Zirvələr
DÜNYA NƏDƏN TƏRS
DOLANMIR?
(əvvəli ötən
sayımızda)
Hacıbaba
ustad heç vaxt varlı-hallı olmayıb.
Daim toylara
gedib, evinə qazanc gəlib, amma elə qazandığı
süfrəsində olub.
Lakin o, mənəviyyatca
zəngin idi və bu zənginlikdən hədiyyələr
verməyi xoşlayırdı.
Ən əziz
ərməğanı da şeir olurdu.
Sevdiyi, xətrini
əziz tutduğu, sənətinə ehtiram bəslədiyi
insanlar şeirlər həsr edirdi.
Bir
bölük ithaf şeirləri var, hamısını
sidq-ürəkdən yazıb.
Hansınısa
yazdığı şəxsə bağışlayıb,
hansınısa təqdim etməyə macal tapmayıb, elə
özündə qalıb.
Ya bəlkə,
özündə saxladığı ithaf şeirlərini
heç vəsf etdiyi şəxslərə çatdırmaq
istəyi də yoxmuş, sadəcə, ürəyini
boşaltmaqçün yazırmış?!
Tam səmimi
Adam idi – hansısa şeir həsr etdiyi şəxsə ürəyində
istək azalanda, qəlb bağladığı o kəs
könlünü qıranda həmin ithafdan çəkindiyi,
şeirin təyinatını dəyişdiyi də olub.
Lakin onun ən
sabit və axıracan dərin hörmət bəslədiyi,
yaradıcılığını izlədiyi və şeir həsr
etdiyi bir ünvan da vardı – Bəxtiyar Vahabzadə.
Hacıbaba
müəllim Nəbi Xəzriyə, Cabir Novruza qarşı
bir az soyuq idi. Deyəsən, onlar haçansa qəlbinə dəymişdilər,
şeirlərinin o dövrdə yeganə əsas ədəbi
dərgi olan “Azərbaycan”da dərc edilməsi
üçün umduğu dəstəyi əsirgəmişdilər.
Hacıbaba ustad, hətta, onların təxəllüslərini
də dəyişərək deyirdi...
Cabir Novruz da,
Nəbi Xəzri də görkəmli sənətkarlar idilər,
ola bilsin, onların Hacıbaba müxəmməs və
şeirlərinə, qəzəllərinə münasibəti
ədəbi prinsiplərlə, sırf zövqlə
bağlı bir yanaşma idi.
Lakin şeirə
münasibətdə Hacıbaba Hüseynovun da öz dəyərləndirmələri,
güzəştsiz meyarları vardı.
Hecaya da biganə
deyildi – qoşmaları, təmsilləri, digər şeirləri
də var hecada.
Lakin əruzu
daha üstün tuturdu.
“Əruzu sevməyən
muğamatı qəlbən istəyə bilməz”, – deyirdi.
“Yazıçılar
İttifaqının 500 üzvü var, çoxusu yumruqla qafiyə
düzəldəndir. Gül kimi şeirlər yazıram, məni
yandıran odur ki, sözü qara qəpiyə dəyməyənlər
meydan sulayır, bu şeirlər qalıb qıraqda”, – deyirdi.
***
Bu, Hacıbaba
ustadın Bəxtiyara həsr etdiyi şeirdən
parçadır.
Bu şeir həm
də Hacıbaba müəllimin minnətdarlığı
idi.
O, muğamla
bağlı heç bir mühüm hadisəyə,
yaxşı-yaman münasibətə biganə qalmırdı.
Bəxtiyar
Vahabzadənin geniş əks-səda doğuran “Muğam”
poeması işıq üzü görüncə Hacıbaba
ustad bu əsəri hər sətrini gözünə təpə-təpə
oxumuşdu.
“Muğam”
poemasının şeiriyyəti və fəlsəfəsi, əsərdə
muğama şairin verdiyi yüksək qiymət, muğamı
duymaq və sevmək üçün bu poema ilə
açdığı körpülər Hacıbaba müəllimi
riqqətə gətirmişdi və bu misraları
yazdırmışdı:
Ucaldı bəxti
bu gün ərşə Bəxtiyarımızın,
Sevimli
şairidir indi ruzigarımızın.
Nəva-yi
şuriş ilə səhn-i bağə səs salacaq,
Sədalı
bülbülüdür çünki laləzarımızın.
