Səlim Hüseynpaşa
oğlu Musayev
Azərbaycan biologiya elminə ağır itki üz vermişdir. Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Səlim Hüseynpaşa oğlu Musayev ömrünün 73-cü ilində dünyasını dəyişmişdir.
S.Musayev 1937-ci il mayın 29-da Gürcüstan Respublikasının Beşkeçid (indiki Dmanisi) rayonunun Yuxarı Oruzman kəndində anadan olmuşdur. 1961-ci ildə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. Ali məktəbin ictimai-mədəni həyatında yaxından iştirak etmiş, tələbə elmi cəmiyyətinin fəal üzvlərindən olmuşdur. 1966-cı ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra Balakən rayonunda müəllim işləmişdir.
Səlim Musayev elmi fəaliyyətinə 1967-1970-ci illərdə AMEA Botanika İnstitutunun ali bitkilərin sistematikası şöbəsinin aspirantı kimi başlamış və onun sonrakı həyatı həmin şöbə ilə bağlı olmuşdur. O, burada kiçik elmi işçi, böyük elmi işçi, herbari laboratoriyasının müdiri (1990-2007) vəzifələrində çalışmışdır. 2007-ci ildən ömrünün sonuna kimi ali bitkilərin sistematikası şöbəsinə rəhbərlik etmişdir.
1970-ci ildə “Vələmir cinsinin Qafqaz növləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun apardığı tədqiqatlar nəticəsində Qafqaz florasının vələmir cinsinin növ tərkibi müəyyənləşdirilmiş, keçmiş Sovet İttifaqı məkanı üçün 3 növ və 8 növ müxtəlifliyi, Qafqaz florası üçün bir növ və Azərbaycan florası üçün 5 növ ilk dəfə göstərilmişdir.
S.Musayev 1970-1985-ci illərdə Naxçıvan MR və Azərbaycanın digər bölgələrinə təşkil edilmiş ekspedisiyalara rəhbərlik etmiş, Mərkəzi Herbarium Fondunu yeni nümunələrlə zənginləşdirmişdir. Sonralar bioloq ali bitkilərin sistematikası sahəsində tədqiqatlarını davam etdirmiş və 1990-cı ildə uzun illər ərzində apardığı çöl və kameral tədqiqatların nəticələrinə dair Kiyev şəhərində “Azərbaycan taxılları” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Araşdırmalar nəticəsində təsvir etdiyi 10 növ dünya botanikləri tərəfindən yüksək qiymətləndirilmişdir və Beynəlxalq Nomenklatur Kodeksinə daxil edilmişdir.
S.Musayev xarici ölkələrdə keçirilmiş qurultay, simpozium və konqreslərdə dəfələrlə elmi məruzələrlə çıxış etmişdir. Tanınmış botanik 150-yə yaxın elmi məqalə və 5 monoqrafiyanın müəllifidir. Azərbaycan dilində yazılan “Azərbaycan florası” çoxcildliyinin yeni nəşrinin müəlliflərindən biridir.
Səlim Musayev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, 2004-cü ildə professor adına layiq görülmüşdür. Bir sıra elmi-tədqiqat institutlarının elmi şuralarının, AMEA “Xəbərlər” (Biologiya elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü və Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
Görkəmli alim, gözəl insan Səlim Musayevin xatirəsi onu tanıyanların qəbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət
Heyəti, Biologiya Elmləri Bölməsi, AMEA Botanika
İnstitutunun kollektivi
Xalq qəzeti.- 2010.- 8 aprel.- S. 7.