Zirvələr
DÜNYA NƏDƏN TƏRS
DOLANMIR?
Hacıbaba ustad heç vaxt varlı-hallı olmayıb.
Daim toylara gedib, evinə qazanc gəlib, amma elə qazandığı süfrəsində olub.
Lakin o, mənəviyyatca zəngin idi və bu zənginlikdən hədiyyələr verməyi xoşlayırdı.
Ən əziz ərməğanı da şeir olurdu.
Sevdiyi, xətrini əziz tutduğu, sənətinə ehtiram bəslədiyi insanlara şeirlər həsr edirdi.
Bir bölük ithaf şeirləri var, hamısını sidq-ürəkdən yazıb.
Hansınısa yazdığı şəxsə bağışlayıb, hansınısa təqdim etməyə macal tapmayıb, elə özündə qalıb.
Ya bəlkə, özündə saxladığı ithaf şeirlərini heç vəsf etdiyi şəxslərə çatdırmaq istəyi də yoxmuş, sadəcə, ürəyini boşaltmaqçün yazırmış?!
Tam səmimi Adam idi – hansısa şeir həsr etdiyi şəxsə ürəyində istək azalanda, qəlb bağladığı o kəs könlünü qıranda həmin ithafdan çəkindiyi, şeirin təyinatını dəyişdiyi də olub.
Lakin onun ən sabit və axıracan dərin hörmət bəslədiyi, yaradıcılığını izlədiyi və şeir həsr etdiyi bir ünvan da vardı – Bəxtiyar Vahabzadə.
Hacıbaba müəllim Nəbi Xəzriyə, Cabir Novruza qarşı bir az soyuq idi. Deyəsən, onlar haçansa qəlbinə dəymişdilər, şeirlərinin o dövrdə yeganə əsas ədəbi dərgi olan “Azərbaycan”da dərc edilməsi üçün umduğu dəstəyi əsirgəmişdilər. Hacıbaba ustad, hətta, onların təxəllüslərini də dəyişərək deyirdi...
Cabir Novruz da, Nəbi Xəzri də görkəmli sənətkarlar idilər, ola bilsin, onların Hacıbaba müxəmməs və şeirlərinə, qəzəllərinə münasibəti ədəbi prinsiplərlə, sırf zövqlə bağlı bir yanaşma idi.
Lakin şeirə münasibətdə Hacıbaba Hüseynovun da öz dəyərləndirmələri, güzəştsiz meyarları vardı.
Hecaya da biganə deyildi – qoşmaları, təmsilləri, digər şeirləri də var hecada.
Lakin əruzu
daha üstün tuturdu.
“Əruzu sevməyən
muğamatı qəlbən istəyə bilməz”, – deyirdi.
“Yazıçılar
İttifaqının 500 üzvü var, çoxusu yumruqla qafiyə
düzəldəndir. Gül kimi şeirlər yazıram, məni
yandıran odur ki, sözü qara qəpiyə dəyməyənlər
meydan sulayır, bu şeirlər qalıb qıraqda”, – deyirdi.
***
Bu, Hacıbaba
ustadın Bəxtiyara həsr etdiyi şeirdən
parçadır.
Bu şeir həm
də Hacıbaba müəllimin minnətdarlığı idi.
O, muğamla bağlı
heç bir mühüm hadisəyə, yaxşı-yaman
münasibətə biganə qalmırdı.
Bəxtiyar
Vahabzadənin geniş əks-səda doğuran “Muğam”
poeması işıq üzü görüncə Hacıbaba
ustad bu əsəri hər sətrini gözünə təpə-təpə
oxumuşdu.
“Muğam” poemasının
şeiriyyəti və fəlsəfəsi, əsərdə
muğama şairin verdiyi yüksək qiymət, muğamı
duymaq və sevmək üçün bu poema ilə
açdığı körpülər Hacıbaba müəllimi
riqqətə gətirmişdi və bu misraları
yazdırmışdı:
Ucaldı bəxti bu gün ərşə
Bəxtiyarımızın,
Sevimli
şairidir indi ruzigarımızın.
Nəva-yi şuriş ilə
səhn-i bağə səs salacaq,
Sədalı
bülbülüdür çünki laləzarımızın.
