Azərbaycanın sosial-iqtisadi
uğurları beynəlxalq səviyyədə də etiraf
edilir
Son illər Azərbaycan sosial-iqtisadi sahələrdə
bir sıra uğurlar əldə etmiş, neft sahəsinin,
qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Birinci
və ikinci regional inkişf proqramlarının, habelə digər
mühüm sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin yüksək səviyyədə
reallaşdırılması nəticəsində yeni iş
yerlərinin və müəssisələrin
yaradılması, sosial infrastruktur təminatının keyfiyyətinin
yüksəldilməsi, sahibkarlıq mühitinin daha da
yaxşılaşdırılması, iqtisadiyyata investisiya
qoyuluşlarının artırılması, yoxsulluğun
azaldılması və s. məsələlər öz
müsbət həllini tapmışdır.
Uğurların mənzərəsini görmək üçün təkcə son bir ilin rəsmi statistikasından bəzi məqamlara diqqət yetirək. Xatırladım ki, sözügedən dövrdə ölkə əhalisinin sosial vəziyyəti daha da yaxşılaşmış, bütün infrastruktur layihələri, sosial proqramlar uğurla icra edilmişdir. Ötən ilin yekunlarına görə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasına çıxmışdır. Ümumi daxili məhsul 9,3 faiz, sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. İnflyasiyanın səviyyəsi 1,5 faiz olmuşdur. İqtisadiyyata 9,2 milyard dollar investisiya qoyulmuşdur. Ölkənin valyuta ehtiyatları 20,4 milyard dollar təşkil etmişdir. Keçən il 74 min yeni iş yeri açılmışdır. Yoxsulluğun səviyyəsi 13,2 faizdən 11 faizə düşmüşdür. Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və təmir edilmişdir. Beş böyük Olimpiya kompleksi istifadəyə verilmişdir.
Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilmişdir. Belə ki, məcburi köçkünlər üçün yeni qəsəbələr salınmış, yataqxanalarda yaşayan xeyli sayda məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür.
İqtisadiyyatda baş verən köklü dəyişikliklər əhalinin maddi rifahına müsbət təsir göstərmişdir. Ötən il ölkə üzrə işçilərin orta aylıq əmək haqqı 2008-ci ilə nisbətən 8,6 faiz artaraq 298 manata çatmış, inflyasiya səviyyəsini 7 faiz üstələmişdir.
Prezident İlham Əliyev demişdir ki, güclü siyasi dəyişikliklər olmadan, iqtisadi nailiyyətlər əldə etmək mümkün deyil. Azərbaycanda möhkəm siyasi sistem yaradılmışdır, qanunun aliliyi və cəmiyyətin demokratikləşməsi təmin edilmişdir. Bütün bunlar, o cümlədən də iqtisadi islahatlar bu gün də diqqət mərkəzindədir. Başqa sözlə, Azərbaycanda iqtisadi və siyasi islahatlar son illər paralel şəkildə aparılmışdır. Bunlar bir-birini tamamlamışdır. Məhz elə bunun nəticəsidir ki, ölkədə davamlı iqtisadi inkişafa nail olunmuşdur.
Azərbaycanda son illər infrastruktur və xidmət sahəsinə böyük həcmdə investisiya cəlb edilmişdir. Sahibkarlığa diqqət daha da artırılmışdır. Özəl sektorun dəstəklənməsinə ayrılan vəsait ildən-ilə artırılır. Əlbəttə, bu, iqtisadiyyatın şaxələndirilməsinə və onun dinamik inkişafına öz müsbət təsirini göstərir.
Yeri gəlmişkən, bir məsələyə diqqət yetirək. Bəzən belə bir fikir yürüdürlər ki, Azərbaycanda iqtisadi artım neft və qaz amili ilə bağlıdır. Burada müəyyən həqiqət var. Amma əslində, dövlət başçımızın dediyi kimi, ölkədə, eyni zamanda, insan kapitalına böyük həcmdə sərmayə qoyulur. Başqa sözlə, neft və qaz amili bizim üçün hədiyyə deyil. Azərbaycanda bu sahədə çox cəsarətli enerji siyasətini həyata keçirməklə mühüm uğurlar əldə edilmişdir. Neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.
Ötən il maliyyə böhranının dünya iqtisadiyyatına mənfi təsirinin şahidi olduq. Amma bu mənfi meyl Azərbaycana o qədər də ciddi təsir göstərmədi. Prezident İlham Əliyev bu barədə demişdir: “... Neftin qiymətləri üç-dörd dəfə aşağı düşdü. Buna baxmayaraq iqtisadiyyatımız inkişaf etdi. Milli valyutamız sabit qaldı. Qeyri-neft sektorunda tərəqqi dayanmadı. Bu, aydın şəkildə onu göstərir ki, iqtisadi inkişafımızın əsas səbəbi apardığımız iqtisadi islahatlar, eləcə də iqtisadi təşəbbüslər, bütün səylərimizin səfərbər edilməsi, əsas diqqətin sosial məsələlərə yetirilməsi və iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsidir...”.
Ümumiyyətlə, həyata keçirilən düşünülmüş siyasət nəticəsində ölkəmizdə böhranın acı fəsadları müşahidə edilməmişdir. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi aparıcı maliyyə institutları ölkəmizdə həyata keçirilən antiböhran tədbirlərini yüksək qiymətləndirmişdir. Dünya Bankının növbəti “Doinq-Business” hesabatında Azərbaycan öz yüksək mövqeyini saxlamışdır.
