Masallı: inkişafın
aydın üfüqləri
Prezident İlham Əliyevin rəhbərliyi altında
uğurla həyata keçirilən və ölkəmizin
daxili siyasətinin prioritetinə çevrilmiş
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının reallaşması bütün bölgələrdə
böyük canlanma yaratmış, əhalinin həyat səviyyəsinin
xeyli yaxşılaşmasını təmin etmişdir. Dünyanı
bürüyən iqtisadi böhran fonunda Azərbaycan inamla irəliləyir.
Regional inkişaf üzrə ikinci Dövlət
Proqramının icrasının ilk ilinin yekunları buna parlaq
sübutdur. Həmin yekunlara həsr olunmuş respublika
konfransında dövlətimizin başçısı tərəfindən
qarşıya qoyulmuş vəzifələr rayonların icra
hakimiyyəti başçıları yanında
şuraların geniş iclaslarında ciddi müzakirə
mövzusu olmuş, zona müşavirələrində isə
ümdə məsələlərə işgüzar şəraitdə
bir daha baxılmış və real vəziyyət təhlil
edilmişdir.
Dövlət
Proqramının icrasına həyati önəm verilən və
bu sahədə sanballı nəticələrə nail olunan
rayonlardan biri də Masallıdır. Elə rüb və ay
olmaz ki, bu rayonda Dövlət Proqramı üzrə nəzərdə
tutulan hər hansı bir layihə uğurla reallaşmasın.
Aprelin əvvəlində Xırdalanda keçirilmiş zona
müşavirəsində Masallı Rayon İcra Hakimiyyətinin
başçısı Qəzənfər Ağayev də
çıxış edərək bu barədə ətraflı
məlumat vermiş və proqram müddəalarını
layiqincə yerinə yetirmək əzmini ifadə etmişdir.
Söhbət hansı
uğurlardan gedir? Rayonda “Fəxrəddin-K”, “Qala-95", ”Kənan",
“Masallı Kərpic” müəssisələri, eləcə də
Banbaşı, Kolatan və digər kəndlərdə fiziki
şəxslərin yaratdığı sexlər yerli xammal əsasında
tikinti materialları istehsal edir. Həmin materiallar Bakı
şəhərindəki tikintilərə göndərilir, həmçinin
rayon daxilində satışı təşkil olunur. Bundan
başqa, “EMBAWOOD”, “Dədə”, “Binə”, “Eldar
oğulları” və bir sıra mebel sexlərinin məhsulları
MDB dövlətlərinə, Gürcüstan, İran və
Türkiyəyə ixrac olunur.
Rayonun elektrik sistemində
yenidənqurma işləri müsbət nəticələr
vermişdir. Elektrik xətt təsərrüfatı yeniləşdirilmiş,
onlarca transformator təmir edilmiş və ya dəyişdirilmişdir.
Tüklə, Təzə Alvadı, Xıl və Banbaşı
yarımstansiyalarından çıxan 10 kilovoltluq yüksək
gərginlikli elektrik xətlərində təmir-bərpa
işləri aparılmış, ümumilikdə 30-dək dəmir-beton
dirək, 4 kilometrədək naqil dəyişdirilmişdir. Bundan
başqa, ötən ilin son rübündə
Şirvan-Masallı-Astara yüksək gərginlikli hava xəttinin
çəkilməsi üçün hazırlıq işlərinə
başlanmış, cari ilin əvvəlindən bu tədbirlərə
start verilmişdir. Respublika əhəmiyyətli bu layihənin
həyata keçirilməsi Masallının da enerji təsərrüfatına
əsaslı təsir göstərəcək.
