Dünya daim can atdığı
sülhə və əmin-amanlığa çatacaqdır
Belə bir məqamda ermənilərin
soyqırım iddialarından əl çəkməməsi
düşmənçiliyin davam etdirilməsi cəhdidir
Beynəlxalq aləmdəki erməni lobbisinin dəstəyi
ilə fəaliyyət göstərən bəzi siyasətçilər
ötən əsrin əvvəllərində Osmanlı
imperiyasında baş vermiş ictimai-siyasi prosesləri
ticari-iqtisadi məcraya yönəldərək, sözün həqiqi
mənasında maddi maraqlar üçün meydan
açırlar. Erməni diasporunun əli ilə
“soyqırım-soyqırım” — deyə qapı-qapı gəzən
lobbiçilər heç nədən, heç kəsdən
çəkinmədən açıq şəkildə
öz maraqlarını güdürlər. Dünya dövlətləri
başlarını itirib soyqırım iddiasını
tanıyacağı təqdirdə isə — təbii ki, bu,
xülyadır — Ermənistan Türkiyədən iri məbləğli
təzminat tələb edəcək.
Yəni 1915-18-ci illərdə indi dünya xəritəsində mövcud olmayan bir dövlətin ərazisində baş vermiş ictimai-siyasi proseslər bu gün bəzi dövlətlərin parlamentlərində arxasında sırf iqtisadi maraqlar dayanan məsələ kimi müzakirə edilir. Çox təəssüf ki, Amerika Birləşmiş Ştatlarının və Avropanın bəzi ölkələrinin parlamentlərinin üzvləri bu məsələdə öz xalqlarının və dövlətlərinin maraqlarına cavab verməyən addımlar atırlar. Belə düşünməyə tam əsasımız var. Məsələn...
Əvvəla, bu gün qara dərili bir siyasətçinin — cənab Barak Hüseyn Obamanın Amerika Birləşmiş Ştatları kimi qüdrətli dövlətin prezidenti seçilməsi ABŞ-ın dünya demokratiya tarixinə verdiyi ən böyük töhfələrdən biridir. Seçkidən dərhal sonra cənab Obama söyləmişdi ki, vaxtilə mənim atamı Nyu-Yorkda kafeyə girməyə, normal istirahət etməyə qoymurdular. Babalarımın taleyi isə hamıya məlumdur. İndi zaman başqadır və biz ancaq inkişafa, tərəqqiyə, sülhə, sivilizasiyaların qarşılıqlı etimadına və əməkdaşlığına doğru gedəcəyik. Özü də dönmədən. Yəni ABŞ dövlətinin yaradılması prosesində baş vermiş milli münaqişələr zamanı ölən və öldürülən yüz minlərlə qırmızı dərili, qara dərili, ağ dərili insanın taleyini bu gün yenidən gündəliyə gətirmək zamanın ölçüləri ilə bir çərçivəyə sığmır. Bunu ABŞ-da hamı başa düşür. Təbii ki, erməni diasporunun sifarişi ilə canıyananlıq edən lobbiçilərdən başqa. İndi sual ortaya çıxır: ABŞ dövləti dünənə deyil, sabaha baxmağı məqsədəuyğun sayırsa, bəs Türkiyə-Ermənistan münasibətlərində nə üçün dünənə istinad edilməlidir? Təbii ki, birləşmiş ştatların daha qüdrətli, daha demokratik ölkə olmasını qarşıya məqsəd qoymuş həqiqi amerikalılar ələbaxım konqresmenlərə nə zamansa bu sualı verəcəklər. Üstəlik həmin adamlar etiraf edəcəklər ki, dünyanın hər yerində baş vermiş soyqırım faktlarının gündəliyə gətirilməsi nəinki heç kəsə sərf etməyəcək, əksinə, hamının ümumi inkişafı əngəllənə bilər.
