Səhiyyə sistemi dünya standartlarına uyğun fəaliyyət göstərir

 

Son illər Azərbaycanın səhiyyə sistemində əsaslı dönüş yaradılmış, bu sahənin dünya standartlarına uyğun qurulması istiqamətində ciddi islahatlar aparılmışdır. Onu da qeyd edim ki, bu sürətli inkişafın əsası ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra ikinci dəfə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qoyulmuşdu. Bütün sahələrdə olduğu kimi, səhiyyədə də keyfiyyətcə yeni inkişaf mərhələsi başlandı.

 

1993-cü ildən sonra ölkədə başlanan əsaslı islahatlar özünü səhiyyədə də büruzə verdi. Bu sahədə çoxlu qanunlar qəbul edildi, insanların sağlamlığının qorunması sahəsində mühüm əhəmiyyətli tədbirlər həyata keçirildi. 1998-ci ilin martında isə “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” ulu öndərin imzaladığı sərəncam səhiyyədə sürətli inkişafa və bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına zəngin baza yaratdı. Həmin vaxtdan başlayaraq insanların sağlamlığının qorunması istiqamətində bir-birinin ardınca əhəmiyyətli qərarlar qəbul edildi.

2003-cü ildən başlayaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə geniş miqyaslı işlər həyata keçirilirdi. Bütün səhiyyə ocaqları yenidən qurulmuş, əsaslı təmir olunmuş, ən zəruri tibbi avadanlıqlarla təchiz edilmişdir. Ötən illər ərzində ölkəmizdə 43 yeni xəstəxana və müalicə-diaqnostika mərkəzi, növbədə 1800 nəfər xəstə qəbul etmək imkanına malik olan 46 ambulatoriya-poliklinika müəssisəsi, əlillər üçün 4 bərpa mərkəzi tikilib istifadəyə verilmişdir. 12 regional diaqnostika və sağlamlıq mərkəzi tikilmiş, ən müasir avadanlıq və tibbi ləvazimatla təchiz olunmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz çıxışlarında səhiyyənin inkişafının dünya standartlarına uyğun qurulmasını prioritet sahələrdən olduğunu diqqətə çatdırıb. Dövlət başçımız insanların sağlamlığının qorunmasını və səhiyyənin zəruri sahələrdən olduğunu dövlətin daim diqqətdə saxladığını qeyd edərək deyib: “Azərbaycan xalqı, Azərbaycan vətəndaşları yaşadıqları yerdən asılı olmayaraq bütün sahələrdə, xüsusilə səhiyyə sahəsində ən yüksək xidmətlə təmin olunmalıdır”.

Son illər ölkə başçısı çoxlu sayda tibb müəssisələrinin təməlqoyma mərasimlərində iştirak etmiş, bu sahədə aparılan tikinti işləri ilə şəxsən tanış olmuş, açılış mərasimlərində iştirak etmişdir. Bu da möhtərəm Prezidentimizin səhiyyəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Ölkəmiz sürətli inkişaf yolunda inamla irəlilədikcə insanlara göstərilən səhiyyə xidmətləri daha da yaxşılaşdırılır, ən müasir tələblərə cavab verən avadanlıqlar gətirilir, pullu xidmətlər ləğv edilir. Fakt üçün qeyd edim ki, 2008-ci il fevralın 1-dən Səhiyyə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrində əhaliyə pulsuz xidmət göstərilir. Göründüyü kimi, pullu xidmətlərin ləğv edilməsi insanların sağlamlığının qorunması istiqamətində irəliyə doğru atılmış daha bir addımdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 30 mart 2010-cu il tarixdə imzaladığı Ağcabədi, Beyləqan, İmişli və Saatlı rayonlarında əhalinin səhiyyə xidməti ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamı bizi xeyli ruhlandırmış, gələcəyə olan ümidimizi daha da artırmışdır. Söz yox ki, bu vaxta qədər əhalinin keyfiyyətcə yüksələn yaşayış səviyyəsi və həyat tərzinin tələblərinə uyğun olaraq müasir müalicə-diaqnostika mərkəzləri, xəstəxanalar, tibb məntəqələri inşa edilmiş, ümumilikdə səhiyyə sahəsinin maddi-texniki bazası əsaslı surətdə möhkəmləndirilmişdir. Dövlətimizin başçısı bu sahənin dünya standartlarına uyğunlaşdırılması istiqamətində öz fəaliyyətini davam etdirir, yüksək diqqət və qayğısını əsirgəmir. Sonuncu sərəncamda isə dörd rayonda yeni xəstəxanaların tikilməsi və təmiri bir vəzifə olaraq qarşıya qoyulmuş, bu məqsədlə Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsait ayrılmışdır.

Biz səhiyyə işçiləri bu yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan səhiyyə sistemi dünya standartlarına tam uyğunlaşdırılacaq.

 

 

Ələkbər ƏKBƏROV,

Saatlı Mərkəzi Rayon

Xəstəxanasının baş həkimi

 

Xalq qəzeti.- 2010.- 7 aprel.- S. 5.