Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsində
bütün dövlətlər və beynəlxalq təşkilatlar
Azərbaycanın mövqeyini dəstəkləyir
Ermənistan isə qeyri-konstruktiv yanaşmasından hələ
də əl çəkə bilmir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi hazırda özünün intensiv
danışıqlar dövrünü yaşamaqdadır. ATƏT-in
Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə
keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin
təkbətək və birgə görüşlərində
əsas məqsəd iki ölkə arasında yaranmış
münaqişənin sülh yolu ilə aradan qaldırılmasına
xidmət edir. Danışıqlar prosesi və əldə
olunan nəticələr bir daha təsdiqləyir ki, Ermənistan
tərəfi hələ də qeyri-konstruktiv mövqeyindən
əl çəkə bilmir, öz
işğalçılıq siyasətini davam etdirməkdədir.
Son hadisələr bir
daha təsdiqləyir ki, Dağlıq Qarabağ problemi beynəlxalq
ictimaiyyətin diqqət mərkəzində
saxladığı prioritet məsələlərdəndir. Münaqişə
yaranan vaxtdan bir sıra nüfuzlu beynəlxalq təşkilatlar
problemin aradan qaldırılmasında Azərbaycanın
mövqeyini dəstəkləyib. Söz yox ki, bəzi beynəlxalq
qurumlar bu məsələdə ikili standartlardan əl çəkmək
istəmirdilər. Lakin Azərbaycanın yeritdiyi məntiqli
xarici siyasət sayəsində həmin qurumlar beynəlxalq aləmdən
təcrid olunmaq təhlükəsini hiss etdikcə əsl həqiqəti
etiraf etmək məcburiyyətində qaldılar. Artıq demək
olar ki, dünya ictimaiyyəti münaqişənin beynəlxalq
hüququn norma və prinsipləri əsasında həllinə
üstünlük verdiyini birmənalı şəkildə bəyan
edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik
Şurası Ermənistan qoşunlarının işğal
edilmiş Azərbaycan ərazilərindən
çıxarılmasına dair dörd qətnamə qəbul
etmişdir. Bundan başqa Avropa Şurası Parlament
Assambleyası, eləcə də İslam Konfransı Təşkilatı
işğal edilmiş Azərbaycan torpaqlarından Ermənistan
silahlı qüvvələrinin çıxarılması tələbi
ilə bir neçə qətnamə qəbul edib.
2008-ci il martın 14-də BMT Baş Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı rəsmi qətnamə qəbul etdi. Həmin qətnamədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində istisnasız dəstəkləndiyi birmənalı olaraq öz əksini tapıb. Bununla yanaşı, Azərbaycan Respublikasının işğal edilmiş torpaqlarından bütün erməni qüvvələrinin təcili, tam və qeyd-şərtsiz çıxarılması qətnamədə qəti tələb kimi qarşıya qoyulub. BMT Təhlükəsizlik Şurasının sonuncu qətnaməsində öz doğma ata-baba torpaqlarından qovulmuş bütün azərbaycanlıların yurd-yuvalarına qaytarılması, o cümlədən ərazi münaqişəsindən zərər çəkənlərin tam reabilitasiyasının vacibliyi diqqətə çatdırılır. Qətnamədə həmçinin bildirilir ki, heç bir ölkə işğalçılıq nəticəsində yaranmış situasiyanı qanuni saya bilməz və bu situasiyanın inkişafına və saxlanılmasına dəstək ola bilməz. Həmçinin qətnamənin bu maddəsi eyni zamanda Ermənistan tərəfinin işğalçılıq siyasətinə ikili standartlardan yanaşan beynəlxalq qurumlara ciddi bir siqnal idi.
Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli artıq beynəlxalq səviyyədə dəstəklənir. 2008-ci ilin sonunda Moskvada üç dövlətin — Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin imzaladıqları bəyannamədə münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunması öz əksini tapıb. Onu da qeyd edim ki, dövlət başçımız cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirdiyi bütün görüşlərdə problemin yalnız ölkələrin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini mümkün hesab edib. Ötən ilin sonunda Ermənistan prezidenti ayrı yolun olmayacağını nəhayət dərk edərək bu təklifə rəsmən razı olduğunu bildirdi.
