“Bizim hər birimiz... bütün
nailiyyətlərimizə görə məktəbə, müəllimə
borcluyuq”
Dərin təhsil islahatı aparan Azərbaycan dövləti
və məktəbi doğru yoldadır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva ilə müsahibə yazmağa hazırlaşanda xalqımızın iki görkəmli
ziyalısının hamımıza böyük örnək
olacaq ifadələri yadıma düşdü. Birincisi, cəmi
50 il ömür sürmüş, fəqət Azərbaycan
maarifinin tarixində möhtəşəm izlər qoymuş Məhəmməd
Taqi Sidqinin elm, maarif adamlarının haqsız hücumlara məruz
qalmasını özündə əks etdirən ifadəsidir:
“Bar verən ağaca daş atan çox olduğu kimi, elm,
maarif, mərifət sahibinə də zəhmət və əziyyət
verən çox olur”. İkinci ifadənin müəllifi isə
böyük azadlıq mücahidi, tribun şairimiz Xəlil Rza
Ulutürk idi. 90-cı illərin əvvəllərində Səbail
rayonunda keçirilən tədbirdə ardıcıl olaraq iki
natiqin məktəb və müəllimlərin üzərinə
allahsızcasına hücum etməsi ulu şairi hədsiz dərəcədə
narahat etdi və o, ikinci dəfə söz alaraq mikrofona
yaxınlaşdı: — “Mən sizi (üzünü
özündən əvvəlki natiqə tutub
danışırdı - İ.M.) savadlı, qeyrətli və
vətənpərvər bir ziyalı kimi tanıyıram. Onu
da bilirəm ki, sizi bu səviyyədə yetişdirən məhz
məktəb, müəllim, aldığınız təhsil
olub. Ona görə də xahiş edirəm, cənablar, gəlin,
bir az ehtiyatlı olaq, biz məktəbdən, müəllimdən
danışırıq...”
Haqqında söz açdığımız idarənin cəmiyyətimizdəki rolu, xalqımızın həyatında tutduğu mövqe barədə əhatəli danışmağa qətiyyən ehtiyac yoxdur. Məktəb və müəllim haqqında hansı şərhə ehtiyac var ki? Ancaq bu şərhə ehtiyac olmasa da, paytaxt müəlliminin üzərinə düşən vəzifələrin gündən-günə artması, həmin vəzifələrin layiqincə yerinə yetirilməsi üçün həyata keçirilən genişmiqyaslı tədbirlər, müəllim – şagird, məktəb – ailə, təhsil ictimaiyyəti — cəmiyyət münasibətlərində yeni formalaşan məqamlar barədə söz açmağa böyük ehtiyac vardır. Təhsil ictimaiyyətinin fikrincə, dünyanın bütün ölkələrinin mətbuatında olduğu kimi Azərbaycan qəzetçiliyində də yaranmış dedi-qoduya, mənbəyi olmayan “faktlara”, populizmə geniş meydan verildiyi indiki zamanda belə yazılara daha böyük ehtiyac vardır. Ona görə də yuxarıda qeyd etdiyimiz məsələləri əhatə edən suallarla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Respublikanın əməkdar müəllimi Nailə xanım Rzaquliyevaya müraciət etdik:
— Nailə xanım, təxminən 90-cı illərin ortalarında belə bir tezis gündəliyə gəlirdi ki, təhsilə münasibət dəyişməlidir. Həmin tezisi təhsil ictimaiyyəti ilə birlikdə valideynlər də şüar etmişdilər. Təhsilə dövlətin münasibəti dəyişdi və bu sahənin inkişafı hamının gözü qabağındadır. Maraqlıdır ki, bu gün də həmin tezis gündəliyə gətirilir, fəqət, təkcə təhsil ictimaiyyəti tərəfindən...
