Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasında

 

Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç zaman barışmayacaqdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Müraciətdə Azərbaycan dövlət müstəqilliyinin bərpasını elan edərək, demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmini əsas tutaraq, dünya birliyində layiqli yer tutmağı, beynəlxalq təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsi işinə kömək göstərməyi arzulayaraq, BMT Nizamnaməsinə sadiq qalacağını və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək BMT üzvlərindən xahiş etdi ki, təşkilatın üzvlüyünə qəbul olunmaq məsələsi nəzərdən keçirilsin.

 

1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən BMT Təhlükəsizlik Şurası ölkəmizin bu təşkilata üzv qəbul olunmasını tövsiyə etdi. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi.

Müstəqilliyə yenicə qədəm qoymuş Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qaldığına görə, ağır sosial-iqtisadi, hərbi-siyasi vəziyyətlə üzləşmişdi. İlk illərdə beynəlxalq aləm ilə münasibətlərin qurulmasında çətinlik çəkən və güclü informasiya blokadasını aradan qaldırmaqda böyük təzyiqlərlə qarşılaşan Azərbaycan üçün BMT kürsüsünün çox mühüm əhəmiyyəti var idi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması və obyektiv ictimai rəyin formalaşdırılmasında, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində 1992-ci il martın 6-da Nyu-Yorkda fəaliyyətə başlayan Azərbaycanın BMT yanında daimi nümayəndəliyi mühüm rol oynadı. Həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açıldı.

Azərbaycanın BMT ilə siyasi sahədə əməkdaşlığının əsas məqsədi Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətini münaqişə bölgəsində baş verən hadisələrə cəlb etmək və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırmaq idi.

BMT Nizamnaməsinə görə beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi üçün başlıca məsuliyyət Təhlükəsizlik Şurasının üzərinə düşür. Dövlətlər əgər mübahisəni BMT Nizamnaməsinin 33-cü maddəsində nəzərdə tutulan dinc vasitələrlə həll edə bilmirlərsə, onda mübahisəni təhqiq etmək üçün Təhlükəsizlik Şurasına müraciət edə bilərlər.

Təhlükəsizlik Şurası mübahisəyə aşağıdakı hallarda baxır: mübahisə edən tərəflər və ya digər dövlətlər müraciət etdikdə; Baş Məclisin tövsiyəsi ilə; Şuranın özünün qərarı ilə; BMT Baş katibinin müraciəti ilə.

Dövlətlər arasındakı mübahisəni həll etmək üçün Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamə və qərarlar tövsiyə xarakteri daşıyır və mübahisə edən tərəflər üçün məcburi hesab edilmir. Təhlükəsizlik Şurasının tövsiyəsinə baxmayaraq dövlətlər öz aralarındakı mübahisəli məsələni həll edə bilmirlərsə və bununla əlaqədar beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhlükə yaranırsa, məcburi tədbirlər tətbiq edilə bilər. BMT Nizamnaməsinə uyğun olaraq Təhlükəsizlik Şurası mübahisəli məsələləri dinc vasitələrlə həll etmək üçün geniş səlahiyyətlərə malikdir.

Ona görə də Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısını almağa, münaqişənin dinc, siyasi yolla nizama salınmasına kömək göstərməyə çağırdı. BMT Baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün regiona BMT-nin müşahidəçilər qrupunu göndərməyi qərara aldı. Bu məqsədlə 1992-ci il martın ortalarında BMT Baş katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyəti Bakıda, Dağlıq Qarabağda və Yerevanda səfərdə oldu və bu səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat verdi.

BMT Baş katibi Dağlıq Qarabağ probleminin həlli sahəsində ATƏM-in səylərini müdafiə etdiyini bildirdi. Onun vəziyyətə verdiyi qiymətdən aydın oldu ki, münaqişənin həlli yolunda regional təşkilatlar, xüsusən ATƏM əsas rol oynayır. BMT yalnız ekspertlər göndərməklə onlara kömək göstərə, habelə humanıtar sahədə yardım edə bilər. BMT Təhlükəsizlik Şurasının sədri də S.Vensin səfərinin yekunlarını müsbət qiymətləndirərək münaqişənin aradan qaldırılmasında Təhlükəsizlik Şurasının ATƏM-ə məsləhətlər verəcəyini bildirməklə kifayətləndi.

