Nəqliyyat vasitələrinin
sıxlığı havanın çirklənməsini daha
intensiv və həcmli edir
2010-cu il Azərbaycan
tarixinə ekoloji vəziyyətin
yaxşılaşdırılması sahəsində
dönüş ili kimi yazılacaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Qloballaşan dünyada bəşəriyyəti narahat
edən problemlərdən biri planetin ekoloji vəziyyətinin
getdikcə pisləşməsidir. Davamlı insan
inkişafı proqramı çərçivəsində beynəlxalq
ictimaiyyət bu dünyəvi problemin həllinə
çalışır. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ölkəmizdə ekoloji məsələlərin
həllinə böyük diqqət göstərir. Uzun illərdir
ki, ölkəmizdə ekoloji vəziyyətin
yaxşılaşdırılması və sağlam ətraf
mühitin yaradılması istiqamətində
genişmiqyaslı, əhəmiyyətli tədbirlər həyata
keçirilir. Ətraf mühitin qorunması sahəsində
strateji proqramlar müvəffəqiyyətlə icra edilir. “Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair 2006-2010-cu illər
üçün Kompleks Tədbirlər Planı”nın qəbul
edilməsi, ölkəmizdə mövcud ekoloji problemlərin
aşkarlanmasına və həllinə yönəlmiş
böyük işlərə güclü təkan
vermişdir.
Xüsusilə əhalinin
daha sıx yaşadığı Bakı şəhəri və
Abşeron yarımadasında ətraf mühitin
yaxşılaşdırılması istiqamətində
davamlı tədbirlərin və layihələrin icrasına
önəm verilir. Ölkə Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə 2010-cu il fevralın 18-də
keçirilmiş ekoloji problemlərə həsr olunmuş
müşavirədə respublikada ekologiya sahəsində
görülən işlər ətraflı müzakirə
edilmişdir. Prezident İlham Əliyev geniş proqramlı
nitqində dövlətin ekologiya istiqamətində 2010-cu ildə
və ondan sonrakı illərdə həyata keçirəcəyi
proqramını açıqlamış və bu sahədə
qarşıda duran prioritet vəzifələri müəyyənləşdirərək
bir sıra tapşırıqlar vermişdir. Ekoloji vəziyyətin
yaxşılaşdırılması istiqamətində tədbirlərin
nəinki Bakı şəhəri və Abşeron
yarımadasında, eyni zamanda ölkəmizin bütün
şəhər və rayonlarında həyata keçirilməsi
bir vəzifə olaraq qarşıya qoyulmuşdur.
Dövlət
başçısı ekoloji problemlərə həsr
edilmiş müşavirədə ölkədə ekoloji vəziyyətin
yaxşılaşdırılması, Azərbaycan vətəndaşlarının
sağlamlığının daha da möhkəmləndirilməsi,
Xəzər dənizinin çirklənmədən
qorunması, ölkədə yaşıllaşdırma,
ağacəkmə kampaniyasının
davamlılığının təmin edilməsi istiqamətləri
üzrə mühüm vəzifələrin həllini
qarşıya qoymuşdur. Toplantıda ölkə Prezidenti
İlham Əliyev tərəfindən qeyd edilən vəzifələrin
yerinə yetirilməsinin optimal müddətləri göstərilməklə,
Avropa standartları səviyyəsində yerinə yetirilməsi
ücün müvafiq dövlət strukturlarına
tapşırıqlar verilmişdir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin ekologiyanın yaxşılaşdırılması
sahəsində aparıcı struktur kimi geniş fəaliyyəti
qarşıda qoyulan bəşəri əhəmiyyətli vəzifələrin
yerinə yetirilməsinə yönəlmişdir.