— Suallarınızın birincisi elə birbaşa bizi narahat edən məsələ barədə oldu. Amma həmin suala cavab verməzdən əvvəl ulu öndərimiz Heydər Əliyevin bilavasitə bu məsələyə aid olan bir ifadəsini sitat kimi yada salmaq istəyirəm. Böyük dövlət qurucusu və təhsil himayədarı deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. Yəni Prezidentdən tutmuş sıravi müəllimə, texniki işçiyə qədər hamımızı məktəb, müəllimlər ərsəyə gətirib. Ona görə də siz mərhum şair Xəlil Rzanın həmin ifadəsini yada salanda çox incə bir məqama toxundunuz... gəlin, bir az ehtiyatlı olaq. Bu gün Azərbaycanda elə bir insan tapılmaz ki, ailəsindən və ya yaxın qohumlarından kimsə təhsillə, pedaqoji ictimaiyyətlə bağlı olmasın. Eyni zamanda, ölkəmizdə elə bir adam tapılmaz ki, ailə üzvləri və ya qohumları barədə söylənilən haqsız ittihamları sakitliklə qəbul etsin. Çox təəssüf ki, həmin təzadların şahidiyik. Hamını məktəblə bağlayan tellər var və məktəb haqqında, müəllim barədə absurd ittihamlar səslənməkdədir. Məhz ona görə də sizin yada saldığınız “təhsilə münasibət dəyişməlidir” — tezisi gündəliyə gəlir. Özü də bilavasitə təhsil ictimaiyyəti tərəfindən. İndi mən soruşmaq istəyirəm: bu gün Azərbaycan təhsilinin səviyyəsini bəyənməyən — qeyd edim ki, beynəlxalq təşkilatlar və dünyanın aparıcı ekspertləri bizim təhsil sistemimizin səviyyəsini yüksək qiymətləndirirlər — müəllimlərimizin ünvanına müxtəlif ittihamlar səsləndirən, məktəbi az qala təhsilə dəxli olmayan bir qurum kimi qələmə verməyə çalışan şəxslər məktəbin və təhsilin strateji sahə olduğunu bilirlərmi? Yaxud məktəbin gözdən salınmasının nə ilə nəticələnəcəyini başa düşürlərmi? Sanki hansısa qara qüvvələr dünya təhsil sisteminə inteqrasiyanı uğurla davam etdirən milli təhsil sistemimizə qara yaxmaq barədə yarış elan edib. Həmin yarışda qalib gəlmək üçün Azərbaycan təhsilinin keyfiyyətsizliyini sübut etməyə çalışanlara adamın yazığı gəlir. Təsəvvür edin, 8 mart bayramı ərəfəsində ölüm yatağında olan bir məktəb direktorunun ünvanına necə hədyanlar yazırdılar. Direktor məhz həmin gün dünyasını dəyişdi. Bilmirəm yalan püskürən həmin adamların vicdanı narahat oldu, ya yox. Təbii ki, həmin cəhdlər faktlara əsaslanmadığına və hansısa maraqlar xatirinə cəmiyyətə sırındığına görə normal insanlar bu ittihamları qətiyyən qəbul etmirlər. Daha doğrusu geridə qalan illərin təcrübəsi Azərbaycan insanına elə bir dərs verib ki, o, artıq populist fikirlərə, ajiotaj yaradan yazılara qətiyyən inanmır. Ona görə də ittihamların yeni variasiyaları düşünülür. Düşünürəm ki, belə variantları axtarıb tapanlara cavab vermək baxımından deyil, cəmiyyətə həqiqəti söyləmək, səmimi informasiya vermək baxımından qəzet səhifələrində bəzi yazılara ehtiyac vardır.
— Bəlkə, məsələni bir az konkretləşdirək?
