Bakıda beynəlxalq ekologiya olimpiadası
Azərbaycan paytaxtı dördüncü dəfədir
ki, məktəblilərin
beynəlxalq ekologiya olimpiadasına ev sahibliyi edir. Bu barədə Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq
Layihə Olimpiadasının
təşkilatçısı olan “Çağ” Öyrətim Şirkətinin
prezidenti Ənvər Özərən mətbuat
konfransında ətraflı
məlumat verdi.
Şirkət rəhbəri
bildirdi ki, Təhsil, Ekologiya və Təbii Sərvətlər
nazirliklərinin, Dövlət Neft və İctimai Teleradio
Yayımları şirkətlərinin dəstəyi ilə
keçirilən məktəblilərin beynəlxalq ekoloji
layihə olimpiadası artıq dünya uşaqları və
yeniyetmələrinin böyük həvəslə
qoşulduqları bilik-bacarıq yarışmalarından birinə
çevrilib. Azərbaycanın təşəbbüsü və
təşkilatçılığı ilə keçirilən
bu məclisdə iştirak edən ölkələrin sayı
ildən-ilə artır.
Builki olimpiadaya müxtəlif
qitələrin 33 ölkəsindən məktəblilər gəlmişlər.
“İnepo – Avrasiya” adlı ekoloji yarışmaya 300-dək
layihə təqdim olunmuşdu. Onlardan 97-si yekun mərhələ
üçün qəbul olunmuş və balaca
araşdırmaçılar artıq Bakıdadır. Ölkəmizdən
olimpiadada 52 şagird iştirak edir. Onlar “Çağ” şirkəti
liseylərinin və respublikanın digər qabaqcıl məktəblərinin
yetirmələridir.
Ənvər Özərən sonda bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili ekologiya ili elan etməsi respublikamızın bu bəşəri problemə necə həssaslıqla yanaşmasını göstərir və olimpiadanı daha yüksək səviyyədə keçirmək üçün bizə əlavə həvəs və güc verir.
“Çağ” Öyrətim şirkəti Azərbaycan – Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz bildirdi ki, olimpiada iştirakçılarının yerləşməsi, sərbəst yarışması, istirahəti və əyləncəsi üçün qurumun bazasında hər cür şərait yaradılmışdır. “Çağ” məktəbliləri olimpiadada maraqlı layihələrlə çıxış edirlər.
“İnepo – Avrasiya” ekoloji layihələr yarışmasının əsas məqsədi getdikcə qloballaşan problemin mahiyyətini və aktuallığını gənc nəslə çatdırmaq, şagirdlərdə ekoloji təfəkkür formalaşdırmaq, ətraf mühitin qorunmasında onların fəal iştirakını təmin etmək, mövzu ilə bağlı məktəblilərin beynəlxalq əməkdaşlığına nail olmaqdır. İnanırıq ki, müstəqillik illərində Azərbaycan təhsilinə 75-i qızıl olmaqla, 358 medal qazandırmış “Çağ” şagirdləri, ötən dəfələrdə olduğu kimi, indi də yarışmada layiqli qələbə qazanacaqlar.
Aprelin 7-də beynəlxalq layihə olimpiadası iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri Xiyabanındakı məzarını ziyarət etdilər. Beynəlxalq heyət dünən Heydər Əliyev Fondunda oldu. Onlar hami qurumlarda keçirilən görüşlərdə də iştirak edəcəklər.
Bakı Əl Oyunları Sarayında təşkil olunmuş sərgidə dünya xalqlarının məktəbli ekoloqlarının layihələri nümayiş olunacaq, uşaqlar və böyüklər təqdim olunan işlərlə yaxından tanış olacaqlar. Aprelin 10-da olimpiadanın təntənəli bağlanışında qaliblər mükafatlandırılacaq.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2010.- 8 aprel.- S. 5.