Cəzasız qalan Ermənistan təcavüzkarlığını daha da genişləndirirdi. Belə ki, 1992-ci il mayın 8-də İranın vasitəçiliyi ilə Tehranda Azərbaycan və Ermənistan rəhbərləri arasında Azərbaycan-Ermənistan sərhədi boyu və Qarabağın dağlıq hissəsində atəşin dayandırılması haqqında üçtərəfli saziş imzalanan gün Ermənistan silahlı qüvvələri növbəti razılaşmanı yenidən pozaraq, Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi Şuşa şəhərini zəbt etdilər. Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu bütün yuxarı Qarabağı işğal etdi. Bu hadisə BMT Nizamnaməsini və ATƏM-in prinsiplərini mütəmadi şəkildə pozaraq Qarabağın dağlıq hissəsini zorla ilhaq etməyə çalışan Ermənistan Respublikasının beynəlxalq hüquq normaları ilə bir araya sığmayan təcavüzkarlıq siyasətini davam etdirdiyini bir daha təsdiqlədi.

Şuşanın işğalından dərhal sonra Azərbaycan BMT Təhlükəsizlik Şurasının sədrinə və dünya dövlətlərinə müraciət edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çağırdı. Mayın 9-da Türkiyə dövləti Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi ilə əlaqədar təcili olaraq BMT Təhlükəsizlik Şurasının çağırılmasını xahiş etdi.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təklifi ilə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar məsləhətləşmələr keçirdi. Mayın 12-də Təhlükəsizlik Şurasının 3072-ci iclasında Dağlıq Qarabağda vəziyyət müzakirə edildi və Şuranın sədri Peter Xoenfellner (Avstriya) bəyanat verdi. BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatında iki məsələ öz əksini tapdı: son hadisələrin baş verdiyi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün BMT-nin xüsusi nümayəndəliyinin dərhal göndərilməsi və beynəlxalq birliyin qaçqınlara humanitar yardım göstərməsi haqqında.

Təhlükəsizlik Şurasının üzvləri bütün əlaqədar tərəfləri zorakılığa son qoymaq, Baş katibin nümayəndəliyinin işıni asanlaşdırmaq və onun təhlükəsizliyini təmin etmək üçün hər cür lazımi tədbirlər görməyə çağırdılar. Həmin gün Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının sədrindən xahiş etdi ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar olaraq BMT TŞ-nin xüsusi iclası çağırılsın.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin Təhlükəsizlik Şurasının sədrinə məktubu BMT-nin qərargah-mənzilində Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayıldı. Sənəddə Ermənistanın hərəkətləri suveren dövlətin ərazi bütövlüyünü pozmaq kimi qiymətləndirilir, dünya birliyindən Ermənistanın Azərbaycana qarşı təcavüzü faktının etıraf edilməsi tələb olunurdu.

1992-ci il ərzində BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə, qəbul olunan 12 may, 26 avqust və 27 oktyabr tarixli bəyanatlarda Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan böyük dövlətlər Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün qiymətləndirilməsinə çox ehtiyatlı və soyuq yanaşdılar, təcavüzün qarşısını almaq üçün beynəlxalq hüquq normaları və BMT Nizamnaməsini pozduğuna görə Ermənistana qarşı heç bir əməli tədbir görmədilər.

Təcavüz aktının baş verməsilə təcavüzə məruz qalmış dövlət BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurası qarşısında təcavüzkar dövlətin məsuliyyəti məsələsini qoyur. Təcavüz anlayışının müddəalarının bırində göstərilən faktın olması kifayət edir ki, Təhlükəsizlik Şurası təcavüzkara qarşı Nizamnamənin VI-VII fəsillərinə uyğun olaraq məcburiyyət tədbirləri görsün. BMT Baş Məclisinin 1967-ci il 18 dekabr tarixli 2330 (XXII) saylı qətnamə layihəsində təcavüz hərəkətlərinin qarşısını almaq və BMT Nizamnaməsinə uyğun olaraq beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və təsirli tədbirlər həyata keçirmək üçün təcavüz anlayışının mahiyyəti öz əksini tapmışdır.

1974-cü il dekabrın 14-də BMT Baş Məclisinin 29-cu sessiyasının 3314 saylı qətnaməsində ilk dəfə olaraq təcavüz anlayışının mahiyyəti və məzmunu açıqlandı və ona beynəlxalq hüquqi qiymət verildi. 8 maddədən ibarət olan qətnamədə təcavüzün nədən ibarət olması müəyyənləşdirildi.

Ona görə də Ermənistan Respublikası tərəfindən qətnamədəki hər hansı bir bəndin, ümumiyyətlə əksər maddələrin pozulması belə bir nəticəyə gəlməyə imkan verirdi ki, bu, hərəkətlər əsl təcavüz faktı kimi qiymətləndirilsin.