— Təhsilə münasibəti özü bildiyi şəkildə dəyişmiş insanlar və özünü təhsil eksperti adlandıranların əksəriyyəti üçün sevimli mövzu olan təhsilin keyfiyyəti hansı meyarlarla ölçülür? Həmin adamlar bu meyarların nədən ibarət olduğunu bilirlərmi? Bilmirlər. Ona görə də gah nala, gah mıxa döymək məcburiyyətində qalırlar. Təhsili idarəetmə orqanlarını tənqid edənlər yeri gəldi-gəlmədi, ali məktəbə qəbul olunanların sayının azlığını bayraq edirlər. Ancaq özləri də yaxşı bilirlər ki, təhsilin keyfiyyətinin müəyyənləşdirilməsi üçün lazım olan əsas meyarlar ali məktəbə qəbul olan məzunların say göstəricisi ilə qurtarmır. Çünki orta məktəbin əsas məqsədi ali məktəblər üçün tələbə hazırlamaq yox, əsl vətəndaş yetişdirməkdir. Ölkədə 110-120 min nəfər məzun varsa və ali məktəblərə qəbul planı cəmi 25-30 min nəfərdirsə, bütün məzunların ali məktəbə qəbul olunmasını necə mümkün saymaq olar? Deməli belə bir sadə məntiq üzərində cavabı məlum olan məsələni şişdirib ajiotaj yaratmaq təcrübəsizlikdən deyil, qərəzçilikdən qaynaqlanır. Bir də ki, cəmiyyət həyatının müxtəlif sahələrindəki proseslər öz nəticəsini dərhal verirsə, təhsil sahəsindəki proseslərin nəticəsi 10-15 ildən sonra özünü göstərir. Yəni, bugünkü Azərbaycan məktəbi sabah və ya gələn ay üçün deyil, ümumilikdə gələcək üçün fəaliyyət göstərir.
— Məktəbin ünvanına səsləndirilən ittihamlar əsasən nədən ibarətdir?
— Hər
şeydən. İstənilən islahat və ya eksperiment
böyük səs-küylə, top-tüfənglə
qarşılanır. Uzun müddət ittihamlar eşidirdik ki,
orta məktəblərdəki buraxılış
imtahanlarında çoxlu sayda neqativ hallara yol verilir. Həmin neqativ halların qarşısının
alınması üçün Təhsil Nazirliyi dünya təhsil
təcrübəsində böyük uğurla sınaqdan
çıxmış mərkəzləşdirilmiş
buraxılış imtahanlarının keçirilməsini məqsədəuyğun
saydı. Növbəti səs-küy dalğası da məhz
həmin imtahanlardan sonra başlandı ki, ay haray, məzunların
filan qədəri attestat ala bilmədi. Deməli, özləri
də bilmədən dünən söydükləri şəxsin
— buraxılış imtahanında neqativ hallara
yol vermiş məktəb direktorunun ucuz müdafiəçisinə
çevrilmiş oldular. Əslində dünya təcrübəsindən
xəbərsiz olduqlarını ortaya qoyurlar. Çünki
beynəlxalq aləmdə orta məktəbin hamını
attestatla təmin etməsi daha çox qeyri-adi hal kimi qəbul
edilir. Əksər ölkələrdə hətta məzunların
cəmi 50-60 faizinin orta təhsil barədə sənəd
alması tam təbii qarşılanır. Bizdə isə
kiminsə attestat ala bilməməsini təhsilin tamamilə
çökməsi kimi qələmə verirlər. Bu isə
şəxsi mənafelərə xidmət etməkdən
başqa bir şey deyildir. Həmin tendensiya isə təhsilin inkişafına az olsa da mane olur. Yəni ən
xırda, əhəmiyyətsiz, ümumi nəticəyə təsir
etməyən hadisələri də böyük fəlakət
kimi qəbul etməyə və ya qəbul etdirməyə
çalışırlar. Ancaq
bütün bunlara baxmayaraq zaman sübut edir ki, dərin təhsil
islahatları aparan Azərbaycan dövləti də, Azərbaycan
məktəbi də doğru yoldadır.