Yeri gəlmişkən,
bir məqama da toxunmaq istərdim. Bu da ölkədə neft amilinin oynadığı rolla
bağlıdır. Belə ki, Azərbaycanda neft hasilatı
getdikcə artır. Ötən il ölkəmizdə 50,4 milyon
tona yaxın neft hasil edilib. Qaz istismarında da uğurlar əldə
olunub. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan
enerji siyasətində əsas məqsədə
çatmışdır. Ümumiyyətlə, ölkəmizin
enerji siyasəti bu gün uğurla həyata keçirilir.
Ötən əsrin 90-cı illərinin ortalarından bu
günə kimi sözügedən sahənin dinamik
inkişafı məqsədilə müxtəlif tədbirlər
reallaşdırılmışdır. Bununla əlaqədar
bir məqama diqqət yetirək.
2006-cı ildə Avropa
İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində
Strateji Tərəfdaşlıq Memorandumu
imzalanmışdır. Avropa İttifaqı bu baxımdan
ölkəmizin strateji tərəfdaşıdır. Elə
buna görə də hazırda Azərbaycan bu nüfuzlu təşkilatla
birgə təchizatın şaxələndirilməsini əngəlləyən
məsələlərin həlli üzərində işləyir.
Yuxarıda xatırlatdım
ki, Azərbaycanda neft sektorunun inkişafı ilə
yanaşı, qeyri-neft sahəsi də diqqət mərkəzində
saxlanılır. Paytaxtda, eləcə də regionlarda
infrastrukturun bərpası və inkişafı, əhalinin
kommunal xidmətlərlə, o cümlədən elektrik
enerjisi, su və qaz ilə təchizatın gücləndirilməsi,
səhiyyə və təhsil müəssisələrinin
tikintisi, əhalinin sosial vəziyyətinin daha da
yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Sosial sahəyə
irihəcmli dövlət investisiyaları yönəldilir. Bu
isə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin
dayanıqlığını şərtləndirir.
Onu da deyək ki, makroiqtisadi
sabitliyi nəzərə alaraq qarşıdakı illərdə
bütövlükdə iqtisadiyyatın, o cümlədən
regionlarda ayrı-ayrı sahələrin inkişafının
başlıca şərtlərindən biri olan orta illik inflyasiya
tempinin və milli valyutanın məzənnəsinin məqbul
səviyyədə saxlanılması, vergi dərəcələrinin
optimal həddə müəyyənləşdirilməsi, kənd
təsərrüfatı məhsulları
istehsalçılarına tətbiq edilən güzəştlərin
müddətinin artırılması, yeni iş yerlərinin
yaradılmasının stimullaşdırılması və
xarici borcların səmərəli idarə olunması siyasəti
davam etdiriləcəkdir. Valyuta gəlirlərinin
artırılması, inflyasiya risklərinin azaldılması,
monetar və büdcə-vergi siyasətinin
koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin
artımının nəzarətdə saxlanılması və
s. tədbirlər hesabına makroiqtisadi vəziyyətə,
habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin
qarşısının alınması növbəti illərdə
də iqtisadi siyasətin başlıca məsələləri
hesab olunur.
Hazırda ölkədə
xüsusi diqqət yetirilən məsələlərdən
biri də ixracyönümlü məhsulların
istehsalını sürətləndirən müvafiq iqtisadi
mexanizmlərin tətbiqinə mühüm əhəmiyyət
verilməsidir. Belə ki, ixrac potensialının səmərəli
reallaşması, daxili bazarda sağlam rəqabət
mühitinin formalaşması, istehlakçıların
hüquqlarının qorunması məqsədilə
Ümumdünya Ticarət Təşkilatının prinsipləri
diqqət mərkəzində saxlanacaqdır.
Kənd təsərrüfatının
daha da inkişafı prioritet istiqamətlərdən biridir.
Aqrar bölmənin normativ hüquqi bazası, elmi-metodik təminatı
və kadr hazırlığı sistemi təkmilləşdirilir.
Sözügedən sahənin xammal istehsalı
stimullaşdırılır. Aqrar bölməyə maliyyə
dəstəyi artırılır, kənd təsərrüfatında
suvarma və meliorasiya təminatı
yaxşılaşdırılır.
Azərbaycanın nəqliyyat
sistemində də böyük uğurlar əldə
edilmişdir. Belə ki, ötən il bütün nəqliyyat
vasitələri ilə əvvəlki illə müqayisədə
3,7 faiz çox daşınmış, sərnişin
daşınması isə 6,9 faiz artmışdır.
İctimai nəqliyyatda xidmətin keyfiyyətinin yüksəldilməsi
məqsədilə 930 yeni avtobus, 15 metro vaqonu alınaraq
istismara buraxılmışdır. “Azadlıq prospekti”
stansiyası, “28 May” stansiyasının ikinci
çıxışı istifadəyə verilmişdir.
Respublikamızın 700
kilometrdən artıq avtomobil yollarında tikinti və təmir
işləri aparılmışdır. 4 yol
ötürücüsü, 5 yol qovşağı, 7
körpü tikilmişdir. Ucar-Yevlax və
Bakı-Şamaxı avtomobil yollarının yenidən
qurulması başa çatmışdır.
Yuxarıda qeyd edilənlərlə
yanaşı, onu da vurğulamaq istərdim ki, ölkəmizdə
ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində
görülən işlər daha geniş miqyas
almışdır. Prezident İlham Əliyev cari ili “Ekologiya
ili” elan etməsi ilə əlaqədar Azərbaycanın
bütün bölgələrində
yaşıllaşdırma tədbirləri uğurla həyata
keçirilir.
Sonda onu deyə bilərəm ki, bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Bu yol xalqımızı daha xoşbəxt gələcəyə, firavan həyata aparır.
Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyası “Azərbaycan
Dəmir Yolları” QSC ilk təşkilatının
sədri
Xalq qəzeti.- 2010.- 8 aprel.- S. 6.