Mətbuatımızın beynəlxalq imici özümüzdən asılıdır

 

Jurnalist, Müharibə Veteranları Assosiasiyasının prezidenti, politoloq Tahir Paşa bu günlərdə Qara dəniz hövzəsi və Qafqazda ictimai siyasi proseslərin davamlılığı üzrə beynəlxalq monitorinqdən qayıdıb.Onunla görüşümüzdə ilk sualımız xaricdən bizə və jurnalistikamıza olan baxışlarla bağlı oldu:

 

– Azərbaycan yönlü ictimai siyasi qüvvələrin, daha çox, beynəlxalq təcrübəli ekspertlərin, xüsusilə də, bizə qarşı dövlət səviyyəsində düşmənçilik siyasəti yürüdən ermənilərin baxışlarında və dillərində yalnız bir sual gəzirdi: “Necə oldu ki Bakı, Azərbaycan birdən-birə bu qədər inkişaf etdi?!”

Ermənilərin başqalarının malına, mülkünə qarşı haram niyyətlərinə başları o qədər qarışıb ki, ölkənin bütün siyasi, iqtisadi strukturları elə bir hala düşüb, elə bir böhran burulğanında çabalayırlar ki, hələ bu günə qədər də müəyyən edə bilmirlər ki, Ermənistanın milli mətbuat günü nə zamandır!

Lakin Azərbaycanda demokratiyanın əsas dörd prinsiplərindən biri — müstəqil mətbuatın azad, demokratik inkişafına imkan verən qanunların, KİV-in İnkişafına Dövlət Yardımı Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, yüzlərlə QHT-yə, müstəqil və müxalif KİV-ə büdcədən maliyyə yardımlarının ayrılması Türkiyə və Qafqaz ekspertlərinin güclü marağına səbəb olub. Biləndə ki, bu işin ilkin ideoloji bazası dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevdən gəlir və bugünkü Prezidentimiz həmən yolu davam və inkişaf etdirir, onların qibtə hissi keçirdiklərini hiss etməyə bilmirsən.

Bircə qalır jurnalistlərimizin vicdan, etik normalara əməl etmə problemi. Bu yöndə də mətbuatımızın demokratikləşməsi kimi böyük ideologiyanın inkişaf etdirilməsinin fədakar icraçılarından olan Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin rəhbəri Əli Həsənovun bütün jurnalist mövqelərinə dostcasına müdaxilə və ümummilli mətbuat işinin yaradılmasında heç bir fərq qoyulmadan, apardığı işin üzdə olan səmərəsini göruşlərdə xüsusilə qeyd edirdik. Əslində bu işin faktoloji əsasları göz önündədir desəm, heç kəs mənimlə mübahisə də etməz. Təkcə son bir neçə ildə jurnalistlər üçün dövlətdən edilən maliyyə yardımları, KİV-lərin qeydiyyatının asanlaşdırılması, onların məmurların məhkəmə çəkişmələrindən qorunması, jurnalist peşəkarlığının artırılması, bütün bölgələri əhatə edən, bütün mövqelərdən olan KİV nümayəndələrinin beynəlxalq standartlara cavab verən təlimlərə, seminarlara cəlb edilməsi işinin özü, ümummilli mətbu, jurnalist sözünün yaradılmasına aparan yolun böyük bir hissəsinin artıq arxada qoyulduğundan xəbər verir.

Məhz beynəlxalq ekspertləri də düşündürən qloballaşmanın hər cür təhlükə, təcavüz və böhranlarından demokratiyanın mətbuat kimi güclü bir silahının müdafiə və mühafizə edilməsidir. Şükürlər olsun ki, bu barədə xaricdə bizim saatlarla belə danışmağa, misallar gətirməyə sözümüz çoxdur.

Təkcə bu gözəl faktdır ki, məhz cənab Əli Həsənovun jurnalist aktivliyinin artırılması istiqamətindəki fəaliyyətinin nəticəsində bizə BMT-nin ekspertləri belə, hətta ATƏT-ə sədrlik edən Qazaxstanda mətbuatın inkişafına yaradılan şəraitin səviyyəsinin bizdəkindən qat-qat aşağı olduğunu etiraf edirlər.

– Tahir müəllim, bəs sizcə mətbuatımızın əsas problemi nədir?