Məqamı tərif edib,
artırıb şərafətini,
Hüdudi yoxdu
dəxi, bil ki, iftixarımızın.
Şeirlə söylədiyi
fikr-i bikrə (namuslu, təmiz fikrə - R.H.) eşq olsun,
Həqiqi
aşiqidir yar-i gülüzarımızın.
Səda-yi musiqini dahiyanə
vəsf eləmiş,
Dilində nəğməsidir
əhl-i musiqarımızın.
Təbiət ömrün
onun heç zaman xəzan eləməz,
Ətirli
qönçəsidir fəsl-i növbaharımızın.
Büsat-i şeirdə, gər,
Hacı ixtiyar eləsə,
Əlindən
öpməlidir çünki tacidarımızın.
Bu isə Bəxtiyar Vahabzadənin
1977-nin ilk yanvar günlərində Hacıbaba ustada
yolladığı təşəkkür məktubu: “Əzizim
Hacıbaba! Çalışaram şeirdə mənə
verdiyin qiyməti əməllərimlə doğruldam. Arzu edirəm sənətin gün-gündən
çiçəklənsin, qanmayanlar da başa düşsün!”
Hacıbabanın
dərdi qanmayıb dananlar deyildi.
Qanmayanlar
gec-tez başa düşür.
Hacıbabanı
ağrıdan qanıb dananlardı və belələri arif adam üçün həmişə həm təhlükə,
həm sarsıntı mənbəyi olur.
***
1990-cı ildə
ustad haqda “Ocaq başı” filmini çəkərkən bir
gün onun iki istəkli yetirməsini – Alim Qasımovla Səxavət
Məmmədovu arayaraq çəkiliş qrupu ilə Hacı
müəllimgilə getdik (yeri gəlmişkən, ustad hər
iki yetirməsinə şeir ithaf edib. Hacıbaba müəllimin
tələbələri çox olub. O nə hər
muğam oxuyanı, nə hər tələbəsini
axıracan bəyənər və tərif edərdi. Amma
Alimi, Səxavəti və Aqil Məlikovu bütün yetirmələrindən
seçib ayırırdı:
Cavanlar içrə bu
gün tək deyil məqamı bilən,
Birisi Alim
adında, biri Səxavətimiz.
Məqam-i eyşdə
bunlardı şahə naz eləyən,
Deyillər: “Davuda bənzər
bizim məlahətimiz”.
Bu ithaf qəzəlində
bir beyt də var ki, mətləb uzansa belə, onu
vurğulamadan, həmin beytdəki ustad
arxayınlığını, sənətkar şəstini
diqqətə çatdırmadan ötüb keçməyi rəva
bilmirəm.
Abşeronun bir
sıra toylarında çox vaxt gedişat elə gətirirdi
ki, eyni yığnaqda Hacıbaba müəllim tələbələri
ilə oxuyası olurdu.
Onun Alim və Səxavətlə
eyni məclisdə üzləşdiyi də az
olmamışdı.
Bu məqamlarda
Hacı ummurdu ki, cavan, səsli tələbələri – ona
ata kimi ehtiram bəsləyən yetirmələri nədəsə
güzəşt etsinlər.
Bu, sənət
yarışması idi.
Və
Hacıbaba tələbələrini belə öyrətmişdi
ki, bu əsnada heç vaxt, qarşındakı lap
qardaşınsa belə, aman olmamalıdır.
Hər dəfə
də Hacıbaba müəllim belə yarışmalarda yox
yerdən elə heyrətli məharətlər
doğurmağı bacarırdı ki, məclis əhli də
mat qalırdı, onunla yarışa girən sənətçilər
də.
Diqqət
yönəltmək istədiyim elə bu şeirdəki həmin
cəhətdir.
Hacı tələbələrini
öydüyü qəzəlin son beytində, hər halda, dəryada
duran qocaman dağa bənzədiyini və onlarla mübarizədə
qalib gəlmək əzmini də ifadə edir:
Qürur ilən oturub,
Hacı, saqi məclisdə
Ayağa dursa əgər
ondadır qiyamətimiz).
Tələbələrindən
Aqili həm üslubca özünə daha yaxın
sayırdı, həm də onun başqa şagirdlərinə
nisbətən şeirə vaqifliyi və aludəliyinin daha
qabarıq olduğunu hiss edirdi. Muğamda onu
özünə varis hesab edirdi, şeirində bunu
açıqca söyləyirdi və heyrətli bir uzaqgörənliklə
ona tövsiyə edirdi ki, tar-kamandan aralı düşməsin.