Biz məhz
dövlətin iradəsini və qətiyyətini əsas
tutaraq təhsil islahatlarını daha da dərinləşdiririk. Məzmunca
mütərəqqi, gələcəyə hesablanmış
islahatlar sonda hamı tərəfindən qəbul olunur. Əminəm ki, bizim islahatlar öz müsbət nəticələrini
verəndə bugünkü opponentlərimiz səhv etdiklərini
başa düşəcəklər.
— Ancaq bütün bunlar o demək
deyil ki, məktəblərdə neqativ hallar yoxdur və ya
olmayıb...
— Heç biz də o iddiada
deyilik. Nöqsan da, neqativ hal da olur. Lakin milçəkdən fil düzəltməyin
ustaları da çoxdur. İndi bu məqamda
bizə ən yaxın olan sahə, daha doğrusu, həmsöhbətimiz
siz olduğunuza görə məsələni mətbuat
müstəvisinə gətirmək istəyirəm. Belə ki, ölkədə yüzlərlə qəzet
çıxır. Onların 70-80-nin
adı həm Mətbuat Şurasının qara
siyahısındadır, həm də cəmiyyətin qınaq
ünvanında. Həmin 70-80 qəzetə
görə mindən çox qəzetin hamısına pis demək
mümkündürmü? Əsla yox.
Bu gün halal zəhmətlə yaşayan, gözünün
nurunu, canını, sağlamlığını mətbuatın
inkişafı üçün əsirgəməyən minlərlə
öz peşəsinə, dövlətinə və xalqına
sədaqətli qələm sahibi var. Eyni zamanda, həmin
keyfiyyətlərin tamamilə əksini özü
üçün həyat amalı seçən jurnalistlərin
olması da həyatımızın reallığıdır.
İndi nə deyirsiniz, bu “azsaylı” mətbuat
təmsilçilərinə görə o boyda jurnalistlər
ordusu barədə pis düşünəkmi? Bu, mümkün deyil. Yaxud, bəzi nazirliklərin
illik kollegiya iclaslarının qərarında göstərilir
ki , 70, 80, hətta, bəzən 100-dən
çox əməkdaş öz fəaliyyətindəki
neqativ hallara görə tutduğu vəzifədən kənarlaşdırılıb.
Bizdə də belə hallar olur. Yeri gəlmişkən, burada da bir məntiqsizliklə
üzləşirik. Bir çox “ekspertlər”
və ya qəzetlər vay-şivən qaldırırlar ki,
filan məktəbdə filan neqativ hal var. Təbii ki, dərhal
araşdırma aparılır və fakt təsdiqlənərsə,
kimsə cəzalandırılır. Vəssalam.
Səs-küyün yeni dalğası qalxır
ki, Təhsil Nazirliyi və ya təhsil idarəsi filan məktəbin
direktorunu tamamilə haqsız yerə cəzalandırır.
Unutmaq lazım deyil ki, təcrübəli və
peşəkar kadrların hazırlanması xeyli vaxt tələb
edir. Onları yetişdirmək, təcrübəli
mütəxəssisə çevirmək idarəetmə
orqanlarının işidir. Ona görə
də tutduğu mövqeyə görə bilavasitə müəllimə
borclu olan insanın onu araya-ərsəyə gətirən
insana qənim kəsilməsi əlbəttə,
günahdır. Ömrünü maarifə,
müəllimliyə həsr etmiş insanın ləyaqətini
alçaltmağın nadanlıq olduğunu söyləyənlər
tamamilə haqlıdırlar.
