“İz... Qala” sənədli
filminin premyerası olmuşdur
“Azərbaycan kinosu” həftəsi çərçivəsində
aprelin 7-də Əzizbəyov rayonundakı Mərdəkan Mədəniyyət
Sarayında Heydər Əliyev Fondunun təşəbbüsü
ilə “Salnamə” sənədli filmlər studiyasında
istehsal edilmiş “İz... Qala” ekran əsərinin
premyerası keçirilmişdir.
Tədbirdə
çıxış edən Əzizbəyov Rayonu İcra
Hakimiyyəti başçısının birinci müavini Əli
Heydərov son illər ölkəmizdə aparılan quruculuq
işlərindən danışmış və Heydər Əliyev
Fondunun reallaşdırdığı mühüm layihələrdən
söz açmışdır.
Bildirilmişdir ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, Əzizbəyov rayonunda da Fondun dəstəyi ilə onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət evi inşa edilmiş və ya əsaslı təmir olunmuşdur. Bu işlər bu gün də uğurla davam etdirilir.
Vurğulanmışdır ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə kino həftəsinin keçirilməsinə başlanılmışdır. Həftənin keçirilməsində məqsəd son illər Azərbaycanda çəkilmiş ekran əsərlərinə tamaşaçı marağını artırmaq və filmlərimizin təbliğini genişləndirməkdir.
Diqqətə çatdırılmışdır ki, yeni ekran əsərinin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Şamil Əliyev, operatoru Elşən Əliyevdir.
Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Almaz Sultanzadə, filimin rejissoru Şamil Əliyev və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğunun direktoru Fikrət Abdullayev bildirmişlər ki, tarixi abidələr baxımından Abşeron yarımadasının xüsusi yeri vardır. Yarımadanın şimal-şərqində yerləşən Qala qəsəbəsində və ona bitişik ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Abidələrin öyrənilməsinə ötən əsrin 60-cı illərində başlanılmışdır. Qayaüstü rəsmlər mövzusu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, nikah, astronomik rəmzlər və sair səhnələr təsvir olunmuşdur. Qayaüstü təsvirlərdə həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə Qala kəndinin ərazisində açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.
Sonra film nümayiş etdirilmişdir. Filmdə qədim Bakıətrafı kəndlərdən biri olan Qalanın zəngin tarixindən, iki il əvvəl Heydər Əliyev Fondunun himayəsi ilə Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasından bəhs edilir.
Tədbirdə
Milli Məclisin deputatları, Heydər Əliyev Fondunun
icraçı direktoru Anar Ələkbərov və
tanınmış mədəniyyət xadimləri iştirak
etmişlər.
Xalq qəzeti.- 2010.- 8 aprel.- S. 6.