Cəzasız qalan Ermənistan təkcə Qarabağın dağlıq hissəsini tutmaqla kifayətlənmədi və təcavüzkarlığını daha da genişləndirdi. 1993-cü il martın 27-dən aprelin 3-dək Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Kəlbəcər rayonu işğal edildi. Ermənistan hökuməti Azərbaycan torpaqlarının işğalını yalnız Dağlıq Qarabağ ermənilərinin həyata keçirdiyini bildirdi. Halbuki, Azərbaycan ərazisinin işğal olunmasında Ermənistanın silahlı qüvvələrinin bilavasitə iştirakı danılmazdır.

Kəlbəcər rayonuna erməni təcavüzü başlayandan dərhal sonra Azərbaycan bölgədə yaranmış vəziyyət haqqında BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məlumat verdi. Azərbaycan dövləti Təhlükəsizlik Şurasından təcili iclas çağırmağı və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləməyi tələb etdi. Azərbaycanın bu tələbi Türkiyə tərəfindən müdafiə olundu. Məhz Kəlbəcərin işğalından sonra Türkiyə dövləti Ermənistanla sərhədini bağladı.

1993-cü il aprelin 30-da BMT TŞ-nin 3205-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 822 saylı qətnamə qəbul edildi. Qətnamədə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının ciddi narahatlıq keçirdiyi bildirilir, bununla da Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Bundan əlavə, sənəddə bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, eləcə də sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yolverilməzliyi bir daha təsdiq olundu.

Tərəflərin BMT TŞ-nin 822 saylı qətnaməsinin yerinə yetirilməsi və ATƏM çərçivəsində danışıqlar prosesinin bərpa olunması barədə Minsk qrupuna daxil olan 9 ölkənin nümayəndələrinin Romada işləyib hazırladığı təklifləri qəbul etdiyi bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycanın Ağdam və Ağdərə bölgələrində döyüş əməliyyatlarını gücləndirdilər.

Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonu işğal edildi. Ağdam rayonuna erməni təcavüzü başlayandan dərhal sonra Azərbaycan bölgədə yaranmış vəziyyətlə əlaqədar BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə müraciət etdi. Azərbaycan dövləti atəşin qəti şəkildə dayandırılması məqsədilə Ermənistan Respublikasından hərbi əməliyyatlara son qoymağı, habelə zəbt olunmuş Azərbaycan ərazilərindən işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb etdi.

Ağdamın işğalından sonra BMT Təhlükəsizlik Şurasının iyulun 29-da keçirilən 3259-cu rəsmi iclasının gündəliyində bir məsələ dururdu: “Dağlıq Qarabağda vəziyyət”. İclasın əvvəlində Təhlükəsizlik Şurasının sədri Devid Henney Şura üzvlərinə məlumat verərək bildirdi ki, bu iclas Azərbaycan dövləti adından Təhlükəsizlik Şurasına göndərilən və BMT-dəki daimi nümayəndəlik tərəfindən yayılmış məktubdakı təkidli xahişə müvafiq surətdə keçirilir.

Müzakirələrdən sonra BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonunun işğal edilməsi ilə bağlı 853 saylı qətnamə qəbul etdi. Bu qətnamədə də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olduğu göstərilir; beynəlxalq sərhədlərin pozulmazlığı və ərazilərin zor gücünə ələ keçirilməsinin yolverilməzliyi bir daha təsdiq olunur; hərbi əməliyyatların təxirə salınmadan dayandırılması və münaqişədə iştirak edən işğalçı qüvvələrin Azərbaycan Respublikasının Ağdam rayonundan və bu yaxınlarda işğal olunmuş bütün digər rayonlarından dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu.

Təəssüf ki, Baş katibin, eləcə də Təhlükəsizlik Şurasının bölgədə yaranmış vəziyyətə vaxtında qiymət verməməsi Ermənistanı daha da ruhlandırdı. Bu da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın digər ərazilərinin işğal olunmasına gətirib çıxardı.

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzünün artdığı bir vaxtda beynəlxalq təşkilatlar və böyük dövlətlər hadisələrə çox ehtiyatla yanaşdılar. Hələ 853 saylı qətnamə qəbul edilməzdən əvvəl Ağdamın işğalı ilə bağlı Təhlükəsizlik Şurasında keçirilən məsləhətləşmələrdə Şuranın daimi üzvləri ABŞ, Fransa və Rusiya münaqişəyə Azərbaycanla Dağlıq Qarabağ arasında gedən münaqişə kimi baxırdılar. Həmin ölkələrin nümayəndələri qətnamə qəbul edilərkən Ağdam və dıgər işğal olunmuş ərazilərə hücumu “Dağlıq Qarabağ ermənilərinin” hərəkəti kimi qiymətləndirdilər. Ermənistanı təcavüzkar dövlət kimi tanımadılar.