Məqamı
tərif edib, artırıb şərafətini,
Hüdudi yoxdu
dəxi, bil ki, iftixarımızın.
Şeirlə
söylədiyi fikr-i bikrə (namuslu, təmiz fikrə - R.H.)
eşq olsun,
Həqiqi
aşiqidir yar-i gülüzarımızın.
Səda-yi
musiqini dahiyanə vəsf eləmiş,
Dilində nəğməsidir
əhl-i musiqarımızın.
Təbiət
ömrün onun heç zaman xəzan eləməz,
Ətirli
qönçəsidir fəsl-i növbaharımızın.
Büsat-i
şeirdə, gər, Hacı ixtiyar eləsə,
Əlindən
öpməlidir çünki tacidarımızın.
Bu isə Bəxtiyar
Vahabzadənin 1977-nin ilk yanvar günlərində Hacıbaba
ustada yolladığı təşəkkür məktubu: “Əzizim
Hacıbaba! Çalışaram şeirdə mənə
verdiyin qiyməti əməllərimlə doğruldam. Arzu edirəm
sənətin gün-gündən çiçəklənsin,
qanmayanlar da başa düşsün!”
Hacıbabanın
dərdi qanmayıb dananlar deyildi.
Qanmayanlar
gec-tez başa düşür.
Hacıbabanı
ağrıdan qanıb dananlardı və belələri arif
adam üçün həmişə həm təhlükə,
həm sarsıntı mənbəyi olur.
***
1990-cı ildə
ustad haqda “Ocaq başı” filmini çəkərkən bir
gün onun iki istəkli yetirməsini – Alim Qasımovla Səxavət
Məmmədovu arayaraq çəkiliş qrupu ilə Hacı
müəllimgilə getdik (yeri gəlmişkən, ustad hər
iki yetirməsinə şeir ithaf edib. Hacıbaba müəllimin
tələbələri çox olub. O nə hər muğam
oxuyanı, nə hər tələbəsini axıracan bəyənər
və tərif edərdi. Amma Alimi, Səxavəti və Aqil Məlikovu
bütün yetirmələrindən seçib
ayırırdı:
Cavanlar
içrə bu gün tək deyil məqamı bilən,
Birisi Alim
adında, biri Səxavətimiz.
Məqam-i
eyşdə bunlardı şahə naz eləyən,
Deyillər:
“Davuda bənzər bizim məlahətimiz”.
Bu ithaf qəzəlində
bir beyt də var ki, mətləb uzansa belə, onu
vurğulamadan, həmin beytdəki ustad
arxayınlığını, sənətkar şəstini
diqqətə çatdırmadan ötüb keçməyi rəva
bilmirəm.
Abşeronun bir
sıra toylarında çox vaxt gedişat elə gətirirdi
ki, eyni yığnaqda Hacıbaba müəllim tələbələri
ilə oxuyası olurdu.
Onun Alim və
Səxavətlə eyni məclisdə üzləşdiyi də
az olmamışdı.
Bu məqamlarda
Hacı ummurdu ki, cavan, səsli tələbələri – ona
ata kimi ehtiram bəsləyən yetirmələri nədəsə
güzəşt etsinlər.
Bu, sənət
yarışması idi.
Və
Hacıbaba tələbələrini belə öyrətmişdi
ki, bu əsnada heç vaxt, qarşındakı lap
qardaşınsa belə, aman olmamalıdır.
Hər dəfə
də Hacıbaba müəllim belə yarışmalarda yox
yerdən elə heyrətli məharətlər
doğurmağı bacarırdı ki, məclis əhli də
mat qalırdı, onunla yarışa girən sənətçilər
də.
Diqqət
yönəltmək istədiyim elə bu şeirdəki həmin
cəhətdir.
Hacı tələbələrini
öydüyü qəzəlin son beytində, hər halda, dəryada
duran qocaman dağa bənzədiyini və onlarla mübarizədə
qalib gəlmək əzmini də ifadə edir:
Qürur ilən
oturub, Hacı, saqi məclisdə
Ayağa dursa əgər
ondadır qiyamətimiz).
