Qaçqınların və məcburi
köçkünlərin sosial problemləri Azərbaycan
dövlətinin diqqət mərkəzindədir
Aprelin 9-da Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında
kütləvi informasiya vasitələrinin nümayəndələri
üçün mətbuat konfransı keçirmişdir.
Əli Həsənov əvvəlcə
Azərbaycan dövlətinin 2009-cu ildə
qaçqınların və məcburi köçkünlərin
sosial problemlərinin həlli sahəsində
gördüyü işlər barədə məlumat vermişdir.
Bildirmişdir ki, ötən il bu istiqamətdə 310 milyon
manat sərf olunmuşdur. Bunun 193 milyon manatı büdcə,
90 milyon manatı Dövlət Neft Fondu, 27 milyon manatı isə
beynəlxalq humanitar təşkilatların vəsaitlərinin
payına düşür. Ölkə Prezidenti hesabat ilində
qaçqınların və məcburi köçkünlərin
sosial problemlərinin həlli ilə bağlı 2 Fərman, 2
Sərəncam imzalamış, Nazirlər Kabineti isə 14 sərəncam
və qərar qəbul etmişdir. Dövlət
başçısının noyabrın 17-də Binəqədi
rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində
368 məcburi köçkün ailəsi üçün
tikilmiş çoxmərtəbəli binaların, noyabrın
20-də Goranboy rayonu ərazisindəki fin tipli qurma evlərdən
ibarət qəsəbədə müvəqqəti məskunlaşmış
596 məcburi köçkün ailəsi üçün
salınmış qəsəbənin
açılışı mərasimlərindəki
iştirakı və dərin məzmunlu
çıxışları, məcburi köçkünlərlə
birbaşa ünsiyyətdə olması doğma ocaqlarından
didərgin düşmüş soydaşlarımızın
sevincinə səbəb olmuş, Azərbaycan dövlətinin
qüdrətinə inamlarını daha da
artırmışdır. Bu il fevralın 27-də Prezident Qəbələ
rayonunda yeni beşmərtəbəli binaların məcburi
köçkünlərin istifadəsinə verilməsi mərasimində
də iştirak etmişdir.
Müvafiq Dövlət Proqramına uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Xocalı rayonundan olan məcburi köçkünlər üçün 2009-cu ildə Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən ibarət Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılmış və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilmişdir. Eyni zamanda, Sabunçu rayonunun Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonunun Fatmayı qəsəbəsində salınan qəsəbənin tikintisi başa çatdırılmış və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülmüşlər. Bunlarla yanaşı, Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılmışdır və bina bu günlərdə istifadəyə veriləcəkdir. Biləsuvarda cəbrayıllılar üçün salınmış qəsəbələrdən birində rayon icra hakimiyyətinin inzibati binası tikilib təhvil verilmişdir.
Beləliklə, təkcə 2009-cu ildə 7 min nəfərdən ibarət 1416 məcburi köçkün ailəsi yeni tikilmiş 87 min kvadratmetrlik təzə mənzillərə köçürülmüşdür. Qəsəbə və komplekslərdə 4 məktəb binası tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Əlli binada təmir işləri aparılmışdır. Bunlarla bərabər, Mingəçevir şəhərində, İmişli, Şəki, Ağcabədi, Yevlax və digər rayonlarda torpaq sahələri götürülmüş, yeni qəsəbələr salınması üçün layihə işləri davam etdirilmişdir. Ötən il investisiya xərcləri hesabına Saatlı, Sabirabad, Ağcabədi, Şəmkir və Xaçmaz rayonlarında mexseti türkləri üçün 49 fərdi mənzil tikilmişdir. Vaxtilə büdcə təşkilatlarında çalışmış və hazırda özündən asılı olmayan səbəblərə görə işləməyən 14 min məcburi köçkünə orta aylıq əmək haqqının verilməsi, qış mövsümündə ailələrin ağ neftlə təmin olunması davam etdirilmişdir. İl ərzində nazirlik, dövlət komitə, şirkət və agentlikləri bayramlar zamanı məcburi köçkün ailələrinə 3 milyon manatlıq humanitar yardım göstərmişlər. İki min nəfər işlə təmin edilmiş, Dünya Bankının krediti (1,3 milyon ABŞ dolları) hesabına 31 mikrolayihə icra olunmuşdur. Bu layihələrdən 18 min məcburi köçkün faydalanmış, 2200 nəfərə 1,5 milyon dollar məbləğində mikrokredit verilmişdir.
