Qax geniş turizm mərkəzinə çevriləcək

 

Bu yaxınlarda yeni istifadəyə verilən Bakı Biznes Mərkəzində keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr edilən konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin geniş məzmunlu nitqi respublikamızın bütün bölgələrində sahibkarlığın inkişafına sözün həqiqi mənasında təkan verib, bu sahənin canlanmasına səbəb olub. Konfransdan sonra Qaxda da sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması istiqamətində görülən işlər geniş təhlil edildi, qarşıda duran vəzifələr müzakirə olundu.

 

Rayon icra hakimiyyəti tərəfindən araşdırılarkən məlum oldu ki, Qaxda Dövlət Proqramının icrası ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilsə də, bu sahədə hələ mövcud imkanlardan səmərəli istifadə edilmir. Xüsusilə, turizmin inkişafı üçün rayonda böyük potensial imkanlar mövcuddur. Əsrarəngiz gözəlliyə malik zəngin təbiət, səfalı bulaqlar, tarixi keçmişimizdən xəbər verən maraqlı abidələr, milli-mənəvi dəyərlərimizi yaşadan yerli əhali burada turizmin inkişafı üçün böyük zəmin yaradır. Təsadüfi deyildir ki, dövlətimizin başçısı İlham Əliyev Qaxa səfəri zamanı demişdir: ”Mən dünyanı görmüşəm, çox ölkələrdə olmuşam. Çox nadir hallarda belə gözəl təbiət, təbii iqlim, hava, yəni turizmin inkişafı üçün lazım olan bütün şərait vardır.”

Düzdür, Prezidentimizin səfərindən sonra rayonda turizmin inkişafı üçün az iş görülməyib. Lakin yuxarıda qeyd etdiyimiz kimi bu sahənin inkişafı üçün daha böyük imkanlar vardır.

Bunu nəzərə alan Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi yerlərdə olaraq muvafiq sahədə görülən işləri təhlil etməklə sahibkarlara əməli köməklik göstərməyi qərara alıb. Rayon icra hakimiyyətinin başçısı Telman Quliyev bu günlərdə rayonun bir sıra idarə, müəssisə rəhbərləri ilə birlikdə böyük turizm imkanlarına malik olan Qaşqaçay kəndində bu sahədə görülən işlərlə tanış olub. Başçıya bildirilib ki, turizm obyektləri inşa etmək üçün bu kəndin bələdiyyə fondundan torpaq alan 7 nəfərdən yalnız 3 nəfəri torpaq sahəsində müəyyən iş görməyə başlayıb.

Kənd sakini Adil Nuruşovun kəndin şimalında dağ yamacında “Ayı dərəsi” ərazisində aldığı 2 hektar torpaq sahəsində turizm obyektlərinin inşası üçün hazırlıq işləri başa çatmaq üzrədir. Onun verdiyi məlumata görə, inşaat işlərinə bu yaxınlarda başlanılacaqdır. Hələlik bu əraziyə dağın yamacından yol çəkilişinə başlanılıb. Çox təqdirəlayiq haldır ki, bir kilometr uzunluğundakı bu yolun çəkilməsində ağır texnikadan və digər texniki vasitələrdən istifadə olunmur. Bu da təsadüfi deyil. Belə ki, dağ süxurlarında eroziya, sürüşmə hadisələri baş verə bilər. Odur ki, bütün işlər yalnız külüng və çəkiclə icra olunur.

Kənd sakini Ülkər Qurbanova bələdiyyədən aldığı 2 hektar torpaq sahəsində də turizm obyektlərinin inşasına başlayıb. Hələlik inşa edilən 8 ailəlik istirahət obyektində və onun yeməkxanasında aparılan tikinti işləri tamamlanmaq üzrədir. Gələcəkdə obyektin genişləndiriləcəyi planlaşdırılıb.

Nizami Yunusovun kənddə uşaq istirahət mərkəzi təşkil etmək barədəki təşəbbüsü isə daha təqdirəlayiqdir. O, hələlik 25 nəfərlik rayondaxili və sonra isə 100 nəfərlik və daha çox yerlik rayonlararası uşaq istirahət mərkəzinin təşkili üçün müəyyən hazırlıq işləri görüb.

Bütün bunlarla tanışlıqdan sonra icra hakimiyyətinin başçısı kəndin abadlıq işləri ilə də yaxından tanış oldu. Sevindirici haldır ki, kənddə xüsusi layihə əsasında bələdiyyə və yerli iş adamlarının köməyi ilə mədəniyyət mərkəzinin yaradılması üçün müəyyən hazırlıq işləri gedir. Kəndin digər sosial problemləri ilə də tanışlıqdan sonra Telman Quliyev yerli iş adamları və kəndin rəhbərliyi ilə söhbət etdi. İş adamları öz planlarından danışaraq mövcud çətinliklərin aradan qaldırılması üçün təkliflərini söylədilər. O, irəli sürülən məsələlərin həlli üçün rayonun və kəndin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verdi.