Tələbələrindən
Aqili həm üslubca özünə daha yaxın
sayırdı, həm də onun başqa şagirdlərinə
nisbətən şeirə vaqifliyi və aludəliyinin daha
qabarıq olduğunu hiss edirdi. Muğamda onu özünə
varis hesab edirdi, şeirində bunu açıqca söyləyirdi
və heyrətli bir uzaqgörənliklə ona tövsiyə
edirdi ki, tar-kamandan aralı düşməsin.
İş
ondadır ki, Aqil xanəndəlik yox, dərvişlik etməyə
başladı, muğam və şeir bilgisini, oxu məharətini
illərcə bu səmtə yönəltdi.
Ruhani musiqimiz
belə bir peşəkarı öz sırasında
varlığı ilə qazandı.
Muğamatımız
itirdi.
Hər halda,
Aqil, nəhayət ki, ustadın ona həsr etdiyi və həmişə
əlyazmasını cibində gəzdirdiyi o qəzəldəki
məsləhətə əməl etdi, qayıtdı
tar-kamana.
Amma, məncə,
bu, çox gec baş verdi.
Azı 20 il
itirildi.
Xanəndə
kimi parlamaq fürsəti qaçırıldı.
Hacıbaba
ustadın bu şeirdə Aqilə yönələn
öyüdləri, əslində, hər cavan sənətkara
nəsihətdir:
Adın Aqil,
özün aqil, eşit aqildən, ey Aqil,
Çalış
hər bir zaman ol sən Füzuli şeirinə qail.
Əgər gəncinəsindən
ol şəhin bir zərrə kəsb etsən,
Olursan aləm-i
şeir içrə çox əsrarə sən nail.
Mənim səndən
ricam oldur, məqamat elmini öyrən,
Gələn nəslin
şux övladı, derəm kim, olmasın zail.
Mən ölsəm,
musiqi əhli məqamı səndən istərlər,
Odur kim, ciddi cəhd
eylə, bu eşqə olginən mail.
Tarın tut
damənin, qoyma kaman səndən kənar olsun,
Nolur kim, bəzi
xanəndə olub bu zövqdən qafil.
***
Hacıbaba
Hüseynov ruhca nəcib insan idi, qədirbiləndi. Ona edilən
yaxşılığı heç vaxt unutmurdu, əvəzini
çıxmaq üçün nəsə etmək imkanı
olmayanda, ən azı, bu yaxşılıq sahibi haqqında tərifli
sözləriylə onun adını şərəfləndirirdi.
(1984-cü
ilin 26 dekabrında ustadı o vaxt
çalışdığım Şərqşünaslıq
İnstitutuna görüşə dəvət etmişdim. Mənim
haqqımda bir neçə tərifli söz söyləyəndən
sonra lətifə danışdı ki, bir ləzgi xeyirxahı
olan insanın adını çəkərək “Onu
öldürmək istəyirəm” deyir. Təəccüblənirlər
ki, niyə?
Fikirli-fikirli
dillənir: “Vallah, mənə o qədər
yaxşılıq eləyib ki, bunun əvəzini heç
cür çıxa bilməyəcəm. Ona görə də
çarə buna qalıb ki, öldürüm, canım
qurtarsın”.
Və
Hacıbaba müəllim əlavə elədi ki, lətifəsi
Rafaeldən uzaq olsun, o da mənim zəhmətimi o qədər
çəkir ki, bilmirəm neyləyim...
Beləcə,
zarafatıyla məclisimizə əlavə bir məzə
qatdı.
Amma
yaxşı ki, lətifənin dediyini o vaxtlar mənə tətbiq
eləmədi.
O vaxt Hacı
müəllim üçün hələ neyləmişdim
ki!
Əsas
işlər sonralar görüldü).
Hacıbaba
müəllimin ən çox minnətdar olduğu
varlıqlardan biri söz idi və sözün borcundan
çıxmaqçün onun gördüyü iş
yalnız oxumaqdan ibarət deyildi.
Hansısa
unudulmuş, heç adı bilinməyən bir şairin
şeirindən 3-4 misra, ya bir neçə beyt əlinə
yetirdi.
Bilirdi ki, belə
qəlpə halında o şeir tikəsi yaşamayacaq, gec-tez
unudulub gedəcək. Əlavə misralar artırırdı,
həmin şeir qırığının ahənginə
uyğun sətirlərlə o parçanı bütövləşdirirdi,
oxuyurdu və itkin bir şeir həyata təzədən
qayıdırdı.