İş
ondadır ki, Aqil xanəndəlik yox, dərvişlik etməyə
başladı, muğam və şeir bilgisini, oxu məharətini
illərcə bu səmtə yönəltdi.
Ruhani musiqimiz
belə bir peşəkarı öz sırasında
varlığı ilə qazandı.
Muğamatımız
itirdi.
Hər halda,
Aqil, nəhayət ki, ustadın ona həsr etdiyi və həmişə
əlyazmasını cibində gəzdirdiyi o qəzəldəki
məsləhətə əməl etdi, qayıtdı
tar-kamana.
Amma, məncə, bu,
çox gec baş verdi.
Azı 20 il
itirildi.
Xanəndə
kimi parlamaq fürsəti qaçırıldı.
Hacıbaba ustadın bu
şeirdə Aqilə yönələn öyüdləri, əslində,
hər cavan sənətkara nəsihətdir:
Adın Aqil, özün aqil,
eşit aqildən, ey Aqil,
Çalış
hər bir zaman ol sən Füzuli şeirinə qail.
Əgər gəncinəsindən
ol şəhin bir zərrə kəsb etsən,
Olursan aləm-i şeir
içrə çox əsrarə sən nail.
Mənim səndən ricam
oldur, məqamat elmini öyrən,
Gələn nəslin şux
övladı, derəm kim, olmasın zail.
Mən ölsəm, musiqi əhli
məqamı səndən istərlər,
Odur kim,
ciddi cəhd eylə, bu eşqə olginən mail.
Tarın tut damənin, qoyma
kaman səndən kənar olsun,
Nolur kim,
bəzi xanəndə olub bu zövqdən qafil.
***
Hacıbaba
Hüseynov ruhca nəcib insan idi, qədirbiləndi. Ona edilən
yaxşılığı heç vaxt unutmurdu, əvəzini
çıxmaq üçün nəsə etmək imkanı
olmayanda, ən azı, bu yaxşılıq sahibi haqqında tərifli
sözləriylə onun adını şərəfləndirirdi.
(1984-cü ilin
26 dekabrında ustadı o vaxt
çalışdığım Şərqşünaslıq
İnstitutuna görüşə dəvət etmişdim. Mənim
haqqımda bir neçə tərifli söz söyləyəndən
sonra lətifə danışdı ki, bir ləzgi xeyirxahı
olan insanın adını çəkərək “Onu
öldürmək istəyirəm” deyir. Təəccüblənirlər
ki, niyə?
Fikirli-fikirli dillənir:
“Vallah, mənə o qədər yaxşılıq eləyib
ki, bunun əvəzini heç cür çıxa bilməyəcəm.
Ona görə də çarə buna qalıb
ki, öldürüm, canım qurtarsın”.
Və Hacıbaba müəllim
əlavə elədi ki, lətifəsi Rafaeldən uzaq olsun, o
da mənim zəhmətimi o qədər çəkir ki,
bilmirəm neyləyim...
Beləcə,
zarafatıyla məclisimizə əlavə bir məzə
qatdı.
Amma
yaxşı ki, lətifənin dediyini o vaxtlar mənə tətbiq
eləmədi.
O vaxt Hacı müəllim
üçün hələ neyləmişdim ki!
Əsas işlər
sonralar görüldü).
Hacıbaba müəllimin ən
çox minnətdar olduğu varlıqlardan biri söz idi və
sözün borcundan çıxmaqçün onun gördüyü
iş yalnız oxumaqdan ibarət deyildi.
Hansısa
unudulmuş, heç adı bilinməyən bir şairin
şeirindən 3-4 misra, ya bir neçə beyt əlinə
yetirdi.
Bilirdi ki, belə
qəlpə halında o şeir tikəsi yaşamayacaq, gec-tez
unudulub gedəcək. Əlavə misralar artırırdı, həmin
şeir qırığının ahənginə uyğun sətirlərlə
o parçanı bütövləşdirirdi, oxuyurdu və
itkin bir şeir həyata təzədən
qayıdırdı.