Natiq diqqəti rayonun təbii qaz təchizatındakı yeniliklərə də yönəltmişdir. Masallı şəhərinin və digər yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası əhali tərəfindən razılıqla qarşılanmışdır.İl ərzində təbii qazdan istifadə edənlərin sayı 3907 abonent artaraq 14947-yə, quraşdırılmış sayğacların sayı isə 10842-yə çatmışdır. Mollaoba kəndində 360 abonentin evində sayğaclaşdırma sona yetmişdir. Musaküçə və Çaxırlı kəndlərində 31200 paqonometr uzunluğunda aşağı və orta təzyiqli qaz xətlərində bərpa işləri aparılmışdır. Bütün xətlər yerin üstünə çıxarılmış, daha 550 abonent üçün sayğac sifariş edilmişdir. Ərkivan qəsəbəsində daha 186 abonent mavi yanacaqla təmin edilmişdir. Tüklə avtomat qazpaylayıcı stansiyasından çıxan və 11 yaşayış məntəqəsini təmin edən orta təzyiqli qaz kəmərinin korroziyaya uğramış hissələri təzələnmişdir. Bədəlan və Təklə kəndlərində qaz xətlərinin bərpası başa çatdırılmış və sayğac quraşdırılmasına başlanmışdır.
Masallı şəhərinə normal təzyiqli təbii qaz verilməsindən ötrü 4 kilometrlik yeni xəttin və şəhərdaxili xətlərin çəkilməsinə başlanmışdır. Ümumilikdə isə Dövlət Proqramına əsasən rayonun bütövlükdə üç mərhələ üzrə təbii qazla təchizatı nəzərdə tutulmuşdur.
Rabitə şəbəkəsinin elektronlaşdırılması məqsədilə də tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq abonentlərin 77 faizi elektron ATS xidmətindən istifadə imkanı qazanmışdır. Köhnə Alvadı kəndindəki müasir ATS-də quraşdırma işləri tamamlanmış və əhalinin istifadəsinə verilmişdir.
Masallı ərazisindən keçən dövlət əhəmiyyətli avtomobil yollarının və kəndlərarası yolların əsaslı təmiri sahəsində xeyli iş görülmüşdür. İl ərzində Masallının şəhərdaxili yollarının 3 kilometrədək hissəsinə asfalt döşənmişdir. Respublika əhəmiyyətli yollarda cari təmir aparılmış, yerli əhəmiyyətli və kəndarası yollarda da bu iş mütəmadi görülmüşdür. Belə ki, kəndlərə gedən yolların 3,1 kilometrinə asfalt, 4,5 kilometrinə isə qara örtük döşənmişdir.
Dövlət Proqramında qarşıya qoyulan vacib məsələlərdən biri də aqrar sahənin inkişafıdır. Bu məqsədlə atılan addımlar müsbət nəticələr vermişdir. Heyvandarlıq, taxılçılıq, tərəvəzçilik sahələrində istehsal və emal genişlənmişdir. Fermerlərə, torpaq payçılarına dövlət tərəfindən ayrılmış subsidiyalar və verilən güzəştli kreditlər hesabına Masallıda taxıl istehsalı 2009-cu ildə rekord həddə çatmışdır.
Kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramının ilk mərhələsində nəzərdə tutulan işlərin davamı olaraq keçən il Muğan zonasındakı yaşayış məntəqələrinin bu problemi aradan qaldırılır. Həsənli-Məmmədxanlı-Kürdəbaz-Qarğalıq kəndlərinə 6 kilometrlik xəttin çəkilişi reallaşdırılıb. Novruz bayramı ərəfəsində dörd kəndin 6 minə qədər sakininin su problemi həllini tapıb. Qarşıdakı dövrdə daha on kəndin içməli su ilə təminatı mədsədilə layihə işləri aparılıb və bu ərazilərin də probleminin həlli yaxınlaşır. Beləliklə, daha 20 min əhali təmiz, içməli su alacaq.
Dövlət Proqramı əsasında rayonun Banbaşı və Sığdaş kəndlərində hər biri 480 yerlik, Yeyənkənd kəndində 460 yerlik, Hişkədərə kəndində 360 yerlik orta məktəb binaları tikilmiş və istifadəyə verilmişdir. Ərkivan qəsəbəsində 480 yerlik, Digah kəndində 640 yerlik məktəb binalarının inşasına başlanmışdır.