Nigara,
zülfünə tapşır, üzündən bir kənar
olsun,
Tökülsün
çiyninə çin-çin, yerində bərqərar
olsun.
Bu 3 beytlik bir
müəllifi naməlum şeir idi.
Hacıbaba
ustad o şeiri tamamladı və elə məlahətlə
oxudu ki, şeir ölümsüzləşdi:
Cəmal-i yarə
üç beyti deyibdir ayrı bir şair,
Qalan dörd
beyti de, Hacı, o üç beyt aşikar olsun.
Faciəli taleli
ictimai xadim və ziyalı Ruhulla Axundovun heç kəsin
yadına düşməyən atası Əli Axundovun bir
misrasından yapışaraq bu adı da məhz Hacıbaba
ustad hər kəs üçün aşikar etdi:
“Göz
qırpma, könül, naz ilə ol yar yatıbdır”.
Bunu Əli
Axundov yazmışdı.
Hacıbaba
neylədi:
Açma, ey
dil, gözünü əks-i rüx-i yar keçər,
Odu aram-i dilim,
zülf-i şəb-i tar keçər.
Ah u fəryadı
unut, vəxt-i qənimətdi bu kim.
Dinmə, ahəstə
danış, fəsl-i o gülzar keçər.
Şəhd-i
innab-i ləbi çarədi biçarə üçün,
Gəlsə
göftarə o gül ah-i dil-i zar keçər.
Görsə
Misr əhli, yəqin, şəhr-i cəmalın bilirəm,
Yusif azad olunar
Misridə, bazar keçər.
Səbr-i Əyyubi,
könül, dərk qıl Əyyub kimi,
Məhrəm-i
vəsl günü səndəki azar keçər.
Göstər
iczilə bu gün pir-i xərabata məni.
Qorxum oldur ki,
gəlib bəzmdən əğyar keçər.
Sirr-i
pünhani demə faş olu rüsvalığımız,
Bu rəh-i
eşqi tutub Hacı xəbərdar keçər.
***
Hacıbaba
müəllim sözünün yerini bilən, hansı
sözü hansı məqamda dilə gətirməyi,
hansı şəraitdə susmağın daha məsləhət
olduğunu yaxşı hiss edən bir insan idi.
Təsadüf
elə gətirir ki, tez-tez dəvət edildiyi Nardaran
toylarından birində bir nəfər cibindən qəzəl
çıxarıb verir Hacıbabaya, vərəqin
üstünə xələtini də qoyur və “bunu oxu”
deyir.
Hacıbaba
ustad danışırdı ki, sifariş verilmişdi, yerinə
yetirməliydim. Bu, toydur, bu meydandasansa, bu meydanın oyun
qaydalarına da əməl etməyə hazır olmalısan.
Amma şeiri verən məni istəyən adam deyildi və o
şeiri də mənə məqsədlə vermişdi.
Nardaran kimi dindar bir yerdə o şeiri oxusam, yəqin,
narazılıq edənlər də olacaqdı. Baxmayaraq ki,
şeir Şəhriyarınkı idi:
Getmə, tərsa
balası, mən də sənə sayə gəlim,
Damənindən
yapışıb mən də kəlisayə gəlim.
Ya sən
islamı qəbul eylə, mənim dinimə gəl,
Ya ki, təlim
elə, mən məzhəb-i İsayə gəlim.
Hacıbaba
ustad mikrofondan məclisə müraciət edir: “Mənə
verilən bu şeir ustad Şəhriyarındır. O
şeirin 3-4 beytini oxuyub ardını öz beytlərimlə
davam etdirəcəm. Bu beytlərdə Şeyx Sənan rəvayətinə
işarə var. Bu beytlər Əsli-Kərəm əhvalatına
bənzəyir. Mənsə onun əksini deyəcəm. Qoy bu
da usta Şəhriyara bir cavabımız olsun”.
Və
başlayır oxumağa.
Əlavə
edəcəyi beytləri Hacıbaba ustad irəlicədən
yazmamışdı.
O beytlər elə
burada, bu məclisdə, oxu əsnasında yaranacaqdı.
Başlayır
oxumağa və Şəhriyar şeirindəki məntiqi
çevirir tərsinə, əlavə edəcəyi beytlər,
elə bil ki, ilahi sehrlə uçub gəlir ona sarı:
Yox, sənəm,
anlamadım, səhvimi iqrar edirəm,
Buraxıb
dinimi mən din-i Məsihayə gəlim?