Ölkəmizdə
atmosfer havasının mühafizəsi istiqamətində ciddi
tədbirlər görülür. Bu il martın 6-da Nazirlər
Kabinetinin avtonəqliyyat vasitələrindən atmosfer
havasına atılan zərərli maddələrə dair tələblərin
Avropa standartlarına uyğunlaşdırılması tədbirləri
barədə qərar qəbul etməsi və 2010-cu il iyulun
1-dən Azərbaycan Respublikasının ərazisində
dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zərərli maddələr
üzrə “Avro-2” ekoloji normalarının tətbiq edilməsi
qarşıya qoyulan vəzifələrin icrası
baxımından əhəmiyyətlidir. Bu məsələnin
ekoloji vəziyyətin yaxşılaşdırılmasında
xüsusi əhəmiyyətə malik olduğunu nəzərə
alaraq məsələnin elmi-nəzəri və praktiki təhlilini
verməklə, dünya ölkələrinin təcrübələri
əsasında fikir və mülahizələrimizi
bölüşmək istərdik.
Bizi əhatə edən
təbiət, o cümlədən atmosfer havası
insanların yaşamasına və fəaliyyət göstərməsinə
xidmət edir. Eyni zamanda məhz insanlar öz fəaliyyəti
ilə, öz ehtiyaclarını ödəmək məqsədi
ilə gördüyü işlərlə bilavasitə ətraf
mühiti, ekologiyanı pisləşdirən yeganə
varlıqdır. Ekoloji vəziyyətin pisləşməsi ilk
növbədə atmosfer havasının çirklənməsində
özünü göstərir. Atmosfer havasının
çirklənməsi - insanların iqtisadi, sosial-məişət
qayğılarının ödənilməsinə yönəldilmiş
tədbirlərin, fəaliyyətinin ikincili təsirinin nəticəsidir.
Böyük şəhərlərdə fəaliyyət
göstərən fabrik və zavodların atmosferə
buraxdığı, insan həyatı üçün təhlükəli
qazların, avtomobillərin işlətdikləri qazların
atmosfer havasını çirkləndirən mənbə
olduğu məlumdur.
İnsanların fəaliyyəti
nəticəsində havanın ümumi çirklənməsinin
51 faizi nəqliyyatın payına düşür. Bu
çirklənmənin 10-30 faizinin avtomobil nəqliyyatının
payına düşdüyü də məlumdur Təbii ki,
istifadə edilən avtomobillər, avtobuslar və digər qaz
və neft məhsulları ilə işləyən texniki və
nəqliyyat vasitələri atmosferə müəyyən miqdar
zəhərli qazlar buraxmalıdır. Bunsuz mümkün deyil.
Amma dövlətin, cəmiyyətin marağı ondadır ki,
bu qazlar qoyulmuş normativ hədləri aşmasın. Bu
normativləri beynəlxalq səviyyədə müəyyənləşdirən
standartlara görə atmosferə avtomobillər tərəfindən
buraxılan işlənmiş qazların tərkibində ən
təhlükəli və ziyanlı sayılan CO – karbon oksidi və
CH – karbohidrogenlər təşkil edir.
Havanın çirklənməsi
dedikdə atmosferin insan həyatına və ya
sağlığına təhlükə törədən,
heyvanların və bitkilərin sağlığına və
ya təbii həyat fəaliyyətinə ziyan vuran,
metalları korroziyaya uğradan, görünməni məhdudlaşdıran,
arzu olunmayan iy və qoxu yaradan qazaoxşar, maye və ya bərk
maddələrlə çirklənməsi başa
düşülür.
Avtonəqliyyat vasitələrinin
işləməsindən havanı çirkləndirən əsas
tullantılara dəm qazı (CO), karbohidrogenlər (HC), azot
oksidləri (NOx) daxildir. Məlumata görə, 20000 km
yürüş etmiş avtomobil havaya 0,775 kq qurğuşun
(Pb), 40,75 kq azot oksidləri (NOx), 234 kq karbohidrogen (HC) və 765
kq dəm qazı (CO) buraxır. Günəş
işığının təsirindən bu tullantılar kimyəvi
dəyişikliyə məruz qalır və zərərli maddələrin
siyahısı aşağısəviyyəli, troposferli ozonla
(O3) və fotokimyəvi mənşəli müxtəlif toksinlərlə
zənginləşir. Məhz bu maddələr insan həyatı
üçün təhlükəli və idarə edilməsi
mümkün olmayan fəsadlar yaradır.
