VAQİF MUSTAFAZADƏ—70

 

Muğamdan caza uzanan nəğməli yol

 

Onu İçərişəhərdən tanıyırdım. Məhəllənin bir başında bizim evimiz yerləşirdi, digər başında isə onların evləri. Evlərinin altında bizim küçənin çörək dükanı var idi. Hər dəfə çörək almağa gedərkən, onların açıq pəncərəsindən fortepiano səsi gəlirdi. Musiqi səsləri də müxtəlif idi. Bu gah muğam ifasıydı, gah adi fortepiano üçün məşğələlər, qammalar, gah da o zaman bizə qəribə gələn improvizasiyalar idi. Bircə onu bilirdik ki, bu evdə İçərişəhərin yaraşıqlı oğlanlarından olan Vaqif yaşayır və fortepianoda da çalan məhz odur. Onu da bilirdik ki, Vaqif, Zivər xalanın oğludur. Zivər xala da İçərişəhərin hörmətli ziyalı qadınıdır, musiqi müəllimidir, çoxlu tələbələri var, yanına gələn tələbələrə klassik musiqiylə yanaşı, muğam çalmağı da öyrədir.

 

Bu mənim uşaqlıq xatirələrim idi. Mən sonralar bildim ki, Zivər xala - Zivər Xanım Əliyeva Azərbaycanın ilk professional musiqi təhsili almış qadınlarından olub, Üzeyir bəy Hacıbəylinin tələbəsi olmuşdu. Amma o zaman o, Vaqifin anasıydı və yeganə övladı olan Vaqifin üzərində əsirdi. Bizim məhəllə heyranımız olan Vaqif isə tipik İçərişəhər uşağıydı. Məhəllədə futbolunu oynayan, evinin tinində saatlarla dayanıb, tay-tuşlarıyla söhbət edən, mübahisə aparan, böyüklərnən ədəb-ərkan saxlayan, İçərişəhər qızlarını qoruyan dəliqanlılardan idi.

İçərişəhərin sakinləri biri-birini çox yaxşı tanıyırdılar və bir birinin də uğuruna çox sevinib, kədərini birlikdə yaşayan olmuşdular. Belə uğurlardan biri də Vaqifin payına düşdü. Vaqif Mustafazadə payına. Artıq onu İçərişəhərdə Zivər xanımın oğlu kimi yox, Vaqif Mustafazadə kimi tanımağa başladılar.

Bu hadisə 1966-cı ildə oldu. Tallin şəhərində keçirilən caz festivalından qalib kimi qayıdandan sonra artıq məhəllə uşaqları Vaqifə böyük hörmət və qibtə ilə yanaşırdılar. Bu uğurlar ard-arda ğəlməyə başladı.Və açıq pəncərədən indi, yalnız caz improvizasiyalarının səsi gəlirdi. Amma bu ifa həmişə alışdığımız caz deyildi. Bu ifa muğam çalarlarıyla dolu, Azərbaycan cazı idi. Beləliklə Vaqif Mustafazadənin yeni yaratdığı caz - muğam, İçərişəhərin ab - havasında yarandı. Bu belə də olmalıydı. Gözünü açandan muğam sədaları altında böyüyən bu gəncin mayası doğma musiqisi ilə yoğrulmuşdu. Tallin uğurları 1967, daha sonra 1969 - cu illərdə təkrarlandı. Nəhayət, 1978- ci ildə Tbilisidə keçirilən caz festivalında o, ən yaxşı pianoçu kimi mükafatlandırıldı.

Vaqif Mustafazadə doğrudan da istedadlı, bacarıqlı pianoçu idi. Onun müəllimi Azərbaycanda bir çox pianoçular yetişdirən G.G.Şaroyev olmuşdu.O, məharətlə caz çaldığı qədər, eyni məharətlə də klassik əsərləri ifa edirdi. Bunu demək kifayətdir ki, o, özünün yazdığı fortepiano və orkestr üçün konsertini filarmoniyanın səhnəsində ifa edərkən, dinləyici qarşısında mahir ifaçı, kamil pianoçu var idi. Baxmayaraq ki, sonralar bu konserti bir çox pianoçular ifa etdi, amma mən cəsarətlə deyə bilərəm ki, bu əsəri Vaqif Mustafazadə kimi ifa edən olmadı.

Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdu.Ciddi, mürəkkəb əsərlər çalırdı və birdən-birə Vaqif İçərişəhərdə görünməz oldu. Xəbər yayıldı ki, Gürcüstana gedib. Sonralar biz bildik ki,onu caz festivalında görüb, bəyəniblər və Tbilisinin məşhur “Orero” kollektivində işləməyə dəvət ediblər. O zaman bu kollektiv olduqca məşhur idi, çoxlu qastrol səfərlərində olurdu. Bir ifaçı üçün çox maraqlı bir təklif idi həmin kollektivdə çalışmaq. Beləliklə, Vaqif Mustafazadə həyatında uzun müddətli bir Gürcüstan dövrü başladı.Sonralar o, burada Gürcüstan filarmoniyasının “Caz-trio-Qafqaz” kollektiviylə də çalışmağa başlayır. Bu kollektiv də caz kollektivləri arasında məşhur idi.

Təsadüf elə gətirir ki, o zaman Azərbaycanın mədəniyyət naziri olan Rauf Hacıyev Gürcüstanda olanda Vaqifin ifasını dinləyir və onu Bakıya dönüb, Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət edir. İçərişəhər yenidən öz qəhrəmanını görməyə başladı. Dostları yenə də onun ətrafındaydı. Gürcüstandan dönən Vaqif, uzunsaçlı, qalınbığlı, daha təmkinli olmuşdu. Amma yenə də hərzamankı kimi hörmətcilliyini,mehribanlığını, qülərüzünü saxlayan Vaqif idi.

Artıq öz kollektivini qurmaq, sərbəst çalışmaq istəyən Vaqif Mustafazadə, əvvəlcə 1970-ci ildə qızlardan ibarət vokal instrumental qrup “Leyli”ni, sonra isə 1971- də ”Sevil” ansamblını yaratdı.O vaxtlar Azərbaycan estrada musiqisinin ən parlaq dövrlərindən biri idi. Bir tərəfdən oğlanlardan ibarət məşhur “Qaya” vokal instruiental ansamblı, digər tərəfdən qızlardan ibarət “Sevil” kollektivi... Gözəl, sağlam rəqabət... İşin xeyrinə olan, Azərbaycan musiqisinin inkişafı naminə rəqabət... Bəstəkarlar bu kollektivlər üçün mahnı yazmaq yarışmasına girmişdilər.

“Sevil” vokal instrumental ansamblı Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin tərkibində yaradılmışdı. Vaqif Mustafazadə bu kollektivi yaradarkən çox böyük əzab- əziyyətlərdən keçmişdi. Hər efirə çıxmaq üçün o zamanın bürokratik əngəllərini aşmaq lazım idi. Bütün bunlara baxmayaraq, “Sevil” ansamblı böyük müvəffəqiyyətlər qazana bilmişdi. Bu ansamblla yanaşı o, Azərbaycan Dövlət Filarmoniyasında da bir kollektiv yaratdı. Kollektivin adı “Muğam” instrumental ansamblı idi. Bu kollektivlə caz kompozisiyalarını yaratmağa başladı. Nəhayət, 1977-ci ildə Vaqif Mustafazadə bu kollektivlə Donetskdə keçirilən caz festivalından laureat kimi qayıtdı. 1979-cu il. Bu il Monako-79 Beynəlxalq Caz Festivalının qalibi Vaqif Mustafazadə elan olundu. Həmin il, Daşkənd qastrolları başladı. Vaqifin son qastrolu oldu. Neçə illərin gərgin iş rejimi, səhərə qədər çalışmaq, studiya yazıları, bürokratik əngəllər, qastrollar bütün bunlar yaman yormuşdu onu. Vaqifin ürəyi bu yükü qaldıra bilmədi. Vaqif Mustafazadə səhnədə, “Əzizəni gözləyərkən” əsərini ifa edərkən, səhnə ilə vidalaşmışdı. Onu səhnədən birbaşa xəstəxanaya çatdıra da bilməmişdilər. Mən deyərdim ki, bu əsəri ifa etmənin bir mistik mənası var idi. O, Əzizəni gözləyərkən, sanki, səhnədə öz yerini sevimli qızı olan Əzizəyə verib, dünyasını dəyişmişdi. Bu gün isə onun adını və yolunu nəinki Azərbaycanda, eləcə də dünyada yaşadan qızı Əzizə Mustafazadə var, Vaqif davamçıları olan Azərbaycanın neçə-neçə istedadlı caz ifaçıları var.

 

 

Həcər BABAYEVA,

əməkdar incəsənət xadimi

 

Xalq qəzeti.- 2010.- 9 aprel.- S. 7.