Ümumiyyətlə, 1993-cü ilin yayında Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayaraq Azərbaycanın digər yeni ərazilərini işğal etdi. Belə ki, avqust ayının 20-25-də Azərbaycanın Füzuli və Cəbrayıl rayonları, avqustun 31-də isə Qubadlı rayonu Ermənistan sılahlı qüvvələri tərəfindən zəbt olundu. 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası özünün 3292-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 874 saylı qətnamə qəbul etdi. Bu qətnamədə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edirdi. Əvvəlkilərdə olduğu kımi, bu qətnamədə də, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı münasibətlərdəki gərginliklə əlaqədar ciddi narahatlıq ifadə edilir; dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün qüvvə tətbiq olunmasının yolverilməzliyi bir daha təsdiq olunurdu. Lakin, cəzasız qaldığından Ermənistan Respublikası təcavüzkarlığını daha da genişləndirərək BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrinə məhəl qoymayaraq Azərbaycanın digər yeni ərazilərini işğal etdi.

1993-cü il oktyabrın 23-də Ermənistan Respublikasının silahlı qüvvələri atəşin dayandırılması haqqında razılaşmanı pozaraq Azərbaycan Respublikasının cənub-qərb rayonlarına güclü hücuma keçdi. Ermənistan ordusunun bu hücumda başlıca məqsədi Azərbaycan Respublikasının Zəngilan rayonunu ələ keçirmək, bununla da Azərbaycanın cənub-şərq hissəsinin tamamilə işğal olunmasını başa çatdırmaq idi. Bu məqsədi həyata keçirmək üçün Zəngilan rayonuna hücumdan bir neçə gün əvvəl Ermənistan ordusu Azərbaycanın cənubunda mühüm kommunikasiya qovşağı olan Horadiz qəsəbəsini tutmaqla Horadiz-Zəngilan sahəsində avtomobil və dəmir yollarını kəsmişdi.

Beləliklə, Azərbaycanın 60 min nəfərdən artıq əhalisi olan Zəngilan rayonu mühasirəyə düşmüş və onun Azərbaycanın dıgər rayonları ilə əlaqəsi kəsilmişdi. Zəngilan rayonuna hücum zamanı erməni qüvvələrinin ön hissələri Azərbaycanın İranla dövlət sərhədinə bilavasitə yaxınlaşmış və sərhədin 70 kilometr uzunluğunda məsafəsini nəzarət altına almışdı. Azərbaycanın onlarca yaşayış məntəqəsi Ermənistan Respublikasının qoşunları tərəfindən işğal olundu.

Azərbaycan dövləti Ermənistanın təcavüzkarlığının genişlənməsi ilə əlaqədar olaraq BMT Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək beynəlxalq birlıyin diqqətini Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüz həyata keçirdiyinə cəlb etdi və təcavüzkara qarşı bütün lazımi tədbirləri görməyə çağırdı. Ermənistan-Azərbaycan münaqişəsinin genişlənməsi və Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonunun işğalı ilə əlaqədar Azərbaycan dövlətinin xahişi ilə BMT Təhlükəsizlik Şurası özünün 3313-cü iclasında vəziyyəti müzakirə edərək 1993-cü il noyabrın 12-də 884 saylı qətnamə qəbul etdi. Bu qətnamədə də Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsindən və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin gərgin olaraq qalmasından ciddi narahat olduğunu bildirir; atəşkəsin pozulması nəticəsində hərbi əməliyyatların genişlənməsi, həddən artıq güc tətbiq edilməsi, o cümlədən Azərbaycan Respublikasının Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı təşvişlə qeyd edilir; Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi bir daha təsdiq olunurdu. Nəticədə, 884 saylı qətnamə əvvəlki, yəni - 822, 853, 874 saylı qətnamələrin məzmununu bir daha təsdiqlədi.

Ümumiyyətlə, 1993-cü il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının artması ilə əlaqədar BMT TŞ-nin və dünyanın aparıcı ölkələrinin qəbul etdikləri bütün sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. Lakin Təhlükəsizlik Şurasının daimi üzvləri olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq vermədilər. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxmasına deyil, münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük verdilər.

BMT TŞ-də aparılan müzakirələr zamanı və sənədlər qəbul edilərkən Şuranın daimi üzvləri olan böyük dövlətlər Ermənistan-Azərbaycan münasibətlərinin kəskinləşməsinin səbəblərinin, xarakterinin və məzmununun qiymətləndirilməsınə birmənalı yanaşmadılar. Qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü bu dövlətlərin böyük “səyləri” nəticəsində “Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi qiymətləndirildi.