Görüşdə həmçinin qərara alındı ki, kəndin ərazisində yeni iş yerləri açmaq üçün torpaq alan, lakin bu vaxtadək heç bir əməli iş görməyən iş adamları rayona dəvət edilərək kənd rəhbərliyi ilə birlikdə onlarla müvafiq söhbət aparılsın.

İcra hakimiyyətinin başçısı ilə söhbətimiz zamanı məlum oldu ki, belə tədbirlər rayonun digər kəndlərində də aparılacaq, yeni iş yerlərinin açılması üçün bütün imkanlardan səmərəli istifadə ediləcəkdir. Turizmin inkişafı istiqamətində rayonun İlisu kəndində müəyyən işlər görülsə də, bu sahədə böyük imkanları olan Qum, Çinarlı, Ləkit, Ləkit—Malax kəndlərində hələ əsaslı bir işə rast gəlinmir. Həmin ərazilərdə də bu vacib sahənin inkişafı üçün müəyyən təşkilat-təbliğat xarakterli tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Bundan ötrü müəyyən hazırlıq işləri görülməkdədir.

Bütün bunlar və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qarşıda duran digər məsələlər barədə martın 29-da “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş şura iclasında geniş söhbət getdi. Qeyd edildi ki, müvafiq Dövlət Proqramında rayonumuzda nəzərdə tutulan tədbirlər həyata keçirilməkdədir. Belə ki, elektrik, qaz və içməli su təchizatındakı ciddi çatışmazlıqlar əsasən aradan qaldırılıb. Sahibkarlar tərəfindən son beş ildə rayonda 10 mineral suların qablaşdırılması, 2 çınqıl, 5 fındıq emalı sexi, 2 un dəyirmanı, 2 asfalt zavodu, 1 tikiş sexi, 1 tütünqurutma məntəqəsi, 100- dən çox ticarət və iaşə obyektləri, 5 şadlıq sarayı, 1 mehmanxana və digər obyektlər tikilib istifadəyə verilib. 2009-cu ildə Dövlət Proqramına uyğun olaraq Baydarlı kəndində 360, Almalı kəndində 480 şagird yerlik məktəb binaları, statistika, VVAQ şöbələrinin inzibati binaları, Qarabağ müharibəsi və şəhid ailələri üçün 2 mərtəbəli 16 mənzilli yaşayış binası, 3 hektar ərazidə yeni park istifadəyə verilib. Rayonun bir çox yaşayış məntəqələrinin sel-sulardan mühafizəsi üçün sahilbərkitmə bəndlərinin, Hamamçay üzərində körpünün, YAP rayon təşkilatının, Uşaq Yaradıcılıq Mərkəzinin və digər bir çox obyektlərin inşası davam edir. Kənd təsərrüfatının inkişafı üçün suvarma sistemləri idarəsi tərəfindən yeni kanallar çəkilib, mövcud kanallar betona alınıb, təmizlənib.

Müvafiq dövlət proqramında rayonda kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin inşası nəzərdə tutulub. Bu məqsədlə rayonda bir günlük istehsal gücü 10 ton olan süd emalı müəssisəsinin inşasına başlanılıb. Rayonun “pavilyon” ərazisində meyvə tədarükü və emalı müəssisəsinin inşası üçün də hazırlıq işləri gedir. Rayondakı “Konserv” ATSC-də artıq istehsal prosesi bərpa olunmaqdadır. Son bir ildə zavodda 56 çeşiddə 300 min şərti banka, əsasən yabanı meyvələrdən şirə, marinad, mürəbbə və sair məhsullar istehsal olunub.

Şura iclasında kənd təsərrüfatı məhsulları istehsalının və emalının artırılması sahəsində rayonda həyata keçirilən digər tədbirlərdən də söhbət getdi. Əsas diqqət isə əlbəttə ilk növbədə qarşıda duran vəzifələrə yönəldildi. Çıxış edənlər həyata keçiriləcək tikinti-abadlıq işləri, yeni açılacaq iş yerləri, istifadəyə veriləcək sosial, sənaye, emal və turizm obyektləri haqqında məlumat verdilər. Sahibkarlar çıxışlarında respublika Prezidenti cənab İlham Əliyevə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Şura iclasında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin Qax rayonu üzrə yekunları və qarşıda duran vəzifələr geniş təhlil edildikdən sonra müvafiq sahədə həyata keçiriləcək tədbirlərin planı təsdiq olundu.

 

 

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2010.- 6 aprel.- S. 4.