Başqa bir məsələyə
münasibət bildirək. Bəzən belə
fikirlər dolaşır ki, guya təhsil idarəsi illər
uzunu heç bir müsbət işi olmayan direktorları vəzifədə
saxlayır və sairə. Bakı Şəhəri
üzrə Təhsil İdarəsi yarananda bizim elan etdiyimiz
prioritetlərdən biri də qabaqcıl işi ilə fərqlənən,
həqiqi pedaqoji təcrübəsi və idarəetmə
qabiliyyəti olan müəllimlərdən ibarət “Ehtiyat
kadr bankı”nın yaradılması idi. Öz fəaliyyəti ilə zamanın tələblərinə
cavab verməyən məktəb direktorları məhz həmin
bankdakı kadrlar hesabına dəyişdirilir. Bu isə yuxarıda qeyd etdiyim kimi yeni “ekspert” şərhlərinə
səbəb olur ki, daha onlar barədə danışmaq istəmirəm.
— Yeri gəlmişkən, bu il orta məktəblərdə ümumi məktəbli
formasına keçid məsələsi başa
çatmalıdır. Belə formalar hansı ərazini
əhatə edəcək? Hər rayon, hər
məktəb, yoxsa hər sinfi?
— Nəzərdə tutulan
forma Bakı şəhərinin ümumtəhsil məktəblərinin
hamısını əhatə edəcək. Eyni
formanı bütün şagirdlərimiz geyinəcək və
heç bir istisna nəzərdə tutulmur. Bu təklifin gündəmə gətirilməsində
əsasən dörd məqsədimiz var idi. Əvvəla,
bütün məktəblərdə eyni forma tətbiq
edildiyindən şagird il ərzində bir
məktəbdən digərinə keçərkən
formanı dəyişmək məcburiyyətində qalmayacaq.
İl ərzində Bakı şəhərində
yüzlərlə şagird bir məktəbdən digərinə
keçir. Deməli, biz bu qərarla
yüzlərlə valideyni təkrar forma almaq məcburiyyətindən
xilas etmiş olacağıq. İkinci, məktəbli
formasının seçilməsinə valideyn və məktəb
rəhbərlərinin, sinif rəhbərlərinin müdaxiləsinin
qarşısı alınacaq. Üstəlik
fərqli qiymətlər və fərqli mövqelər də
olmayacaq. Üçüncü,
bütün valideynlər də, şagirdlər də biləcəklər
ki, vahid məktəbli forması hansı qiymətədir.
Bu zaman kiminsə əlavə qiymət diqtə
etmək, monopoliya yaratmaq imkanı olmayacaq. Tikiş fabrikləri vahid formada paltar tikəcək və
əlbəttə, valideyn də keyfiyyətli geyimə
üstünlük verəcək. Dördüncü,
məktəblərin, ayrı-ayrı siniflərin, eləcə
də şagirdlərin arasında geyim fərqi olmayacaq. Beləliklə sosial mahiyyət kəsb edən həmin
məsələ də öz həllini tapacaqdır.
— Nailə xanım, daha bir
mühüm məsələni yada salaraq qeyd edək ki, cəbhədə
atəşkəs davam etsə də, Azərbaycan hələlik
müharibə şəraitində yaşayır. Ona görə də orta ümumtəhsil məktəblərinin
üzərinə düşən vəzifələrdən
biri də hərbi vətənpərvərlik tərbiyəsinin
gücləndirilməsidir.
— Mən yuxarıda qeyd etdim
ki, biz ali məktəb üçün tələbə
yox, müstəqil Azərbaycan üçün həqiqi,
kamil vətəndaş hazırlamağı daha üstün
tuturuq. Həqiqi vətəndaşın ən
mükəmməl keyfiyyətlərindən biri isə məhz
onun hərbi vətənpərvərlik tərbiyəsi ilə
böyüməsi, ərsəyə gəlməsidir. Ona görə də biz bütün orta məktəblərdə
ibtidai hərbi hazırlıqla yanaşı hərbi vətənpərvərlik
tərbiyəsinə də böyük önəm veririk.