İstər Ermənistanın dövlət rəsmiləri, istərsə də ictimai-siyasi xadimləri ölkələrinin ağır iqtisadi duruma düşməsinin, beynəlxalq qurumlarla münasibətlərinin getdikcə pisləşməsinin, regionda həyata keçirilən iri infrastruktur layihələrdən kənarda qalmalarının səbəbini məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu vaxta qədər nizamlanmamasında görürlər. Bundan əlavə, onlar artıq dərk edirlər ki, status-kvo Azərbaycan tərəfini qane etmir. Demək beynəlxalq qurumları da qane edə bilməz. Çünki beynəlxalq qurumlar Azərbaycanın mövqeyini dəstəkləyir.
Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında Qəbələ rayonuna səfəri zamanı rayon ictimaiyyətinin nümayəndələri və orada məskunlaşmış məcburi köçkünlərlə görüşü zamanı bu barədə demişdir: “Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Ermənistanın işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və tapacaqdır”.
Münaqişənin sülh yolu ilə nizamlanmasında qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan prezidenti Serj Sarkisyan müxtəlif bəhanələrlə öz hərəkətlərini əsaslandırmağa cəhd göstərsə də, beynəlxalq qurumların qınağına tuş gəlib. Çünki onun dediklərinin heç bir əsası yoxdur. Bir fakta diqqəti cəlb etmək istərdim. Bu günlərdə Almaniyanın “Der Şpigel” jurnalına müsahibə verən Ermənistan prezidenti münaqişənin nizamlanmasında guya ən vacib məsələnin Dağlıq Qarabağ xalqına öz müqəddəratını təyin etmə haqqının verilməsi olduğunu bildirib. Bu da bir bəhanədir. Çünki hələ ümummilli lider Heydər Əliyev bu məsələ barəsində öz fikrini bildirərkən demişdi: “Biz Ermənistan ilə Azərbaycan arasında sülh olmasını istəyirik. Biz Dağlıq Qarabağa Azərbaycan Respublikası tərkibində müasir beynəlxalq praktikada olan ən yüksək muxtariyyət statusu verməyə hazırıq”. Ulu öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də xalqların öz müqəddəratını təyinetmə məsələsinə toxunarkən qeyd edib ki, rəsmi Bakı ölkənin Dağlıq Qarabağ ərazisinə böyük və nüfuzlu dövlətlərin zəmanət duracağı yüksək muxtariyyət, orada yaşayan və yaşayacaq əhaliyə yüksək həyat şəraiti və həqiqi vətəndaş hüquqları vəd edir. Yalnız bütün bunlar Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir.
Ermənistan prezidentini həyəcanlandıran və təşvişə salan məsələlərdən biri də Azərbaycan Milli Ordusunun gündən-günə mətinləşməsi, qüdrətlənməsidir. O, bu təşvişini “Der Şpigel” jurnalına müsahibəsi zamanı da gizlədə bilməyib. S.Sarkisyan deyib: “Təəssüf ki, deyəsən Azərbaycan problemi hərbi yolla həll etmək istəyir. Bu da ermənilərin Dağlıq Qarabağ bölgəsindən çıxarılmasına səbəb olacaq”. Nədənsə Ermənistan prezidenti öz ata-baba ocaqlarından didərgin saldıqları bir milyondan artıq azərbaycanlının taleyindən söhbət açmır və məsələnin üstündən sükutla keçir. 1988-ci ildən başlayaraq azərbaycanlıların öz əzəli torpaqlarından didərgin salınması, Dağlıq Qarabağ və ətraf rayonların sakinlərinin ev-eşiklərinin darmadağın edilməsi, insanların vəhşicəsinə qətlə yetirilməsi nədənsə S.Sarkisyanın “yadına düşməyib”. Axı onun özü əksər qətliamı törədən quldur erməni silahlı dəstələrinə rəhbərlik edib. Bu gün işğal altında olan Azərbaycan ərazilərinin 20 faizində də törədilən vəhşiliklərdə, insanlığa sığmayan hərəkətlərdə Ermənistan pezidenti S. Sarkisyan bilavasitə təşkilatçı və rəhbər olub. İndi o, hansı haqla insanların taleyindən söhbət açır? Bəs onun təşkilatçılığı ilə qətlə yetirilmiş çoxlu sayda insanların taleyi necə olsun? Qeyd etdiyim kimi, Ermənistan prezidentini qorxuya salan Milli Ordumuzun gündən-günə qüdrətlənməsi, ordunun inkişafına ayrılan vəsaitin artırılmasında və dövlət başçımızın Qəbələ rayon ictimaiyyəti və məcburi köçkünlərlə keçirdiyi görüşü zamanı dedikləri olmuşdur. Azərbaycan Prezidenti demişdir: “Hərbi quruculuq, ordu quruculuğu daha da sürətlə getməlidir. Çox işlər görülüb, amma hələ də çox işlər görülməlidir. Bu məqsədlə bizim bütün proqramlarımız icra edilir. O cümlədən, regional inkişaf proqramı və bütün regionlarda gedən quruculuq işləri, əlbəttə ki, ölkəmizi gücləndirir. Qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tapacaqdır”.