Sən mənim
dinimə gəl! İczilə xatircəm elə,
Mən də
öz əhdim ilə aləm-i sevdayə gəlim.
Sən gedib
Hacı kimi eşq büsatında otur,
Pir-i meyxanə
ilə mən də o məvayə gəlim.
***
1984-cü ildə
“Qobustan” toplusunda Hacıbaba Hüseynov haqqında iri bir məqalə
yazmışdım və o yaşa gəlib çatmış
Hacıbaba ustad haqqında bu, təəssüf ki, mətbuat səhifələrində
dərc edilən ilk yazı idi.
Elə həmin
günlərdə Hacıbaba müəllimin həyatında həyəcanlı
bir görüş olmuşdu. Uşaqkən
qonşuluqlarında yaşamış və o çağlar bənd
olduğu ilk sevgilisiylə (10 yaşında bir oğlanın 9
yaşında bir qıza istəyinə “sevgi” demək
mümkünsə), yəni ki, artıq xeyli yaşlı
qadınla rastlaşmışdı.
O yazıda həmin
əhvalatı da yazmışdım, elə üstündən
illər keçəndən sonra olduğu kimi burada da verirəm.
***
Trolleybus
çoxdan dayanmışdı.
Və
qanadlarını aşağı salaraq elə sakit durmuşdu
ki, deyirdin, bu gün tərpənəsi deyil.
O biri sərnişinlər
ikibir-üçbir düşüb getmişdilər.
Qalmışdı
ikicə nəfər – bir ağsaqqal kişi, bir
ağbirçək qadın.
Yanaşı
oturacaqlarda əyləşmişdilər və hərəsi
öz aləmində idi.
Əvvəl
qadın dilləndi:
–
Tanımadın məni?
Kişi zənlə
ha baxdı, xatırlaya bilmədi.
– Bəlkə,
onlara deyəsən, bu trolleybusu hərəkətə gətirsinlər,
hörmətli adamsan.
(Özlüyündə
fikirləşdi ki, rəhmətliyin qızı, elə bilir
oxuyuruq deyə hər şeyə qadirik, hamı
sözümüzlə oturub-durur. Day demir, heç sənətdə
istədiyimizin çoxunu edə bilmirik).
–
Yaxşı, mən düşüm onda. Piyada getsəm, bəlkə
də, çoxdan çatmışdım. Yadına sala bilmədin.
Çəmbərəkəndli...
Bu sözə
diksinən kimi oldu. Qadına bir də diqqətlə baxdı.
Tanımağına
tanımadı. Bu ağsaçlı, yaşlı
qadını o 9 yaşlı qıza bənzədəcək
heç bir əlamət qalmamışdı.
Amma bildi ki, bu
odur.
– İstəyirsən
taksi saxlatdırım?
– Yox, lazım
deyil, elə gedə-gedə söhbət edək.
– Yadında,
adımı bəyənmirdin, deyirdin qoca adıdır. Bax,
indi gəlib düşüb yerinə.
– İndi də
adın yaşına uyğun gəlir, amma sənətinə
yaraşan adın yoxdur.
– Rəhmətliyin
qızı, bundan sonra mənə adın nə faydası.
Elədiyimi eləmişəm,
hamı məni el xanəndəsi kimi tanıyır, “ustad”
deyir, 40 ilin sənətkarıyam, bundan sonra ada-filana nə
ehtiyacım?!
– Eh, təskinlikdir
də verirsən özünə...
***
Bu, olmuş əhvalat
idi. Amma o vaxt bunu yazmaqla mən həm də Hacıbaba
Hüseynovun niyə fəxri ada layiq görülməməsinə
etirazımı bildirmişdim.
Deməyin ki,
niyə belə üstüörtülü.
Oçağkı
senzuralı mətbuatda, hətta, həqiqəti bu səviyyədə
çatdırmaq da cəsarət nümunəsi
sayılırdı.
Ardıcıl
səylərimiz olmasaydı, bəlkə də, Hacıbaba
ustad dünyadan elə adsız gedəcəkdi.
