Beynəlxalq ictimaiyyət Azərbaycan
həqiqətlərini qəbul edir və yüksək qiymətləndirir
Yeni əsr
dünyanın hər yerində ictimai-siyasi proseslərin
tamamilə yeni müstəvidə çözülməsinə
zəmin yaratmışdır. İndi artıq 30-40, hətta,
50 il həlli müşkül olan məsələlərin həlli
yolları tapılır. Çünki elmi-texniki tərəqqi
və müasir proqnozlaşdırma üsulları xəstə
təxəyyüllü ermənilər istisna olmaqla
dünyanın bütün insanlarının aydın
düşünməsinə, ədalətli qərar qəbul
etməsinə imkan yaradır. Biz bu prosesin əyani sübutunu
dünya ictimaiyyətinin Azərbaycana münasibətinin dəyişməsində
də görürük. İndi hamı Azərbaycanın haqq
işini dəstəkləyir, ölkəmizin ərazi
bütövlüyünün bərpasının vacibliyini
vurğulayır. Belə nəticəyə nail olmaq
üçün Azərbaycan dövləti ardıcıl
olaraq, uzunmüddətli siyasi-diplomatik tədbirlər həyata
keçirmiş, ictimai-siyasi və sosial-iqtisadi həyatdakı
mövcud reallıqlarımızın ən incə məqamlarınadək
dünya ictimaiyyətinə çatdırılmasına nail
olmuşdur. Prezident İlham Əliyevin bu il aprelin 7-də
Estoniya Xarici İşlər Nazirliyində mühazirə ilə
çıxış etməsi də həmin istiqamətdə
atılan uğurlu addımlardan biri idi.
Dövlət
başçımızın adı çəkilən tədbirdəki
mühazirəsini təhlil edən ekspertlərin fikrincə,
orada ondan artıq istiqamət üzrə əhatəli fikirlər
səsləndirilmiş, bugünkü reallıqlar qeyd edildikdən
sonra gələcək barədə perspektiv planlar, proqnozlar
dilə gətirilmişdir: Azərbaycan — Estoniya dostluq və əməkdaşlıq
münasibətlərinin inkişaf etdirilməsi
üçün reallaşdırılan layihələr,
bugünkü Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi
həyatdakı uğurlarının beynəlxalq aləmdə
yüksək qiymətləndirilməsi, ölkəmizin xarici
siyasətinin əsas prioritetləri, rəsmi Bakının
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
oynadığı rolun gündən-günə artması, Ermənistan
— Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün aparılan danışıqların son vəziyyəti,
münaqişənin tarixi, Azərbaycanın indiyə qədər
güzəştə getdiyi məqamlar, Azərbaycan
xalqının öz ölkəsinin ərazi
bütövlüyünü bərpa etmək
üçün göstərdiyi qətiyyət və bir
çox məqamlar mühazirədə geniş şəkildə
öz əksini tapırdı.
Mühazirədən bəzi
məqamlara diqqət yönəldək. Dövlət
başçımız Azərbaycanın bugünkü
reallıqları barədə fikirlərini inkişaf etdirərək
söyləyir: “Son 6 ildə büdcə xərclərimiz 10 dəfədən
çox artmışdır. Bu, sosial problemlərə və
iqtisadiyyatın şaxələndirilməsinə daha çox
vəsait sərf etməyə imkan verir. Siyasi və iqtisadi
islahatlar siyasətini həyata keçiririk. Azərbaycanın
gördüyü işlər beynəlxalq maliyyə təşkilatları
tərəfindən qiymətləndirilir. 2008-ci ildə
Dünya Bankı Azərbaycanı özünün ”Douinq
Business" hesabatında ən islahatçı ölkə
kimi tanımışdır. Ötən il Dünya İqtisadi
Forumu iqtisadiyyatın rəqabətliliyi baxımından Azərbaycanı
MDB ölkələri arasında birinci ölkə elan
etdi".
Mühazirədəki
daha maraqlı məqamlardan biri də odur ki, dövlət
başçımız Azərbaycanın sosial-iqtisadi
inkişafını özündə əks etdirən
faktları və rəqəmləri əks etdirərkən
auditoriyanın, yəni eston ziyalılarının gözləmədiyi
incə məqama toxunmuşdur: “Keçmiş sovet
respublikaları arasında bizi qabaqlayan yeganə ölkə
Estoniyadır. Mən sizi bu nailiyyət münasibətilə təbrik
etmək istəyirəm. Lakin 20 ildən az bir müddət əvvəl
bazar iqtisadiyyatı sıfır səviyyəsində olan
ölkə üçün dünya miqyasında iqtisadi rəqabətlilik
üzrə siyahıda 51-ci yerdə olmaq artıq yaxşı
nəticədir. Biz özümüzü təmin edən
ölkəyik”.