S.Sarkisyan “Der Şpigel” jurnalına sərsəmləməsindən sonra Ermənistanda nəşr olunan bir sıra qəzetlərin siyasi şərhçiləri S. Sarkisyanı siyasi cəhətdən çox piyada, həm də qeyri-ciddi, danışığını bilməyən, Ermənistanı gülünc vəziyyətinə qoyan şəxs kimi təqdim edirlər. “Der Şpigel” jurnalına verdiyi müsahibə onun haqqında öz ölkələrində deyilənləri bir daha təsdiqlədi. Bu gün heç bir ölkə, heç bir siyasi qurum, hətta, Ermənistanın özü tərəfindən müstəqilliyi tanınmayan Dağlıq Qarabağın Azərbaycan tərəfindən müstəqil respublika kimi tanınması iddiasında olan bir şəxsi normal düşüncə sahibi hesab etmək olarmı? S.Sarkisyan Dağlıq Qarabağın digər ölkələr tərəfindən tanınmamasını Azərbaycanın neft ölkəsi, Türkiyənin isə NATO üzvü olması ilə əlaqələndirir. Bu da Ermənistan prezidentinin siyasi səbatsızlığını təsdiqləyən daha bir faktdır. Çünki həm ATƏT-in Minsk qrupunun həmsədrləri, həm də nüfuzlu dövlətlərin rəhbərləri münaqişənin ölkələrin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüququn normaları əsasında həllinə tərəfdar olduqlarını bildiriblər.
Ermənistan prezidenti “soyqırımı” məsələsinin araşdırılması ilə əlaqədar Türkiyənin irəli sürdüyü tarix komissiyasının yaradılması ilə əlaqədar verilən sualı cavablandırarkən bu komissiyanın obyektiv olacağına inanmadığını deyib. O, bununla da belə bir komissiyanın yaradılmasına əslində etirazını bildirib. Çünki yaxşı bilir ki, soyqırımının qondarma olduğunun üstü açılacaq. Bir daha məlum olacaq ki, ermənilərin özləri digər xalqlara qarşı soyqırımı törədiblər. Bütün bunları dərk edən S.Sarkisyan son anda yenə də Amerika, Avropa və Almaniyaya yalvarıcı tərzdə deyib ki, Türkiyə-Ermənistan yaxınlaşmasına yardım etsinlər.
Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdikləri Madrid prinsiplərinin yeniləşmiş forması əsas götürülür. Bu sənəd beynəlxalq təşkilatların qətnamə və qərarlarına əsaslanır və çox kiçik istisnalarla Azərbaycan tərəfindən rəsmən və açıq şəkildə qəbul edilib. Ermənistan tərəfi isə bu dəfə də qeyri-konstruktivlik nümayiş etdirir, dörd maddənin çıxarılması iddiasını irəli sürür, Dağlıq Qarabağın status məsələsinin ilk növbədə həllini tələb edir. Əslində Ermənistan bununla işğalçılıq siyasətindən əl çəkməyəcəyini nümayiş etdirir. Azərbaycan Prezidenti isə qətiyyətlə bildirib ki, Azərbaycan dövləti içərisində yeni bir erməni dövlətinin yaradılması yolverilməzdir. Azərbaycan xalqı buna heç vaxt razı olmaz. Torpaqlarımızın da uzun müddət işğal altında qalmasına dözə bilmərik və dözməyəcəyik!
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2010.- 11 aprel.- S. 2.