Bu müddət ərzində komitəyə 40 min müraciət olmuş, qurumda 10 min nəfər qəbul edilmişdir. Qaçqınların və məcbur köçkünlərin müraciətlərinin 80 faizi həll olunmuş, digərləri ya əlaqədar dövlət orqanlarına göndərilmiş, ya da müvafiq izahat işi aparılmışdır.
Cari ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 310 milyon manat xərclənməsi nəzərdə tutulmuşdur. Bunun 203 milyon manatı büdcə, 80 milyon manatı Dövlət Neft Fondu, 27 milyon manatı isə beynəlxalq humanitar təşkilatların vəsaitlərinin payına düşür. Yaxın günlərdə bəzi mühüm dövlət obyektlərində məskunlaşmış məcburi köçkünlər Ramana qəsəbəsindəki beşmərtəbəli 70 mənzilli yaşayış binasına, bir neçə aydan sonra Naftalan şəhərindəki “Qarabağ” sanatoriyasında məskunlaşmış məcburi köçkünlər Goranboyda tikilən 3 beşmərtəbəli yaşayış binasına köçürüləcəklər. Bu günlərdə Yevlax rayonu ərazisində “Aran” fin qəsəbəsində məskunlaşmış 612 və şəhərdə dözülməz şəraitdə yaşayan məcburi köçkün ailələri üçün 10 beşmərtəbəli binanın tikintisinə başlanacaqdır. Bu binaların təxminən sentyabr ayında məskunlaşdırılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin tapşırığına əsasən, bu il Ağdam rayonu ərazisində yol kənarlarında məskunlaşmış və digər yerlərdə dözülməz şəraitdə yaşayan məcburi köçkün ailələri üçün Ağdam ilə Bərdə arasında - Mamırlıda qəsəbə salınacaqdır. Artıq müvafiq torpaq sahəsi və vəsait ayrılmışdır. Qəbələdə daha bir beşmərtəbəli binanın, Füzuli rayonunda Olimpiya İdman Kompleksinin tikintisi başa çatdırılacaqdır. Daha bir qəsəbə üçün Masazır qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmışdır və sənədləşmə aparılır. Burada salınacaq qəsəbədə paytaxtdakı yataqxanaların bir qismindəki məcburi köçkünlər məskunlaşdırılacaqlar. Ümumiyyətlə, Bakıdakı yataqxanalar mərhələ-mərhələ boşaldılacaqdır.
Baş nazirin müavini bəzi statistik məlumatları da sadalamışdır. Bildirmişdir ki, keçən il bir məcburi köçkünə 720 ABŞ dolları xərclənmişdir. Dünyadakı münaqişə zonaları ilə müqayisədə bu, ən yüksək rəqəmdir. 1993-2009-cu illər ərzində bu kateqoriyadan olan adamlara 2,9 milyard dollar vəsait sərf olunmuşdur. Həmin məbləğin 1,3 milyard dolları dövlət büdcəsinin, 800 milyon dolları Dövlət Neft Fondunun, 800 miyon dolları isə ölkədə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Neft Fondunun vəsaiti hesabına müxtəlif ərazilərdə 1,1 milyon kvadratmetrlik 18 min 200 mənzili, 124 məktəbi və digər sosial infrastrukturu olan 64 yaşayış qəsəbəsi salınmış, bu qəsəbələrdə 100 min qaçqın və məcburi köçkün məskunlaşmışdır.
“Dövlətqaçqınkom”un sədri hesabat ilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğalı, insan itkiləri, münaqişənin iqtisadiyyatımıza vurduğu ziyan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. O, bu sahədə Heydər Əliyev Fondunun, qurumun Rusiya nümayəndəliyinin misilsiz xidmətlərini xüsusi vurğulamış, nümayəndəliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq aksiyasının əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Xatırladılmışdır ki, hazırda ölkədə 60 beynəlxalq, 40 milli humanitar təşkilat qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli ilə məşğuldur. Keçən il onlar tərəfindən 370 layihə icra olunmuşdur.
Əli Həsənov
jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
Xalq qəzeti.- 2010.- 10 aprel.- S. 5.