Abşeronun ekoloji vəziyyəti
yaxşılaşdırılır
2010-cu ilin “Ekologiya ili” elan edilməsi
ölkəmizdə bu sahəyə diqqəti
artırmışdır. Doğrudan da, son illər ekoloji
problemlərin həllinə yönəldilmiş bir sıra
layihələrin reallaşması öz müsbət nəticələrini
göstərməkdədir. Amma problemlərin bir çoxu hələ
də qalmaqdadır. Dövlətimiz bu problemlərin həllini
həmişə diqqət mərkəzində saxlayır. Bu
problemlər arasında Abşeron yarımadasının neft və
qaz sənayesi tullantıları nəticəsində
çirklənmədən təmizlənməsi isə öz
aktuallığı ilə diqqəti daha çox cəlb edir.
Bu il fevralın 18-də
keçirilən ekoloji problemlərə dair müşavirədə
Prezident İlham Əliyev bu məsələyə xüsusi
önəm verildiyini bildirmişdir. Dövlət
başçımız müşavirədəki
çıxışında demişdir: “Neftlə çirklənmiş
ərazilərdə təmizləmə işləri geniş
xarakter daşımalıdır... Biz Abşeron
yarımadasını neftlə çirklənmiş yerlərdən,
gölməçələrdən təmizləməliyik”.
Qeyd edək ki, ARDNŞ
2006-ci ildən başlayaraq bu torpaqların təmizlənməsi,
bərpası üzrə irimiqyaslı işlərin həyata
keçirilməsinə başlamışdır.
Rəsmi məlumata
görə Abşeron yarımadasında 3231 hektar torpaq sahəsi
neftlə çirklənib. Bunun 526 hektarı və ya 16,3 faizi
Bibiheybət, 2705 hektarı isə yarımadanın digər ərazilərinin
payına düşür.
Çirklənmiş
sahələrin daha dəqiq müəyyənləşdirilməsi
və həmin ərazilərin
inventarlaşdırılması, ərazilərin çirklənmə
dərəcələrinə görə
bölgüsünün aparılması üçün ciddi
iş aparılır. Dünya praktikasına əsasən,
neftlə çirklənmiş ərazilərin hər
hektarının təmizlənməsi üçün 100-200
min dollar vəsait tələb olunur. Dünya Bankı ilə
ARDNŞ arasında “Mexaniki üsulla torpaqların təmizlənməsi
qurğularının alınması layihəsi”nə dair
kredit sazişi imzalanıb. Ötən ilin sonunadək
çirklənmiş 3231 hektar sahənin artıq 200
hektarı təmizlənmişdir. Həmin sahənin 10 faizdən
yuxarı hissəsi mexaniki, 10 faizə qədər hissəsi
isə bioloji üsulla təmizlənib.
Bu il ARDNŞ
ümumilikdə 400 hektara qədər mədən ərazisində
torpaqların təmizlənməsini nəzərdə tutur. Bu
faktı ekologiya problemlərinə həsr olunmuş
müşavirədə ARDNŞ-in prezidenti Rövnəq
Abdullayev bildirmişdir. Əlbəttə, bunun
üçün ilk növbədə həmin sahələrdə
göl suları qurudulmalıdır. Qeyd edək ki, bu istiqamətdə
işlər davam etməkdədir.
Böyükşor gölü ilə Heydər Əliyev prospekti arasındakı 50 hektarlıq ərazidə yerləşən köhnə nefttutucu anbarlar ləğv edilmişdir. Buradakı torpaqlar artıq təmizlənmişdir.
Neftlə çirklənmədən təmizlənmiş bütün mədən torpaqlarında ağaclar əkilir, yaşıllıqlar salınır. Dövlət Neft Şirkəti 2010-cu ildə bu istiqamətdə işləri davam etdirir. Şirkətin prezidenti Rövnəq Abdullayev ekoloji müşavirədə bu barədə geniş məlumat vermişdir. O demişdir: “Ekologiya ili” elan olunmuş 2010-cu ildə 150 min ağac və 16 min gül tinginin əkilməsini nəzərdə tuturuq. Bununla da neftçilər ölkəmizdə kütləvi miqyas almış, əsl ümummilli səciyyə kəsb edən, gündən-günə genişlənən yaşıllaşdırma hərəkatında fəal iştirak edəcəklər". Söz yox ki, bu işlər əsasən neftlə çirklənmiş sahələrdə aparılacaqdır.
Bir maraqlı faktı da diqqətə çatdırmaq istərdik. Ötən il Qalada — Tağıyev adına NQÇİ-nin mədən ərazisində neftlə çirklənmədən təmizlənmiş 10 hektarlıq sahədə Ekoloji parkın yaradılmasına başlanılmışdır.
2007-ci ildən başlayaraq ARDNŞ Xəzərin dibinin və səthinin təmizlənməsi istiqamətində də bir çox işlər görmüşdür.
Hazırda Zığ gölünün ətrafında çirklənmiş torpaqların təmizlənməsi üzrə işlər aparılır. Ekologiya və təbii sərvətlər naziri H.Bağırov ekoloji müşavirədə bildirmişdir ki, bu işlərin Zığ gölü ətrafında aparılması məqsədilə hazırlanmış “Zığ gölünün və ətraf ərazilərin neft tullantılarından təmizlənməsi və torpaqların reabilitasiyası” layihə-smeta sənədləri aidiyyatı dövlət qurumları ilə razılaşdırılmışdır.
Abşeron yarımadasının neftlə çirklənmədən təmizlənməsi məsələsi bu gün olduqca prioritet məsələdir. Cənab Prezident İlham Əliyev bu torpaqların təmizlənməsini vacib məsələ kimi qarşıya qoymuşdur. Ekoloji müşavirədə dövlət başçımız demişdir: “Biz bu gün Bakının ətrafında, yəni, çox bərbad mənzərə yaradan, müxtəlif məişət tullantıları ilə, neft tullantıları ilə, digər zərərli maddələrlə çirklənmiş gölləri təmizləməliyik”.
Bu gün ölkəmizdə neftlə çirklənən ərazilərin təmizlənməsi istiqamətində böyük layihələr reallaşdırılır və yaxın gələcəkdə Abşeron torpaqlarının tam təmizlənəcəyi başlıca vəzifə kimi qarşıda durur.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2010.- 14 fevral.- S. 4.