

Bununla əlaqədar, nə qədər kədərli də olsa, bir faktın üstündən sükutla keçmək mümkün deyil. Xəzər dənizini ən çox çirkləndirən dövlət Rusiyadır, çünki Volqa çayı vasitəsilə Xəzər hövzəsinə külli miqdarda zərərli qarışıqlar və ekopatogen xəstəlik törədiciləri gətirilir. Volqanın hər iki sahilində yerləşən külli miqdarda neftayırma müəssisələrində və müxtəlif sənaye obyektlərində yaranan tullantılar Xəzərə axıdılır. Bununla əlaqədar, saysız-hesabsız bioloji və geoloji sərvətlərin təbii xəzinəsi olan qədim Xəzərin nadir ekosisteminin qorunub saxlanması üçün tədbirlər planı işlənib hazırlanmalı və həyata keçirilməlidir. Lakin Azərbaycan ərazisinin az qala üçdə bir hissəsini işğal etmiş təcavüzkar qonşumuzla münasibətlərin indiki vəziyyətində bu məqsədə nail olmaq çox çətin, daha dəqiq desək qeyri-mümkündür. Müxtəlif mənbələrdən və vizual müşahidələr nəticəsində aldığımız məlumatlara əsasən dəqiq bilirik ki, ermənilərin işğal etdiyi torpaqlarımızda vəziyyət ekoloji baxımdan nəinki kədərli, hətta fəlakətli həddə çatmışdır. Bu gün işğalçılar Azərbaycanın dörd min hektara yaxın münbit torpağını vaxtilə Sovet ordusu tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin anbarlarında saxlanılan maddələrlə zəhərləyərək yararsız vəziyyətə salmışlar. Bu cür vəhşiliyin yolverilməz olması dəfələrlə göstərildiyinə baxmayaraq, onlar, həmişəki kimi, deyilənlərə qulaq asır, amma öz çirkin əməllərini davam etdirirlər.

Mənim ata yurdum Lənkəranın subtropik bölgəsində yaradılmış təbii qoruqda dünyadakı bütün quş növlərinə rast gələrsən. Gecələr isə gil basmış bataqlıqlarda adı Qırmızı Kitaba daxil edilmiş çöl pişiyinin miyovultusu eşidilir. Taleyin qismətindən, mən təbiətin bu dilbər guşəsində doğulmuşam, orada oxumuşam, orada boya-başa çatmışam. Heyf ki, indi buraya əvvəlki qədər tez-tez gələ bilmirəm.

Bu diyar insanları çoxdan köməyə çağırırdı. İnsanlar da, hətta dövlət xəzinəsində kifayət qədər pul olmadığı mürəkkəb vaxtlarda da ona gücləri çatan qədər kömək edirdi. İndi isə iqtisadi cəhətdən möhkəmlənmiş ölkəmiz subtropik zona üçün ekoloji baxımdan təhlükə doğuran bütün amilləri ləğv etmək məqsədilə kifayət qədər vəsait ayırır. Azərbaycan Respublikasının Prezidenti bu bölgəyə xüsusi diqqət yetirir. Ümumiyyətlə, bu gün ölkəmizdəki 8 milli park, 11 qoruq və 24 yasaqlıq xüsusi mühafizə olunan rayonlar sırasına aiddir. Onların ümumi ərazisi ölkə ərazisinin 10,1 faizini təşkil edir. Halbuki əvvəllər həmin göstərici 5 faizə bərabər idi. Xüsusi mühafizə olunan rayonlar arasında birinci yeri mənim boya-başa çatdığım Lənkəran rayonu tutur.

Neftin boş yerə axıb getməsinə yol verən neftçilər ciddi cəzalandırılır. Düzdür, belə hallar az-az olur, lakin sahilyanı subtropiklərdə tikilmiş təmizləyici qurğular kompleksi intensiv işləyir. Ölkəmizdə mürəkkəb vaxtlarda baş alıb gedən brakonyerlik hallarının sayı nəzərəçarpacaq dərəcədə azalmışdır. Qara kürü alveri ilə məşğul olan mafioz dəstələr ifşa edilmiş və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Artıq bir neçə ildir ki, kökü kəsilməkdə olan çöl quşlarının ovlanmasına lisenziyalar verilməsi məhdudlaşdırılmışdır. Bu tədbirlər sayəsində mənə uşaq dövründən tanış olan, yurdumuzun dilbər guşələrindən biri sayılan Lənkəranın əvvəlki siması bərpa edilməyə başlamışdır.

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı,

professor, Azərbaycan Mühəndis

Akademiyasının müxbir üzvü

 

Məqalə “Tribuna” qəzetindən tərcümə olunmuşdur. Məqalənin tam mətnini “Tribuna” qəzetinin www.tribuna.ru saytında oxuya bilərsiniz.

 

Xalq qəzeti.- 2010.- 6 aprel.- S.  5.