Şərəfli həyat yolu
Hər gün Füzuli prospektindəki
binaların birindən kübar çöhrəli bir şəxs
çıxaraq iş yerinə - Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasına gəlir. Akademiyanın qapısından girməzdən
əvvəl qarşıdakı möhtəşəm binaya
doğma bir nəzərlə baxır. O, bu binadakı mərtəbələri,
otaqları bir anlıq xatirə süzgəcindən
keçirir. Axı ömrünün böyük bir hissəsi
bu binadakı otaqlarda keçib. Gəncliyi bu binanın sadə
bir otağından başlamış, sonra vəzifə dəyişdikcə
otaqlar da dəyişib...
Hər bir şəxs həyatının
hər hansı pilləsində dönüb arxaya — keçib
gəldiyi ömür yoluna baxanda xoş xatirəyə
dönmüş anları, günləri görürsə və
bu anlar, günlər xalqa, Vətənə xidmətdirsə,
bundan şərəfli, mənalı həyat ola bilməz.
“Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanlar həyatları boyu cəmiyyətdə, insanlar arasında alnıaçıq, başı uca olurlar. Ona görə ki, belə insan öz ömrünü - öz həyatını xalq yolunda şama döndərir. Öz xoşbəxtliyini, səadətini, varlığını vətənə xidmətdə görür. Həm də bu xidmət saf, təmiz, ləyaqətli ola.
Belə insanları cəmiyyət şəxsiyyət kimi qəbul edir, onların sözünə, fikirlərinə hörmətlə yanaşır. Onlar millətin genofondudur, mənəvi xəzinəsidir. Dediyimiz insanlardan biri də görkəmli ictimai-siyasi xadim, tarix elmləri doktoru, professor Namiq Axundovdur. Namiq Atalla oğlu Axundov 1940-cı il aprelin 7-də Azərbaycanın dilbər güşələrindən biri olan Lənkəran şəhərində anadan olmuşdur. Ancaq ailəsi Bakıya köçdüyünə görə onun uşaqlığı da Bakıda, İçərişəhərdə keçmişdir. 1957-ci ildə orta məktəbi bitirib. Çoxları orta məktəbi qurtarıb ali məktəbə gedir, gənc Namiq isə ailəyə kömək etmək üçün zavodda işə girir. Ali təhsili olmasa da yüksək savadı, yorulmaz işguzarlığı vardı. Tezliklə kollektivin hörmətini qazanır. İclaslarda onun ağıllı, uzaqgörən çıxışları həmişə hörmətlə qarşılanır. Çox keçmir gənc Namiqin adı o zaman çox hörmətli gənclər təşkilatı olan komsomol sıralarında çəkilir. Namiq Axundov birbaşa Azərbaycan LKGİ MK-ya təlimatçı təyin edilir. 1962-ci ildən başt verdi. 1966-cı ilə kimi Namiq bu vəzifədə çalışır. Onun işgüzarlığı burada da öz sözünü deyir. Cəsarətli çıxışları, milli ruhu ona hörmət, həm də diqqət yaradır.
1966-cı
ildə əvvəlcə LKGİ MK-da Gənclər Komitəsinin
sədr müavini, sonra isə sədri təyin olunur. 1969-cu
ildə N.Axundov Azərbaycan SSR Nazirlər Sovetinin referent vəzifəsinə
irəli çəkilir. Elə
bu vaxt o, ali təhsil almağın vacibliyini hiss edir. Həmin
il qəbul imtahanlarını müvəffəqiyyətlə
verib Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna
daxil olur. İnstitutu bitirən Namiq ikinci təhsil
almağı qərara alır. 1974-cü ildə Azərbaycan
Dövlət Xarici Dillər İnstitutunun alman dili fakültəsinə
daxil olur və 1978-ci ildə oranı bitirir.
Bu illər Namiq müəllim
artıq yüksək dairələrdə, MK-da də
tanınır. O isə gənclik həvəsi ilə həm rəyasət
pillələri ilə qalxır, həm də təhsilini
artırmaqda davam edir. Bunların hər ikisi o zaman Namiq müəllim
üçün qoşa qanad idi.