Məsələn,
havanın çirklənməsinin ən ciddi təhlükəlisi
və xoşagəlməyəni qaz, tüstü, duman və
toz qarışığı olan smoqdur. Smoq - ingilis
sözündən olub, tüstü (smoq) və duman (fog) deməkdir.
Su buxarlarının kondensasiyası zamanı kiçik
tüstü hissəcikləri ətrafında toplanmasından əmələ
gəlir. Bu, xüsusilə böyük sənaye şəhərlərində,
nəqliyyat vasitələrinin çox sıx olduğu ərazilər
üçün xarakterikdir. Smoqun klassik və fotokimyəvi
növləri vardır. Fotokimyəvi növ günəşin
ultrabənövşəyi şüalarının avtomobillərin
dəm qazının yaratdığı klassik smoqa təsirindən
əmələ gəlir və daha zərərli formaya
keçir. Fotokimyəvi smoq havada sarı rəngli duman əmələ
gətirir, bu zaman hava tutqunlaşır, xoşagəlməz kəskin
qoxu yaranır, adamların səhhətini pisləşdirir. Bu
çevrilmələr üzvi yanacağın, məsələn
benzinin yanmasından ayrılan karbohidrogenlərin fotokimyəvi
parçalanması zamanı baş verir. Reaksiyanın məhsullarına
ozon, aldehidlər, keton, asetilnitrat, üzvi turşular və
başqa parçalanma məhsulları daxildir. Bundan başqa
avtomobillərin buraxdığı dəm qazı (CO) smoqun tərkibində
olan ən zəhərlisi hesab olunur. Smoq nəticəsində
havada zərərli maddələrin şiddətli
konsentrasiyası bəzən ölüm hallarına səbəb
olur. Məsələn, 1952-ci ildə Londonda baş vermiş
smoq nəticəsində 4000 nəfər, 1984-cü ildə
Hindistanın Bxopol şəhərində 2500 nəfər
ölmüşdür. Smoq həmçinin minlərlə
insanın ağır xəstələnməsinə səbəb
olmuşdur. Smoqun bütün növləri görməni
azaldır və nəfəsalma sistemini
qıcıqlandırır. Fotokimyəvi smoq gözü və
quzeyli qişasını qıcıqlandırmaqla yaş
axmasına səbəb olur, eyni zamanda bitki
örtüyünü də müxtəlif dərəcədə
zədələyir.
Hava mühitinin
çirklənmə səviyyəsinin qiymətləndirilməsi
və azaldılmasına yönəlmiş tədbirlər
emissiya mexanizmlərini və zərərli tullantıların
yayılma mexanizmlərini öyrənməyi tələb edir.
Emissiya - atmosferi çirkləndirən tullantıların və
maddələrin atılması, ayrılması və
şüalanmasıdır. Emissiya nəqliyyat vasitələrinin
hərəkət rejimindən, sürətindən və qət
etdiyi yoldan asılı olmaqla, avtomobilin ümumi
yürüşündən (yeyilmə dərəcəsindən),
markasından, kütləsindən, yanacağın təmizlənmə
dərəcəsindən və temperatur rejimindən
asılıdır.
Nəqliyyat vasitələrinin
sıx olduğu şəhərlərdə, yəni Bakı
kimi şəhərlərdə havanın çirklənməsi
daha intensiv və həcmli olur. Məlumata görə
hazırda Bakıda 549 min 511 avtomobil qeydiyyatdadır. Və nəzərə
alsaq ki, respublikanın regionlarından və Bakıətrafı
kəndlərdən hər gün şəhərə minlərlə
avtomobil girir və küçələrdə sutka ərzində
hərəkət edir, onda Bakıda havaya atılan zərərli
maddələr haqqında daha dolğun məlumat əldə
etmək olar. Digər tərəfdən istifadə edilən
avtomobillərin böyük əksəriyyətinin istismar
müddətini başa vurmuş olduğunu nəzərə
alsaq, vəziyyətin hansı xəritə
alacağını təsəvvür etmək çətin
deyil. Avtomobil nəqliyyatı iş prosesində ətraf havaya
200-dən çox zəhərli və zərərli maddə
ixrac edir. Bir gündə hər min ədəd avtomobil mühərrikindən
havaya 3,2 ton karbon oksidi, 200-400 kq digər qazabənzər maddələr
buraxılır. Verilən rəqəmlərə istinad etsək
gün ərzində Bakıda atmosferə 1920 ton karbon oksidi,
120-180 ton digər mürəkkəb tərkibli tullantı
atıldığı qənaətinə gəlmək olar. Bir
ayda atmosferə təxminən 57600 ton karbon oksidi və
3600-5400 ton digər zərərli maddələr, bir ildə isə
691200 ton karbon oksidi – dəm qazı ötürülür. Bunun
fəsadlarını hesablamaq üçün məşhur
riyaziyyatçı, yaxud həkim olmaq lazım deyil. Adi vətəndaş
başa düşür ki, bir il ərzində bir insanın
orta çəkisindən 13-14 min dəfə çox dəm
qazı atmosferə ötürülürsə, bundan ancaq
insanlar, ətraf mühit, təbiət zərər çəkir.