İkinci, bu gün Avropa Birliyinə üzv olan ölkələr bəşər övladının min illərdən bəri arzu etdiyi, fantaziyalarda, utopiyalarda canlandırılan istəyini reallaşdırıblar. Sərhədlər açılıb, vizalar götürülüb, qarşılıqlı gömrük rüsumları tərəflərin hamısına sərf edən səviyyədə tənzimlənib, Ümumavropa valyutası dövriyyəyə buraxılıb və sair. Bəs bu gün həmin birliyə daxil olan ölkələrin dünənində hansı hadisələr dayanırdı? Erməni soyqırımını müzakirəyə çıxaran, bu cəfəng iddia ilə bağlı qərar qəbul edən parlamentlər Avropa ölkələrinin tarixindəki qanlı hadisələri unudublarmı? Əsla yox. Yüzillik müharibələri, böyük-böyük şəhərlərin tamamilə yandırılıb 30-40 ildən sonra yenidən bərpa edilməsini, bir müharibədə on minlərlə, yüz minlərlə insanın öldürüldüyünü kim unuda bilər? Həmin faktları heç kəs unutmayıb. Fəqət idrak, kamal, ağıl insanları doğru yola — sülhə, mehriban qonşuluğa, birgə inkişafa, həqiqi tərəqqiyə doğru istiqamətləndirir. Ağıllı insanların düşüncəsinin məhsulu olan Avropa Birliyi sözün həqiqi mənasında sivil bir cəmiyyət forması, ünsiyyət nümunəsidir. Bəs Avropa ailəsinə daxil olan bəzi ölkələrin parlamentləri gələcək naminə öz keçmişlərini “unudurlarsa”, onda nə üçün Türkiyə—Ermənistan münasibətlərinin gələcəyini deyil, məhz qaranlıq məqamını dönə-dönə gündəliyə gətirirlər? Bu sualın bircə cavabı var — siyasi məqsəd, iqtisadi maraq. Ancaq Avropanın intellektual elitası haqlı olaraq xəbərdarlıq edir ki, dünəndə qalmış hadisələrə görə sabahı qurmaq zamanı geridə qalmışdır.
Yeri gəlmişkən, toplumların və ölkələrin intellektual elitasının tutduğu mövqe cəmiyyətin həyatında və dövlətin taleyində çox böyük önəm kəsb edir. Məsələn, cənab Obamanın Rusiya Federasiyası ilə münasibətlərin normallaşdırılması üçün atdığı addımlar, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərdiyi səylər, bu zaman ortaya çıxan maneələrin aradan qaldırılmasına, xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə çalışması beynəlxalq aləmdə diqqətlə izlənilir. Ancaq Birləşmiş Ştatların Obamadan əvvəlki rəhbərlərinin Vyetnamda kimyəvi silahları sınaqdan keçirərək kütləvi insan qırğınına səbəb olması, Əfqanıstanda və İraqdakı hərbi əməliyyatlar (mən hələ Xirosima və Naqasakini demirəm) törədərək bəşər tarixinin ən qədim nümunələrinə (Babilistan qalası və sair) qənim kəsilməsi ümumilikdə ABŞ- ın nüfuzuna xələl gətirən addımlar idi. Üç il əvvəl İraqda dinc insanların gülləbaran edilməsi faktı bu gün informasiya vasitələrinin əsas mövzularından biridir. Hətta bütün bunlar az imiş kimi İranla münasibətləri də hərbi qarşıdurma səviyyəsinə gətirmişdilər. Obama administrasiyasının bu məsələni həll etmək üçün diplomatik səyləri genişləndirməsi bütün ekspertlər tərəfindən hörmətlə qarşılanır. Bu faktları yada salmağımız təsadüfi deyil. Çünki ABŞ rəhbərliyi öz dövlətinin nüfuzunu bərpa etməyə çalışır. Belə bir məqamda məhz ABŞ konqresmenləri tərəfindən erməni soyqırımı iddiasının gündəliyə gətirilməsi Ağ evin nüfuzuna vurulan növbəti zərbə kimi qiymətləndirilməlidir. Tam qətiyyətlə demək olar ki, həmin addımla Ermənistanın böhrandan qurtarması üçün qapı açmaq istəyənlər, əksinə, o qapını daha bərk- bərk bağlamış olacaqlar. Çünki dünyanın bütün xalqları ötən hər ili köhnə yaraların soyuması üçün keçən zaman kimi qiymətləndirirlər. Ermənilər isə köhnə yaraları, üstəlik bu məqamda uydurma, cəfəng yaraları yenidən tərpədərək məhz özlərinə pislik etmiş olurlar. İndi biz dünya ictimaiyyətindən soruşduğumuzu ekspertlər ermənilərdən soruşmalıdır ki, 1915-ci ildə ölən ermənilər unudulmursa, bəs 18-20 il əvvəl qəddarcasına qırılan azərbaycanlıların taleyi, vəhşicəsinə yandırılan Xocalının harayı, 1 milyon azərbaycanlı qaçqın-köçkünün problemləri, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanın haqq səsi nə üçün qulaqardına vurulur, ən yaxın tatriximizin bu boyda reallıqları unudulur?
Bu gün dünyada baş verən təbii kataklizmlər, qlobal istiləşmə, ekoloji tarazlığın pozulması, iqtisadi böhranlar, siyasi qarşıdurmalar, mənəvi aşınmalar və bir çox başqa problemlər bütün xalqların elmi, dini və siyasi imkanlarını birləşdirərək vəziyyətdən birgə çıxış yolları axtarılmasını zəruri edir. Xoşdur ki, hamı bu sahədə çəkici eyni ünvana vurmağa çalışır. Ancaq erməniləri bəşərin aydın sabahı deyil, özlərinin yazdıqları uydurma tarixin qaranlıqları daha çox narahat edir.