1982-ci ildə Namiq müəllim
Azərbaycan KP MK-nın beynəlxalq əlaqələr
şöbəsinə müdir müavini vəzifəsinə
irəli çəkilir. 1985-ci ilə kimi bu vəzifədə
çalışır, sonra ona şöbə müdirliyi həvalə
olunur. Mərkəzi Komitədə beynəlxalq əlaqələr
şöbəsi çox mühüm və məsuliyyətli
şöbələrdən biri idi. Bu şöbədə
işləyən adam bütün işgüzar xüsusiyyətlərə
malik olmaqla yanaşı, həm də xarici siyasəti, beynəlxalq
münasibətləri yaxşı bilməliydi. O günləri
xatırlayan Namiq müəllim həmişə fəxrlə
deyir ki, ulu öndər Heydər Əliyevlə işləmək
özü bir məktəb idi. Bütün sahələri dərindən
bilən Heydər Əliyev Azərbaycanı təkcə
SSRİ-də yox, bütün dünyada tanıtmaq istəyirdi.
Xarici ölkələrdə keçirilən Azərbaycan
günləri bu sahədə çox böyük əhəmiyyətə
malik idi.
1986-cı ildə Namiq müəllim
Moskva İctimai Elmlər Akademiyasının Beynəlxalq əlaqələr
şöbəsini bitirir, bir il sonra həmin institutda namizədlik
dissertasiyası müdafiə edir. 1989-cu ilə kimi MK-da
şöbəyə başçılıq edir. Burada işlədiyi
müddətdə doğma xalqı və respublikası
üçün bir çox vacib təşəbbüslər
irəli sürür və bu təşəbbüslər
böyük azərbaycanlı Heydər Əliyev tərəfindən
dəstəklənir. Bu baxımdan, onun təşəbbüsü
ilə 1970-1980-cı illərdə Fransa, Almaniya, İtaliya,
Avstriya, İsveçrə, Yaponiya, Seneqal və s. ölkələrdə
keçirilən Azərbaycan günləri xüsusi qeyd
olunmalıdır. “Vətən” cəmiyyəti də Namiq
müəllimin təşəbbüsü ilə
yaranmışdı. Azərbaycanda “Vətən” cəmiyyətinin
yaranması Sov.İKP MK-da beynəlxalq əlaqələr
şöbəsinin müdir müavini Karen Nersesoviç
Brutensin və Sov. İKP MK-da şöbə müdirinin 1-ci
müavini Georgi Şahnazarovun – bu erməni
daşnaklarının kəskin müqavimətinə tuş gəldi.
Onlar deyirdilər ki, “Vətən” cəmiyyətinin
yaranması azərbaycanlıların guya millətçiliyini
artırır. Ancaq Heydər Əliyevin səyi sayəsində
onların cəhdləri puça çıxdı.
İşinin və fəaliyyət
dairəsinin gərgin və geniş olmasına baxmayaraq Namiq
müəllim elmi işini də davam etdirir. 1991-ci ildə o,
Moskva İctimai Elmlər Akademiyasında doktorluq
dissertasiyasını müdafiə edir. Bu dəfə də
ermənilər ona qarşı çıxırlar. Ancaq
çayın həmişə axarına qarşı
durmağı bacaran Namiq Axundov özünün elmi məntiqi
ilə bu dəfə də erməniləri susdura bilir...
1985-ci ildə Namiq müəllim
Azərbaycan Ali Sovetinin deputatı seçilir və Ali Sovetin
sessiyasında xarici işlər üzrə komissiyanın sədri
seçilir.
Namiq müəllim harada
işləməsindən, hansı vəzifəni
tutmasından asılı olmayaraq heç vaxt milli qayədən
uzaqlaşmayıb. O, hər yerdə və hər zaman öz
xalqını, öz yurdunu əsl vətəndaş qəlbi
ilə sevmiş və buna da xidmət etmişdir.
Namiq müəllimin
tutduğu kürsülər imkan vermişdi ki, dünyanın
ən tanınmış şəxsləri ilə
görüşsün, onlarla təmasda olsun. Bu şəxslər
içərisində dövlət xadimləri də,
ictimai-siyasi xadimlər də, hesabında milyardlar olan iş
adamları da olubdur.
Azərbaycanın müstəqilliyi
uğrunda mübarizədə bütün varlığı
ilə çalışanlardan, bu mübarizənin ön
sıralarında gedənlərdən biri də məhz Namiq
müəllimdir.
1992-ci ildə Namiq müəllim
Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq
münasibətlər şöbəsinin müdiri vəzifəsinə
gətirilir. Burada o, 1997-ci ilə kimi işləyir.
Vətənə, xalqa
bütün varlığı ilə onun xidmətləri, rəşadətli
əməyi vaxtında və dəyərincə qiymətləndirilmişdir.