Azərbaycana indi
böyük miqdarda xaricdə istehsal olunmuş avtomobillər gətirilir.
Təkcə 2000-2008-ci illər ərzində ölkəmizə
400 min avtomobil gətirilmişdir. Ölkə Prezidenti ekoloji
problemlərə həsr edilmiş müşavirədə bu
həyati vacib məsələyə münasibətini
çox kəskin bildirmişdir: “Verilən məlumata görə,
2000-2008-ci illər ərzində avtomaşınların
sayı 423 mindən 823 minə qədər
artmışdır. Bu özlüyündə əlbəttə
ki, havanın çirklənməsi üçün əsas
amillərdən biridir. Biz avrostandartlara keçməliyik. Bu ildən
bu istiqamətdə göstəriş verilib. Biz ”Avro-2" və
ondan sonra “Avro-3", ”Avro-4", “Avro-5" səviyyəsinə
çatmalıyıq.” Dövlət
başçısının bu tələbləri hər bir
vətəndaş mövqeli insanı düşünməyə
vadar edir. Ölkəmizə xaricdən gətirilən
avtomobillərin əksəriyyəti “Avro-2” standartlarından
da aşağı parametrlərə malikdir. Bu
maşınları gətirən iş adamları öz maliyyə
maraqlarını reallaşdırır, amma Bakıda, Gəncədə,
Sumqayıtda və digər böyük şəhərlərdə
olan avtomobil parklarında köhnəlmiş avtomobillərin
sayını artırırlar. Görəsən, maşın
gətirən şəxsləri belə bir fikir
düşündürürmü ki, işlənmiş
maşınları aldıqları xarici ölkədə bu
maşınları niyə istifadə etmirlər? Həmin
maşınlar məhz o ölkələrdən gətirilir
ki, orada ən yüksək standartlar, məsələn “Avro-5”
və s. tətbiq edilir. Deməli, bu maşınların
texniki göstəriciləri bu standartlara cavab vermədiyindən
onların böyük şəhərlərdə
istismarına qanunla yol verilmir. Sahibləri isə bu
maşınları ən yaxşı halda satmaqla həm
öz ölkəsində ekoloji problemlərin həllinə
çalışır, həm də müəyyən qazanc əldə
edirlər. Həmin maşınlar isə bizdəki
maşın biznesi ilə məşğul olanlar tərəfindən
ucuz qiymətə alınır və 5-10 dəfə baha qiymətə
özümüzə satılır. Texniki parametrləri,
normativlərdən aşağı olan avtomobillərin
böyük şəhərlərdə ekologiyanın
çirklənməsinə etdiyi zərərli təsiri
faktlarla təhlil edək: Avtomobilin işindən avtmosferə
atılan zərərli tullantıların 74 faizi dəm
qazı (CO), 22 faizi karbohidrogenlər (HC), 4 faizi azot oksidləri
(NOx) , 0,07 faizi qurğuşun (Pb) təşkil edir.
(ardı var)
İsrafil İSMAYILOV,
Azərbaycan Dövlət Aqrar Universitetinin
Maşınların istismarı və yerüstü nəqliyyat
vasitələri kafedrasının professoru,
texnika elmləri doktoru
Xalq qəzeti.- 2010.- 11 aprel.- S. 3.