Nigara, zülfünə
tapşır, üzündən bir kənar olsun,
Tökülsün
çiyninə çin-çin, yerində bərqərar
olsun.
Bu 3 beytlik bir
müəllifi naməlum şeir idi.
Hacıbaba ustad o şeiri
tamamladı və elə məlahətlə oxudu ki, şeir
ölümsüzləşdi:
Cəmal-i yarə
üç beyti deyibdir ayrı bir şair,
Qalan dörd
beyti de, Hacı, o üç beyt aşikar olsun.
Faciəli taleli ictimai xadim və
ziyalı Ruhulla Axundovun heç kəsin yadına düşməyən
atası Əli Axundovun bir misrasından yapışaraq bu
adı da məhz Hacıbaba ustad hər kəs
üçün aşikar etdi:
“Göz
qırpma, könül, naz ilə ol yar yatıbdır”.
Bunu Əli
Axundov yazmışdı.
Hacıbaba neylədi:
Açma, ey dil,
gözünü əks-i rüx-i yar keçər,
Odu aram-i dilim,
zülf-i şəb-i tar keçər.
Ah u fəryadı unut, vəxt-i
qənimətdi bu kim.
Dinmə, ahəstə
danış, fəsl-i o gülzar keçər.
Şəhd-i innab-i ləbi
çarədi biçarə üçün,
Gəlsə
göftarə o gül ah-i dil-i zar keçər.
Görsə Misr əhli, yəqin,
şəhr-i cəmalın bilirəm,
Yusif azad olunar
Misridə, bazar keçər.
Səbr-i Əyyubi,
könül, dərk qıl Əyyub kimi,
Məhrəm-i
vəsl günü səndəki azar keçər.
Göstər
iczilə bu gün pir-i xərabata məni.
Qorxum oldur ki, gəlib
bəzmdən əğyar keçər.
Sirr-i pünhani demə
faş olu rüsvalığımız,
Bu rəh-i
eşqi tutub Hacı xəbərdar keçər.
***
Hacıbaba
müəllim sözünün yerini bilən, hansı
sözü hansı məqamda dilə gətirməyi,
hansı şəraitdə susmağın daha məsləhət
olduğunu yaxşı hiss edən bir insan idi.
Təsadüf
elə gətirir ki, tez-tez dəvət edildiyi Nardaran
toylarından birində bir nəfər cibindən qəzəl
çıxarıb verir Hacıbabaya, vərəqin
üstünə xələtini də qoyur və “bunu oxu”
deyir.
Hacıbaba
ustad danışırdı ki, sifariş verilmişdi, yerinə
yetirməliydim. Bu, toydur, bu meydandasansa, bu meydanın oyun
qaydalarına da əməl etməyə hazır olmalısan.
Amma şeiri verən məni istəyən adam
deyildi və o şeiri də mənə məqsədlə
vermişdi. Nardaran kimi dindar bir yerdə o
şeiri oxusam, yəqin, narazılıq edənlər də
olacaqdı. Baxmayaraq ki, şeir Şəhriyarınkı
idi:
Getmə, tərsa balası,
mən də sənə sayə gəlim,
Damənindən
yapışıb mən də kəlisayə gəlim.
Ya sən islamı qəbul
eylə, mənim dinimə gəl,
Ya ki, təlim
elə, mən məzhəb-i İsayə gəlim.
Hacıbaba ustad mikrofondan məclisə
müraciət edir: “Mənə verilən bu şeir ustad Şəhriyarındır.
O şeirin 3-4 beytini oxuyub ardını öz beytlərimlə
davam etdirəcəm. Bu beytlərdə Şeyx Sənan
rəvayətinə işarə var. Bu beytlər Əsli-Kərəm
əhvalatına bənzəyir. Mənsə
onun əksini deyəcəm. Qoy bu da usta Şəhriyara
bir cavabımız olsun”.
Və
başlayır oxumağa.
Əlavə edəcəyi
beytləri Hacıbaba ustad irəlicədən
yazmamışdı.
O beytlər elə burada, bu məclisdə,
oxu əsnasında yaranacaqdı.
Başlayır oxumağa və
Şəhriyar şeirindəki məntiqi çevirir tərsinə,
əlavə edəcəyi beytlər, elə bil ki, ilahi sehrlə
uçub gəlir ona sarı:
Yox, sənəm,
anlamadım, səhvimi iqrar edirəm,
Buraxıb
dinimi mən din-i Məsihayə gəlim?