Bu fədakar insan “Xalqlar Dostluğu” ordeni, Əmək igidliyi
medalı ilə təltif olunmuşdur. Dəfələrlə
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanlarına
layiq görülmüşdür. SSRİ Sülhü
Müdafiə Komitəsinin Rəyasət Heyətinin, Asiya və
Afrika Ölkələrinin Həmrəylik Komitəsinin Rəyasət
Heyətinin üzvü seçilmişdir.
Namiq müəllim təkcə
Azərbaycanda və keçmiş SSRİ miqyasında deyil,
bizim ölkənin hüdudlarından çox-çox uzaqlarda
da tanınırdı. O, Nyu-Orlean (ABŞ) və Luiziana
(ABŞ) ştatının paytaxtı Boten Ruj şəhərinin
fəxri vətəndaşı seçilmişdir.
Bundan başqa o, Neapol
(İtaliya), Lüdvikshafen və Maynts (Almaniya) şəhərlərinin
medalları ilə təltif olunmuşdur. Bura biz ona həm də
bir sıra beynəlxalq təşkilatların verilmiş medal
və mükafatlarını da əlavə edə bilərik.
Namiq müəllimin bir alim,
mütəxəssis kimi pedaqoji fəaliyyəti diqqətə
layiqdir. 1999-cu ildən bu günə kimi Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının beynəlxalq münasibətlər və
xarici siyasət kafedrasının müəllimi, dosenti,
professoru kimi fəaliyyət göstərmiş, 2004-cü ildən
bu günə kimi isə magistraturanın dekanıdır.
Pedaqoji fəaliyyəti
dövründə Namiq müəllim onlarla aspirant və
dissertanta rəhbərlik etmiş, gənc alimlərin
yetişməsində çox böyük zəhmət
çəkmişdir. O, hamıya doğma, olduqca həssas bir
qayğı göstərir. Rəhbərlik etdiyi aspirant və
dissertantların vaxtında müdafiə etmələri
üçün yorulmadan çalışır. Hər
hansı bir gənc müdafiə edəndə bəlkə də
ən çox sevinən paklıq və saflıq mücəssiməsi
Namiq müəllim olur.
Professor Namiq Axundov pedaqoji fəaliyyəti
ilə bərabər beynəlxalq münasibətlər sahəsində
xeyli dərslik və monoqrafiyalar yazıb nəşr
etdirmişdir. Bunlardan “Azərbaycan və Beynəlxalq Parlament
təşkilatları”, “Avrasiya. Əsas coğrafi, siyasi və
iqtisadi göstəriciləri”, “Amerika. Əsas coğrafi,
siyasi və iqtisadi göstəriciləri”, “Avstraliya, Okeaniya,
Antarktida. Əsas coğrafi, siyasi və iqtisadi göstəriciləri”
və s. göstərmək olar. Alimin bu sahədə göstərdiyi
qlobal fəaliyyəti də dəyərincə qiymətləndirilmişdir.
O, “Qızıl Qələm” mükafatı laureatı, Azərbaycan
Təhsil Nazirliyinin bir neçə fəxri fərmanları
ilə təltif olunmuşdur.
Namiq müəllimin ən
gözəl xüsusiyyətlərindən biri də onun
xeyirxahlığıdır. Onu mübaliğəsiz
xeyirxahlıq simvolu adlandırmaq olar. Keçdiyi həyat
yolunda nə qədər insanın əlindən tutub, köməklik
edib, yeri gələndə müdafiə edibdir.
...Biz Namiq Axundovun
keçdiyi çox böyük, həm də hər kəs
üçün ibrətamiz həyat salnaməsindən
fraqmentlərə, anlara səyahət etdik. 70 illik bir
ömrü ləyaqətlə yaşamaq, xatirələrdə,
yaddaşlarda yalnız yaxşılıq, xeyirxahlıq, təmizlik,
sadəlik, kübarlıq simvolu kimi həkk olunmaq hər insana
nəsib olan deyil.
Namiq müəllimi məhz bu cür tanıyırlar. O, olduqca sadə, heç kimdən fərqlənməyən bir həyat yaşayıb. Sadə olduğu qədər də təvazökar, qibtə olunacaq qədər xeyirxahdır.
Musa QULUZADƏ,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının
aspirantura şöbəsinin müdiri, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”
mükafatı laureatı
Xalq qəzeti.- 2010.- 7 aprel.- S. 6.