Ali Baş Komandanımızın ciddi səyləri
və dövlətin ayırdığı vəsait nəticəsində
gündən-günə inkişaf edən Azərbaycan ordusu
barədə həqiqətlər, işğal olunmuş
torpaqlarımızın düşmən tapdağından azad
edilməsi zərurəti gənc nəslə hər gün təlqin
edilir. Qeyd olunur ki, hamının bilavasitə
əlinə silah alaraq orduya getməsi ilə deyil,
hamının Vətənə sədaqətlə xidmət
etməsilə daha qüdrətli, daha firavan Azərbaycan yarada
bilərik. Bu bir həqiqətdir və mən çox məmnunam
ki, bu gün düşmənin atəşkəsi pozmaq cəhdlərinin
qarşısını alan Azərbaycan əsgərləri
arasında Bakı məktəblərinin məzunları minlərlədir.
Məktəblərimizin ünvanına hərbi
hissələrdən gələn minnətdarlıq və təqdir
məktubları sanki bir mənəvi sərvət kimi bizim
üçün əzizdir. Tam əminliklə
deyirəm ki, yetişən gənclik bizim fəxrimizdir və
onlardakı vətənpərvərlik ruhu, müstəqil Azərbaycan
dövlətinə, onun atributlarına hörmət, sevgi və
sədaqət hissləri kifayət qədər yüksəkdir.
Bu tərbiyənin ilk növbədə məktəbdə
formalaşdığını isə heç kəs inkar edə
bilməz. Hətta məktəbə,
müəllimə haqsız hücumların başında
dayananlar da.
— Həmin tərbiyənin
formalaşdırılması üçün məktəblərdə
əlamətdar günlərin və bayramların təntənəli
şəkildə qeyd edilməsinin də xüsusi əhəmiyyəti
vardır.
— Elə paradoks da buradan
yaranır. Bizi tənqid edənlər həm vətənpərvərlik
tərbiyəsindən danışır, həm də belə
tərbiyənin formalaşmasında, yüksək səviyyədə
təmin olunmasında mühüm əhəmiyyəti olan tədbirlərin,
şənlik və müsamirələrin keçirilməsinə
gərəksiz iş kimi baxırlar. Nəticədə
mahiyyəti və məzmunu müstəsna əhəmiyyətə
malik olan tədbirlər şübhə altına
alınır. Əlbəttə təhsil
müəssisəsində hansısa ziyafətin və ya
qonaqlığın təşkil edilməsi yol verilməzdir və
biz buna yol vermirik. Ancaq elə tədbirlər
var ki, mütləq təşkil edilməlidir. Məsələn,
11 il təhsil almış şagird orta məktəbdən
ayrılıb müstəqil həyata qədəm qoyursa, biz
“son zəngi” necə gündəlikdən çıxara bilərik?
Təəssüf ki, həmin tədbirə də
bir həftə, on gün qalmış mətbuatda
allahsızcasına bir hay-küy qaldırılır. “Son zəngi” gözdən salmağa
çalışan insanlar unudurlar ki, bu tədbir valideynlərdən
və məktəbdən daha çox şagirdlərin özlərinə
lazımdır. Çünki bu “uşaqlar” əsgər
yoldaşları ilə cəmi il yarım,
institut yoldaşları ilə isə dörd il bir yerdə
olacaqlar. Ona görə də 11 il eyni
sinifdə, eyni məktəbdə oxuduqları
yoldaşlarından yaddaqalan formada ayrılmaq istəyirlər.
Bəs onların bədxahları neyləyirlər?
Məktəbdə keçirilən hər bir tədbirin bir
qayəsi və məqsədi var: gənc nəslin hərtərəfli
tərbiyəsini təmin etmək,
dünyagörüşünü formalaşdırmaq və
onu müstəqil həyata hazırlamaq.
— Bütün bunlara — yəni
məruz qaldığınız ünvansız və məzmunsuz
təzyiqlərə baxmayaraq bu gün Bakı təhsilinin
dinamik inkişafda olması həm ölkədə, həm də
beynəlxalq aləmdə birmənalı şəkildə qəbul
edilir və təqdir olunur.