Sən mənim dinimə gəl!
İczilə xatircəm elə,
Mən də
öz əhdim ilə aləm-i sevdayə gəlim.
Sən gedib Hacı kimi
eşq büsatında otur,
Pir-i meyxanə
ilə mən də o məvayə gəlim.
***
1984-cü ildə
“Qobustan” toplusunda Hacıbaba Hüseynov haqqında iri bir məqalə
yazmışdım və o yaşa gəlib çatmış
Hacıbaba ustad haqqında bu, təəssüf ki, mətbuat səhifələrində
dərc edilən ilk yazı idi.
Elə həmin
günlərdə Hacıbaba müəllimin həyatında həyəcanlı
bir görüş olmuşdu. Uşaqkən qonşuluqlarında
yaşamış və o çağlar bənd olduğu ilk
sevgilisiylə (10 yaşında bir oğlanın 9
yaşında bir qıza istəyinə “sevgi” demək
mümkünsə), yəni ki, artıq xeyli yaşlı
qadınla rastlaşmışdı.
O yazıda həmin əhvalatı
da yazmışdım, elə üstündən illər
keçəndən sonra olduğu kimi burada da verirəm.
***
Trolleybus
çoxdan dayanmışdı.
Və
qanadlarını aşağı salaraq elə sakit durmuşdu
ki, deyirdin, bu gün tərpənəsi deyil.
O biri sərnişinlər
ikibir-üçbir düşüb getmişdilər.
Qalmışdı ikicə nəfər
– bir ağsaqqal kişi, bir ağbirçək
qadın.
Yanaşı
oturacaqlarda əyləşmişdilər və hərəsi
öz aləmində idi.
Əvvəl qadın dilləndi:
– Tanımadın məni?
– Bəlkə, onlara deyəsən,
bu trolleybusu hərəkətə gətirsinlər, hörmətli
adamsan.
(Özlüyündə
fikirləşdi ki, rəhmətliyin qızı, elə bilir
oxuyuruq deyə hər şeyə qadirik, hamı
sözümüzlə oturub-durur. Day demir, heç sənətdə
istədiyimizin çoxunu edə bilmirik).
– Yaxşı, mən
düşüm onda. Piyada getsəm, bəlkə
də, çoxdan çatmışdım. Yadına sala bilmədin. Çəmbərəkəndli...
Bu sözə
diksinən kimi oldu. Qadına bir də diqqətlə
baxdı.
Tanımağına
tanımadı. Bu ağsaçlı, yaşlı
qadını o 9 yaşlı qıza bənzədəcək
heç bir əlamət qalmamışdı.
Amma bildi ki, bu
odur.
– İstəyirsən
taksi saxlatdırım?
– Yox, lazım deyil, elə
gedə-gedə söhbət edək.
– Yadında, adımı bəyənmirdin,
deyirdin qoca adıdır. Bax, indi gəlib
düşüb yerinə.
– İndi də
adın yaşına uyğun gəlir, amma sənətinə
yaraşan adın yoxdur.
– Rəhmətliyin
qızı, bundan sonra mənə adın nə faydası.
Elədiyimi eləmişəm,
hamı məni el xanəndəsi kimi tanıyır, “ustad”
deyir, 40 ilin sənətkarıyam, bundan sonra ada-filana nə
ehtiyacım?!
– Eh, təskinlikdir də
verirsən özünə...
***
Bu, olmuş əhvalat
idi. Amma o vaxt bunu yazmaqla mən həm də Hacıbaba
Hüseynovun niyə fəxri ada layiq görülməməsinə
etirazımı bildirmişdim.
Deməyin ki,
niyə belə üstüörtülü.
Oçağkı
senzuralı mətbuatda, hətta, həqiqəti bu səviyyədə
çatdırmaq da cəsarət nümunəsi
sayılırdı.
Ardıcıl
səylərimiz olmasaydı, bəlkə də, Hacıbaba
ustad dünyadan elə adsız gedəcəkdi.