Azərbaycanın öz
problemlərini özünün həll etmək iqtidarında
olduğunu həm əcnəbi siyasətçilər, həm
də öz ekspertlərimiz dönə-dönə
vurğulayıblar. Ancaq Prezident İlham Əliyev Tallinndə
eston diplomatları qarşısında həmin məsələni
bilavasitə özünəməxsus incəliklərlə
yada saldı:
“Enerji sektoru, neft və
qaz hasilatı, sadəcə özümüzü rahat hiss etməyə,
kiminsə yardımından asılı olmamağa,
özünü təmin etməyə imkanlar yaradır. Siz
özünüzü təmin edəndə və iqtisadi
baxımdan müstəqil olanda, təbii ki, siyasi müstəqilliyiniz
də daha güclü olacaqdır. Onilliklər, əsrlər
boyu biz, əgər belə demək olarsa, digər ölkələrin
tərkibində yaşamışıq. Azərbaycan digər
ölkələrin hissəsi idi, müstəqil deyildi. Bu
gün isə, bizim üçün, xalqımız və gələcək
nəsillərimiz üçün bu, nadir şansdır. Bizdən
öncəki nəsillər müstəqil olmaq məqsədi
ilə yaşamışlar. Biz xoşbəxtik və bəxtimiz
gətirib ki, bunun şahidiyik və nəinki şahidi, həmçinin
müstəqilliyin gücləndirilməsinə, inkişaf
etmiş müasir dövlətin qurulmasına töhfəmizi
veririk. İqtisadi müstəqillik və özünütəminetmə
hər bir ölkə üçün əhəmiyyətli
olan iki elementdir”.
Təbii ki, Azərbaycanı
Estoniya ilə, eləcə də bütövlükdə
Avropa ilə bağlayan əsas tellərdən biri də enerji
siyasətidir. Elə eston diplomatlarını da daha çox bu
məsələ maraqlandırırdı. Həmin məqamı
nəzərə alan Azərbaycan Prezidenti dövlətimizin
enerji siyasətinin indiki vəziyyətini xarakterizə edərək
söyləyir: “... Biz enerji siyasətimizdə olduqca
çevikik. Enerji siyasətimiz hər zaman çox
açıq və səmimi olmuşdur. Biz hər zaman
çalışmalıyıq ki, enerji resurslarımızdan
istifadə edərək digər ölkələrlə,
qonşularla apardığımız əməkdaşlığı
gücləndirək. Azərbaycan qonşu ölkələrin
enerji təhlükəsizliyində artıq mühüm rol
oynayır. Bu gün şaxələndirmənin
inkişafı ilə bağlı irəli
sürülmüş yeni təkliflər üzərində
düşünürük”. Elə Estoniyanın
iqtisadçılarını da məhz bu məsələ — Xəzərin
Azərbaycan sektorunda hasil edilən karbohidrogen
ehtiyatlarının dünya bazarına
çıxarılması üçün müəyyən
edilmiş ixrac kəmərləri şəbəkəsinin
şaxələndirilməsi məsələsi daha çox
maraqlandırırdı.
Biz müxtəlif yazılarda dönə-dönə qeyd etmişik ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsi istisna olmaqla özünün bütün problemlərini təkbaşına həll etmək iqtidarındadır. Ancaq bəzi məqamlarda onu da əlavə edirik ki, yeri gələrsə xalqımız və dövlətimiz Dağlıq Qarabağ münaqişəsini də təkbaşına həll etmək barədə qərar qəbul etməyə hazırdır. Estoniya Xarici İşlər Nazirliyindəki mühazirə ilə dünya ictimaiyyətini növbəti dəfə məlumatlandıran Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin həlli üçün aparılan danışıqların indiki vəziyyəti və Azərbaycanın öz mövqeyində getdikcə daha qətiyyətlə dayandığı barədə fikirlər səsləndirmişdir: “Əfsuslar olsun ki, müharibə cinayətkarları hələ də məsuliyyətə cəlb olunmayıblar. Lakin ümidvaram ki, vaxt gələcək və onlar öz əməllərinə görə mühakimə olunacaqlar. Etnik təmizləmə siyasəti nəticəsində nəinki Dağlıq Qarabağda, o cümlədən ətraf rayonlarda yaşamış azərbaycanlılar, yəni ümumi hesabla 750 mindən artıq insan həmin ərazidən qovulmuş, onların evləri yerlə-yeksan olmuşdur... Hazırda Dağlıq Qarabağda yaşayanlar və birmənalı olaraq oraya qayıdacaq azərbaycanlılar təhlükəsizlik zəmanəti əsasında suveren Azərbaycan dövlətinin hüdudlarında dünyada mövcud olan yüksək muxtariyyət statusu ilə birgə yaşamalıdırlar. Bu mövqe beynəlxalq hüquq normalarına tam uyğundur. Eyni zamanda vasitəçilərin fəaliyyəti və əslində iki tərəfə irəli sürülən təkliflər bu mövqeni əks etdirir... Ümidvaram ki, vasitəçilərin fəaliyyətinin praktiki nəticələrini yaxın vaxtlarda görəcəyik. Çünki dünyanın aparıcı dövlətləri və Təhlükəsizlik Şurasının daimi üzvləri olan həmin həmsədr ölkələr üçün də artıq iyirmi il ərzində danışıqlar prosesini nəticəsiz aparmaq qeyri-məqbuldur”.
Bir sözlə, Azərbaycan Prezidentinin Estoniya Xarici İşlər Nazirliyində söylədiyi mühazirə-çıxış xalqımızın maraqlarının, dövlətimizin mənafeyinin dünya ictimaiyyətinə növbəti dəfə çatdırılması baxımından dəyərli sənəd kimi qiymətləndirilir. Bu mühazirə eyni zamanda Azərbaycanın istənilən məsələnin həllində qətiyyətinin təzahürü kimi də qəbul edilir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2010.- 13 aprel.- S. 1.