“Nağıl dünyamızın
nağıl şahzadəsi”
1986-cı il... Martın 27-də
Azərbaycan mədəniyyətinə üz verən
ağır itki hamını kədərləndirdi. Möhtəşəm
səsiylə, ifasıyla ürəkləri riqqətə gətirən
böyük aktyor Səməndər Rzayev dünyasını
dəyişdi. Bu hadisə universitetdə təhsil
aldığım o illərin ən qəmli anları kimi
yaddaşımda həmişəlik iz qoydu. Lakin ölüm
onu bizdən yalnız cismən ayıra bildi.
Oynadığı obrazlarıyla, ürəkləri təlatümə
gətirən, daşı-divarı belə lərzəyə
gətirməyə qadir olan səsiylə qəlblərdə
yaşadı və yaşayacaq.
... Mən o səsi çoxdan eşitmirəm. Mən o səsin sahibini çoxdan görmürəm. O səsdən ötrü çox darıxıram. Gözlərim axtarır onu illərdən bəri. Bəzən bulaqların zümzüməsində, bəzən əsən rüzgarda, leysan yağışlarda, küləklərdə... səsi gəlir qulağıma. 41 illik ömür yolunda sənətin də, insanlığın da zirvəsinə yüksələn Səməndər Rzayev əsl azərbaycanlı, əsl vətəndaş, əsl insan idi. Öz səmimiyyəti, sadəliyi, təvazökarlığıyla dəyərli bir örnək idi. Köhnə kişilərə məxsus əzəmətli yerişi, qüdrətli səsi, düşündürən gülüşüylə... Adamı müdrikliyə, böyüklüyə, anlamağa, anlada bilməyə səsləyən səsiylə Azərbaycan teatr və kino sənətində özünəməxsus bir yer tutdu Səməndər Rzayev. Və illər keçdikcə bu yeri tutan, onu əvəz edən olmadı. Onun yoxluğuyla mənə elə gəldi ki, Azərbaycan səhnəsi də boşaldı, kino salonları da...
O,vüqarlıydı dağlar kimi, çağlayırdı şəlalə kimi, ərşi lərzəyə gətirirdi eşidiləndə səsi. Ağayana, ağıryana yerişi, müdrik görkəmiylə indi də gözlərim önündədir. Böyük aktyor ömrünün ahıllıq, müdriklik çağında tərk etdi bizləri. Bənzərsiz bir insan idi — dərk elədikləri, dərd bildikləri, anladıqları və anlada bildikləriylə. Anlada bilmədiyi, anlaya bilmədiyi isə təkcə ölüm idi.
Ölüm onunla aramızda çox uzun, qəmli bir yol açdı. İllərlə təəssüflənə-təəsssüflənə keçdik bu həsrət yolunu. Nəhayət...
... Həzin, kövrək bir yaz axşamı Səməndər oduna yananların, Səməndər həsrətini çəkənlərin ürəklərinə bir sərinlik, bir işıq yayıldı. Səməndər nuruna bürünmüş bu işığı yandıran AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, nəbatişünas alim, şairə-dramaturq, “Məlhəm” qeyri-hökumət təşkilatının sədri Xədicə Muradın “Nağıl dünyamızın nağıl şəhzadəsi” kitabı oldu.
Səməndər sənətinə böyük hörmət və ehtiramla, ziyalı təəssübkeşliyi ilə ərsəyə gələn bu kitab təqdirəlayiqdir. Mən deyərdim ki, Xədicə xanım böyük bir missiyanı üzərinə götürərkən heç də yanılmayıb. Bu vətənpərvər ziyalı Səməndər sənətinin, Səməndər səsinin ecazkar gücünə, səməndərsevərlərin sevgisinə güvənərək bu məsuliyyətin öhdəsindən şərəflə gəlib. Qüdrətli sənəti ilə ürəkləri fəth edən sənətkarın 65 illik anım gününə Xədicə xanımın ən böyük hədiyyəsi bu kitab oldu.
6 aprel. Rəşid Behbudov adına Mahnı Teatrının salonu ağzına kimi doluydu səməndərsevələrlə. Əməkdar artist, dövlət mükafatı laureatı olan böyük aktyorun həyat və yaradıcılığından bəhs edən kitabın təqdimatı Səməndər Rzayevin audio lentinin səsləndirilməsi ilə başladı.
İlk söz kitabın rəyçisi filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıya verildi. Sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çıxış etdi. Görkəmli aktyorun uşaqlıq dostu Rasim Balayevin xatirələri alqış sədaları altında dinlənildi. S.Rzayev yaradıcılığının tədqiqatçılarından İntiqam Mehdizadə aktyorun yaradıcılıq məziyyətlərindən, onunla bağlı xatirələrindən danışdı. “Bulaq” verilişinin məsuliyyətini mərhum aktyordan sonra ləyaqətlə daşıyan İlham Əsgərovun çıxışı da maraqla qarşılandı. Ağalar Bayramın ifasında səslənən şeirlər ruhumuzu oxşadı, bizi o illərə qaytararaq nostalji anlar yaşatdı.
Opera və Balet Teatrının solisti, əməkdar artist Gulyaz Məmmədova, muğam ustası, əməkdar artist Zabit Nəbizadə, “Qarabağ bülbülləri” ansamblının yetirməsi Yaqut Qarabağlı, əməkdar artist Zeynəb Behbudova, aşıq Əhliman və başqalarının ifaları tədbirə xüsusi ovqat bəxş etdi.
Sonda unudulmaz aktyorun qızı Rübabə Səməndər ürək sözlərini söylədi – atasız dünyasının atalı vüqarıyla, atalı qüruruyla. Və bu vüqara da, qürura da onun mənəvi haqqı vardı.
Bu görüş bizi “Nağıl dünyamızın nağıl şahzadəsi” Səməndər Rzayev aləminə apardı, bir daha o ecazkar səsin sehrinə daldıq, Səməndər sənətinin heyranı olduq.
Aida ŞÜKÜRLÜ
Xalq qəzeti.- 2010.- 8 aprel.- S. 7.