Yeri gəlmişkən, mən bu günlərdə eşitdim ki, Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurası aprelin sonunda Bakıda dünya dini liderlərinin möhtəşəm sammitini keçirəcək. Çox böyük təşəbbüs və alqışlanmalı addımdır. Çünki “Allah qorxusu saflıq, başqa qorxular isə xəstəlik gətirər”. “Din mənəviyyatın özəyi, mənəviyyat isə əxlaq, elm və mədəniyyətdir”. Alqışlanmalı məqamlardan biri də Moskva və bütün Rusiyanın patriarxı Kirillin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin dəvətini bütün ermənilərin katalikosu II Qareginə çatdırmasıdır. Bəs katalikos bu sammitə qoşulacaqmı? Bu sualın cavabını ermənilərin indiyədək atdıqları addımlarda aydın şəkildə görürük. 150-yə qədər görkəmli din xadiminin iştirak edəcəyi tədbirdə dünyada din və dinlərarası münasibətlər geniş şəkildə müzakirə ediləcək. Mən çox arzu edərdim ki, həmin sülhməramlı tədbirdə iştirak edən dini rəhbərlər xalqların dünənə deyil, sabaha baxmasını əsas tutan qərarlar qəbul etsinlər. Yeri gəlmişkən, tədbirdə Fələstin və İsrail dini rəhbərlərinin də iştirakı planetimizin son 50-60 ildə daim qan verən yaralarından olan Fələstin—İsrail münaqişəsinin həllinə müəyyən mənada töhfə vermiş olardı. Çünki artıq hansısa münaqişənin müharibə, hərbi müdaxilə və ya zorla həll edilməsi qətiyyən mümkün deyil. Çıxış yolu “dövlətlərin böyük ailə, millətlərin bacı-qardaş olmasındadır”. Bu addım Avropa Birliyi şəkilində qismən də olsa atılmışdır. İndi ABŞ və Rusiyfa öz nüfuzlarından istifadə edərək beynəlxalq aləmdəki əksər prblemlərin həllinə nail ola bilərlər. Çox təəssüf ki, bu ölkələrin hər ikisindəki erməni diasporu və lobbiçilər öz çirkin iniyyətləri ilə ara qarışdırmaqda davam edirlər.
Ancaq bu o demək deyil ki, qara qüvvələr daim öz istəklərinə nail olacaqlar. Qətiyyən belə deyil. Bu gün Azərbaycan dövlətinin iqtisadi və hərbi qüdrətinin ermənilər üçün əlçatmaz bir səviyyəyə qaldırılması, Türkiyənin regionda və beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, türk dünyasının təşkilatlanması istiqamətində uğurlu addımların atılması, İslam dünyasının beynəlxalq aləmdə öz sözünü daha qətiyyətlə deməsi, ən nəhayət, sivilizasiyalararası dialoqun intensiv olaraq gündəliyə gətirilməsi ölkəmizdə, regionda və bütün dünyada olan problemlərin əsaslı həllinə zəmin yaradacaqdır. Bu bir həqiqətdir, danılmaz haqiqət. Beynəlxalq iqtisadi birliyin yaradılması ilə iqtisadi böhranlar aradan qaldırılacaq, insanların dinindən asılı olmayaraq Allaha inamlarının artması istər elmdə, təhsildə, istərsə də müharibədə, mübarizədə qələbəni təmin edəcəkdir. Təbii ki, bütün bunlar insanların aydın, firavan, əmin-amanlığın olduğu sabahı düşünməsi nəticəsində reallaşacaq. Xəstə təxəyyülün məhsulu olan separatizm, terrorçuluq, ərazi iddiaları, saxta ittihamlar, milli münaqişələr, dini ayrı-seçkilik və bu kimi başqa hallar isə bəşər övladının birgə səyləri nəticəsində birdəfəlik rədd ediləcəkdir. Ermənilərin siyasəti “haqq” deyib haqdan yayınmaq, öz həyatlarını təmin etmək, insanları qarət etmək və əsarət altında saxlamaq üçün Allah dərgahında qəbul olunmayan uydurma bir yoldur.
Əlbəttə, bütün bunlar xeyli zaman tələb edən proseslərdir. Ona görə də biz hələlik öz problemlərimizi özümüz həll etməli, düşmənə layiq olduğu yeri göstərməli, uydurma soyqırımı iddiasının birdəfəlik arxivlərə atılmasına nail olmalıyıq. Bunun üçün isə öncə Azərbaycan dövlətinin iqtisadi, hərbi və elmi qüdrəti artırılmalıdır. Prezident İlham Əliyevin dediyi kimi “Kim güclüdürsə, o da haqlıdır”. Xalqımızın bu yoldakı çox böyük uğurlarına inanır və nailiyyətləri gözləyirik.
Hacı Fərhad MİRZƏ,
yazıçı-filosof, Avropa Təbiyyat
Elmləri Akademiyasının
akademiki
Xalq qəzeti.- 2010.- 14
aprel.- S. 5.