1989-cu ildə
Hacıbaba Hüseynovun 70 illiyi ərəfəsində onun
işlədiyi Asəf Zeynallı adına musiqi məktəbi
adından hazırlanmalı olan təqdimatın mətnini mən
yazdım və ustada birbaşa “xalq artisti” adı verilməsi
orada əksini tapdı.
Yuxarıdan
bildirdilər ki, Hacıbaba Hüseynovun xalq artisti adına
layiqliyinə biz də şübhə etmirik, ancaq doğrudan
da, belə istisnaya getməyək, əvvəlcə “əməkdar”
verək, qısa müddətə “xalq”ı da alar.
Doğrudan da,
o günlərəcən birbaşa “xalq artisti” adı bir
Cabbar Qaryağdıoğluna verilmişdi, bir də Seyid
Şuşinskiyə.
İkisinə
də qoca yaşlarında.
Seyidin ad məsələsiylə
bağlı Hacı müəllim danışırdı ki,
bir səhər qəzetdə Ağaya “xalq artisti” adı verilməsi
xəbərini oxuyaraq tez gəlir Filarmoniya bağına.
Seyid skamyada
oturubmuş, deyəsən, bir az da xumarmış,
mürgüləyirmiş.
“Dedim: “Seyid, təbrik
edirəm, sənə ad veriblər”.
Başını
qaldırdı: “Nə veriblər?”
Dedim: “Ad veriblər,
xalq artisti adı”.
“Əh” deyib əlini
yellədi, yenə başını aşağı sallayaraq
mürgülədi”.
Hacıbaba
ustadsa, hər halda, fəxri adların ləzzətini
yaşadı.
Yetmiş
illiyində əməkdar alandan az sonra, 1990-cı il
oktyabrın 29-da Azərbaycanın xalq artisti adına layiq
görüldü.
Çoxdan
halal payı olan, xalqın, əslində, ona çoxdan
vermiş olduğu ad dövlət tərəfindən də rəsmi
təsdiqini tapdı.
İsmivü
salmaz xəlayiq əzbərindən heç zaman,
Qədrivü
xalqın bilibdür, el verib qiymət sənə.
Şah
Hüseynə zair oldun, çatdın arzu kamuva,
Kərbəla
torpağın öpmək oldu həm qismət sənə.
Səndə
qeyri-adi bir xislət var idi bimisal,
Çin
olurdu, çox təəccüb, yetsə hər niyyət sənə.
Buzovna məscidinin
axundu, ruhani aləmimizin ən ziyalı simalarından olan
Hacı Soltanla şərikəm.
Doğrudan da,
Hacı müəllim elə saf adam idi, nə arzulasaydı, nə
niyyət etsəydi, adətən, gerçəkləşərdi.
O, İmam
Hüseyn, Məhəmməd Füzuli əsiri idi.
70-i adlayandan
sonra gedib hər ikisinin məzarını ziyarət etdi.
Seyid Əzim
aşiqi idi.
Gedib onun da məzarının
daşından öpmək qisməti oldu.
Ömrün
son iki-üç ilində səhhəti tədricən
laxlayırdı.
Onda təngnəfəslik
əmələ gəlmişdi.
“Xəstəlik
əziyyət verir, nəfəsim də daralır. Amma bir cəhətdən
Allahımdan razıyam ki, sözə, oxumağa ürəyimdə
cavan yaşımda olan həvəs, eşq elə əvvəlki
kimidir. Azalmayıb ki, artıb”.
Bir eşq heykəli
idi Hacıbaba ustad.
Məhəbbətlə
dolu idi.
Məgər
özünüz eşitmirsiniz, məgər özünüz
görmürsünüz?
Sənsiz mənə
zindan görünür, sanki, bu aləm,
Gəl
dönmə vəfadən,
Vaz keç bu
ədadən,
Gəl-gəl,
gözəlim, gəl, məni qurtar bu bəladən.
Sadəcə
oxumur, nəfəs alır bu sətirlərdəki
duyğularla.
Gülü
atdım gülzara,
Bülbül
onu suvara,
Yazı mənə
söz verdi,
Ay,
qışı qaldım avara.
Neyləməli,
iyləməli,
Ax, bu dərdi
kimə söyləməli?
Kim deyər bu
sətirləri belə şövqlə oxuyan yaşlı bir
insandır?!
Qarpız kəsdim,
yeyən yox,
Vallah, dərdim
bilən yox,
Yarım mənlə
barışıb,
“Gözün
aydın” deyən yox...