Rayonda 36 mənzilli yaşayış binası tikilərək Qarabağ əlillərinin və şəhid ailələrinin istifadəsinə verilmişdir. Bundan başqa, rayon mərkəzində bir sıra inzibati binalar, o cümlədən “Bank Respublika” filialının və Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin yeni binalarında tamamlama işləri görülür. Yaxın günlərdə bu binaların istifadəyə verilməsi nəzərdə tutulur.
Biz Masallıda olarkən icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə birlikdə yeni tikilən obyektlərə baş çəkdik. Rayon rəhbərliyi “göydələn” binalar kompleksində inşaat işləri və buradakı minik avtomobillərinin satış-salonu ilə tanış oldu, vəziyyətlə maraqlandı və tövsiyələr verdi. Bu qayğıkeş münasibət sahibkarları daha da ruhlandırır, yeni investisiyaların cəlbinə səbəb olur.
“Ekologiya ili” ilə əlaqədar Masallıda xeyli iş görülməsi nəzərdə tutulub. Artıq bəzi tədbirlər reallaşdırılır. Sürəkli ağacəkmə kampaniyasına start verilib.Yaşıllıqların mühafizəsi gücləndirilib. Qarşıdakı dövrdə Masallı şəhərinin mərkəzi kanalizasiya şəbəkəsinin qurulması həyata keçiriləcək.
Masallıda Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə əlavələr edilməsi üçün müəyyən təkliflər də hazırlanmışdır. Məsələn, Qəzənfər Ağayevin dediyinə görə, rayonun aparıcı mebel istehsalçıları məhsullarının çeşidi və keyfiyyətinə görə sərfəli bazar tapsalar da, bəzən xırda ehtiyaclarla üzləşirlər. Xüsusilə kiçik avadanlıqlar, mebel dəstəkləri və sair xaricdən gətirilir. Köməkçi mini-zavodlar yaratmaqla bu çətinliyi aradan qaldırmaq olar. Bu sahə ilə əlaqədar daha bir təklif var: Muğan zonasının boş ərazilərində mebel sənayesində istifadə edilən ağacların əkilib-becərilməsi məqsədəuyğundur.
Turizmin inkişafına Masallıda diqqət böyükdür. Lakin turizm obyektlərində, mehmanxana və otellərdə servis mədəniyyəti, otaqların və kotteclərin müasir tələblərə uyğunluğu arzu edilən kimi deyil. Bu sahəni canlandırmaq, xidmət personalının peşəkarlığını artırmaq, beynəlxalq standartlara uyğunlaşdırmaq vacibdir. Müalicəvi “İstisu” sanatoriyasında yeni, müasir, tikililərin sayını artırmaq zəruridir.
Rayonda soyuducu anbarların inşasına, taxıl tədarükü müəssisələrinin, istixanaların yaradılmasına tələbat duyulur. Masallıda mövcud olan quşçuluq-broyler fabrikinin təkrar istehsala başlaması dəstəklənməlidir. Tütünçülüyün bərpası da həllini gözləyir. Ən yüksək keyfiyyətli tütün növləri bu rayonun ərazisində dəmyə şəraitində yetərincə becərilə bilər.
Təkliflərdən biri də məişət tullantılarının emalı sexinin yaradılmasıdır. Bu, ekoloji cəhətdən əhəmiyyətlidir və işsizlik probleminin həllinə töhfə ola bilər.
Son illərdə əsl işgüzar mühitin formalaşdığı Masallı rayonunda uğurlar davamlı səciyyə daşıyır. Zəhmətsevərliyi və zirəkliyi ilə seçilən böyük əksəriyyət inkişafdan qəlbən fərəh duyur, təşəbbüsləri dəstəkləyir və inanır ki, doğma yurdun sabahı bugünkündən də gözəl olacaq.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2010.- 14 aprel.- S. 6.