– Mən əsas problem kimi jurnalistlərimizin vicdan məsələsini qeyd edərdim. Çünki bu gün mətbuatımızda praktik problemlərdən olan stereotiplər–şablon, basma-qəlib ifadələr, formalar, jurnalist yanaşmaları, redaksiya münasibətləri, KİV mövqeləri var ki, bu da sonda oxucuya, tamaşaçı və dinləyiciyə, onun informasiya ehtiyaclarına, maraqlarına qarşı laqeydliyə, hörmətsizliyə gətirib çıxarır. Təsəvvür edin ki, 20 il bundan qabaq hər hansı müxalif qəzetin köşə yazarı bu gün də həmin mövzunu özünə qələm materialı, çörək ağacı edibdir. Baxmayaraq ki, artıq ölkədə o sahədə nəinki problem, heç düşünüləsi bir mövzu da qalmayıb. Və yaxud, problem artıq inkişaf nəticəsində prioritetliyini itirib, ya da formaca başqa bir məsələyə qarışıb. Dünya artıq onu həmin şəkildə qəbul etmir, ölkə iqtisadiyyatındakı iri miqyaslı beynəlxalq layihələrin həcmi və miqyası artdığından həmin problem hesab olunan iqtisadi məsələ artıq indi adı və mənası ilə də arxivə atılıb.

Təəssüflər olsun ki, bu yerdə jurnalistlərimizin bir hissəsinin problem xatirinə problem axtarışı onun heç özünə də zövq, fayda vermir. Ona görə də stereotiplərdən qaçmaq lazımdır. Bununsa universal yolları vardır. Bəzi jurnalistlərimiz buna önəm vermir, zamanla, ölkənin inkişaf templəri, beynəlxalq prinsiplərlə çalışmaq və dünya çapında insanların və xalqların özünü qoruyub yaşatmaq istiqamətindəki yeni-yeni düzənləri ortaya qoymasından da xəbərləri olmur.

Bu, ölkəmiz kimi müharibə şəraitində yaşayan, torpaqları işğal olunmuş bir məmləkətin vətəndaşları üçün xüsusi aktual və ciddi bir problemdir. Bu gün dünya gücləri bizim yurdumuz, insanlarımızın həyatı, taleyi, Vətənimizin təhlükəsizliyi ilə qeyri-insani metodlar, beynəlxalq hüquq normalarının ziddinə oynadığı bir vaxtda, bəzi jurnalistlərimiz Qarabağ dərdimiz, hərbi işimiz, müdafiə məsələlərimizlə bağlı özümüzə qarşı elə savadsız, elə antimilli, elə əxlaqsız yazı yazır və onun redaktoru bu basmaqəlib, düşmənlərimizin əlinə əl verən bu yazını hələ bir manşetə də çıxarır ki, adamın söz deməyə heç dili gəlmir. Belə yazıdan isə düşmənlərimiz bizi susdurmaq üçün əleyhimizə beynəlxalq görüşlərdə istifadə edirlər.

O jurnalistlər, sadəcə, savadsızdırlar. Bəlkə də belə yazını Mütəllibov hakimiyyəti dövründə ordumuzun olmadığı, xalqın düşmən qarşısında silahsız qaldığı dövrdə yazsaydılar yerinə düşərdi. Lakin bu gün dünya arenasında Avropa və Amerika kimi güc birliklərinin diqqətində olduğumuz, BMT və YUNESKO kimi beynəlxalq qurumlarda milli mədəni dəyərlərimizin uca tutulduğu bir vaxtda bunları yazmış qələm adamına heç kim maraqla baxmır, sadəcə onun cızmaqarası kiməsə imkan verir ki, o yazıdan tutub üstümüzə gəlsinlər. Bu isə xaricdən xəcalət faktı kimi görünür. Bu xəcalət isə jurnalistin stereotiplərdən yaxa qurtara bilməməsindən, faktlara və hadisələrə yanaşmada milli təəssübkeşlik hissindən uzaq olmasından və ümumi inkişafdan geri qalmasından irəli gəlir.

–Bugünkü mətbu sözümüzə prioritet isiqamət nəyi hesb edirsinz?

– On ildən çoxdur ki, təşkilatımızın əsas məqsədlərinə uyğun olaraq, mən konfliktlərin həlli, konflikt zonasında jurnalistika, jurnalistikanın konfliktlərin həllində rolu ilə bağlı beynəlxalq tədbirlərdə, ümummilli liderimiz Heydər Əliyevin çağırışı ilə silah götürüb Vətəni, dövləti uğrunda vuruşmuş jurnalist kimi iştirak edirəm. Qarabağ dərdimizin həlli yolunda Allah bu günə kimi gözləmədiyimiz bir şans yaradıb. Birdən-birə indi Türkiyə hadisələrin mərkəzində bizim xeyrimizə proseslərə siyasi dinamika qatıb. Ermənilər nə etdiklərinin fərqində olmayaraq, maliyyə böhranının məhv etməkdə olduğu beynəlxalq arenada bir-birinin ardınca siyasi səhvləri ilə regionda təklənməkdədirlər. Biz yalnız bütün rəsmi, müstəqil, müxalif mövqelərimizdən qarşımızı kəsən beynəlxalq mövzulara qarşı hücuma keçməliyilik. Yoxsa, Allah bu şansı əldən verməyimizi biz jurnalistlərə, politoloqlara bağışlamaz.

 

 

İlqar RÜSTƏMOV

 

Xalq qəzeti.- 2010.- 14 aprel.- S. 7.