Kim deməz
ki, belə ehtirasla oxuyan sevgiylə qaynayan cavan bir
oğlandır?!
***
Olar bir gün
nigarından gələr xoş bir xəbər, Hacı,
Gələr
ol bəxt-i bərgəştən olarsan bəxtəvər,
Hacı,
Əgər
eşq əhlisən, səbr et, keçər dərd ü kədər,
Hacı,
Görərsən
yar açıb zülfün, o tellər mişkbar olmuş,
Açılmış
qönçələr, sirr-i təbiət aşikar olmuş.
Axır
saatınacan eşq əhli olaraq qaldı.
Axır nəfəsinəcən
məhəbbətlə çırpındı.
Axır
gününəcən sənət üçün
çalışdı.
Ömrünün
son günündə də sevənləriylə
görüşə getmişdi.
Görüşdən
sonra onu evə qaytaranda da maşında söhbətə
tutmuşdular, danışdıqlarını lentə
almışdılar.
Dinləyirəm
həmin son söhbətlərini.
Yol gəlir.
Evə gəlir.
Ölümə
doğru gəlir.
Danışır,
şeir oxuyur.
Bir neçə
saat sonra həyatda olmayacaq.
Məhəbbətlə
doludur...
Hüsn ilə
eşq olmasa, dəhrdə olmaz səfa,
Olmasa Hacı,
cahan tərsinə dövran edər.
***
Sovet
dövründə bütün sahələrdə mərkəzləşmə,
nəzarət olduğu kimi, ifaçıların Moskvanın
“Melodiya” firması xətti ilə səslərinin,
çalğılarının vallara yazılması da
hökumətin (yaxud onun məmurlarının) seçimi ilə
baş verirdi.
Sovet onillərində
vallarının buraxılması ilə şeir
kitablarının çıxması Hacıbaba Hüseynovdan
ötrü əlçatmaz arzu idi.
Hacıbaba
Hüseynova “yaşıl işığ”ın yanması sovet
dövlətinin dağılan vaxtlarına, texniki tərəqqidə
də yeni səhifələrin açıldığı
çağlara təsadüf etdi.
Daha val
ötülmüş mərhələ idi.
Hacıbabanın
ilk diskləri çıxdı.
Azərbaycanda
yox, xaricdə.
Özünün
olmadığı çağlarda səsi yazılmış
disklər ölkəmizdə də, vətəndən kənarlarda
da dönə-dönə buraxıldı, yəqin, bundan sonra
da olacaq.
Amma köhnə
xanəndələrimizi düşünürkən, nədirsə,
həmişə ilk növbədə vallar, qarammofonlar,
patefonlar yada düşür.
Hərdən
mənə elə gəlir ki, Hacıbaba ustadın radiodan
eşitdiyim oxuları da elə Cabbarın, Keçəçioğlunun,
Ələsgərin, İslam Abdullayevin, Məşədi Məmməd
Fərzəliyevin... oxuları kimi yüz dəfələrlə
fırlanmış bir əski valın səs
cığırlarından qalxır.
Ömrünün
sonlarında Hacıbabaya təzədən vurulmuş şair
Qabilsə göyləri ustadın avazı yazılmış əsrarəngiz
vala oxşatmışdı:
Oxu!
Səsin
göylərə
yazılır,
Hacı!
Asiman bir
valdır ki,
Hərlənir,
hərlənir,
hərlənir...
Nə silinir,
nə pozulur, Hacı!
Bəlkə də,
şairin bu bənzətməsi – səsin val kimi göylərə
yazılması kiməsə fantastik, sürrealist gələr.
Bəs
Hacıbaba ustadın səsinin bir sınmaz, pozulmaz val kimi millətin
yaddaşına əbədilik yazılmasına nə
sözünüz?!
Amma şairin
sözünü də qəribçiliyə salmayın...
Gördüm
yarın əllərini
Gecə
yağmış qar kimi.
Elə bil, bu
səs də pak, bərq vuran qar kimi göydən
yağmışdı.
Hacıbabanı
dinləyəndə hərdən başınızı
qaldırın, göylərə baxın...
(ardı var)
Rafael HÜSEYNOV,
Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü
Xalq qəzeti.- 2010.- 11 aprel.- S. 5.