— Başqa cürə ola da bilməz. Çünki Azərbaycan
təhsili həm dövlətin, həm də dövlət
başçımız cənab İlham Əliyevin daim diqqət
mərkəzindədir. Cənab Prezident
milli təhsilimizin tərəqqisi üçün heç nəyi
əsirgəmir. Ulu öndərimizin adını
daşıyan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin
inkişafına göstərdiyi qayğı, yetişməkdə
olan gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən
sağlam böyüməsi üçün həyata
keçirdiyi çoxsaylı layihələr bizim ümumi
işimizə böyük təkan verir. Biz, eyni zamanda, səmimiyyətlə
etiraf edirik ki, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin əldə etdiyi çoxsaylı uğurlarda
Təhsil Nazirliyinin, xüsusən nazir Misir Mərdanovun
Bakı təhsilinə göstərdiyi qayğının,
ayırdığı diqqətin əhəmiyyəti çox
böyükdür.
— Təhsilin idarə edilməsindəki
yeniliklər, bu sahədə həyata keçirdiyiniz tədbirlər
barədə nə deyərdiniz?
— Yarandığı gündən
bəri BŞTİ-də təhsilin keyfiyyfətli idarə
edilməsi məsələsi daim diqqət mərkəzində
olub. Bu proses getdikcə daha da təkmilləşdirilir. İdarəetmənin təkmilləşdirilməsi
son nəticədə təhsilin inkişafına, bu sahəyə
demokratik prinsiplərin daha əhatəli şəkildə tətbiq
edilməsinə zəmin yaradır. Təhsil
idarəsində seminar, treninq, dəyirmi masa və
konfransların keçirilməsi idarəmizin gündəlik fəaliyyətinin
bir istiqaməti kimi yüksək qiymətləndirilir və
müsbət nəticələrini verir. Maarifləndirmə
xarakteri daşıyan, keyfiyyətli idarəetmənin təmin
olunmasına imkan yaradan belə tədbirlərdən biri də
“Əmək qanunvericiliyinin yerinə yetirilməsi sahəsində
müəssisə rəhbərlərinin vəzifələri”
adlı treninqin keçirilməsi olmuşdur. Bu treninqlərdə tələbkarlıq və
öyrədici funksiya yüksək səviyyədə olmaqla bərabər,
təhsil ictimaiyyətində ciddi maraq doğurmuşdur.
Bu treninqlər o vaxta qədər davam etdirilir
ki, hər hansı müəssisə rəhbəri burada
öyrəndiklərini təcrübədə lazımi səviyyədə
tətbiq edə bilsin. Biz rəhbər
işçilərin maarifləndirilməsini, bütün təhsil
və tərbiyə müəssisələrinin rəhbərlərinin
hazırlığının artırılmasını davam
etdiririk. Bu tədbir müəssisə rəhbərinin
zamanın tələblərinə cavab verən səviyyədə
hazırlanmasınadək davam edir və sonra növbə
başqa müəssisə rəhbərlərinə
çatır. Direktorların təyin edilməsinə
gəlincə isə onların hamısı idarəetmədə
fərqlənən, təcrübəli, qabaqcıl müəllimlər
sırasından seçilir. Bu zaman biz Təhsil
Nazirliyi və yerli icra orqanları ilə
razılaşdıqdan sonra müəssisə rəhbəri ilə
əmək müqaviləsi bağlayırıq.
— Arzu edirik ki,
qarşıdakı illərdə uğurlarınız daha
çox, nailiyyətləriniz daha böyük olsun.
— Təşəkkür edirəm.
İnanıram ki, xalqın və dövlətin
böyük dəstəyi ilə təkcə Bakı təhsili
deyil, bütövlükdə Azərbaycan təhsil sistemi beynəlxalq
aləmdə öz layiqli yerini tutacaqdır.
Müsahibəni yazdı: İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 10 aprel.- S. 4.