1989-cu ildə Hacıbaba
Hüseynovun 70 illiyi ərəfəsində onun işlədiyi
Asəf Zeynallı adına musiqi məktəbi adından
hazırlanmalı olan təqdimatın mətnini mən
yazdım və ustada birbaşa “xalq artisti” adı verilməsi
orada əksini tapdı.
Yuxarıdan bildirdilər ki,
Hacıbaba Hüseynovun xalq artisti adına
layiqliyinə biz də şübhə etmirik, ancaq doğrudan
da, belə istisnaya getməyək, əvvəlcə “əməkdar”
verək, qısa müddətə “xalq”ı da alar.
Doğrudan da,
o günlərəcən birbaşa “xalq artisti” adı bir
Cabbar Qaryağdıoğluna verilmişdi, bir də Seyid
Şuşinskiyə.
İkisinə
də qoca yaşlarında.
Seyidin ad məsələsiylə
bağlı Hacı müəllim danışırdı ki,
bir səhər qəzetdə Ağaya “xalq artisti” adı verilməsi
xəbərini oxuyaraq tez gəlir Filarmoniya bağına.
Seyid skamyada oturubmuş, deyəsən,
bir az da xumarmış, mürgüləyirmiş.
“Dedim: “Seyid, təbrik edirəm,
sənə ad veriblər”.
Başını
qaldırdı: “Nə veriblər?”
Dedim: “Ad veriblər, xalq
artisti adı”.
“Əh” deyib əlini
yellədi, yenə başını aşağı sallayaraq
mürgülədi”.
Hacıbaba
ustadsa, hər halda, fəxri adların ləzzətini
yaşadı.
Yetmiş illiyində əməkdar
alandan az sonra, 1990-cı il oktyabrın 29-da
Azərbaycanın xalq artisti adına layiq görüldü.
Çoxdan
halal payı olan, xalqın, əslində, ona çoxdan
vermiş olduğu ad dövlət tərəfindən də rəsmi
təsdiqini tapdı.
İsmivü salmaz xəlayiq
əzbərindən heç zaman,
Qədrivü
xalqın bilibdür, el verib qiymət sənə.
Şah Hüseynə zair
oldun, çatdın arzu kamuva,
Kərbəla
torpağın öpmək oldu həm qismət sənə.
Səndə qeyri-adi bir xislət
var idi bimisal,
Çin olurdu,
çox təəccüb, yetsə hər niyyət sənə.
Buzovna məscidinin
axundu, ruhani aləmimizin ən ziyalı simalarından olan
Hacı Soltanla şərikəm.
Doğrudan da, Hacı müəllim
elə saf adam idi, nə arzulasaydı, nə
niyyət etsəydi, adətən, gerçəkləşərdi.
O, İmam Hüseyn, Məhəmməd
Füzuli əsiri idi.
70-i adlayandan
sonra gedib hər ikisinin məzarını ziyarət etdi.
Seyid Əzim
aşiqi idi.
Gedib onun da məzarının
daşından öpmək qisməti oldu.
Ömrün
son iki-üç ilində səhhəti tədricən
laxlayırdı.
Onda təngnəfəslik
əmələ gəlmişdi.
“Xəstəlik
əziyyət verir, nəfəsim də daralır. Amma bir cəhətdən
Allahımdan razıyam ki, sözə, oxumağa ürəyimdə
cavan yaşımda olan həvəs, eşq elə əvvəlki
kimidir. Azalmayıb ki, artıb”.
Bir eşq heykəli
idi Hacıbaba ustad.
Məhəbbətlə
dolu idi.
Məgər
özünüz eşitmirsiniz, məgər özünüz
görmürsünüz?
Sənsiz mənə zindan
görünür, sanki, bu aləm,
Gəl dönmə vəfadən,
Vaz keç bu ədadən,
Gəl-gəl,
gözəlim, gəl, məni qurtar bu bəladən.
Sadəcə
oxumur, nəfəs alır bu sətirlərdəki
duyğularla.
Gülü atdım
gülzara,
Bülbül onu suvara,
Yazı mənə söz verdi,
Ay, qışı qaldım
avara.
Neyləməli, iyləməli,
Ax, bu dərdi
kimə söyləməli?
Kim deyər bu
sətirləri belə şövqlə oxuyan yaşlı bir
insandır?!
Qarpız kəsdim, yeyən
yox,
Vallah, dərdim bilən yox,
Yarım mənlə
barışıb,
“Gözün aydın” deyən
yox...