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar müharibə apararaq BMT üzvü olan dövlətin ərazisinin ilhaqını davam etdirməsi nəticəsində, ölkəmizin ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz torpağında qaçqın vəziyyətinə düşdü. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, talan edildi və yandırıldı.

Ermənistan özünün minimum proqramını həyata keçirdikdən, yəni Dağlıq Qarabağ regionunun bütün ərazisini işğal etdikdən sonra onun sərhədləri boyunca “bufer zonası” yaratmağa başladı. Bu zona işğal edilmiş Dağlıq Qarabağ ətrafında yerləşən Azərbaycan rayonlarını əhatə edir. Təcavüzün gedişində Azərbaycanın Ermənistanla həmsərhəd rayonlarının demək olar ki, hamısı iki istiqamətdə: zəbt edilmiş Dağlıq Qarabağ regionundan və bilavasitə Ermənistan Respublikası ərazisindən aparılan hücumlardan sonra işğal olunmuşdur. Nəticədə, Azərbaycanın Ermənistanla dövlət sərhədinin 70 faizindən çoxu və İran İslam Respublikası ilə sərhədinin 160 kilometri işğalçı erməni qoşunlarının nəzarəti altına düşdü.

Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan qaldırılması sahəsində BMT və dünya birliyinin göstərdiyi səylər təəssüf ki, Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr vermədi. BMT-nin regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü faktının birbaşa etiraf olunmaması ilə bağlıdır. Ermənistan Respublikası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməyin mürəkkəb olduğunu bildirirdilər. Halbuki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Təhlükəsizlik Şurası sədrinin bəyanatlarında Ermənistan Respublikasının münaqişədə bu və ya başqa formada iştirakı etiraf olunurdu. Deməli, Ermənistan münaqişədə bitərəf olmayıb, dolayı yolla olsa da hərbi təcavüzə rəvac verib. Bu isə beynəlxalq cinayətdir və yuxarıda qeyd edildiyi kımi, BMT Baş Məclisinin 1974-cü ildə keçirilən 29-cu sessıyasında təcavüzün istənilən forması (birbaşa, yaxud dolayısı ilə) hərbi cinayət elan edilib. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin 7-ci fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər .

Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə ümummilli lider Heydər Əliyev 1994-cü ilin sentyabr aynında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmışdır.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev bu qurumun yüksək kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan dövlətinin prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır.

2000-ci ilin sentyabr ayında BMT-nin Minilliyin Sammitində çıxış edən Prezident Heydər Əliyev dünyada sülhün və təhlükəsizliyin qorunmasında bu beynəlxalq təşkilatın mühüm rol oynadığını qeyd etmiş, regional münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bildirmiş, bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini vurğulamışdır.

2003-cü ilin sentyabrında BMT Baş Məclisinin 58-ci sessiyasında iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev öz çıxışında beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlərin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT TŞ-nin şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilməsi üçün mövcud BMT mexanizmlərinin zamanın tələbinə cavab vermədiyini vurğulamış və bununla bağlı təşkilat daxilində islahatların vacib məsələyə çevrildiyini bildirmişdir. Azərbaycanın hökumət başçısının fikrincə, BMT Təhlükəsizlik Şurasında “həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalıdır”.

Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Belə ki, Azərbaycan beynəlxalq aləmdə BMT-nin rolunun artırılması və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirdi. Sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bildirmişdir ki, “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir”.

Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.

Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqləndi.

Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin BMT üçün əsas olmasını vurğulayaraq, onların 20 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, hələ də yerinə yetirilməməsini ədalətsizlik və ikili standartlar adlandırmışdır. Bu vəziyyətin dözülməz olduğunu vurğulayan Azərbaycan Prezidenti dövlətimizin prinsipial mövqeyini bu yaxınlarda Qəbələ rayonunda səfərdə olarkən orada məskunlaşmış məcburi köçkünlər və rayon ictimaiyyəti ilə keçirdiyi görüşdə bir daha bəyan etmişdir: “Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status- kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır”.

 

 

Elçin ƏHMƏDOV,

Azərbaycan Respublikasının

Prezidenti yanında Dövlət İdarəçilik

Akademiyası beynəlxalq münasibətlər və

xarici siyasət kafedrasının dosenti,

siyasi elmlər namizədi

 

Xalq qəzeti.- 2010.- 6 aprel.- S. 3.