Kim deməz ki,
belə ehtirasla oxuyan sevgiylə qaynayan cavan bir
oğlandır?!
***
Olar bir gün nigarından gələr
xoş bir xəbər, Hacı,
Gələr ol bəxt-i bərgəştən
olarsan bəxtəvər, Hacı,
Əgər eşq əhlisən,
səbr et, keçər dərd ü kədər,
Hacı,
Görərsən yar
açıb zülfün, o tellər mişkbar olmuş,
Açılmış
qönçələr, sirr-i təbiət aşikar olmuş.
Axır
saatınacan eşq əhli olaraq qaldı.
Axır nəfəsinəcən
məhəbbətlə çırpındı.
Axır
gününəcən sənət üçün
çalışdı.
Ömrünün
son günündə də sevənləriylə
görüşə getmişdi.
Görüşdən
sonra onu evə qaytaranda da maşında söhbətə
tutmuşdular, danışdıqlarını lentə
almışdılar.
Dinləyirəm
həmin son söhbətlərini.
Yol gəlir.
Evə gəlir.
Ölümə
doğru gəlir.
Danışır,
şeir oxuyur.
Bir neçə
saat sonra həyatda olmayacaq.
Məhəbbətlə
doludur...
Hüsn ilə eşq olmasa,
dəhrdə olmaz səfa,
Olmasa Hacı, cahan tərsinə
dövran edər.
***
Sovet
dövründə bütün sahələrdə mərkəzləşmə,
nəzarət olduğu kimi, ifaçıların Moskvanın
“Melodiya” firması xətti ilə səslərinin,
çalğılarının vallara yazılması da
hökumətin (yaxud onun məmurlarının) seçimi ilə
baş verirdi.
Sovet onillərində
vallarının buraxılması ilə şeir
kitablarının çıxması Hacıbaba Hüseynovdan
ötrü əlçatmaz arzu idi.
Hacıbaba Hüseynova
“yaşıl işığ”ın yanması sovet dövlətinin
dağılan vaxtlarına, texniki tərəqqidə də
yeni səhifələrin açıldığı
çağlara təsadüf etdi.
Daha val
ötülmüş mərhələ idi.
Hacıbabanın
ilk diskləri çıxdı.
Azərbaycanda
yox, xaricdə.
Özünün
olmadığı çağlarda səsi yazılmış
disklər ölkəmizdə də, vətəndən kənarlarda
da dönə-dönə buraxıldı, yəqin, bundan sonra
da olacaq.
Amma köhnə
xanəndələrimizi düşünürkən, nədirsə,
həmişə ilk növbədə vallar, qarammofonlar,
patefonlar yada düşür.
Hərdən mənə elə
gəlir ki, Hacıbaba ustadın radiodan eşitdiyim oxuları
da elə Cabbarın, Keçəçioğlunun, Ələsgərin,
İslam Abdullayevin, Məşədi Məmməd Fərzəliyevin...
oxuları kimi yüz dəfələrlə
fırlanmış bir əski valın səs
cığırlarından qalxır.
Ömrünün
sonlarında Hacıbabaya təzədən vurulmuş şair
Qabilsə göyləri ustadın avazı yazılmış əsrarəngiz
vala oxşatmışdı:
Oxu!
Səsin göylərə
yazılır, Hacı!
Asiman bir valdır ki,
Hərlənir, hərlənir,
hərlənir...
Nə silinir, nə pozulur,
Hacı!
Bəlkə də, şairin
bu bənzətməsi – səsin val kimi
göylərə yazılması kiməsə fantastik,
sürrealist gələr.
Bəs Hacıbaba ustadın
səsinin bir sınmaz, pozulmaz val kimi millətin
yaddaşına əbədilik yazılmasına nə
sözünüz?!
Amma şairin
sözünü də qəribçiliyə salmayın...
Gördüm yarın əllərini
Gecə
yağmış qar kimi.
Elə bil, bu səs
də pak, bərq vuran qar kimi göydən
yağmışdı.
Hacıbabanı dinləyəndə
hərdən başınızı qaldırın, göylərə
baxın...
(ardı var)
Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü
Xalq qəzeti.- 2010.- 10 aprel.- S. 7.